ISESCO üzrə Azərbaycan Milli Komissiyasının ilk iclası

Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, yanvarın 25-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin sədrliyi ilə İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ISESCO) üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının yaradılması haqqında Azərbaycan prezidentinin 14 yanvar 2016-cı il tarixli sərəncamından irəli gələn vəzifələrin yerinə yetirilməsi ilə bağlı komissiyanın ilk iclası keçirilib. Nazir ISESCO-nun 12-ci Baş Konfransı və İcraiyyə Şurasının 2015-ci ilin 23-27 noyabr tarixlərində keçirilmiş iclasında Azərbaycanın növbəti üç il müddətinə Baş Konfransın sədri seçilməsi münasibətilə görüş iştirakçılarını təbrik edib. Komissiya üzvlərinin təsdiq edilməsini ölkə rəhbərinin göstərdiyi böyük etimad kimi dəyərləndirən Ə.Qarayev bu sərəncamın komissiya üzvlərinin üzərinə böyük bir məsuliyyət qoyduğunu xüsusi vurğulayıb. Bildirilib ki, son illər ölkə rəhbərliyinin göstərdiyi səylər nəticəsində Azərbaycanın islam mədəniyyətinə inteqrasiyası çox fəal şəkildə həyata keçirilir. Komissiya üzvləri bu işin davamına və münasibətlərin daha yüksək səviyyədə qurulmasına öz töhfələrini əsirgəməməli, daha da geniş miqyasda fəaliyyət göstərməlidirlər. 2009-cu ildə Bakı, 2018-ci ildə isə Naxçıvan şəhərlərinin islam mədəniyyətinin paytaxtı elan edilməsini Azərbaycan xalqının zəngin tarixi-mədəni irsinə İslam aləmində verilən yüksək qiymət kimi dəyərləndirən nazir bu yöndə işlərin artıq bu gündən başlanılmasının, Muxtar Respublikanın rəhbərliyi və əlaqədar təşkilatları ilə müvafiq tədbirlərin həyata keçirilməsinin vacibliyini vurğulayıb. 2015-ci ilin 23-27 noyabr tarixlərində paytaxt Bakıda uğurla keçirilmiş ISESCO-nun 12-ci Baş Konfransı və İcraiyyə Şurasının 36-cı sessiyası barədə görüş iştirakçılarını məlumatlandıran nazir ISESCO Baş Konfransına sədrliyin ölkəmiz üçün vacib nüanslarını da diqqətə çatdırıb. Görüş "dəyirmi masa" ətrafında müzakirələrlə davam edib.    

Fevral 2, 2016 5:20