Qarabağ geyimləri sərgidə

Özbəkistandakı Azərbaycan Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycanın Qarabağ geyimlərinin daimi sərgisinin açılışı olub. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə,  Mədəniyyət Mərkəzinin foyesində yaradılan və daimi sərgidə nümayiş etdiriləcək libasları Bakıdakı Milli Geyim Evi tərəfindən hazırlanıb. Sərgidə Qarabağ geyimlərinin olduqca maraqlı kompozisiyası yaradılıb. Şüşə vitrinlərdə sərgilənən geyimlər, görünüşün keyfiyyətini yüksəltmək məqsədi ilə xüsusi işıqlandırma aparatları ilə təmin olunub. Geyimlərə Qarabağın XVII-XIX əsrlərə aid bir sıra mərasim, toy libasları, şənlik geyimləri, Qarabağın zadəgan xanımlarının geyimləri, qadın və kişi libasları daxil edilib. Kolleksiyada olan libaslar əsasən ipəkdən hazırlanıb və xüsusi daş-qaşlarla bəzədilib. Sərginin açılışı edən Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Azərbaycan mədəniyyətinə dair təbliğat işin daha da gücləndirmək və effektiv həyata keçirmək üçün Azərbaycanın Qarabağ geyimlərinin, xalçalarının, mətbəxinin Özbəkistanda mütəmadi olaraq nümayişinin həyata keçirildiyini qeyd etdi. Mədəniyyət Mərkəzinin nəzdindəki “Azərbaycan qızları” rəqs ansamblı Qarabağ rəqslərini ifa etdilər. Daha sonra Mədəniyyət Mərkəzinin nəzdindəki kurs və dərnəklərin şagirdləri sərgi barədə, Azərbaycanın Qarabağ bölgəsi, bu diyarın mədəniyyəti, geyimləri haqqında məlumatlandırıldılar.

Fevral 10, 2016 1:17

F.Əlizadənin “Rəqs” əsərinin premyerası keçirilib

ABŞ-ın San Fransisko şəhərində Kronos Festivalı çərçivəsində  Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadənin “Rəqs” əsərinin premyerası keçirilib. Bəstəkarlar İttifaqından verilən məlumata görə, dünya şöhrətli Kronos Kvarteti tərəfindən ifa edilən əsər tamaşaçıların gurultulu alqışları ilə qarşılanıb.  Kvartetin “Gələcək Üçün Əlli” adlı eksklüziv proqramı üçün bəstələnilən əsər, Azərbaycanda qədim zamanlardan nəsillərdən nəsillərə ötürülərək bu günümüzə qədər gəlib çatan müxtəlif rəqs ritmlərini özündə təcəssüm etdirir. 500-dən çox tamaşaçının iştirak etdiyi konsert məşhur San Fransisko Caz Mərkəzində keçirilib. Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun əməkdaşı Ramin Əliyev konsertdə iştirak edərək, Azərbaycan musiqisinə və mədəniyyətinə göstərdikləri yüksək diqqətə görə musiqiçilərə və tədbirin təşkilatçılarına dərin təşəkkürünü bildirib. Qeyd edək ki, 1973-cü ildə David Harringtonun rəhbərliyilə ABŞ-ın Sietl şəhərində yaradılan Kronos Kvarteti fəaliyyətini 1978-ci ildən San Fransiskoda davam etdirib və 40 ildən artıq davam edən fəaliyyəti ərzində Polar Musiqi Mükafatı, Averi Fişer Mükafatı, həmçinin musiqi üzrə ən tanınmış mükafatlardan olan Qremmi Mükafatına layiq görülüb.    

Fevral 9, 2016 3:00

Vyaçeslav Tixonov -88

  "Baharın on yeddi anı"...Sovet kinematoqrafiya tarixinin ən məşhur nümunələrindən olan bu filmin qəhrəmanı Otto fon Ştirlis uzun müddət çoxlarının qəhrəmanı, idealı olmuşdu. Rolun ifaçısı Vyaçeslav Vasilyeviç Tixonov isə Ştirlis obrazı ilə həyatı və yaradıcılığında ən böyük uğura imza atmışdı. Bu gün SSRİ və Rusiyanın məşhur kinoaktyorunun anadan olmasından 88 il ötür. Vyaçeslav Tixonov 1928-ci il fevral ayının 8-də Moskva quberniyasının Pavlovski-Posad şəhərində, sadə fəhlə-qulluqçu ailəsində anadan olub. Valideynləri onu aqronom görmək istəyirdilər. Ancaq o, 1945-ci ildə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunu bitirir. Kinoda ilk rolunu 1948-ci ildə "Gənc qvardiya"  filmində alır. Bu filmin çəkilişləri vaxtı aktrisa Nonna Mordyukova ilə tanış olur. Film ekranlara çıxan ərəfədə onların artıq oğulları dünyaya gəlir. Amma bu evlilik uğurlu olmur və onlar ayrılırlar. Onların övladları Vladimir Tixonovun həyatı da uğursuz olur. 42 yaşı olarkən narkotik alüdəçisi Vladimir dünyasını dəyişir. Aktyor ikinci dəfə Tamara adlı qadınla ailə həyatı qurur. Amma bu ailənin də ömrü uzun olmur. V.Tixonov ömrünün son 15 ilini isə tənhalıqda keçirir və 2009-cu il dekabrın 4-də 82 yaşında dünyasını dəyişir. Vyaçeslav Tixonovun kinoda ən məşhur rolu "Baharın on yeddi anı" filmindəki məşhur Otto fon Ştirlis rolu olsa da, aktyorun özünün ən çox sevdiyi rol "Qaraqulaq və ağ Bim"dəki tənha qoca obrazıdır. Çünki burada o özünü, öz yaşam tərzini və gələcək taleyini oynayıb.  

Fevral 8, 2016 2:56

Əliabbas Qədirov- 70

Fevralın 17-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Xalq Artisti, Dövlət mükafatı laureatı, “Şöhrət” ordenli aktyor Əliabbas Qədirovun 70 illik yubileyinə həsr olunan xatirə gecəsi keçiriləcək. Fevralın 17-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Xalq Artisti, Dövlət mükafatı laureatı, “Şöhrət” ordenli aktyor Əliabbas Qədirovun 70 illik yubileyinə həsr olunan xatirə gecəsi keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyindən bildirilib ki, gecədə mərhum aktyorun sənət dostları onun həyat və yaradıcılığından söz açacaq, xatirələrini bölüşəcəklər. 1970-ci ildən teatrda çalışan sənətkar yaddaqalan, maraqlı, rəngarəng obrazlar qalereyası yaradaraq böyük tamaşaçı rəğbəti qazanıb. Onun “Xəyyam”, “Aydın”, “Sevil”, “Oqtay Eloğlu”, “Hacı Qara”, “Xırs quldurbasan”, “Vaqif”, “Mahnı dağlarda qaldı”, “Sevgililərin cəhənnəmdə vüsalı”, “Tənha iydə ağacı”, “Torpağa sancılan qılınc” və başqa səhnə əsərlərində böyük ustalıqla yaratdığı obrazlar milli teatrımızın parlaq səhifələrini təşkil edir. Ə.Qədirov “Azərbaycanfilm” kinostudiyasının istehsal etdiyi 62 bədii və tammetrajlı filmlərdə biri-birindən maraqlı personajlar yaradıb. Ə.Qədirovun 1978-ci ildə “Sevinc buxtası” filmindəki roluna görə Dövlət mükafatı alıb.    

Fevral 6, 2016 9:42