“Oskar” kino mükafatlarının təqdim edilməsi mərasimi keçiriləcək

Aprelin 25-də 2021-ci il üçün “Oskar” kino mükafatlarının təqdim edilməsi mərasimi keçiriləcək.Azərtac xəbər verir ki, ABŞ-da bu mükafata namizədlərin siyahısı elan edilib. Devid Finçerin “Mank” filmi siyahıda birinci yerdədir – bu film 10 nominasiya üzrə mükafata namizəddir.Hər biri altı nominasiyada namizəd olan filmlər bunlardır: Şaki Kinqin “İuda və Qara Messiya” tarixi trilleri, Florian Zellerin ağıldankəmlərdən bəhs edən “Ata” dramı, Aaron Sorkinin “Çikaqo yeddiliyinin məhkəməsi” dramı, Li İsaak Çanqın “Minari” lenti, Xloya Çjaonun “Köçərilər ölkəsi” dramı və Darius Marderin korların mədəniyyətindən bəhs edən “Metal səsi” adlı tədqiqatı.“Oskar” mükafatlarının təqdim edilməsi mərasimi bu il 93-cü dəfə keçiriləcək. Aprelin 25-də ABC kanalında translyasiya ediləcək tədbirin aparıcısı hələ məlum deyil, lakin nominasiyaya daxil edilmiş istedadların siyahısı çox rəngarəngdir. Beş il bundan əvvəl düşünülmüş #OscarsSoWhite heşteqindən müsbət mənada kənarlaşma kimi bu faktı qeyd etmək lazımdır ki, builki mükafatlara 20 namizəddən 9-u qaradərilidir.Ən yaxşı film nominasiyasında namizədlər arasında “Köçərilər ölkəsi”, “Mank”, “Ata”, “Metal səsi”, “Çikaqo yeddiliyinin məhkəməsi”, “İuda və Qara Messiya”, “Minari” və Emerald Fennellin qisasından bəhs edən “Ümidverici qız” adlı feminist filmi var.“Ma Reyni” filmində ən yaxşı qadın roluna nominant Viola Devis “Oskar” mükafatlarının tarixində ən tez-tez nominasiya edilən qaradərili aktrisadır. İki dəfə “Oskar” mükafatının sahibi olmuş Frensis MakDormant (“Köçərilər ölkəsi”), Keri Malliqan (“Ümidverici qız”), Andra Dey (“Birləşmiş Ştatlar Villi Holideyə qarşı”) və Vanessa Kirbi də (“Qadın fraqmentləri”) bu kateqoriyada təmsil olunub. Mərhum Çedvik Boouzman “Ma Reyni” filmində işinə görə ən yaxşı kişi roluna nominant seçilib (ölümündən sonra). Bu kateqoriyada Entoni Hopkins (“Ata”), Stiven Yun (“Minari”), Geri Oldman (“Mank”) və müsəlman kişi aktyorlar arasında ilk dəfə bu nominasiyaya seçilmiş Riz Əhməd (“Metal səsi”) var.Ən yaxşı rejissor nominasiyasında “Oskar” mükafatına namizədlər arasında Finçer, Çanq və Tomas Vinterberq (“Başqa raund”) ilə birlikdə iki qadın da var: Çjao və Emerald Fennell (“Ümidverici qız”).

Mart 16, 2021 10:35

Novruz bayramı ərəfəsində dörd çərşənbə – Su, Od, Yel və Torpaq qeyd edilir

Hər il Novruz bayramı ərəfəsində xalqımız dörd çərşənbəni - Su, Od, Yel və Torpaq çərşənbələrini qeyd edir.Azərtac xəbər verir ki, xalq arasında “Külək oyadan çərşənbə”, “Küləkli çərşənbə”, “Yelli çərşənbə” və “Heydər çərşənbəsi” kimi tanınan Yel çərşənbəsi ilaxır çərşənbələrin üçüncüsüdür.Yel çərşənbəsi günündə əsən isti külək yazın gəlişindən xəbər verir. İnanclara görə, bu çərşənbədə külək oyanmış suyu, odu hərəkətə gətirir. Şifahi xalq yaradıcılığında yelin Tanrı olması ilə bağlı müxtəlif nəğmə, əfsanə, rəvayət, mif, inanc, məsəl və s. yaranmışdır. Novruz şənliklərində icra olunan “Yel baba” mərasimi öz kökü etibarilə qədim əcdadlarımızın yel Tanrısına etiqadı ilə bağlıdır.Yel çərşənbəsi günü tonqallar qalanır, evlərdə südlü plov və ya bulğur aşı bişirilir. Süfrəyə daha çox quru meyvə və dənli bitkilərdən hazırlanmış çərəzlər düzülür. Qadınlar axır çərşənbə üçün hazırlıq görürlər. Ev əşyaları təmizlənir, xalça-palaz çırpılır, yorğan-döşək havaya verilir. Xanımlar uşaqlar üçün təzə paltar biçib-tikir. Qız-gəlinlər qoz-fındığı ləpələyib şirniyyat hazırlığı tədarükü görürlər. Həmin gün bir qarış böyümüş səməninin ortasına qırmızı qumaş bağlanır.Yel çərşənbəniz mübarək!xeber100.com

Mart 9, 2021 12:39

Yaponiya-Azərbaycan dostluq ilinin 30-cu ildönümü münasibətilə…

Yaponiya-Azərbaycan dostluq ilinin 30-cu ildönümü münasibətilə iki ölkə vətəndaşları arasında qarşılıqlı anlaşmanı daha da genişləndirmək üçün loqo yarışmasına start verilib.Azərtac xəbər verir ki, seçilmiş loqo bu ildən başlayaraq 2022-ci ilin sonunadək iki ölkə arasında həyata keçiriləcək müxtəlif mədəniyyət tədbirləri və ya təbliğat materiallarında istifadə olunacaq.Qalib loqo sahibinə Yaponiya səfiri tərəfindən veriləcək sertifikatla yanaşı, müsabiqənin sponsoru qismində çıxış edən “AIWA” brendinin Azərbaycandakı eksklüziv distribüteri “Global Electronics Azerbaijan” tərəfindən də “Bluetooth” qulaqcıqlar hədiyyə olunacaq.Müsabiqədə yalnız Azərbaycan və ya Yaponiya vətəndaşları iştirak edə bilər.Loqonun üzərində mütləq olaraq “Japan”, “Azerbaijan”, “30” (ingilis dilində) atributikaları istifadə olunmalıdır. Loqodakı yazı və ya rəqəmlər şəklin alt, üst və ya yanında olmaqla bir neçə versiyada təqdim oluna bilər.Müraciət etmək üçün loqolar [email protected] mail ünvanına göndərilməlidir. Maili göndərən zaman bir mailin həcminin 10 Mb-dan böyük olmamasına fikir verməyiniz xahiş olunur. Qeyd etmək istərdik ki, müraciət sayında məhdudiyyət yoxdur, 1 nəfər bir neçə dəfə də müraciət edə bilər.xeber100.com

Fevral 12, 2021 7:22

“Özbegim Yoshları” musiqi qrupu Şuşada konsert verəcək

Özbəkistanın məşhur “Özbegim Yoshları” musiqi qrupu Azərbaycan mədəniyyətinin paytaxtı Şuşa şəhərində bu il konsert proqramı ilə çıxış edəcək.Azərtac xəbər verir ki, bu barədə Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) direktoru Samir Abbasovla “Özbegim Yoshları” musiqi qrupunun bədii rəhbəri, Əməkdar mədəniyyət işçisi Lütviyyə Ruzibayevanın görüşündə razılıq əldə olunub.Görüşdə Özbəkistanda gənclər hərəkatının əsas qüvvəsi olan “Barkamol ovlad” təşkilatı ilə əməkdaşlıq, özbək mədəniyyətini dünyada tanıdan “Özbegim Yoshları” musiqi qrupunun Azərbaycan Mədəniyyət Mərkəzi ilə birgə layihələri haqqında söhbət açılıb, əməkdaşlığın uğurla davam etməsindən məmnunluq ifadə ollunub.Lütviyyə Ruzibayeva “Özbegim Yoshları” musiqi qrupunun dünyanın 30-dan çox ölkəsində keçirilən beynəlxalq festivallarda iştirak etdiyini və çoxsaylı mükafatlara layiq görüldüyünü söyləyib. Musiqi qrupunun özbək mədəniyyətinə, musiqisinə dair möhtəşəm təqdimatlar keçirdiyini və qrupda özbək musiqisinin bütün sahələrinin - vokal, estrada, makom, şərq rəqslərinin yer aldığını qeyd edib.“Özbegim Yoshları” musiqi qrupu hər il ənənəvi olaraq Daşkənddəki “Türkistan” sarayında AMM-in təşkil etdiyi konsert proqramı ilə çıxış edir.Samir Abbasov 28 il işğal altında olan Azərbaycan torpaqlarının azad edilməsindən danışıb, mədəniyyət sahəsinə də böyük ziyan dəydiyini söyləyib, yüzlərlə mədəniyyət müəssisəsinin, tarixi abidənin işğalçı Ermənistan ordusu tərəfindən dağıdıldığını və məhv edildiyini bildirib. O, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun apardığı 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımızın işğalçılardan azad edildiyini vurğulayıb.xeber100.com    

Fevral 11, 2021 6:17

“YARAT” Müasir İncəsənət Mərkəzində sərgi davam edir

“YARAT” Müasir İncəsənət Mərkəzində təşkil edilən “Öz adanı kəşf et” adlı sərgi davam edir.“YARAT”dan Azərtac-a bildirilib ki, XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyində həm şəxsi, həm də ictimai kolleksiyalardan təşkil olunmuş bu sərgi, keçən əsrin 80-ci illərin sonları, 90-cı illərin birinci yarısında müxtəlif nəsillərin nümayəndələri olan 21 Azərbaycan rəssamı tərəfindən yaradılmış əsərlərdən ibarətdir.Əsərlərin bir çoxu geniş ictimaiyyətə ilk dəfə təqdim edilir. Sərgidə Azərbaycanın tanınmış rəssamları Şamo Abasov, Məlik Ağamalov, Çingiz, Elnur Babayev, Heybət Babayev, Rasim Babayev, Müslim Eldarov, İrina Eldarova, Kamal Əhməd, Eliyar Əlimirzəyev, Müseyib Əmirov, Hüseyn Haqverdiyev, Ucal Haqverdiyev, Rəşid İsmayılov, İnna Kostina, Eldar Qurban, Sənan Qurbanov, Nazim Rəhmanov, Sabina Şıxlinskaya, Teymur Daimi və Mir Nadir Zeynalovun əsərləri nümayiş olunur."Öz adanı kəşf et" poemasından götürülmüş misralar və sərgidə təqdim olunan əsərlər bir-birini tamamlayır və həm obraz, həm də daxili mesajın intensivliyində əks olunur. Bu vəhdət, sərginin həsr olunduğu dövrün reprezentasiyası üçün çox səciyyəvi və rəmzi məna kəsb edir. Sərginin konsepsiyası ümid və məyusluq, müharibə və sevgi, ölüm və dirçəliş kimi əbədi ekzistensial mövzulara müraciət üzərində qurulub.Sərgiyə Müasir İncəsənət Muzeyi (Bakı), Azərbaycan Rəssamlar İttifaqı və Azərbaycan Fotoqraflar Birliyinin fondlarında saxlanılan əsərlər daxil olub.Kuratoru Sabina Şıxlinskaya olan sərgi bu ilin mayın 30-dək ziyarətçilər üçün açıqdır.xeber100.com

Yanvar 27, 2021 1:55