Tofiq Bayramovun 80 illik yubileyi qeyd olundu

Yanvarın 23-də Bakı Bələdiyyə Teatrının qocaman aktyoru, Əməkdar artist Tofiq Bayramovun 80 illik yubileyi qeyd olundu. Bakı Bələdiyyə Teatrının bədii rəhbəri və direktoru Aynur Muxtarova başda olmaqla kollektivin iştirakı ilə keçirilən tədbirdə Əməkdar incəsənət xadimi, Azərbaycan Silahlı Qüvvələrinin polkovniki Abdulla Qurbani,  Xalq artisti, Azərbaycan Teatr Xadimləri İttifaqının yaradıcılıq üzrə sədr müavini Hacı ismayılov, Xalq artisti, BBT-nın baş rejissoru Mərahim Fərzəlibəyov iştirak edirdilər. Hacı İsmayılov öz çıxışında Tofiq Bayramovla gənclik illərindən tanış olduğunu, hətta bir  zamanlar Sumqayıt Dövlət Dram Teatrında birgə çalışdıqlarını xüsusilə qeyd etdi: “Öncəliklə Bakı Bələdiyyə Teatrının kollektivinə, xüsusuilə teatrın direktoru Aynur xanıma minnətdarlığımı bildiriəm ki, belə bir səmimi yubiley tədbiri təşkil etmsiniz. Çox səmimi, mehriban kollektivsiniz. Bu səmimiyyəti sadəcə sizin teatrda hiss etmişəm ki, bu da Aynur xanımın xidmətləridir, gözəl fəaiyyətidir. Allah elə bir şərait yaratsın ki, teatrınızın daha geniş otaqlardan ibarət binası olsun.  Bu gün sözün həqiqi mənasında bayramdır, bayram tədbirində bir araya gəlmişik. Dediyim kimi, Tofiqlə Sumqayıt teatrında birgə çalşmışıq. Həyat yolumuz, yaradıcılığımız bir olub. Biz nəsil təmənnasız aktyorluq sənətinə xidmət etmişik. Buna görə Allah bizi qoruyub saxlayıb. Allah bütün yaşlı nəsli qorusun. Sədrimiz Azərpaşa Nemətov başqa olmaqla, bütün kollektvimizin adından Tofiq müəllim, Sizi yubileyiniz münasibətilə təbrik edirəm”. Daha sonra Hacı ismayılov  və Azərbaycan Teatr Xadimləri İttifaqının Milli teatr sənətinin inkişafındakı xidmətlərinə görə Fəxri fərmanını Tofiq Bayramova təqdim etdi. Abdulla Qurbani öz çıxışında aktyorun 80 yaşında Xalq artisti adına layiq görülməməsini gileylə dilə gətirdi və onu da əlavə etdi ki, bu yaşında belə sənətdə nizam-intizamla çalışmaq, obrazlara hakim olmaq diqqətdən yayınmır. Sizin sənət fədaisi olmağınız bir örnəkdir. Müdafiə Nazirliyi sizin xidmətlərinizi nəzərə alaraq Fəxri Fərmanı və gül çələngini sizə təqdim edir. Mərahim Fərzəlibəyov bildirdi ki, Tofiq Bayramovla tanışlığı uzun illəri əhatə edir: “Hətta Sumqayıt teatrında səhnələşdirdiyim tamaşalarda maraqlı rollar ifa edib. Mən onu böyük sənətkar hesab edirəm, ona can sağlığı arzulayıram. Gün o gün olsun ki, 100 illiyini qeyd edək”. Yubilyar göstərilən diqqətə görə hər kəsə minnətdarlığını bildirməklə yanaşı, arzusunu da dilə gətirdi: “Yaradıcı fəaliyyətim boyunca zəhmətimlə sevgi qazanmışam. Bu sevgi oynadığım obrazlara da öz müsbət təsirini göstərib. Buna görə tamaşaçılarıma, eləcə də bərabər çalışdığım kollektivimə minnətdaram. Arzu edirəm ki, 90 demirəm, elə 85-ci yaşımı Bakı Bələdiyyə Teatrına məxsus binada qeyd edək. Teatrın binasının girişində böyük sənətkar Amaliya Pənahovanın büstü qoyulsun. Hər gün işə gələndə ona  salam verərək səhnəyə keçək”. Tədbirin sonunda BBT bədii rəhbəri və Direktoru Aynur Muxtarova Tofiq Bayramovu ad günü münasibətilə təbrik edərək, ona  teatrın Fəxri Fərmanını təqdim etdi. Xatırladaq ki, Azərbaycan teatrının görkəmli nümayəndəsi, Bakı Bələdiyyə Teatrının aktyoru, Əməkdar artist, “Tərəqqi” medalıyla təltif olunmuş Tofiq Bayramov 23 yanvar 1943-cü ildə anadan olub. Suraxanı rayonundakı 97 saylı orta məktəbi bitirib. 1965-1969-cu illərdə M.A.Əliyev adına Dövlət İncəsənət İnstitutunda aktyor sənətinə yiyələnib. Tələbə ikən C.Cabbarlının "Sevil" pyesinin tamaşasında Balaş rolunda oynayıb. İnstitutu bitirdikdən sonra təyinatını Sumqayıt Dövlət Dram Teatrına veriblər. Tofiq Qulaməli oğlu burada tamaşa qoyulan bir çox əsərlərdə müvəffəqiyyətlə çıxış edərək teatr rəhbərliyinin rəğbətini qazanıb. N.Həsənzadənin "Qoy bütün şərq bilsin", M.F.Axundzadənin "Müsyo Jordan və Dərviş Məstəli şah", S.S.Axundovun "Tamahkar", Bokarenin "Poladəridənlər" əsərlərinin tamaşalarında Tofiq Qoçu Qələndər, Şahbaz bəy, Hacı Murad və Sanya rollarında rejissorların tələb etdiklərindən də yüksək səviyyədə çıxış edib. Bir müddət Musiqili Komediya Teatrında yaratdığı maraqlı obrazlardan sonra 1995- ci ildən taleyini Bakı Bələdiyyə Teatrına bağlayıb. Bu illər ərzində Tofiq Bayramov Bakı Bələdiyyə Teatrının repertuarında olan tamaşalarda yaddaqalan çoxsaylı rollarda çıxış edib. C.Məmmədquluzadənin "Ölülər" əsərində- Hacı Həsən ağa, M.F.Axundzadənin "Müsyo Jordan və Dərviş Məstəli şah" komediyasında- Hatəm ağa, Nazim Hikmətin "Damokl qılıncı"nda- Hakim, C.Cabbarlının "Dönüş" əsərində Xosməmməd, Sofoklun "Elektra"sında- Tolfibi, İ.Kərimovun "Xəyanətin Müsibəti"ndə- Abdulla, N.Nərimanovun "Nadir şah"ında- Cavadxan, A.Babayevin "Oğul"unda- Qeysər, A.Qurbaninin "Türk sancağı"nda- Kərbəlayi Muxtar, Ə.Əliyevin "Unutqanlıq qorxunc bəladır"nda- Qarasaqqal, M.Hüseynin "Cavanşir"ndə- Cavanşir, H.Cavidin "İblis"ndə- İxtiyar rolları ilə sənətkarlığını nümayiş etdirib və çoxsaylı teatrsevərlərin alqışına səbəb olub.xeber100.com      

Yanvar 24, 2023 11:04

Canlı musiqinin müşayiəti ilə illik beynəlxalq səssiz kino festivalı keçiriləcək

Yanvarın 27-dən 30-dək Almaniyanın Heydelberq şəhərində canlı musiqinin müşayiəti ilə illik beynəlxalq səssiz kino festivalı keçiriləcək. 21-ci dəfə keçiriləcək bu festivalın unikallığı və Almaniyada keçirilən başqa səssiz kino festivallarından əsas fərqi ondan ibarətdir ki, burada filmlərin müşayiət edilməsi üçün müxtəlif ölkələrdən musiqi qrupları dəvət edilir. Təsisçisi və təşkilatçısı Huşəng Vahidi olan bu qeyri-adi festivalda həm səssiz filmlər, həm də dialoqların az olduğu oyun filmləri nümayiş etdirilir. Film göstərilərkən lentin səs cığırı söndürülür və müxtəlif musiqiçilərin ifasında canlı müşayiət bəzən bu filmləri tamamilə yeni tərəfdən açıqlayır, çünki musiqiçilər bu əsərləri öz zövqlərinə müvafiq musiqi əsərləri seçir və əsərin təqdimatına öz baxışlarını əlavə edirlər. Builki festivalda Azərbaycan kinematoqraflarının işi də nümayiş etdiriləcək. Söhbət Rüstəm İbrahimbəyovun ssenarisi əsasında rejissor Vaqif Behbudovun çəkdiyi “Başlanğıc” filmindən gedir. Dərin fəlsəfi məzmunlu bu ekran əsərini almaniyalı pianoçu Fridvart Göbells müşayiət edəcək. Cənab Göbells bu film barədə düşündüklərini belə ifadə edib: “Huşəng Vahidi bu festivalın direktoru kimi daim yeni maraqlı filmlər axtarır və onları festival üçün şəxsən özü seçir. O həm də daim yeni ideyalar təklif edən yaxşı dostdur. Keçən il yayda Huşəng Vahidi Azərbaycanda olarkən onun dostu rejissor Şamil Əliyev bu qısametrajlı filmə baxmağı təklif edib. Huşəngi Azərbaycandan qayıdandan sonra mənə zəng vurdu və festivalda musiqiçi kimi iştirak etmək istədiyini bildirdi. Azərbaycan filmi çox xoşuma gəldi, çünki bu əsərin fəlsəfi məzmunu yenidir. Filmə baxandan sonra öz təəssüratlarım əsasında ona yeni musiqi yazdım. Beləliklə, festivalda nümayiş etdiriləcək filmin musiqisi yeni və orijinaldır”.xeber100.com

Yanvar 14, 2023 1:59

Bakı Dövlət Sirkində beynəlxalq sirk proqramına start verilib

Bakı Dövlət Sirkində “Güzgülər dünyası” adlı beynəlxalq sirk proqramına start verilib. Biz bütün fəsillərdə bir-birindən maraqlı, rəngarəng layihələrlə çıxış edirik. Bu sözləri dekabrın 17-də Bakı Dövlət Sirkində nümayiş olunan “Güzgülər dünyası” adlı şou zamanı mediaya açıqlamasında Bakı Dövlət Sirkinin direktor vəzifəsini icra edən Nahid Ağayev deyib. “Bakı Dövlət Sirki olaraq biz gənc, yeniyetmə tamaşaçılarımıza Yeni il layihəsi təqdim edirik. Layihənin adı "Güzgülər dünyası" adlanır. Bu layihənin özünəməxsus özəllikləri var. Əvvəlki layihələrdən fərqi qeyri-adi süjet xətinin və maraqlı performansların olmasıdır. Hesab edirik ki, bu şou tamaşaçıların böyük marağına səbəb olacaq. Müasir sirk nümunələrini nümayiş etdirməyi qarşısına məqsəd qoyan Bakı Dövlət Sirki hazırladığı budəfəki şouda yeni dekorasiyalarla, fərqli musiqi tərtibatı və işıq effektləri, həmçinin aktyorların yeni kostyumları ilə tamaşaçıların görüşünə gəlib. Yanvarın 8-dək davam edəcək Yeni il şousunun hekayəsində şər qüvvələri ilə xeyirxah şahzadənin mübarizəsindən bəhs edilir. Bundan başqa, Bakı Dövlət Sirki uzun illərdən sonra Qarabağ atlarının çıxışı ilə milli sirk nömrəsini də hazırlayıb. Proqramların təşkilatçısı azərbaycanlı sirk ustası Allahverdi İsrafilovdur", - deyə N.Ağayev bildirib. Sonra musiqili rəqs şouları, hava gimnastlarının qeyri-adi tryukları, klounların yumor dolu çıxışları, balet şousu və transformasiya illüziyası kimi digər nömrələrlə zəngin sirk şousu nümayiş edilib.xeber100.com  

Dekabr 17, 2022 8:19