Azərbaycan mədəniyyətini əks etdirən əyani vəsaitlər

Azərbaycan, Türkiyə və Gürcüstanın ABŞ-dakı səfirliklərinin dəstəyi və ABŞ-Azərbaycan Ticarət Palatası, Amerika-Gürcüstan Biznes Şurası və Amerika-Türkiyə Şurasının birgə təşkilatçılığı ilə Corctaun Universitetində hər üç ölkənin istehsalı olan şərab məmulatlarının təqdimatı və dequstasiyası keçirilib. Tədbirdə ABŞ-ın hökumət rəsmiləri, diplomatik korpusun nümayəndələri, eləcə də şərabçılıq məmulatları üzrə ekspertlər, distributorlar və mətbuat nümayəndələri iştirak ediblər. ABŞ-Azərbaycan Ticarət Palatasının icraçı direktoru Süsən Sadıqova Azərbaycanda şərab istehsalının zəngin tarixə və ənənəyə malik olduğunu qeyd edib, ölkəmizdə istehsal edilən müxtəlif növ şərab məmulatlarının rəqabətin güclü olduğu ABŞ bazarına ixracı ilə bağlı yerli istehsalçıların imkanlarından danışıb. Sonra səfir Elin Süleymanov çıxış edərək Azərbaycan, Türkiyə, Gürcüstan arasında yaranmış və getdikcə möhkəmlənən strateji tərəfdaşlıqdan söhbət açıb. O, bu kimi tədbirin ölkələrimiz arasında hər bir sahədə əməkdaşlığın mümkünlüyünün bariz nümunəsi olduğunu söyləyib. Səfir Azərbaycanın zəngin neft və təbii qaz ehtiyatlarına malik ölkə kimi tanındığını, bununla belə əsas prioritetin bu ehtiyatların ixracından əldə edilən gəlirlər əsasında qeyri-neft sektorunun inkişaf etdirilməsi olduğunu bildirib. Bu xüsusda, Azərbaycan diplomatı qeyri-neft məhsullarının ixracının stimullaşdırılması, o cümlədən ölkəmizdə istehsal olunan şərab məmulatlarının ABŞ-a ixracının təşviqi və bu sahədə iki ölkənin işgüzar dairələri arasında yeni əlaqələrin qurulması baxımından tədbirin xüsusi əhəmiyyət daşıdığını iştirakçıların diqqətinə çatdırıb. Tədbirdə Gürcüstan səfiri Arçil Qeqeşidze, Türkiyə səfirinin müavini Tuqay Tunçer, Amerika-Gürcüstan Biznes Şurasının prezidenti Mamuka Tsereteli və Amerika-Türkiyə Şurasının prezidenti Hovart Qaret Bisley çıxış edərək hər üç ölkə arasında mövcud dostluq və əməkdaşlıq əlaqələrindən danışıb, tədbirin Azərbaycan, Gürcüstan və Türkiyə istehsalı olan şərab məmulatlarının ABŞ istehlakçıları arasında tanıdılması üçün yaxşı imkan olduğunu qeyd ediblər. Tədbirdə iştirak edən qonaqlar ölkəmizin istehsalı olan şərablara böyük maraq göstərib və onlara layiqincə qiymət veriblər. Qonaqlara, həmçinin Azərbaycan mədəniyyətini və milli adət-ənənələrini əks etdirən əyani vəsaitlər göstərilib. AZƏRTAC

Fevral 12, 2016 1:53

Azərbaycan teatrı 2009-2019-cu illərdə

Xəbər100. Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramının icrası, Azərbaycan teatrının dünya mədəniyyətinə inteqrasiyası, milli teatr sənətinin inkişafının, teatr sənətinin bütün janrları və peşə istiqamətləri üzrə gənclərin dəstəklənməsi, kadr hazırlığı, əlavə təhsil sisteminin təkmilləşdirilməsi və istedadlı gənclərin xarici dövlətlərdə məqsədli təhsilinə şərait yaradılması üçün Mədəniyyət və Turizm Nazirliyi tərəfindən yeni layihənin icrasına başlanılacaq. Nazirlikdən  bildirilib ki, Rusiyanın dünyaca məşhur Yevgeni Vaxtanqov adına Dövlət Akademik Teatrı nəzdində Boris Şukin adına Teatr İnstitutunda Azərbaycan Respublikası üçün məxsusi hədəf kursularına tələbə qəbulu keçiriləcək. Bu barədə tərəflər arasında müqavilə imzalanıb. Kursun rəhbəri Rusiyanın Əməkdar İncəsənət Xadimi, professor Mixayıl Borisovdur. Qəbul əsasən iki ixtisas istiqaməti üzrə müəyyənləşdirilib: Dram teatrı və kino artisti – qəbul sayı 15 nəfər (təhsil müddəti - 4 il); Teatr rejissorluğu – qəbul sayı 5 nəfər (təhsil müddəti – 5 il). İnstituta qəbul 2016-cı ilin iyul ayında Moskvadan dəvət olunmuş peşəkar şəxslərdən ibarət xüsusi imtahan komissiyası tərəfindən həyata keçiriləcək. Qəbul olunan şəxslərin illik təhsil haqqı Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ödəniləcək. Qəbulla bağlı ətraflı məlumat üçün Azərbaycan Teatr Xadimləri İttifaqına müraciət etmək olar.  

Fevral 12, 2016 1:46

Qarabağ geyimləri sərgidə

Özbəkistandakı Azərbaycan Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycanın Qarabağ geyimlərinin daimi sərgisinin açılışı olub. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə,  Mədəniyyət Mərkəzinin foyesində yaradılan və daimi sərgidə nümayiş etdiriləcək libasları Bakıdakı Milli Geyim Evi tərəfindən hazırlanıb. Sərgidə Qarabağ geyimlərinin olduqca maraqlı kompozisiyası yaradılıb. Şüşə vitrinlərdə sərgilənən geyimlər, görünüşün keyfiyyətini yüksəltmək məqsədi ilə xüsusi işıqlandırma aparatları ilə təmin olunub. Geyimlərə Qarabağın XVII-XIX əsrlərə aid bir sıra mərasim, toy libasları, şənlik geyimləri, Qarabağın zadəgan xanımlarının geyimləri, qadın və kişi libasları daxil edilib. Kolleksiyada olan libaslar əsasən ipəkdən hazırlanıb və xüsusi daş-qaşlarla bəzədilib. Sərginin açılışı edən Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Azərbaycan mədəniyyətinə dair təbliğat işin daha da gücləndirmək və effektiv həyata keçirmək üçün Azərbaycanın Qarabağ geyimlərinin, xalçalarının, mətbəxinin Özbəkistanda mütəmadi olaraq nümayişinin həyata keçirildiyini qeyd etdi. Mədəniyyət Mərkəzinin nəzdindəki “Azərbaycan qızları” rəqs ansamblı Qarabağ rəqslərini ifa etdilər. Daha sonra Mədəniyyət Mərkəzinin nəzdindəki kurs və dərnəklərin şagirdləri sərgi barədə, Azərbaycanın Qarabağ bölgəsi, bu diyarın mədəniyyəti, geyimləri haqqında məlumatlandırıldılar.

Fevral 10, 2016 1:17

F.Əlizadənin “Rəqs” əsərinin premyerası keçirilib

ABŞ-ın San Fransisko şəhərində Kronos Festivalı çərçivəsində  Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadənin “Rəqs” əsərinin premyerası keçirilib. Bəstəkarlar İttifaqından verilən məlumata görə, dünya şöhrətli Kronos Kvarteti tərəfindən ifa edilən əsər tamaşaçıların gurultulu alqışları ilə qarşılanıb.  Kvartetin “Gələcək Üçün Əlli” adlı eksklüziv proqramı üçün bəstələnilən əsər, Azərbaycanda qədim zamanlardan nəsillərdən nəsillərə ötürülərək bu günümüzə qədər gəlib çatan müxtəlif rəqs ritmlərini özündə təcəssüm etdirir. 500-dən çox tamaşaçının iştirak etdiyi konsert məşhur San Fransisko Caz Mərkəzində keçirilib. Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun əməkdaşı Ramin Əliyev konsertdə iştirak edərək, Azərbaycan musiqisinə və mədəniyyətinə göstərdikləri yüksək diqqətə görə musiqiçilərə və tədbirin təşkilatçılarına dərin təşəkkürünü bildirib. Qeyd edək ki, 1973-cü ildə David Harringtonun rəhbərliyilə ABŞ-ın Sietl şəhərində yaradılan Kronos Kvarteti fəaliyyətini 1978-ci ildən San Fransiskoda davam etdirib və 40 ildən artıq davam edən fəaliyyəti ərzində Polar Musiqi Mükafatı, Averi Fişer Mükafatı, həmçinin musiqi üzrə ən tanınmış mükafatlardan olan Qremmi Mükafatına layiq görülüb.    

Fevral 9, 2016 3:00

Vyaçeslav Tixonov -88

  "Baharın on yeddi anı"...Sovet kinematoqrafiya tarixinin ən məşhur nümunələrindən olan bu filmin qəhrəmanı Otto fon Ştirlis uzun müddət çoxlarının qəhrəmanı, idealı olmuşdu. Rolun ifaçısı Vyaçeslav Vasilyeviç Tixonov isə Ştirlis obrazı ilə həyatı və yaradıcılığında ən böyük uğura imza atmışdı. Bu gün SSRİ və Rusiyanın məşhur kinoaktyorunun anadan olmasından 88 il ötür. Vyaçeslav Tixonov 1928-ci il fevral ayının 8-də Moskva quberniyasının Pavlovski-Posad şəhərində, sadə fəhlə-qulluqçu ailəsində anadan olub. Valideynləri onu aqronom görmək istəyirdilər. Ancaq o, 1945-ci ildə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunu bitirir. Kinoda ilk rolunu 1948-ci ildə "Gənc qvardiya"  filmində alır. Bu filmin çəkilişləri vaxtı aktrisa Nonna Mordyukova ilə tanış olur. Film ekranlara çıxan ərəfədə onların artıq oğulları dünyaya gəlir. Amma bu evlilik uğurlu olmur və onlar ayrılırlar. Onların övladları Vladimir Tixonovun həyatı da uğursuz olur. 42 yaşı olarkən narkotik alüdəçisi Vladimir dünyasını dəyişir. Aktyor ikinci dəfə Tamara adlı qadınla ailə həyatı qurur. Amma bu ailənin də ömrü uzun olmur. V.Tixonov ömrünün son 15 ilini isə tənhalıqda keçirir və 2009-cu il dekabrın 4-də 82 yaşında dünyasını dəyişir. Vyaçeslav Tixonovun kinoda ən məşhur rolu "Baharın on yeddi anı" filmindəki məşhur Otto fon Ştirlis rolu olsa da, aktyorun özünün ən çox sevdiyi rol "Qaraqulaq və ağ Bim"dəki tənha qoca obrazıdır. Çünki burada o özünü, öz yaşam tərzini və gələcək taleyini oynayıb.  

Fevral 8, 2016 2:56