Görkəmli teatr və kinoaktrisa Amaliya Pənahovanın anım günüdür

”Mən aktrisa olmaq üçün dünyaya gəldim. Görünür, hər bir adamın taleyi, eləcə də sənəti, hələ dünyaya gəlməzdən əvvəl müəyyən olunur”…deyən Bakı Bələdiyyə Teatrının yaradıcısı, Sənətşünaslıq doktoru, Xalq artisti, görkəmli teatr və kinoaktrisa Amaliya Pənahovanın anım günüdür. A.Pənahova 1945-ci ildə Gəncədə anadan olub. 1966-cı ildə Azərbaycan Dövlət Teatr İnstitutunun  Dram və kino aktyorluğu ixtisasında təhsil alıb. 1964-cü ildən ömrünün axırına qədər (2018) teatr və kino sahəsində beş yüzdən artıq obraz yaradıb. İlk sənət addımlarını atdığı Azərbaycan Dövlət Akademik Milli Dram teatrının səhnəsində onlarla səhnə ekranında maraqlı obrazlarla çıxış edib. Təhsil aldığı illərindən müəllimlərinin diqqətində dayanan aktrisanın oynadığı bütün rolları tamaşaçılar tərəfindən böyük maraqla qarşılanmışdır. Amaliya xanım eyni zamanda  bacarıqlı rejissor kimi də özünü sınamış,  43 illik sənət fəaliyyəti dövründə 12 televiziya və teatr tamaşasına quruluş vermişdir ki, bunların çoxu lentə alınıb, hazırda televiziyanın Qızıl fondunda saxlanılır. Bunlardan İlyas Əfəndiyevin, "Mənim günahım", M. Muradın "Təkan", M. Qurbanovun "Sənsiz", O. Altunbayın "Tomris", A. Məmmədovun "Dəli Domrul" və s. xüsusi qeyd etmək olar. 1992-ci ildə Bakı Bələdiyyə Teatrını yaradan aktrisa, bu teatra orta və yaşlı nəsillə yanaşı, gənc istedadlı aktyorları da cəlb etmiş və onların yaradıcılıq qabiliyyətinin inkişafı üçün hər cür lazımi şərait yaratmışdır.  Bu teatrın səhnəsində müxtəlif qəhrəmanlıq ruhunda olan səhnə əsərlərinə - “Ölülər”, “Nadir şah”, “İnsan və iblis”, Mənim Ərdəbilim”, “Dəli Domrul”, Dönüş” və s.  həyat verib. Çalışdığı illərdə pedaqoji fəaliyyətlə də məşğul olan aktrisa onlarla gəncin aktyor kimi yetişməsinə şərait yaradıb. 30-a yaxın filmdə - “Qərib cinlər diyarında”, “Babək”, “Həyat bizi sınayır”. “Xatirələr sahili”, “Səmt küləyi”. “Mezozoy əhvalatı”, “Gözlə məni, “Mən mahnı bəstələyirəm və s. lirik-psixoloji ekran personajları yaradıb. Bundan başqa, aktrisanın müxtəlif janrlı filmlərdə səsləndirdiyi Aişə (“Alma, almaya bənzər”), Lalə (“Ürək… Ürək…”), Ağbəniz (“Qızıl uçurum”), Selcan (“Dədə Qorqud”), Balış (“Qanun naminə”), Tanya (“Bizim Cəbiş müəllim”), Əsmər (“Gün keçdi”) və başqa obrazlar da məhz onun səsi ilə tamaşaçı auditoriyasında maraq yaradıb. O, aktrisa kimi səhnədə nə qədər çox çılğın, ehtiraslı, yeri gələndə təmkinli və fədakar idisə, pedaqoq kimi sənətin sirlərini öyrətməyin təbliğatçısı idi. Dublyajda obrazın səsinə nə qədər çox rəng qatırdısa, rejissor kimi müraciət etdiyi əsərlərə olan baxışında bir o qədər təbii idi. Çünki hər bir hekayənin arxasında insan taleyi olduğuna inanırdı və ona da inanırdı ki, bütün hekayələr bir-birinə oxşar olduğu qədər də, bir o qədər də müxtəlif dünyagörüşünə malikdirlər. A.Pənahova 2000–2005-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin millət vəkili,  sosial-siyasət daimi komissiyasının üzvü, MDB Parlamentlərarası Mədəniyyət, İnformasiya, Turizm, İdman daimi Komissiyasının sədri, İtaliya-Azərbaycan Parlamentlərin işçi qrupunun sədri olub. Millət vəkili kimi sadəcə sənət təbliğatı deyil, eyni zamanda vətənpərvərlik, millətçilik ruhunda olan çıxışlarıyla da həmkarlarından seçilib. O, bir sənət kraliçası idi, daima sənətin zirvəsində olmaq onun həyat fəlsəfi idi. A.Pənahova fəaliyyəti dövründə bütün fəxri titullara – Əməkdar artist (1974), Xalq artisti(1985), “Şərəf” və “Şöhrət” ordeninə, Dövlət mükafatlarına layiq görülmüş, prezident təqaüdçüsü olmuşdur.    

Noyabr 7, 2021 4:27

Bakı Bələdiyyə Teatrının 29 yaşı qeyd ediləcək

Bakı Bələdiyyə Teatrından aldığımız məlumata görə, 10 noyabr 2021-ci il tarixində Teatrın yaranmasının 29 illiyi keçiriləcək. Bakı Bələdiyyə Teatrı 1992-ci ildə Azərbaycanın görkəmli teatr və kino aktrisası, Xalq artisti Amaliya Pənahovanın təşəbbüsü və rəhbərliyi ilə yaradılıb. A.Pənahova bu teatra orta və yaşlı nəsillə yanaşı, gənc istedadlı aktyorları da cəlb etmiş və onların yaradıcılıq qabiliyyətinin inkişafı üçün hər cür lazımi şərait yaratmışdır. Bakı Bələdiyyə Teatrı yarandığı gündən Azərbaycan və dünya klassiklərinin pyeslərini uğurla səhnələşdirmiş, bu illər ərzində sənət ocağı Muxtar Avşarov, Sofiya Bəsirzadə, Məhluqə Sadıqova, Firudin Mehdiyev, Mirvari Novruzova kimi canlı klassiklərin doğma evinə çevrilmişdir. Teatrın yaradıcı kollektivi həm ölkəmizdə, eyni zamanda dünyanın bir çox ölkələrində Azərbaycan teatr sənətini layiqincə təmsil etmiş və həmin ölkələrdə də öz tamaşaçı auditoriyasını formalaşdırmışdır. Teatrın kollektivi qardaş Türkiyədə böyük uğurlara imza atıb. O da təsadüfi deyil ki, Amaliya Pənahova Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının türk dünyasının elmi və mədəniyyəti qarşısında xidmətlərinə görə Beynəlxalq Atatürk mükafatı, Bələdiyyə Teatrı isə 2016-cı ildəki uğurlarına görə türk dünyasının “İlin teatrı” mükafatı ilə təltif olunmuşdur. Teatrın yaradıcısı və rəhbəri Amaliya Pənahovanın vəfatından sonra Bakı Bələdiyyə teatrı onun ənənəsinə sadiq qaldı, sənət ocağı öz işini layiqincə davam etdirməyə başladı. Bu illər ərzində teatrın repertuarında Cəlil Məmmədquluzadənin, Nəriman Nərimanovun, Mirzə Fətəli Axundovun, Nazim Hikmətin, Əziz Nesinin, Cəfər Cabbarlının əsərləri, eləcə də müasirlərimizdən Anarın, Elçinin, Əmir Pəhləvanın və başqalarının əsərləri yer tutub. Teatr yarandığı gündən vətənpərvərlik, qəhrəmanlıq, millətçilik ruhunda olan əsərlərə geniş verib. Müharibə şəraitində yaşadığımız bu illər ərzində Bakı Bələdiyyə Teatrı tez-tez cəbhə bölgələrinə səfər etmiş, teatrın kollektivi ilə birgə Azərbaycan ordusunun qarşısında qəhrəmanlıq ruhunda olan əsərlərlə çıxışlar etmişdir. Eləcə də xarici ölkələrdə azərbaycançılığı təbliğ etmiş, işğal olunan Qarabağ torpaqlarının müdafiəsi uğrunda mübarizə xarakterli səhnə əsərləri ilə çıxışlar etmişdir. Yarandığı gündən eyni ahənglə çalışan Bakı Bələdiyyə Teatrı  artıq 29 ilini başa vurur və bu münasibətlə öz tamaşaçılarının görüşünə hazırlaşır. Teatrın 29 illik gecəsində Azərbaycan teatr, kino, ədəbiyyat dünyasının görkəmli nümayəndələri, teatrsevərlər, Bakı Bələdiyyə Teatrının inkişafında yaxından iştirak etmiş, dəstək vermiş sənət adamlarının iştirakı gözlənilir. Uzun illərin sınağından çıxmış Bakı Bəldiyyə Teatrı ad günündə öz tamaşaçıları qarşısında “Nargin faciəsi” tamaşası ilə çıxış edəcək. Yazıçı Rəfail Oğuztürk Dağlının “Nargin faciəsi” əsəri əsasında hazırlanan “Nargin faciəsi” tamaşası 1914-1915-ci illərdə rus-türk cəbhəsində Sarıqamış əməliyyatında əsir düşmüş və Nargin adasında çox ağır şəraitdə saxlanıldıqlarına görə əksəriyyəti həlak olmuş minlərlə türk əsgərinin və azərbaycanlı mülki şəxslərin xatirəsinə ithaf edilib. Tamaşanın bədii rəhbəri Amaliya Pənahova, rejissoru isə Tural Ağayevdir. Rolları Əməkdar artistlər Rafiq İbrahimov, Tofiq Bayramov, Əfqan Soltanov, Əhməd Salahov, “Humay” mükafatı laureatları Zülfiyyə Qurbanova, Tural Əhmədov, Cövdət Şükürov, Toğrul Rza, Asif Rəhimov, Rəşid Soltanov və Namiq Cavadov ifa ediblər. Amaliya Pənahova bu tamaşanın Türkiyə-Azərbaycan dostuluğunun tarixi köklərinə işıq saldığını demiş və əlavə etmişdir ki, bu tamaşada məqsədimiz türkün birliyini göstərmək və tarixi şəxsiyyətlərimizi unudulmağa qoymamaqdır. Xatırladaq ki, “Nargin faciəsi” tamaşası Bakı Bələdiyyə Teatrının 29 illik gecəsində - 10 noyabr 2021-ci il tarixində saat 19.00-da nümayiş olunacaq.xeber100.com    

Noyabr 4, 2021 7:58

“YARAT” Müasir İncəsənət Mərkəzi təqdim edir

“YARAT” Müasir İncəsənət Mərkəzində təşkil edilən “Özünsən!” adlı sərgi davam edir.Azərtac xəbər verir ki, rəssam Rəşad Ələkbərovun eksperiment çərçivəsindən kənara çıxmış multidisiplinar fərdi sərgisi olan sərginin iş rejimi çərşənbə axşamı və bazar günü saat 12:00-dan 22:00-dəkdir.Sərgi, rəssam yaradıcılığında müxtəlif materiallarla yeni təcrübə olmaqla yanaşı, onun praktikasını yeni və gözlənilməz tərzdə təqdim edir. İmmersiv layihədə rəssamın “YARAT”ın sifarişi ilə hazırladığı yeni heykəl və instalyasiyaları nümayiş olunur.Sərgi rəssamın tamaşaçı ilə səssiz, lakin düşünməyə vadar edən bir dialoqudur. Bu dialoqun baş tutmasının əsas açar elementi labirintdir. O, insanı həqiqətə-özünüdərketməyə aparan yol simvolu kimi hərəkət, yenilənmə və yeni doğuluş ideyasından çıxış edir. “Makqaffin effekti”ni nəzərdə tutaraq, rəssam labirint kontekstindən çıxış edir və əşyanın/hadisənin deyil, prosesin/yolun önəmli olduğunu vurğulayır. Alleqoriya və metaforalar dili ilə danışan instalyasiyalar insan varlığının ən dərin qatlarına baş vuraraq, ikimənalı fikirləri üzə çıxarır. Bu anlayışdan qaynaqlanaraq, rəssamın bəşəriyyət və cəmiyyət, yaranış və varlıq, yaddaş və xatirə, etiqad, siyasi strukturlar, kitç mədəniyyətinə əsaslanan müraciəti və onun istinadlarının əsas ünvanı məhz insanın özüdür.Sərgi, labirint mövzusunun adaptasiyasından daha çox, onun transformasiyası və ideyasının genişləndirilməsini əks etdirir. Bu “səyahətdə” müxtəlif “alətlərdən” istifadə edərək, rəssam keçmiş və baş verən proseslərdən danışır. Labirintin əsas obrazlarından biri, Krit çarı Minosun qızı – Ariadnanın qırmızı sapına istinadən, rəssam labirint boyunca yönəldici mesajlar yazır. Bu mesajlar sərgidə olan əsərlərin başa düşülməsində köməkçi vasitə və layihə konseptinə tabe olmaq fikirləri kimi səsləndirilir. Avropa dəyərlərini mədəni və mənəvi prizmadan açıqlayaraq, rəssam Şərq fəlsəfi fikri və mifologiyası ilə kəsişən paralellər qurur. Avtobioqrafik elementlərin mövcud olduğu əsərlərdə, rəssam xatirə və yaddaş mövzusuna toxunur. Bu leytmotivi təşkil edən komponentlərə uşaqlıq oyunlarından tutmuş, postsovet ölkəsinin məişətinə qədər olan fraqmentlər aiddir. Yığılmamış pazlın hissələri kimi bu fraqmentlər bütün labirint boyunca səpələnib. “Mən burada olmuşam” kəlməsi isə Ələkbərovun Venesiya Biennalesindəki layihəsini xatırladaraq, həm də lokal xarakterli submədəniyyətlərə istinadıdır.Sərginin kuratoru Fərəh Ələkbərlidir.xeber100.com

Avqust 10, 2021 3:12