Bakı Dövlət Sirkində beynəlxalq sirk proqramına start verilib

Bakı Dövlət Sirkində “Güzgülər dünyası” adlı beynəlxalq sirk proqramına start verilib. Biz bütün fəsillərdə bir-birindən maraqlı, rəngarəng layihələrlə çıxış edirik. Bu sözləri dekabrın 17-də Bakı Dövlət Sirkində nümayiş olunan “Güzgülər dünyası” adlı şou zamanı mediaya açıqlamasında Bakı Dövlət Sirkinin direktor vəzifəsini icra edən Nahid Ağayev deyib. “Bakı Dövlət Sirki olaraq biz gənc, yeniyetmə tamaşaçılarımıza Yeni il layihəsi təqdim edirik. Layihənin adı "Güzgülər dünyası" adlanır. Bu layihənin özünəməxsus özəllikləri var. Əvvəlki layihələrdən fərqi qeyri-adi süjet xətinin və maraqlı performansların olmasıdır. Hesab edirik ki, bu şou tamaşaçıların böyük marağına səbəb olacaq. Müasir sirk nümunələrini nümayiş etdirməyi qarşısına məqsəd qoyan Bakı Dövlət Sirki hazırladığı budəfəki şouda yeni dekorasiyalarla, fərqli musiqi tərtibatı və işıq effektləri, həmçinin aktyorların yeni kostyumları ilə tamaşaçıların görüşünə gəlib. Yanvarın 8-dək davam edəcək Yeni il şousunun hekayəsində şər qüvvələri ilə xeyirxah şahzadənin mübarizəsindən bəhs edilir. Bundan başqa, Bakı Dövlət Sirki uzun illərdən sonra Qarabağ atlarının çıxışı ilə milli sirk nömrəsini də hazırlayıb. Proqramların təşkilatçısı azərbaycanlı sirk ustası Allahverdi İsrafilovdur", - deyə N.Ağayev bildirib. Sonra musiqili rəqs şouları, hava gimnastlarının qeyri-adi tryukları, klounların yumor dolu çıxışları, balet şousu və transformasiya illüziyası kimi digər nömrələrlə zəngin sirk şousu nümayiş edilib.xeber100.com  

Dekabr 17, 2022 8:19

Bursada Şuşa Günləri çərçivəsində – “Şuşada ürəyim qaldı” tamaşası

Türkiyənin Bursa şəhərində keçirilən Şuşa Günləri çərçivəsində Bakı Bələdiyyə Teatrının hazırladığı “Şuşada ürəyim qaldı” tamaşası nümayiş etdirilib. Görkəmli yazıçı-dramaturq, Xalq yazıçısı İlyas Əfəndiyevin “Qarabağnamə” və Xalq yazıçısı Elçinin “Baş” romanı əsasında hazırlanan  tamaşanın nümayişindən əvvəl səhnə əsərinin quruluşçu rejissoru Xalq artisti Mərahim Fərzəlibəyov Bakı Bələdiyyə Teatrı, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun Bakı Bələdiyyə Teatrına göstərdiyi dəstək, eləcə də XX əsr Azərbaycan ədəbiyyatının klassiklərindən olan İlyas Əfəndiyev və Xalq yazıçısı Elçinin yaradıcılığı haqqında danışıb. Azərbaycanın mədəniyyət paytaxtı Şuşanın 270 illiyi və Bakı Bələdiyyə Teatrının 30 illiyinə həsr olunan tamaşanın əsas ideyası uzun illər boyu başına müsibətlər gəlməsinə baxmayaraq, Azərbaycanın bütün bu çətinliklərdən mərd-mərdanə çıxaraq öz dövlətini qorumağa çalışmasından ibarətdir. General Sisianovun Azərbaycanda, ümumiyyətlə Qafqazda törətdiyi faciələrdən danışılan və İbrahim xanın qızı Ağabəyim ağanın müsibətlərindən bəhs edilən tamaşada Azərbaycan xanlıqlarının əslində müstəqilliyimizin əsasını qoymağa çalışmaları diqqətə çatdırılır. “Şuşada ürəyim qaldı” tamaşasında Vətən naminə məhəbbətindən əl çəkən Ağabəyim ağanın Vətən həsrəti ilə yazıb-yaratması, o gözəl Qarabağı unutmaması xüsusilə diqqət çəkir. Ömrünün sonuna kimi Vətən həsrəti çəkən Ağabəyim ağanın bir çox şeirləri həm İranda, həm də doğma Vətənində dildən-dilə keçərək yaşayıb. “Qarabağnamə” pyesi XIX əsrin əvvəllərində Azərbaycan xanlıqlarının çar Rusiyası tərəfindən istilaya məruz qalması mövzusuna həsr olunub. Elçinin “Baş” romanındakı hadisələr də XIX əsrin ilk onilliyində, Azərbaycan və ümumiyyətlə, Cənubi Qafqaz tarixinin ən gərgin və mürəkkəb dövründə cərəyan edir. Tamaşanın quruluşçu rejissoru Xalq artisti Mərahim Fərzəlibəyov, musiqi tərtibatçısı Xalq artisti Eldar Mansurov və quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi İlham Əsgərovdur. Sonda Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva rəhbərlik etdiyi qurum adından Bakı Bələdiyyə Teatrının yaradıcı heyətinə mükafat təqdim edib. Teatrın baş rejissoru Mərahim Fərzəlibəyov öz növbəsində fondun prezidenti Günay Əfəndiyeva və TÜRKSOY-un Baş katibi Sultan Rayevə teatr adından xüsusi hədiyyələr bağışlayıb. Tamaşanın Bursada nümayişi Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun təşkilatçılığı ilə baş tutub.xeber100.com

Dekabr 8, 2022 10:24