“Ötən günlər” tamaşasının premyerası keçirildi

Aprelin 29-da Bakı Bələdiyyə Teatrının Özbəkistan yazıçısı, dramaturq Abdulla Qədirinin “Ötən günlər” romanı əsasında səhnələşdirdiyi eyniadlı tamaşasının premyerası keçirildi. Özbəkistanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri cənab Bahrom Bahodiroviç  Aşrafxanovun təklifi əsasında hazırlanan “Ötən günlər” tamaşası Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə həsr olunub. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində baş tutan premyerada Mədəniyyət nazirinin müavini, Xalq artisti Murad Hüseynov, Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət Komitəsinin sədr müavini Günay Əfəndiyeva, Azərbaycan Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev, Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Hacı İsmayılov, Xalq artisti, professor Firəngiz Qurbanova, Xalq artistləri-Rafiq Əzimov, Həmidə Ömərova, Özbəkistanın Xalq şairi, Yazıçılar İttifaqının Dram üzrə Yaradıcılıq Şurasının sədri Usmon Əzim, Özbəkistanın Xalq artisti, Əlişir Nəvai adına Dövlət Akademik Teatrının direktoru Ramiz Usmanov, Özbəkistan Respublikasının Azərbaycan Respublikasındakı Səfirinin Mədəni-humanitar məsələlər üzrə müşaviri Otabek Ramazanov, eləcə də tanınmış mədəniyyət xadim­ləri, ictimaiyyət nümayəndələri iştirak edirdilər. Tamaşa başlamadan öncə Vətən uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi, daha sonra Azərbaycanın və Özbəkistanın dövlət himnləri səsləndirildi.Daha sonra söz Milli Məclisinin Mədəniyyət Komitəsinin sədr müavini Günay Əfəndiyeva verildi. G.Əfəndiyeva öz çıxışında  Azərbaycan və Özbəkistanın diplomatik əlaqələrindən, Bakı Bələdiyyə Teatrının yaradıcıları Xalq artistləri Amaliya Pənahova ilə Yusif Muxtarovun daima tarixi mövzulara müraciət etməsini və bu ənənənin hazırda da qorunmasını diqqətə çatdırdı. Özbəkistanın Xalq şairi, Yazıçılar İttifaqının Dram üzrə Yaradıcılıq Şurasının sədri Usmon Əzim, Özbəkistanın Xalq artisti, Əlişir Nəvai adına Dövlət Akademik Teatrının direktoru Ramiz Usmanov, Özbəkistan Respublikasının Azərbaycan Respublikasındakı Səfirinin Mədəni-humanitar məsələlər üzrə müşaviri Otabek Ramazanov öz çıxışlarında iki ölkə arasında olan münasibətlərdən, Bakı Bələdiyyə Teatrının müraciət etdiyi əsərin, əsərdə baş verən hadisələrin öz aktuallığını hələ də qoruyub saxlamasını xüsusilə vurğuladılar. Nəhayət tamaşaçıların alqış sədaları altında pərdə açılır və səhnəyə tamaşaçı auditoriyasını XIX əsrin ortalarında Özbəkistanda hökm sürən feodal cəmiyyətin, ədalətsiz ictimai quruluşun insanların həyatını cəhənnəmə çevirməsi təsvirini yaradan aktyorlar gəlir. Tamaşada bir əsr öncə baş verən hadisələrin öz aktuallığını qoruması  insanı düşünməyə vadar edir. Qeyd edək ki, Azərbaycan-Özbəkistan mədəni əlaqələri hər il yeni müstəvidə inkişaf etdirilir. Belə mədəni hadisələrdən biri də Özbəkistan yazıçısı, dramaturq Abdulla Qədirinin “Ötən günlər” romanı əsasında Bakı Bələdiyyə Teatrının hazırladığı eyni adlı tamaşadır. Abdulla Qədirinin bu əsəri ilk dəfə XX əsr Azərbaycan dilçiliyinin görkəmli simalarından olan Xalid Səid Xocayev tərəfindən 1928-ci ildə tərcümə olunub. Yazıçı həmin dövrü "tarixin ən çirkin və qara günləri" adlandırır, mənəvi ehkamları ifşa edir, feodalizmin iyrənc üzünü açıb göstərir. Eyni adlı romanın motivləri əsasında hazırlanan pyesin müəllifi yazıçı, tərcüməçi Kənan Hacı, tamaşanın quruluşçu rejissoru, Xalq artisti Mərahim Fərzəlibəyovdur. Tamaşanın yaradıcı heyəti: Musiqi hissə müdiri Əməkdar mədəniyyət işçisi Nazim Əbidov, işıqçı rəssam Tərlan Ələsgərli, rəqslərin quruluşu Əməkldar artist Bəhruz Vaqifoğlu, kostyum sexinin müdiri Leyla Əkbərova, dizayn işləri üzrə tərtibatçı Elnur Ehtiramoğlu, kamança və neydə ifa sənətşünaslıq doktoru Abbasqulu Nəcəfzadədir. Tamaşada iştirak edirlər: Tural Əhməd (Atabəy), Rəşad Kəsəmənli (Hacı Yusif bəy), Hüsniyyə Mürvətova (Əməkdar artist-Özbək xanım), Sabirə Rüstəmzadə (Gümüş), Əfqan Soltanov (Əməkdar artist- Mirzəkərim), Səmayə Sadıqova (Əməkdar artist- Aftab xanım), Toğrul Rza (Divanə), İsmayıl Atakişiyev (Həsənalı lələ), Mehman Abdulla (Xudayar xan), Elməddin Zakirli (Həmid), Zülfiyyə Məmmədova (Zeynəb), Firəngiz Babayeva (Cənnət), Aydın Əliyev (Əməkdar artist- Çar polkovniki, Çar məmuru), Rəşid Soltanov (Naməlum adam). HAŞİYƏ: Bakı Bələdiyyə Teatrının rəhbərliyi “Ötən günlər” səhnə əsərinin yaranmasında göstərdiyi dəstəyə görə Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət Komitəsinin sədr müavini Günay xanım Əfəndiyevaya, Özbəkistan Respublikasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri cənab Bahrom Bahodiroviç  Aşrafxanova, Özbəkistan Respublikasının Azərbaycan Respublikasındakı Səfirinin Mədəni-humanitar məsələlər üzrə müşaviri Otabek Sadullayeviç Ramazanova, Azərbaycan Maşın və Avadanlıq İstehsalçıları Assosiasiyasının İdarə Heyətinin sədri Emin Axundova və “Azermash” CP baş direktoru Otabek Uluqbekoviç Saliyevə dərin təşəkkürünü bildirir.xeber100.com  

Aprel 29, 2025 10:21

Rəssam Ayfer Akbaşoğlunun “İnsan hekayələri” adlı sərgisi açılıb

Aprelin 18-də Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə “QGallery” qalereyasında türkiyəli rəssam Ayfer Akbaşoğlunun “İnsan hekayələri” adlı sərgisi açılıb. Tədbirdə çıxış edən rəssam Ayfer Akbaşoğlu sərginin onun yaradıcılığında maraqlı iz qoyacağını bildirib. Onun sözlərinə görə, rəsmlərin hər biri həyat hekayəsidir. Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli bildirib ki, bu sərgi Qərbi Azərbaycan həqiqətlərinin təbliği baxımından çox önəmlidir: “Sərgi, digər ölkələrdə yaşayan icma üzvlərinin və Türkiyə sənət adamları arasında əlaqələrin qurulması məqsədilə təşkil olunub. Sərginin “İnsan hekayələri” adlandırılması da təsadüfi deyil. Bu, Qərbi Azərbaycandan zorla çıxarılan həmvətənlərimizə həsr olunub. Burada əsas mesaj – hər birinin öz taleyi, öz yolu olan insanların ümumi arzusu olan qayıdış hüququdur. Sərgidəki əsərlər məhz onların məcburi köçkünlüyü və doğma torpaqlara qayıdış arzusuna həsr olunub"Xalq rəssamı Natiq Əliyev bu mövzunun çox vacib olduğunu söyləyib. “Mən çox şadam ki, Türkiyədən olan həmkarımız Qərbi Azərbaycan məsələsinə toxunub və bu həqiqətləri sənət dili ilə çatdırıb”.Sonra iştirakçılar sərgi ilə tanış olublar. Sərgi aprelin 24-dək davam edəcək.xeber100.com

Aprel 19, 2025 4:32

Əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb

Oktyabrın 25-də Bakı Dövlət Universitetində (BDU) bu təhsil ocağı ilə Azərbaycan Milli Kitabxanası arasında əməkdaşlıq haqqında anlaşma memorandumunun imzalanıb və BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsində Milli Kitabxananın xüsusi auditoriyasının açılışı keçirilib. Memorandumu BDU-nun rektoru Elçin Babayev, Milli Kitabxananın direktoru Kərim Tahirov imzalayıblar. Sənəddə BDU ilə Milli Kitabxana arasında müasir kitabxana texnologiyaları, rəqəmsal xidmətlər və süni intellekt texnologiyaları sahəsində birgə layihələrin hazırlanması, innovativ tədqiqat laboratoriyaları və tədris məkanlarının yaradılması, gənclərin və təhsilalanların elmi-mədəni inkişafını dəstəkləyən layihələrin həyata keçirilməsi, eləcə də rəqəmsal informasiya resurslarının inteqrasiyası, elektron resurs mübadiləsinin təşkili, rəqəmsal kitabxana xidmətlərinin birləşdirilməsi və genişləndirilməsi, Milli Kitabxananın elektron arxivlərinə BDU-nun təhsilalan və tədqiqatçılarının çıxışının təmin edilməsi nəzərdə tutulur. Mərasimdə çıxış edən mədəniyyət naziri Adil Kərimli BDU-da Milli Kitabxananın xüsusi auditoriyasının açılmasının elm, təhsil və mədəniyyət ictimaiyyəti üçün önəmli hadisə olduğunu deyib. Bildirilib ki, Ümummilli lider Heydər Əliyev Bakı Dövlət Universitetini Azərbaycan xalqının milli sərvəti kimi qiymətləndirib. Azərbaycan Milli Kitabxanası da ölkə mədəniyyətinin əsas mərkəzlərindən biridir: “BDU-da yüksəkixtisaslı kadrların yetişdirilməsi işinə daim dəstək göstərməyə hazırıq. Mədəniyyət sahəsində elm və təhsilin inkişafı prioritetlərimizdən biridir. Bu auditoriyadan universitetin professor-müəllim heyəti, tələbə və tədqiqatçıları faydalanacaq”. BDU-nun rektoru Elçin Babayev qeyd edib ki, universitetdə müasir dövrün çağırışlarına cavab verən yeni texnologiyaların tətbiqinə xüsusi önəm verilir, əmək bazarının tələblərinə uyğun yeni ixtisas və ixtisaslaşmalar açılır. Qeyd edək ki, açılış mərasimində Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri Anar İsgəndərov, Azərbaycanda Atatürk Mərkəzinin direktoru akademik Nizami Cəfərov, ziyalılar və alimlər iştirak ediblər.xeber100.com

Oktyabr 26, 2024 4:57

Mədəniyyət naziri ADMİU-nun kollektivilə görüşüb

Mədəniyyət naziri Adil Kərimli oktyabrın 25-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) olub, kollektivlə görüşüb. Ali təhsil ocağı haqqında söz açan nazir universitetin zəngin ənənələrinin olduğunu, məzunlarının mədəniyyətimizin inkişafına mühüm töhfələr verdiklərini deyib. Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib. Bildirilib ki, Prezident İlham Əliyevin liderliyində ölkəmizdə bütün sahələr kimi, mədəniyyətin də inkişafına xüsusi diqqət yetirilir. Müvafiq sahə üzrə pedaqoji kollektivin əməyi qiymətləndirilir, müxtəlif təltif və mükafatlara layiq görülürlər. Mədəniyyət Nazirliyi tərəfindən kadr hazırlığına böyük əhəmiyyət verilir və bu sahədə Elm və Təhsil Nazirliyi ilə sıx əməkdaşlıq mövcuddur. Çünki mədəniyyət sahəsində keyfiyyətin yüksəldilməsi bilavasitə kadr hazırlığı ilə bağlıdır. Bu istiqamətdə inkişafa nail olmaq üçün gənclərin maraqları, seçdikləri ixtisaslar haqqında fikirlərinin nədən ibarət olduğunu öyrənmək vacibdir. Çağımızda sürətli innovativ yeniliklərə şahid olsaq da, süni intellekt inkişaf etsə də, mədəniyyət sahəsi sırf insan amilinə, istedadlı, bacarıqlı və ixtisaslı kadrlara bağlıdır. ADMİU-nun rektoru Ceyran Mahmudova kollektivlə görüşdüyü üçün nazirə təşəkkürünü bildirib. Rektor kadr hazırlığının çox vacib məsələ olduğunu söyləyib, təhsil ocağı ilə ARKA arasında əməkdaşlıqla bağlı müqavilənin imzalandığını deyib. Vurğulanıb ki, bu müqavilə nəticəsində 12 film layihəsi üzrə işlərə başlanılıb. Mədəniyyət Nazirliyi tərəfindən aktyorlara təyinatın verilməsi təklifinə münasibət bildirən nazir hər il ADMİU-nun Teatr sənəti fakültəsindən 60-a yaxın tələbənin məzun olduğunu deyib: "Həmin məzunların müvafiq teatrlarda yerləşdirilməsinə çalışmalıyıq. Bu prosesdə özəl teatrların da təşviq edilməsi vacibdir". Gənclərin kino sahəsinə marağının artırılması ilə bağlı danışan Adil Kərimli bildirib ki, ölkəmizdə kino istehsalının genişləndirilməsi istiqamətində addımlar atılır, tələbə filmlərinə də dəstək verilir.Görüş zamanı səsləndirilən təkliflərdən biri də ADMİU tələbələrinin teatrlara ödənişsiz girişi işi ilə bağlı olub. Nazir qeyd edib ki, bu istiqamətdə müəyyən işlər görülür.xeber100.com

Oktyabr 26, 2024 4:52