“Nizami Gəncəvinin 880 illiyi” xatirə nişanının təqdimat mərasimi keçirilib

Azərbaycan Milli Kitabxanasında Mədəniyyət Nazirliyinin təsis etdiyi “Nizami Gəncəvinin 880 illiyi (1141 – 2021)” xatirə nişanının təqdimatı  keçirilib. Təqdimat mərasimindəxatirə nişanı “Nizami Gəncəvi İli”nə töhfə verən elm və incəsənət xadimlərinə təqdim edilib. Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev qeyd edib ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında” 5 yanvar 2021-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq tarixli Sərəncamı ilə təsdiq edilmiş “Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinin keçirilməsinə dair Tədbirlər Planı”nın icrası ilə əlaqədar Mədəniyyət Nazirliyi tərəfindən “Nizami Gəncəvinin 880 illiyi (1141 – 2021)” xatirə nişanı təsis edilib: “Xatirə nişanı Nizami irsinin təbliği və tanıdılmasında mühüm xidmətləri olan şəxslərə təqdim olunur. Keçirilən tədbirlər çərçivəsində xaricdə Nizami Gəncəvinin heykəli ucaldılıb, Nizaminin əsərləri üzərində qurulmuş tamaşalar səhnələşdirilib, son olaraq Nizami Gəncəvi Beynəlxalq Forumu keçirilib”. Daha sonra Elnur Əliyev tanınmış elm və incəsənət xadimlərinə “Nizami Gəncəvinin 880 illiyi (1141 – 2021)” xatirə nişanını təqdim edib. Xatirə nişanı ilə təltif olunanlar sırasında Bakı Bələdiyyə Teatrının  aktyorları -Nizami ili çərçivəsində teatrın hazırladığı “Sonsuz Tanrı məhəbbəti” tamaşasında yaratdıqları əsas rollara görə-Tural Əhməd Nizami Gəncəvi roluna, Zülfiyyə Məmmədova  Afaq roluna görə təltif olunublar.        

Dekabr 31, 2021 7:49

Aşıq Ələsgərə həsr edilmiş konsert proqramı təqdim edilib

“Dədə Ələsgər Ocağı” İctimai Birliyi, AMEA-nın Folklor İnstitutu və Beynəlxalq Muğam Mərkəzinin birgə təşkilatçılığı ilə Azərbaycan aşıq poeziyasının görkəmli nümayəndəsi, haqq aşığı Dədə Ələsgərin 200 illiyinə həsr olunmuş növbəti konsert proqramı təqdim edilib.Konsertdən əvvəl “Dədə Ələsgər Ocağı” İctimai Birliyinin sədri, Aşıq Ələsgərin nəticəsi Xətai Ələsgərli çıxış edərək ölkə başçısının müvafiq Sərəncamı ilə Aşıq Ələsgərin anadan olmasının 200 illiyinin ölkəmizdə silsilə tədbirlərlə qeyd edildiyini söyləyib. Vurğulayıb ki, ölkə başçısı eyni zamanda ustad Aşıq Ələsgərin Bakı şəhərində heykəlinin ucaldılması haqqında da Sərəncam verib. Bu sərəncamlar Azərbaycan aşıq poeziyasına verilən böyük bir dəyərin göstəricisidir.AMEA-nın Folklor İnstitutunun direktoru Muxtar İmanov, çıxış edərək bildirib ki, Aşıq Ələsgər yaradıcılığı Azərbaycan aşıq poeziyasında önəmli yer tutur və ustad aşığın əsərləri bu gün də öz aktuallığını qoruyub saxlayır.Tədbirdə ilk dəfə olaraq "Dədə Ələsgər Ocağı" İctimai Birliyinin yeni təsis etdiyi "Aşıq Ələsgər 200" yubiley medallarının təqdimetmə mərasimi keçirilib. Yubiley medalı Azərbaycan aşıq poeziyasının inkişafında xidmətləri olan şəxslərə təqdim edilib.Konsert proqramında tanınmış və gənc aşıqların ifaları dinlənilib.xeber100.com

Dekabr 30, 2021 11:47

Milli Məclisin iclasında “Turizm haqqında” qanun layihəsi təsdiq edilib

Milli Məclisin dekabrın 14-də keçirilən plenar iclasında “Turizm haqqında” qanun layihəsi birinci oxunuşda təsdiq edilib.Azərtac xəbər verir ki, “Turizm haqqında” qanun layihəsi bütövlükdə, turizm sənayesi subyektləri üzərində ağır öhdəliklər yaratmadan turizm bazarının tənzimlənməsinə, turizm sahəsində sahibkarlıq fəaliyyətinin dəstəklənməsinə, ölkənin turizm xidmətlərinin keyfiyyətinin yüksəldilməsinə və turist məmnunluğunun təmin edilməsinə istiqamətlənib. Beş fəsil, 22 maddədən ibarət layihədə əsas anlayışların mənaları verilib, turizmin forma və növləri, bu sahədə qanunvericiliyin çərçivəsi öz əksini tapıb, turizm sahəsində dövlət siyasətinin əsas istiqamətlərinə, vəzifələrinə aydınlıq gətirilib. Layihədə dövlətin üzərinə turizm sahəsində əlverişli investisiya mühiti yaratmaq, sahibkarların maliyyə vəsaitlərinə çıxış imkanlarını genişləndirmək və rəqabətin məhdudlaşdırılmasının qarşısını almaq, turizm sənayesi subyektlərinin və turistlərin hüquqlarını, qanuni maraqlarını qorumaq kimi bir sıra öhdəliklər qoyulub. Layihədə turizmin xidmət keyfiyyətinin yüksəldilməsi, turizm iştirakçıları, onların etik davranış qaydaları, reyestrdə qeydiyyatı, hüquq və vəzifələri, təhlükəsizliyi, turizm vizalarının verilməsi kimi mütərəqqi yeniliklər təsbit edilib, turizm sahəsinin maliyyə mənbələri açıqlanıb.xeber100.com

Dekabr 14, 2021 3:07

“Nizami Gəncəvi İli” çərçivəsində “Xəmsə”yə müraciət

Dekabrın 10-da Bakı Bələdiyyə Teatrı “SONSUZ TANRI MƏHƏBBƏTİ” tamaşasını geniş tamaşaçı auditoriyasına təqdim etdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən dünya ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880 illiyi münasibətilə 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi münasibətilə silsilə tədbirlər planı çərçivəsində Bakı Bələdiyyə Teatrı da Nizami Gəncəvi yaradıcıllığına müraciət edərək “SONSUZ TANRI MƏHƏBBƏTİ”  tamaşasını hazırlamışdır. Qeyd edək ki, Nizami Gəncəvinin bеş poеması -"Sirlər xəzinəsi", "Xosrov və Şirin", "Lеyli və Məcnun", "Yеddi gözəl", "Isgəndərnamə" - dünya ədəbiyyatına yеni bir poеtik səs, nəfəs gətirmiş və sonralar "Xəmsə" -"Bеşlik" adı altında birləşdirilərək bu adla da Yaxın və Orta Şərq xalqlarının ədəbiyyatlarında məşhur olmuşdur. Görkəmli rejissor Mərahim Fərzəlibəyov yardıcılığı dövründə ilk dəfə 1980-ci illərdə Nizami Gəncəvi yaradıcılığına müraciət etmiş, ikinci dəfə isə Bakı Bələdiyyə Teatrının kollektivi ilə “Xəmsə” əsasında “SONSUZ TANRI MƏHƏBBƏTİ” tamaşasını hazırlamışdır. Yeri gəlmişkən, tamaşa Bakı Bələdiyyə Teatrının 2021  - “Nizami Gəncəvi ili” çərçivəsində nümayiş etdirdiyi yekun tamaşadır. Çoxsaylı qonaqların, media nümayəndələrinin dəvət olunduğu tamaşanın nümayişi anşlaqla keçdi. Qonaqlar sırasında Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, Azərbaycan Silahlı Qüvvələrinin polkovniki Abdulla Qurbani, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun filologiya üzrə fəlsəfə doktoru, nizamişünas Təhminə Bədəlova, “Birlik” studiyasının rəhbəri, Əməkdar incəsənət xadimi, rejissor Firəngiz Qurbanova, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aparıcı aktyoru, Xalq artisti Əli Nur, sənətşünas Seymur Elsevər və başqaları var idi. Nizamişünas Təhminə Bədəlova və polkovnik Abdulla Qurbaninin çıxışından sonra söz səhnəyə-aktyorlara verildi. Bir neçə saat ərzində tamaşaçı salonu Nizami dühasının işığına sığındı. “SONSUZ TANRI MƏHƏBBƏTİ” tamaşasının quruluşçu rejissoru və səhnələşdirəni, Xalq artisti Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı İlham Əsgərov, musiqi hissə müdiri Nazim Əbidov, işıqçı rəssamı Tərlan Ələsgərli, kostyum sexinin müdiri Leyla Əkbərova, dizayn işləri üzrə tərtibatçısı Elnur Əliyevdir. Tamaşada iştirak edirlər: Nizami Gəncəvi-Tural Əhməd, Qızıl Aslan-Tural Baxış, Afaq-Zülfiyyə Məmmədova, Qarı-Səmayə Sadıqova(Əməkdar artist)  Sultan Səncər-Əhməd Salahov(Əməkdar artist), Vəzir-İsmayıl Atakişiyev, Dayə- Şaxzadə Babayeva(Əməkdar artist), Qoca-Rafiq İbrahimov(Əməkdar artist), Oğlan-Məmmədağa Əlicanzadə, Sözçülər: Hüsniyyə Mürvətova(Əməkdar artist), Toğrul Rza, Ülviyyə Rza, Elçin Muradov, Günel Həmidova, Əzizə Həşimova. Xatırladaq ki, Bakı Bələdiyyə Teatrı 1992-ci ildə unudulmaz sənətkarlar, görkəmli teatr və kino xadimləri, Xalq artistləri Amaliya Pənahova və Yusif Muxtarov tərəfindən yaradılmış və  yarandığı gündən bu günə kimi saysız-hesabsız səhnə əsərləri ilə milli teatr mədəniyyətini Azərbaycanda, eyni zamanda dünya ölkələrində təbliğ edir.      

Dekabr 10, 2021 9:31

29 yaşın Zəfər yürüşü

Sarıqamışda əsir düşən hərbçilərin xatirəsinə həsr olunan “Nargin faciəsi” tarixi dramı Bakı Bələdiyyə Teatrının təqdimatında geniş tamaşaçı auditoriyasına təqdim olundu. Bakı Bələdiyyə Teatrının 29 yaşı münasibətilə hazırlanan təqdimat, eyni zamanda Azərbaycanın Zəfər bayramına həsr olunmuşdur. Bayram tədbirində Azərbaycanın tanınmış simaları, ictimai-siyasi xadimləri, eləcə də qonaqlar iştirak edirdi. Tədbirdə Xalq artisti, rejissor Mərahim Fərzəlibəyov çıxış edərək öncə qonaqları salamlayaraq tamaşa haqqında ümumi məlumat verdi, daha sonra sözü Azərbaycan Silahlı Qüvvələrinin polkovniki, Əməkdar incəsənət xadimi Abdulla Qurbaniyə verdi. A.Qurbani çıxışında qonaqları Şəhidlərin xatirəsini 1 dəqiqəlik sükutla yad etməyə dəvət etdi. Azərbaycan himninin möhtəşəm sədaları altinda şəhidlərimiz dərin ehtiramla yad edildi. Abdulla Qurbani daha sonra öz çıxışında Azərbaycan-Türkiyə dostluğundan bəhs edərək, bu dostluğun qədim tarixi keçmişə dayandığını xüsusuilə vurğuladı. Sonra meydan aktyorlara verildi, tamaşaçılar böyük həyəcanla “Nargin faciəsi”ni izlədi. Xatırladaq ki, Yazıçı Rəfail Oğuztürk Dağlının “Nargin faciəsi” əsəri əsasında hazırlanan “Nargin faciəsi” tamaşası 1914-1915-ci illərdə rus-türk cəbhəsində Sarıqamış əməliyyatında əsir düşmüş və Nargin adasında çox ağır şəraitdə saxlanıldıqlarına görə əksəriyyəti həlak olmuş minlərlə türk əsgərinin və azərbaycanlı mülki şəxslərin xatirəsinə ithaf edilib. Tamaşanın ideya rəhbəri Amaliya Pənahova, rejissoru isə Tural Ağayevdir. Rolları Əməkdar artistlər Rafiq İbrahimov, Tofiq Bayramov, Əfqan Soltanov, Əhməd Salahov, “Humay” mükafatı laureatları Zülfiyyə Qurbanova, Tural Əhmədov, Cövdət Şükürov, Toğrul Rza, Asif Rəhimov, Rəşid Soltanov və Namiq Cavadov ifa ediblər. Tamaşa bayram iştirakçıları tərəfindən alqışlarla qarşılandı.xeber100.com  

Noyabr 10, 2021 9:33