Rəssam Ayfer Akbaşoğlunun “İnsan hekayələri” adlı sərgisi açılıb

Aprelin 18-də Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə “QGallery” qalereyasında türkiyəli rəssam Ayfer Akbaşoğlunun “İnsan hekayələri” adlı sərgisi açılıb. Tədbirdə çıxış edən rəssam Ayfer Akbaşoğlu sərginin onun yaradıcılığında maraqlı iz qoyacağını bildirib. Onun sözlərinə görə, rəsmlərin hər biri həyat hekayəsidir. Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli bildirib ki, bu sərgi Qərbi Azərbaycan həqiqətlərinin təbliği baxımından çox önəmlidir: “Sərgi, digər ölkələrdə yaşayan icma üzvlərinin və Türkiyə sənət adamları arasında əlaqələrin qurulması məqsədilə təşkil olunub. Sərginin “İnsan hekayələri” adlandırılması da təsadüfi deyil. Bu, Qərbi Azərbaycandan zorla çıxarılan həmvətənlərimizə həsr olunub. Burada əsas mesaj – hər birinin öz taleyi, öz yolu olan insanların ümumi arzusu olan qayıdış hüququdur. Sərgidəki əsərlər məhz onların məcburi köçkünlüyü və doğma torpaqlara qayıdış arzusuna həsr olunub"Xalq rəssamı Natiq Əliyev bu mövzunun çox vacib olduğunu söyləyib. “Mən çox şadam ki, Türkiyədən olan həmkarımız Qərbi Azərbaycan məsələsinə toxunub və bu həqiqətləri sənət dili ilə çatdırıb”.Sonra iştirakçılar sərgi ilə tanış olublar. Sərgi aprelin 24-dək davam edəcək.xeber100.com

Aprel 19, 2025 4:32

Əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb

Oktyabrın 25-də Bakı Dövlət Universitetində (BDU) bu təhsil ocağı ilə Azərbaycan Milli Kitabxanası arasında əməkdaşlıq haqqında anlaşma memorandumunun imzalanıb və BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsində Milli Kitabxananın xüsusi auditoriyasının açılışı keçirilib. Memorandumu BDU-nun rektoru Elçin Babayev, Milli Kitabxananın direktoru Kərim Tahirov imzalayıblar. Sənəddə BDU ilə Milli Kitabxana arasında müasir kitabxana texnologiyaları, rəqəmsal xidmətlər və süni intellekt texnologiyaları sahəsində birgə layihələrin hazırlanması, innovativ tədqiqat laboratoriyaları və tədris məkanlarının yaradılması, gənclərin və təhsilalanların elmi-mədəni inkişafını dəstəkləyən layihələrin həyata keçirilməsi, eləcə də rəqəmsal informasiya resurslarının inteqrasiyası, elektron resurs mübadiləsinin təşkili, rəqəmsal kitabxana xidmətlərinin birləşdirilməsi və genişləndirilməsi, Milli Kitabxananın elektron arxivlərinə BDU-nun təhsilalan və tədqiqatçılarının çıxışının təmin edilməsi nəzərdə tutulur. Mərasimdə çıxış edən mədəniyyət naziri Adil Kərimli BDU-da Milli Kitabxananın xüsusi auditoriyasının açılmasının elm, təhsil və mədəniyyət ictimaiyyəti üçün önəmli hadisə olduğunu deyib. Bildirilib ki, Ümummilli lider Heydər Əliyev Bakı Dövlət Universitetini Azərbaycan xalqının milli sərvəti kimi qiymətləndirib. Azərbaycan Milli Kitabxanası da ölkə mədəniyyətinin əsas mərkəzlərindən biridir: “BDU-da yüksəkixtisaslı kadrların yetişdirilməsi işinə daim dəstək göstərməyə hazırıq. Mədəniyyət sahəsində elm və təhsilin inkişafı prioritetlərimizdən biridir. Bu auditoriyadan universitetin professor-müəllim heyəti, tələbə və tədqiqatçıları faydalanacaq”. BDU-nun rektoru Elçin Babayev qeyd edib ki, universitetdə müasir dövrün çağırışlarına cavab verən yeni texnologiyaların tətbiqinə xüsusi önəm verilir, əmək bazarının tələblərinə uyğun yeni ixtisas və ixtisaslaşmalar açılır. Qeyd edək ki, açılış mərasimində Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri Anar İsgəndərov, Azərbaycanda Atatürk Mərkəzinin direktoru akademik Nizami Cəfərov, ziyalılar və alimlər iştirak ediblər.xeber100.com

Oktyabr 26, 2024 4:57

Mədəniyyət naziri ADMİU-nun kollektivilə görüşüb

Mədəniyyət naziri Adil Kərimli oktyabrın 25-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) olub, kollektivlə görüşüb. Ali təhsil ocağı haqqında söz açan nazir universitetin zəngin ənənələrinin olduğunu, məzunlarının mədəniyyətimizin inkişafına mühüm töhfələr verdiklərini deyib. Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib. Bildirilib ki, Prezident İlham Əliyevin liderliyində ölkəmizdə bütün sahələr kimi, mədəniyyətin də inkişafına xüsusi diqqət yetirilir. Müvafiq sahə üzrə pedaqoji kollektivin əməyi qiymətləndirilir, müxtəlif təltif və mükafatlara layiq görülürlər. Mədəniyyət Nazirliyi tərəfindən kadr hazırlığına böyük əhəmiyyət verilir və bu sahədə Elm və Təhsil Nazirliyi ilə sıx əməkdaşlıq mövcuddur. Çünki mədəniyyət sahəsində keyfiyyətin yüksəldilməsi bilavasitə kadr hazırlığı ilə bağlıdır. Bu istiqamətdə inkişafa nail olmaq üçün gənclərin maraqları, seçdikləri ixtisaslar haqqında fikirlərinin nədən ibarət olduğunu öyrənmək vacibdir. Çağımızda sürətli innovativ yeniliklərə şahid olsaq da, süni intellekt inkişaf etsə də, mədəniyyət sahəsi sırf insan amilinə, istedadlı, bacarıqlı və ixtisaslı kadrlara bağlıdır. ADMİU-nun rektoru Ceyran Mahmudova kollektivlə görüşdüyü üçün nazirə təşəkkürünü bildirib. Rektor kadr hazırlığının çox vacib məsələ olduğunu söyləyib, təhsil ocağı ilə ARKA arasında əməkdaşlıqla bağlı müqavilənin imzalandığını deyib. Vurğulanıb ki, bu müqavilə nəticəsində 12 film layihəsi üzrə işlərə başlanılıb. Mədəniyyət Nazirliyi tərəfindən aktyorlara təyinatın verilməsi təklifinə münasibət bildirən nazir hər il ADMİU-nun Teatr sənəti fakültəsindən 60-a yaxın tələbənin məzun olduğunu deyib: "Həmin məzunların müvafiq teatrlarda yerləşdirilməsinə çalışmalıyıq. Bu prosesdə özəl teatrların da təşviq edilməsi vacibdir". Gənclərin kino sahəsinə marağının artırılması ilə bağlı danışan Adil Kərimli bildirib ki, ölkəmizdə kino istehsalının genişləndirilməsi istiqamətində addımlar atılır, tələbə filmlərinə də dəstək verilir.Görüş zamanı səsləndirilən təkliflərdən biri də ADMİU tələbələrinin teatrlara ödənişsiz girişi işi ilə bağlı olub. Nazir qeyd edib ki, bu istiqamətdə müəyyən işlər görülür.xeber100.com

Oktyabr 26, 2024 4:52

“Baku Steel Art 2024” adlı beynəlxalq metal simpoziumu təşkil ediləcək

Sentyabrın 17-dən 30-dək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 ərəfəsində “Baku Steel Company” QSC (BSC) və “QGallery” birlikdə “Baku Steel Art 2024” adlı beynəlxalq metal simpoziumunu təşkil edəcəklər. “QGallery”dən bildirilib ki, simpoziumun təşkilində məqsəd incəsənət və metallurgiyanın ekoloji dəyişikliklər və davamlı inkişafın katalizatoru kimi çıxış edə biləcəyini nümayiş etdirməkdir. Bu beynəlxalq layihə qlobal ekoloji çağırışlar kontekstində incəsənət və sənayenin qarşılıqlı əlaqəsinə yeni baxış təklif edir. Sözügedən unikal tədbir, dünyanın hər yerindən yaradıcılığında bu materialın lütfünü və gücünü təcəssüm etdirən sənətkarların və rəssamların əlamətdar toplantısı olacaqdır. Simpozium iştirakçıları öz heyrətamiz əsərlərini nümayiş etdirməklə yanaşı, təcrübələrini bölüşəcək, fikir mübadiləsi aparacaq, bir-birlərini yeni bədii axtarışlara ruhlandıracaqlar. Yaradıcılığın sehri tarixi ənənələrin müasir tendensiyalarla harmonik şəkildə qarışdığı şəhərin tam ürəyində canlanacaq. “Baku Steel Art 2024” mədəniyyətlər və üslublar arasında dialoq üçün platforma olacaq, metalla işləmə sənətində yaradıcılıq və müasir yanaşmalar üçün üfüqlər açacaq. Bu, hər bir metal elementinin və parıltısının insan təxəyyülünün sonsuz imkanlarından danışacağı ekspressiv incəsənətin parlaq dünyasına qərq olmaq şansıdır. Metallurgiya məhsullarının yaradılması prosesini müşahidə edərək, qaynaq zamanı yanıb-sönən hər bir qığılcımda gizlənən sirri hiss edirik. Metal ustaları kimyagərlər kimidir, onlar soyuq xammalı canlandırır, bununla da, təəccübləndirə və hətta ruha toxuna bilən obyektlərə çevirirlər. Məhz bu sənətkarlıq və texnologiyanın tandemi birlikdə sənət üçün yeni məkan yaradır, burada polad elementlər təkcə konstruktiv əsas deyil, həm də emosional mesajın daşıyıcısına çevrilir. “Baku Steel Art” rəssamları təkcə metaldan istifadə etməyəcəklər, ondan hekayələr düzəldəcəklər. Hər bir quraşdırma diqqətli işin nəticəsidir - poladın gücü ilə insan hisslərinin kövrəkliyi arasında analoqdur. Klassik əsərlərdə olduğu kimi, burada gözəllik anlayışının zamana tab gətirə bilən, insan qavrayış və heyranlığının dəyişkənliyi ilə yoğrulmuş daimiliyi üzə çıxacaq. “Baku Steel Art 2024” sərgisində 7 ölkədən (Azərbaycan, Gürcüstan, Türkiyə, Rumıniya, İsrail, Bolqarıstan, Hindistan) rəssamlar iştirak edəcək.xeber100.com

Sentyabr 13, 2024 8:35