Azərbaycanın Zəfər və Bayraq günlərinə həsr olunmuş təntənəli bayram tədbiri keçirilib

Kanadanın Toronto şəhərində yerləşən “Markham Konqres Mərkəzi”ndə (“Markham Convention Centre”) Azərbaycanın Zəfər və Bayraq günlərinə həsr olunmuş təntənəli bayram tədbiri keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və “Vətən” Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə baş tutan tədbirdə dövlət qurumlarının rəsmi şəxsləri, parlament üzvləri, diplomatik korpusun təmsilçiləri, Azərbaycan icmasının və müxtəlif icmaların nümayəndələri iştirak ediblər. Azərbaycan və Kanadanın Dövlət himnlərinin səsləndirilməsi ilə başlayan tədbirdə çıxış edən “Vətən” Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzinin rəhbəri Lalin Həsənova soydaşlarımızı bu əlamətdar tarixi günlər münasibətilə təbrik edib. O bildirib ki, Azərbaycan həqiqətlərinin, xalqımızın haqq səsinin Kanadada eşidilməsi üçün soydaşlarımız yerli ictimaiyyət və müxtəlif icmalarla birgə səmərəli fəaliyyət göstərir. Tədbirdə çıxış edən Ontario əyalət parlamentinin üzvü, Ontario əyaləti üzrə Mental sağlamlıq və asılılıqlar naziri Maykl Tibollo Azərbaycanın Dövlət Bayrağı Gününün əhəmiyyətindən bəhs edib və icmamızı bu münasibətilə təbrik edib. Nazir Maykl Tibollonun və Markham şəhərinin meri Frank Skarpitti adından Bayraq Günü ilə bağlı təbrik bəyannamələri “Vətən” Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzinə təqdim olunub. Tədbir musiqi gecəsi ilə davam edib. Kanadada yaşayan sənətçilər – Azərbaycanın Xalq artisti, Prezident təqaüdçüsü Həsən Enaminin (tenor), Əliheydər Mirzəbəyovun rəhbərlik etdiyi “Vətən” Azərbaycan instrumental ansamblının, “Təbriz” Azərbaycan mahnı və rəqs ansamblının solistləri Şervin Şadpur və Polad Kaşefin ifalarında Azərbaycan bəstəkarlarının əsərləri səsləndirilib. Kanada Azərbaycan Evinin nəzdində fəaliyyət göstərən “Mənim Azərbaycanım” həftəsonu məktəbinin şagirdlərinin təqdim etdikləri “Qaval”, “Sarı Gəlin”, “Zəfər” rəqsləri və “Qarabağ” mahnısı xüsusi maraq doğurub. Qeyd edək ki, məktəb şagirdlərinə milli rəqsləri Bakı Xoreoqrafiya Məktəbinin məzunu, Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti Orxan İslamov qısa müddət ərzində öyrədib.Konsert proqramı qonaqların gur alqışları ilə qarşılanıb. Tədbir çərçivəsində Azərbaycanın zəngin mədəni irsini əks etdirən sərgi təşkil edilib.xeber100.com

Noyabr 15, 2023 3:09

Bakı Beynəlxalq Kitab Sərgisində “Ana tarla” kitabının təqdimatı olub

Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan 9-cu Bakı Beynəlxalq Kitab Sərgisində Bakı Bələdiyyə Teatrı da iştirak edib. Bakı Bələdiyyə Teatrının bir qrup aktyoru sərgidə rejissor, Xalq artisti Marahim Fərzəlibəyovun Türk dünyasının görkəmli yazıçısı Çingiz Aytmatovun eyniadlı hekayəsi əsasında səhnələşdirdiyi “Ana tarla” tamaşasından bir parçanı qonaqlar qarşısında nümayiş etdiriblər. Xatırladaq ki, Ç.Aytmatovun “Ana tarla” əsəri bir qadının faciəsindən bəhs edir. Əsərin əsas qəhrəmanlarından biri olan Tolqanay obrazını teatrın aparıcı aktrisası, Əməkdar artist Hüsniyyə Mürvətova oynayır. Bakı Bələdiyyə Teatrının aktyorlarının ifasında olan duyğu yükü, müharibə ağrı-acıları və sabahlara olan inam o qədər təbii verilir ki, tamaşaçı səhnədə baş verənləri xəyalı vasitəsilə sanki həmin dövrə səyahət edir, qəhrəmanların yaşantılarına şərik olurdular. Sərgi çərçivəsində Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun dəstəyiylə Teymur Elçinin tərcüməsi əsasında M.Fərzəlibəyovun səhnəlşdirdiyi “Ana tarla” kitabının da təqdimatı olub. Qeyd edək ki, kitabda yer alan dram ilk dəfə K.S.Stanislavski adına Moskva Dram Teatrında tamaşaçılara təqdim edilmişdir. Bu əsər həmçinin müxtəlif illərdə Azərbaycan Akademik Milli Dram Teatrında 2023-cü ildə isə Bakı Bələdiyyə Teatrı tərəfindən səhnəyə qoyulmuşdur. Nəşrdə yer alan fotolar Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun dəstəyi ilə Bakı Bələdiyyə Teatrının hazırladığı tamaşadandır. Kitabın üzərində isə Tolqanay obrazında Hüsniyyə Mürvətovanın şəkli yer alıb. Bundan başqa, kitabda “Heydər Əliyev İli” çərçivəsində Çingiz Aytmatovun 95 illiyi münasibətilə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun dəstəyi ilə Bakı Bələdiyyə Teatrı tərəfindən hazırlanan “Ana tarla” tamaşasının premyerasında Günay Əfəndiyevanın, “Ana tarla” tamaşasının premyerasında Qırğız Respublikasının Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Taalatbek Masadıkovun, “Ana tarla” tamaşasının premyerasında Qırğız Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Kayrat Osmonaliyevin çıxışları, “Ana tarla” tamaşasının premyerasında Çingiz Aytmatovun qızı Şirin Aytmatovanın video-müraciəti və s. yer alıb. Qeyd edək ki, sərgidə 11 ölkədən 30-dan çox xarici təşkilat, 109 yerli nəşriyyat-poliqrafiya və kitab sənəti ilə əlaqəli müəssisə iştirak edir. Sərgidə Azərbaycanın xalq yazıçıları və şairləri, tanınmış gənc yazarlar və məşhur xarici yazıçılar və aktyorlar iştirak ediblər. Sərgi çərçivəsində uşaqlar və böyüklər üçün master-klaslar, inklüzivlik və digər aktual mövzular üzrə kitab təqdimatları, imza günləri, konfranslar, simpoziumlar, qiraət və musiqi saatları və kitab sənayesi sektorunun subyektləri arasında əməkdaşlıq platformaları təşkil edilmiş, müxtəlif formatda 220-dən çox tədbir həyata keçirilmişdir.  

Noyabr 15, 2023 2:52

Xalq artisti Amaliya Pənahovanın dünyasını dəyişməsindən beş il ötür

“ Əgər Rahib Hüseynov mənim üçün vaxtından tez institutun qapılarını açmasaydı, əgər Tofiq Kazımov məni görüb baş rola dəvət etməsəydi, qismətimə İlyas Əfəndiyev kimi dramaturq çıxmasaydı, əgər Bakı Bələdiyyə Teatrını yaratmasaydım, bu teatrla cəbhə bölgələrində olmasaydım, on altı xarici ölkədə qastrolda olmasaydım, teatr mükafatları almasaydım, o qədər fərqli rollarla səhnəyə çıxmasaydım, kinoya çəkilməsəydim, sənətşünaslıq doktoru elmi dərəcəsi almasaydım və məni mən edən hadisələr olmasaydı, buna uğurlu sənət taleyi demək olardımı? Yox! Odur ki, mən həm ömrümboyu göstərdiyim əzmkarlığıma, həm də şanslı olmağıma “əhsən” deyirəm” deyən, zəngin yaradıcılıq axtarışları sayəsində milli teatr və kino sənətinə dəyərli töhfələr vermiş, lirik-psixoloji üslublu aktyor məktəbinin yaradıcılarından biri olan, ictimai xadim, Dövlət mükafatları laureatı, sənətşünaslıq doktoru, 1964-cü ildən ömrünün axırına qədər teatr və kino sahəsində beş yüzdən artıq obraz yaradan, ilk sənət addımlarını atdığı Azərbaycan Dövlət Akademik Milli Dram teatrının səhnəsində onlarla səhnə ekranında maraqlı obrazlarla çıxış edən aktrisanın oynadığı bütün rolları tamaşaçılar tərəfindən böyük maraqla qarşılanmışdır. Amaliya Pənahova Azərbaycan səhnəsinə yeni nəfəs gətirdi, oynadığı obrazların daxili psixoloji dünyasını aşkara çıxararaq, onu tamaşaçılar üçün daha da aydın etdi. Onun oynadığı obrazlar – (Nərmin (“Unuda bilmirəm”), Nargilə (“Sən həmişə mənimləsən”), Şahnaz (“Mahnı dağlarda qaldı”), Nurcahan (“Mənim günahım”), Təhminə (“Təhminə və Zaur”) və b.) yaratdığı qadın personajları faciə və komediyanın vəhdətində formalaşır, bir yenilikçi kimi dünyaya müraciət edir. Ən önəmlisi isə Amaliya xanımın qadın personajları öz məğrurluğu ilə seçilir və hər birinin cəmiyyətdə öz mövqeyi var. Aktrisanın qəhrəmanları -Xurşidbanu Natəvan, Tomris, Medeya, Burla Xatun, Məhsəti, Larisa, Ofeliya və b. Bir-birindən kəskin şəkildə fərqlənir, ancaq hər birində mübarizə ruhu var. Azərbaycan səhnəsində ilk dəfə Medeyanı oynayarkən, onun Medeyasını görüb səhnəyə gələnlər çoxluq təşkil edirdi. Xalq yazıçısı Elçin 1982-ci ildə “Qobustan” jurnalında fransız dramaturqu J.Anuyun “Medeya” pyesi əsasında rejissor Mərahim Fərzəlibəyovun eyniadlı tamaşasına dair “Təzadların faciəsi” məqaləsində yazırdı ki, Amaliya Pənahova Medeyanın təbiəti və taleyindəki layları bir-bir qaldırır və göstərə bilir, həm də bu zaman əlvan, təzadlı, yağlı boyalardan da, güclə seziləcək akvareldən də istifadə etməyi bacarır… Amaliya Pənahova 30-a yaxın filmdə bir-birindən maraqlı rollar oynayıb, bir o qədər filmi isə məlahətli səs tembri ilə səsləndirib.Bir qədər haşiyə çıxaq. SSRİ dövründə Azərbycan kino sənəti nə qədər çox inkişaf edirdisə, dublyaj redaksiyasnın fəaliyyətinə də bir o qədər diqqət yetirilirdi. Kinosevərlər o illərdə dublyaj olunan filmlərin səviyyəsini heç bir vaxt unutmurlar. Çünki məhz həmin illərdə filmlərimizdən tanıdığımız, sevdiyimiz ifaların əksəriyyətinin səs imkanlarını dublyaj olunan filmlərdə də görürük və çox vaxt bu səs sahiblərinin səsinin ahənginə yığışırıq. O da təsadüfi deyil ki, 1960-1980-ci illərdə dublyaj olunmuş filmlərdə bu dəyərlər əsas götürüldüyündən peşəkar səsləndirmə filmlərin təsir gücünü daha da artırırdı. Amaliya Pənahovanın müxtəlif janrlı filmlərdə səsləndirdiyi Aişə (“Alma, almaya bənzər”), Lalə (“Ürək… Ürək…”), Ağbəniz (“Qızıl uçurum”), Selcan (“Dədə Qorqud”), Balış (“Qanun naminə”), Tanya (“Bizim Cəbiş müəllim”), Əsmər (“Gün keçdi”) və başqa obrazların məlahətli səsi obrazı sevdirir, hətta obrazı oynayan aktrisanın ifasını diqqətdə saxlayır. Bu, səsin möcüzəsidir ki, Amaliya Pənahova öz səsinin işığında tamaşaçılarını bir araya toplayır, onları düşündürü Azərbaycanın çətin bir dövründə siyası və dövlət xadimi, Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Bakı Bələdiyyə Teatrını yaratması və teatrın sayəsində sənətdə yeni vətənpərvərlik modelini ortaya qoyması isə  yaxın keçmişdə baş verdi. Artıq Bakı Bələdiyyə Teatrı artıq 31-ci ilinə qədəm qoyub və dəst-xəttilə diqqət mərkəzindədir... O, aktrisa olmaq üçün dünyaya gəlmişdi, gəldi, rolunu oynadı və getdi, ancaq unudulmadı... Vəfatının 5-ci ildönümündə sənət kraliçasını böyük ehtiramla yad edirik!xeber100.com

Noyabr 8, 2023 9:24