Teatr-tamaşa və konsert müəssisələrinin fəaliyyətinə həsr olunan müşavirə keçirilib

Yanvarın 22-də  Beynəlxalq Muğam Mərkəzində mədəniyyət naziri Adil Kərimlinin iştirakı ilə teatr-tamaşa və konsert müəssisələrinin fəaliyyətinə həsr olunan müşavirə keçirilib. Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib. Mədəniyyətə dövlət qayğısından danışan nazir Adil Kərimli bildirib ki, ölkəmizdə bu sahənin inkişafına xüsusi diqqət yetirilir. Prezident İlham Əliyev tərəfindən mədəniyyətin müxtəlif istiqamətlərinin kompleks inkişafına xidmət edən ardıcıl addımlar atılır. Mədəniyyət müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, bu sahədə çalışan insanların sosial vəziyyətinin yaxşılaşdırılması diqqətdə saxlanılır. Ölkə başçısının sərəncamları ilə mədəniyyət və incəsənət sahələrinin inkişafına töhfə verən insanlar müxtəlif dövlət təltiflərinə, təqaüd və fəxri adlara layiq görülürlər. Bununla belə, müasir dövrün çağırışlarına uyğun olaraq, mədəniyyət sahəsinə yeni yanaşmalar tətbiq edilməlidir. Teatr-tamaşa və konsert müəssisələrində yaradıcılıq potensialının inkişaf etdirilməsinə, yüksək bədii və estetik dəyərə malik tamaşaların hazırlanmasına xüsusi diqqət yetirilməlidir. Müşavirədə müəssisələrdə təhlükəsizlik qaydalarına ciddi riayət olunması, tamaşaçıların və işçilərin təhlükəsizliyinin təmin edilməsi istiqamətində mütəmadi tədbirlərin görülməsi, teatr-tamaşa və konsert müəssisələrinin, habelə Bakı Dövlət Sirkinin fəaliyyəti ilə bağlı vətəndaşlara xidmət göstərilməsi işinin təkmilləşdirilməsi istiqamətində müvafiq təhlillər aparılmalı və konkret tədbirlər görülməlidir. Bədii şuraların fəaliyyətinin canlandırılması, kollektivlərə yeni kadrların cəlb olunması, peşəkarlığın artırılması və bütün sahələrdə şəffaflığın təmin edilməsinin zəruriliyi də vurğulanıb. Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktoru Əliqismət Lalayev, Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru Naidə İsmayılzadə, Dövlət Kukla Teatrının direktoru Rəşad Əhmədzadə, Dövlət Mahnı Teatrının direktoru Kazım Qasımov, Dövlət Uşaq Filarmoniyasının direktoru Dilarə Əliyeva müvafiq sahələr üzrə təkliflərini səsləndiriblər.xeber100.com  

Yanvar 24, 2024 11:18

Azərbaycan Milli Xalça Muzeyində açılış mərasimi keçirilib

Yanvarın 23-də Azərbaycan Milli Xalça Muzeyində “Baharı salamlayan Əjdaha. Çin Yeni ili festivalı”nın açılış mərasimi keçirilib. Tədbir Milli Xalça Muzeyi və Azərbaycan Dillər Universiteti nəzdində Konfutsi İnstitutunun təşkilatçılığı, Çinin ölkəmizdəki səfirliyinin dəstəyi ilə təşkil olunub. Tədbirdə çıxış edən Milli Xalça Muzeyinin direktor vəzifəsini müvəqqəti icra edən sənətşünaslıq üzrə fəlsəfə doktoru Mira Məmmədxanova bildirib ki, festival müddətində qədim Çin çay mərasimi, kalliqrafiya (açıqcaların ieroqliflərlə yazılması), uşu, kunq-fu kimi bir-birindən maraqlı ustad dərsləri, mühazirələr, ənənəvi bayram atributları iştirakçılara əsl Çin Yeni ili ab-havası yaşadacaq. Ecazkar ölkənin ənənəvi sənət nümunələri üzrə ustad dərsləri Bakıdakı Konfutsi İnstitutunun müəllimləri tərəfindən aparılacaq. Silsilə tədbirlərdə muzeyin Uşaq şöbəsinin əməkdaşları tərəfindən Azərbaycan xalçalarındakı əjdahalara həsr olunmuş kölgə teatr tamaşası göstəriləcək, əjdaha naxışlı xalçanın toxunması və bu mövzuya aid digər ustad dərsləri keçiriləcək. Çin Xalq Respublikasının ölkəmizdəki səfiri xanım Qo Min çıxışında qeyd edib ki, ölkəsi Azərbaycan ilə əlaqələrin inkişafına böyük əhəmiyyət verir və bu silsilə tədbirlər də iki ölkə arasında mədəni əməkdaşlıq sahəsində münasibətlərin möhkəmlənməsinə xidmət edəcək. Səfir vurğulayıb ki, Yeni ilin başlanması Şərqi Asiya ölkələrində, xüsusən də Çində böyük təmtəraqla qeyd olunur. Dörd min ildən çox tarixə malik Yeni il bayramı Çində bütün ailənin bir yerdə toplaşması üçün gözəl fürsətdir. Çində bu hadisənin həm də yaz festivalı adlandığını bildirən diplomat deyib: “Çinlilərin ən əziz bayramı olan yaz festivalı bir çox ənənələr və ayinlər ilə də zəngindir. İnsanlar Yeni ilə bir neçə gün əvvəldən hazırlaşır, hədiyyələr alır, bayramın rəmzlərini əks etdirən suvenirlər hazırlayırlar. Evlər, küçə və meydanlar, parklar kağızdan hazırlanmış qırmızı fənərlərlə bəzədilir, qapı və pəncərələr qırmızı rənglə boyadılır. Bayram günü qırmızı geyinmək növbəti ildə uğurlara yol açır. Bu gün Çin Yeni il bayramının müxtəlif ölkələrdə keçirilməsi, xüsusilə Bakıda Milli Xalça Muzeyində baş tutması bizi çox sevindirir”, - deyə xanım Qo Min əlavə edib. Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova bu gün soyuq hava olsa da bu bayramın ürəklərə istilik gətirdiyini qeyd edib. H.Hüseynova bu gün Bakıda Çin bayramının keçirilməsini yüksək qiymətləndirib. Milli Məclisdə Azərbaycan-Çin parlamentlərarası komissiyanın ən geniş qrup olduğunu diqqətə çatdıran H.Hüseynova, iki ölkə arasında mövcud dostluq, əməkdaşlıq əlaqələrinin yüksək səviyyədə olduğunu vurğulayıb. H.Hüseynova bu cür bayramların il ərzində mütəmadi keçiriləcəyini deyib və tədbir iştirakçılarını bir daha bayram münasibətilə təbrik edib. Tədbir iştirakçılarına Çin dilində müraciət edən Rafiq Abbasov onlara yaşıl əjdaha ilinin əfsanəsi barədə məlumat verib. Tədbirdə gənclər və uşaqların təmsil olunduğunu vurğulayan R.Abbasov onların bədii çıxışlarının maraqla qarşılandığını deyib. Yanvarın 28-dək davam edəcək “Baharı salamlayan Əjdaha. Çin Yeni ili festivalı” iki ölkə arasında mədəni əlaqələrin inkişafına və möhkəmlənməsinə töhfə olacaq. Daha sonra ecazkar ölkənin ustad dərsləri və ənənəvi bayram atributları əsl Çin Yeni ili ab-havası yaşadıb. Tədbir bədii hissə ilə davam edib.xeber100.com

Yanvar 24, 2024 11:14

İsmayıl Atakişiyev-50

“Oynadığım rollar çoxdur. Teatrın repertuarında elə bir tamaşa yoxdur ki, mən orada rol almayım. İrili-xırdalı müxtəlif rolları canlandırmışam. “Dəli Domrul”da Dəli Domrulu, “Daşa dönmüş ürək”də professor Cəmşidov, “Nəsimi”də Şeyx Əzəmi, “Türk sancağı”nda cinli Həsəni, “Vətənə igidlər gərək”də komandir, Abdulla Qurbaninin “Çingiz” dastanı əsasında səhnələşdirilmiş tamaşada komandir rollarını oynamışam. İndiki şəraitdə içimdən keçən bir rol var, döyüşlərdə iştirak edib qələbə çalan və torpaqlarımıza Bayraq sancaq komandirlərdən birini canlandırmaq istəyərdim. Düzdür, indiyə qədər müxtəlif komandir obrazlarını canlandırmışam, amma Şuşaya Bayraq sancan komandir obrazını oynamaq istəyərəm” deyən Bakı Bələdiyə Teatrının truppa müdiri, aparıcı aktyor, I Qarabağ Müharibəsi veteranı, Azərbagcan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin üzvü İsmayıl Atakişiyevin yubileyidir, 50 yaşı tamam olur. İsmayıl Atakişiyev 15 yanvar 1974-cü ildə Cəbrayıl rayonunun Karxulu kəndində anadan olub. 1996-2000-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Dram kino aktyorluğu fakultəsində teatr rejissoru Vaqif İbrahimoğlunun kursunda təhsil alıb. 4 il I Qarabağ müharibəsində iştirak edib. 2000-2004-cü illərdə Azərbaycan Dövlət Gənclər Teatrında aktyor kimi fəaliyyət göstərmişəm. Teatrın səhnəsində “Ördək ovu”, “Vicdanın hökmü”, “Labirint”, “Mamoy kişinin yuxuları”, “Anamın kitabı” və s. tamaşalarda oynamışam. 2004-cü ildən Bakı Bələdiyyə Teatrında çalışır, teatrın repetuarında olan tamaşalarda maraqlı obrazlar silsiləsi yaradıb. Hazırda teatrın truppa müdiridir. Bakı Bələdiyyə Teatrının səhnəsində “Türk sancağı”(çinli Həsəni), “Dəli Domrul”(Dəli Domrul), “Ölülər”, “Daşa dönmüş ürəklər”(professor Cəmşidov), ”Qaravəlli”, “Bəylik dərsi”, “Əli və Nino”, “Nargin Faciəsi”, “Vətənə igidlər gərəkdir”(komandir), “Çingiz dastanı”(komandır), “Şanlı Vətən”, “Nəsimi”(Şeyx Əzimi), “Nizami”, “Sehrbaz”, “Şuşada ürəyim qaldı”, “Xocalıya gedən yollar”, “Ana tarla” və s. tamaşalarda oynayıb. Teatrla yanaşı, eyni zamanda film və seriallarda da çəkilib. “Durnalar qayıdanda”, “Məhəbbətə məğlub”, “Bir ovuc torpaq”( bədii serial), “Tək olanda qorxma”... (2013-2015, bədii serial) və s.) “Cəhd” (2015, qısametrajlı bədii film), “Əli və Nino (2016, tammetrajlı bədii film) və s. serial və filmlərdə rəngarəng rollar oynayıb. Hazırda “Qaynata ocağı” serialında çəkilir. Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin(AVMVİB) üzvüdür. “Böyük zəfər”, “Müharibə Veteranı, “Azərbaycan Silahlı Qüvvələrin yaranmasının (1918-2018) 100 illiyi” yubiley xatirə medalları ilə təltif olunub. Cəbrayıldan Bakıya və ya 30 illik həsrətə son İsmayıl Atakişiyev Cəbrayıl rayonunun Karxulu kəndində dünyaya göz açIb, orta məktəbi də elə adı keçən rayonda bitirib. 90-cı illərdə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə sənədlərini versə də imtahanda kəsilib. Eyni ildə yaşıyla əlaqədar olaraq ordu sıralarına çağrılıb. Həmin vaxt I Qarabağ Müharibəsinin ən qızğın dövrü idi. 4 ilə yaxın müddətdə orduda xidmət edib, Dağlıq Qarabağın bir çox yerlərində -Qubadlıda, Cəbrayılda, Ağdərədə döyüşüb, Suqovuşan ərazisində olub. Ağdərədə döyüşlərində iştirak edərkən yaralanıb. İ.Atakişiyev deyir ki, Cəbrayıl kimi gözəl eldən, o gözəl obadan 30 ildir ki, aralı düşmüşəm. 30 il… Səslənəndə çox asan səslənir, amma elə deyil. 30 il insan ömrü üçün çox uzun bir vaxtdır. 30 ilin keçməsinə baxmayaraq o yerləri hər bir detalına qədər, xırdalığına qədər xatırlayıram. Cəbrayıl rayonu dağlıq və dağətəyi rayon sayılır. Böyüyüb boya-başa çatdığım kənd dağətəyidir. O vaxt ora dağətəyi deyil, Araz boyu deyərdik. Kəndimizin bir tərəfi dağdır, bir tərəfi isə Arazla əhatə olunub. Ona görə Araz boyu deyirdik. Cəbrayıl bulaqları, çinarları ilə məşhur olan bir rayondur. Sizə bir şey deyim, bu 30 ildə yuxularımda kəndimizi görürdüm. İnanın ki, yuxumda gördüyüm gün çox gözəl keçirdi mənim üçün. Mənə elə gəlir ki, bu tək məndə belə deyil, bütün qaçqın və məcburi köçkünlərdə belədir. Tam səmimi deyim, qaçqın düşdükdən sonra heç bir bayramın, nə Novruzun, nə Yeni ilin dadı-duzu mənim üçün qalmamışdı. 18 yaşım olanda kəndimizi tərk etmişdim. Daha sonra Bakıya gəldim, Orduya çağrıldım və döyüşlərdə iştirak etdim”. Aktyor onu da qeyd edir ki, Bakı mənim gəncliyimin şəhəridir, amma uşaqlığım Cəbrayılla bağlıdır. Rayon, kənd mühitində böyüdüyü üçün həmişə fəxr edir: “Kənd, rayon Allahın özünün yaratdığı bir gözəllikdir. Baxın şəhəri insan əli, insan təxəyyülü qurur, yaradır, amma rayon, kənd elədir ki, o təbiəti Allah bəxş edir. Həmişə dostlarıma zarafatyana deyirəm, mən təbiətin orjinalını görmüşəm. Yazı yaz, qışı qış, payızı da payız kimi görmüşəm”. 19 fevral 1993-cu il… Yüksək vətənpərvərlik hissilə irəli Müharibə dövrünün öz xatirələri var. Ancaq hamını sadəcə bir hiss birləşdirir -VƏTƏNPƏRVƏR HİSSİ- Eyni hisslərlə işğal olunmuş torpaq uğrunda mübarizəyə qoşulmaq, silaha sarılmaq, cəsarət, qorxmaq duyğuları bilrəşdirərək “HƏR ŞEY VƏTƏN ÜÇÜN” şüarı altında döyüşmək, döyüş yoldaşlarını şəhid vermək, yaralanmaq və nə qədər çətin olsa da yenə də o çətinliklər içində ayaqda durmaq, dözmək və s. ağrı-acını o da yaşadı. Aktyor deyir ki, müharibə səhnə deyildi ki, rol oynayasan, müharibə ölümün gözünə dik baxmaqdır, ölümə meydan oxumaqdır: “Müharibədən yadımda xoş xatirələr qalmayıb. Xatirələrimiz döyüşlərə girməyimizdir, dostlarımızın şəhid olmasıdır. O vaxt müharibənin gedişində çoxlu şəhidlər verdik, torpaqlarımız işğal olundu. İndiki kimi deyildi o vaxt. Hərc-mərclik idi, silah çatışmırdı. Amma o vaxt da insanlarımızda Vətənpərvərlik hissi yüksək idi. İndiki dövrdə isə vətənpərliyimiz də var, üstəlik silahlarımız da. Çox çətin bir dövr idi. İndiyə qədər yaralandığım tarix saatına qədər yadımdadır. O da niyə yadımdadır, deyim. Birinci dəfə başımdan yaralanmışdım. 1993-cu il fevral ayının 19-da ermənilər tərəfdən mühasirəyı alındıq. Çox çətin bir vəziyyət yarandı. Hamı pərən-pərən düşmüşdü. Həmin vaxt başımdan snayper yarası aldım. Döyüşə-döyüşə dağın yuxarısına doğru addımladıq. Düzdür, mən çox silah ata bilmirdim, çünki başımdan qan açılırdı. Təsəvvür edin ki, qarı yığırdım papağın içinə, papağı da qoyurdum başıma ki, qan dayansın. Beləcə mühasirəni yardıq və çıxdıq. Axşamüstü Tərtərin xəstəxanasına gətirildim. Sağalıb yenidən Orduya qayıtdım. 1994-cu ildə bir də yaralandım. Bu dəfə isə Füzuli istiqamətində gedən döyüşlərdə qarın nahiyəmdən güllə yarası aldım. Güllə qarnımdan girib belimdən çıxdı. Onda artıq heç nə hiss etmirdim. Çox ağır yaralı idim. Buna görə də ikinci dəfə yaralandığım andan sonrakı müddəti xatırlaya bilmirəm”... Azərbaycanda kino və teatrda ən böyük problem ssenari çatışmazlığıdır Müharibə ağrı-acısını görən aktyor kinoda, teatrda müharibə mövzusunun hələ də tam olaraq canlandırlmadığı fikrindədir. İ.Atakişiyev deyir ki, bu gün Azərbaycanda kino, teatr sahəsinin ən böyük problemlərdən biri ssenari çatışmazlığıdır, xüsusiləd də müharibə mövzusu. Bildiyimiz kimi, yazılan bütün ssenarilər, çəkilən filmlər, tamaşalar rejissorların təxəyyülünün məhsuludur. Ancaq canlı hiss, duyğular, bir başqa ssenaridir. Aktyor qeyd edir ki, müharibəni görən bir aktyor kimi, filmlərə baxanda o ab-havanı qəti görə bilmirəm: “Çəkirlər, onların işlərinə kölgə salmaq istəmirəm. Amma çəkirlərsə, heç olmasa çəkilişə başlamazdan öncə müharibədə iştirak edən insanlarla danışsınlar. Mənim döyüşçü yoldaşlarım, komandirim deyir ki, bu nədir çəkirlər, müharibəni çəkirlər, döyüşçünün paltarı, ayaqqabısı səliqəli. Biz ütülü paltar, maz çəkilən ayaqqabı görmüşdük müharibədə? Səhər çörək kəsdiyin adam günorta şəhid olurdu. Amma bizim Qarabağla bağlı çəkilən filmlərimizdə baxırsan ki, əsgər səngərdən gəlib, səliqəli geyimdə. Əsir düşmüş qadınları çəkirlər, makiyajda, səliqəli saçda.." Ümumiyyətlə kinoda ilkin təəssürat çox önəmlidir. Bu baxımdan  müharibə mövzusunda çəkilən heç bir film uğur qazana bilmir. Film çəkirlər, amma müharibəni görmüş insanlarla məsləhətləşmirlər. İ.Atakişiyev əlavə edir ki, rejissor təxəyyülü də olmalıdır, sözsüz. Amma kökünü Qarabağda vuruşanlardan, orada məcburu köçkün düşən insanlardan götürmək lazımdır. Onların gördüklərini, yaşadıqlarını çəksələr, şedevr filmlər ərsəyə gələr. Qarabağımızın işğaldan azad olunduğu gün hər birimiz kimi, onun da həyatının ən önəmli günü idi. Bəlkə də o və onun kimi I Qarabağ Müharibəsini görmüş şəxslər daha çox bu sevinc hissini yaşayıb. Və aktyor deyir ki, II Qarabağ Müharibəsi başlayanda o da getmək istədib: “Çünki, oralar bizə daha doğmadır. Amma təəssüf ki, alınmadı. Çox şükür ki, güclü ordumuz sayəsində biz qalib gəldik. O vaxt müharibənin gedişində çoxlu şəhidlər verdik, torpaqlarımız işğal olundu. İndiki kimi deyildi o vaxt, hərc-mərclik idi, silah çatışmırdı. Silahdan anlayışı olmayan, əlinə ömründə silah almayan gənclər vuruşurdu. Amma o vaxt da insanlarımızda vətənpərvərlik yüksək idi. İndiki dövrdə vətənpərliyimiz də var, üstəlik silahlarımız da. Ali Baş Komandanımız sağ olsun, Allah onu qorusun”. I Qarabağ Müharibəsinin dəhşətlərini görmüş, veteran səviyyəsinə yüksəlmiş, hazırda çalşdığı teatrın səhnəsində, eləcə də çəkildiyi seriallarda böyük nikbin əhval-ruhiyyə ilə ifa nümayiş etdirən, daima sabahlara inan, hər şeyin daha yaxşı olacağına ümid edən İsmayıl Atakişiyev yubiley yaşın zirvəsinə yüksəlib. 50 yaşınız mübarək!

Yanvar 14, 2024 10:21