Beynəlxalq Muğam Mərkəzində ilk konsert proqramı təqdim olunub

Beynəlxalq Muğam Mərkəzinin “Muğam axşamları” layihəsinin 2022-2023-cü musiqi mövsümü üçün ilk konsert proqramı təqdim olunub.Mərkəzdən Azərtac-a bildirilib ki, böyük maraqla gözlənilən layihənin rəhbəri BMM -nin direktoru, Xalq artisti Murad Hüseynovdur.Konsertdə BMM-nin solistləri Mirələm Mirələmov və Nisbət Sədrayeva “Rast” və “Səmai Şəms” muğamını səsləndiriblər. Xanəndələri BMM-nin solistləri, tarda Rövşən Qurbanov, kamançada Ceyhun Muradov, qanunda Əməkdar artist Təranə Əliyeva, balabanda Rəfael Əsgərov, udda Vasif Yusipli, nağarada Amil Mustafayev müşayiət edib.Beynəlxalq Muğam Mərkəzi Azərbaycan milli musiqisinin təbliğinə həsr olunmuş bir neçə layihə həyata keçirir ki, onlardan biri də “Muğam axşamları” layihəsidir. Sərt karantin rejimindən sonra ilk dəfə tamaşaçılarla görüşə gələn layihənin bir özəlliyi də ondadır ki, BMM və İctimai Radio 90 FM arasında əməkdaşlıq sayəsində “Muğam axşamları” konsertləri radio dinləyicilərinə də təqdim olunacaq. Həmçinin “Muğam axşamları”nın hər konserti “Mədəniyyət” kanalı tərəfindən lentə alınaraq muğamsevərlərə çatdırılacaq.Musiqi mövsümü ərzində Beynəlxalq Muğam Mərkəzinin səhnəsində "Şur", "Zabul-Segah", "Çahargah", "Bayatı-Şiraz", "Humayun", "Şüştər", "Şahnaz", "Orta Mahur", "Arazbari", "Osmani", "Heydəri", "Bayatı Qacar", "Mahur hindi", "Qarabağ şikəstəsi", "Xaric segah", "Heyratı", "Mirzəhüseyn segahı", "Kəsmə şikəstə", "Bayatı Kürd" , "Ovşarı", "Dəşti", "Qatar", "Rahab", "Şirvan şikəstəsi" muğamları təqdim olunacaq.Qeyd edək ki, layihə 2017-ci ildən həyata keçirilir və layihənin beynəlxalq işıqlandırılmasında “Baku” jurnalının rolu böyük əhəmiyyət kəsb edib. Bu layihə çərçivəsində tanınmış ifaçılar tərəfindən muğamlar, xalq mahnıları və təsniflər səsləndirilib. Muğam sənətimizin fəlsəfəsini gələcək nəsillərə çatdırmaq məqsədilə reallaşan konsertlərə tamaşaçılar böyük maraq göstərməkdədir.Layihənin növbəti konserti martın 17-də təqdim ediləcək.xeber100.com

Fevral 19, 2022 4:46

“Nizami Gəncəvinin 880 illiyi” xatirə nişanının təqdimat mərasimi keçirilib

Azərbaycan Milli Kitabxanasında Mədəniyyət Nazirliyinin təsis etdiyi “Nizami Gəncəvinin 880 illiyi (1141 – 2021)” xatirə nişanının təqdimatı  keçirilib. Təqdimat mərasimindəxatirə nişanı “Nizami Gəncəvi İli”nə töhfə verən elm və incəsənət xadimlərinə təqdim edilib. Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev qeyd edib ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında” 5 yanvar 2021-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq tarixli Sərəncamı ilə təsdiq edilmiş “Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinin keçirilməsinə dair Tədbirlər Planı”nın icrası ilə əlaqədar Mədəniyyət Nazirliyi tərəfindən “Nizami Gəncəvinin 880 illiyi (1141 – 2021)” xatirə nişanı təsis edilib: “Xatirə nişanı Nizami irsinin təbliği və tanıdılmasında mühüm xidmətləri olan şəxslərə təqdim olunur. Keçirilən tədbirlər çərçivəsində xaricdə Nizami Gəncəvinin heykəli ucaldılıb, Nizaminin əsərləri üzərində qurulmuş tamaşalar səhnələşdirilib, son olaraq Nizami Gəncəvi Beynəlxalq Forumu keçirilib”. Daha sonra Elnur Əliyev tanınmış elm və incəsənət xadimlərinə “Nizami Gəncəvinin 880 illiyi (1141 – 2021)” xatirə nişanını təqdim edib. Xatirə nişanı ilə təltif olunanlar sırasında Bakı Bələdiyyə Teatrının  aktyorları -Nizami ili çərçivəsində teatrın hazırladığı “Sonsuz Tanrı məhəbbəti” tamaşasında yaratdıqları əsas rollara görə-Tural Əhməd Nizami Gəncəvi roluna, Zülfiyyə Məmmədova  Afaq roluna görə təltif olunublar.        

Dekabr 31, 2021 7:49

Aşıq Ələsgərə həsr edilmiş konsert proqramı təqdim edilib

“Dədə Ələsgər Ocağı” İctimai Birliyi, AMEA-nın Folklor İnstitutu və Beynəlxalq Muğam Mərkəzinin birgə təşkilatçılığı ilə Azərbaycan aşıq poeziyasının görkəmli nümayəndəsi, haqq aşığı Dədə Ələsgərin 200 illiyinə həsr olunmuş növbəti konsert proqramı təqdim edilib.Konsertdən əvvəl “Dədə Ələsgər Ocağı” İctimai Birliyinin sədri, Aşıq Ələsgərin nəticəsi Xətai Ələsgərli çıxış edərək ölkə başçısının müvafiq Sərəncamı ilə Aşıq Ələsgərin anadan olmasının 200 illiyinin ölkəmizdə silsilə tədbirlərlə qeyd edildiyini söyləyib. Vurğulayıb ki, ölkə başçısı eyni zamanda ustad Aşıq Ələsgərin Bakı şəhərində heykəlinin ucaldılması haqqında da Sərəncam verib. Bu sərəncamlar Azərbaycan aşıq poeziyasına verilən böyük bir dəyərin göstəricisidir.AMEA-nın Folklor İnstitutunun direktoru Muxtar İmanov, çıxış edərək bildirib ki, Aşıq Ələsgər yaradıcılığı Azərbaycan aşıq poeziyasında önəmli yer tutur və ustad aşığın əsərləri bu gün də öz aktuallığını qoruyub saxlayır.Tədbirdə ilk dəfə olaraq "Dədə Ələsgər Ocağı" İctimai Birliyinin yeni təsis etdiyi "Aşıq Ələsgər 200" yubiley medallarının təqdimetmə mərasimi keçirilib. Yubiley medalı Azərbaycan aşıq poeziyasının inkişafında xidmətləri olan şəxslərə təqdim edilib.Konsert proqramında tanınmış və gənc aşıqların ifaları dinlənilib.xeber100.com

Dekabr 30, 2021 11:47