İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının təqdimatında

İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru Salim Əl-Malik Dubayda keçirilən COP28 iqlim sammitindəki çıxışında rəhbərlik etdiyi təşkilatın peyk texnologiyaları və süni intellekt tətbiqləri vasitəsilə uzaqdan zondlamadan istifadə edərək, iqlim dəyişikliklərinin mədəni irs obyektlərinə təsirini izləmək və müəyyən etmək üçün mexanizm yaratmaq təşəbbüsü irəli sürdüyünü söyləyib. O, həmçinin ICESCO-nun İslam dünyası ölkələrindəki bir sıra arxeoloji obyektlərdə və muzeylərdə karbon izlərinin ölçülməsi və karbon istehsal edən materialların istifadəsinin azaldılması təşəbbüsünü açıqlayıb. Dekabrın 8-də 20-dən çox ölkədən mədəniyyət və irs sektorundan nazirlər və rəsmilərin, müvafiq beynəlxalq təşkilatların rəhbərlərinin iştirakı ilə Dubayda İqlim Dəyişikliyi üzrə sammitdə (COP28) iqlim fəaliyyətində mədəniyyət sektorunun oynadığı əsas rolu müzakirə etmək və mədəniyyətin iqlim fəaliyyətinə inteqrasiyasını nəzərdən keçirmək üçün geniş diskussiya aparılıb. Təşkilatın mətbuat xidməti xəbər verir ki, Salim Əl-Malik bu tədbirdəki çıxışında ekoloji təhlükələr, iqlim dəyişiklikləri də daxil olmaqla və artan təbiət çağırışları nəzərə alınmaqla, mədəniyyətin və bəşər irsinin qorunmasının əsas prioritet olduğunu təsdiqləyib, ICESCO tərəfindən mədəniyyətin 18-ci SDG (Davamlı İnkişaf Məqsədi) kimi qəbul edilməsi təklifinin irəli sürüldüyünü qeyd edib.xeber100.com  

Dekabr 9, 2023 7:28

“Dostluğun siması” adlı sənədli filmin təqdimatı keçirilib

Tbilisidə Ulu Öndər Heydər Əliyevə həsr olunmuş və Azərbaycanın Gürcüstandakı səfirliyinin dəstəyi ilə çəkilmiş “Dostluğun siması” adlı sənədli filmin təqdimatı keçirilib. Film fenomen şəxsiyyət, dünyaşöhrətli siyasi xadim Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edir. Təqdimat mərasimində səfir Faiq Quliyev, Gürcüstan xarici işlər nazirinin birinci müavini Laşa Darsaliya, Türkiyənin Tbilisidəki səfirliyinin məsul əməkdaşları, AZEBİ-nin sədri Nəriman Qurbanov, Gürcüstanın dövlət və hökumət üzvləri, deputatlar, SOCAR şirkətinin əməkdaşları, yerli siyasətçilər və ictimai xadimlər iştirak ediblər. Əvvəlcə Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev çıxışında Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinə nəzər salıb, müasir Azərbaycan dövlətinin inkişafında və möhkəmlənməsində Ümummilli Liderin əvəzsiz xidmətlərindən danışıb. Bildirib ki, müstəqilliyimizin bərpasından sonra Azərbaycan-Gürcüstan münasibətlərinin yeni müstəvidə inkişafı da məhz dünyaşöhrətli siyasi xadim Heydər Əliyevin adı ilə bağlıdır. Diplomat deyib ki, Ulu Öndər Gürcüstana, gürcü xalqına və xüsusən də buradakı soydaşlarımıza xüsusi diqqət və qayğı ilə yanaşıb. O bildirib ki, Ümummilli Liderin siyasi kursu bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. F.Quliyev Gürcüstandakı soydaşlarımızın yaşadıqları və vətəndaşı olduqları ölkənin sosial-iqtisadi inkişafında mühüm rol oynadıqlarını qeyd edib. Bildirib ki, soydaşlarımız Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda da xüsusilə fərqləniblər. Diqqətə çatdırılıb ki, soydaşlarımız Azərbaycan dövlətinin qayğısı ilə əhatə olunublar. Laşa Darsaliya çıxışında deyib ki, Azərbaycan-Gürcüstan münasibətlərinin inkişafında və möhkəmlənməsində fenomen şəxsiyyət, dahi siyasi xadim Heydər Əliyevin xidmətləri əvəzsizdir. Onun sözlərinə görə, Heydər Əliyevin uzaqgörənliyi nəticəsində ölkələrimiz arasında qarşılıqlı hörmətə əsaslanan dostluq münasibətləri qurulub. Onun siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin səyləri nəticəsində əlaqələrimiz strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Nazir müavini ölkələrimiz arasındakı qarşılıqlı hörmət və etimada söykənən bu münasibətlərin bundan sonra da inkişaf edəcəyinə və möhkəmlənəcəyinə əmin olduğunu vurğulayıb. Filmin ssenari müəllifi və ideya müəllifi Şahismayıl Şəmmədoğlu çıxışında filmin ərsəyə gəlməsində göstərdikləri dəstəyə və yardıma görə ölkəmizin Gürcüstandakı səfirliyinə və digər şəxslərə minnətdarlığını bildirib. Qeyd edib ki, bu günədək Azərbaycan-Gürcüstan münasibətlərinə dair bir neçə film çəkilib. Lakin bu film ölkələrimiz arasındakı əlaqələrin inkişafı və bu münasibətlərin möhkəmlənməsində xüsusi rolu olan fenomen şəxsiyyət Heydər Əliyevin fəaliyyətindən bəhs edən sanballı sənət əsəridir.xeber100.com    

Dekabr 9, 2023 7:25

Bakı Bələdiyyə Teatrı “Xilaskar” rekviyem-tamaşasını təqdim etdi

Dekabrın 8-də Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində Azərbaycanın görkəmli siyasi və dövlət xadimi Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib. Tədbirdə öncə Ulu öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub. Daha sonra Əməkdar incəsənət xadimi, polkovnik Abdulla Qurbani çıxış edərək öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyinə qovuşdurmuş qüdrətli şəxsiyyət Heydər Əliyevin mənalı ömür yolu, Vətən, xalq, dövlət qarşısında müstəsna xidmətlərindən danışıb, Ulu Öndərlə bağlı unudulmaz xatirələrini tədbir iştirakçıları ilə bölüşüb. A.Qurbani onu da qeyd edib ki, milli qürur və iftixar mənbəyimiz olan Heydər Əliyev 20 il öncə əbədiyyətə qovuşsa, cismən sıralarımızda olmasa da mənən xalqın yaddaşında, xatirəsində əbədi yaşayır: “Bütün mənalı ömrünü mənsub olduğu xalqın xoşbəxt, firavan gələcəyinə həsr etmiş dahi Liderin özü qədər inandığı və gələcəyinə böyük ümidlər bəslədiyi siyasi varisi, dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında son 20 ildə qazandığımız bütün uğurlar məhz Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyevin ideyaları yaşayır, Prezident İlham Əliyev ata vəsiyətini, ata arzularını ardıcıl olaraq layiqincə yerinə yetirir”. Tədbirdə Azərbaycan Ordusu Sənədli və Tədris Filmləri Mərkəzinin hazırladığı "Yaşayır Ulu Öndər" adlı videoçarx vasitəsilə dahi Liderin həyatının müxtəlif anları vizual görüntülərlə canlandırılıb. 1992-ci ildə Ulu Öndər Heydər Əliyevin xeyir-duası və görkəmli sənətkarlarımız, xalq artistləri Amaliya Pənahova və Yusif Muxtarovun yaratdıqları, bu gün də Azərbaycan əsgərinə mədəni xidmət göstərilməsində xüsusilə fərqlənən Bakı Bələdiyyə Teatrının Abdulla Qurbaninin eyniadlı poeması əsasında hazırladığı "Xilaskar" adlı rekviyem-tamaşa mərasim iştirakçılarına təqdim edilib. Tədbirdə iştirak edən Bakı Bələdiyyə Teatrının baş rejissoru, Xalq artisti, Dövlət mükafatı laureatı Mərahim Fərzəlibəyov öz çıxışında Azərbaycan mədəniyyəti, ədəbiyyatı və incəsənətinin inkişafında Heydər Əliyevin müstəsna xidmətlərindən bəhs edib və keçirilən tədbirin Ulu Öndərin xatirəsinə ən gözəl töhfə olduğunu bildirdi. Azərbaycan Akademik Opera və Balet Teatrının Simfonik orkestrinin müşayiəti, xor və solistlərin iştirakı ilə hazırlanmış "Qalib Sərkərdə" adlı musiqi layihəsi təqdim olunduqdan sonra Bakı Bələdiyyə Teatrının aktyorları Müdafiə Nazirliyinin Fəxri Fərmanı ilə təltif edildilər.xeber100.com https://youtu.be/GSLNFMMj5bc

Dekabr 9, 2023 7:16

Azərbaycan Dövlət Filarmoniyasının dekabr ayına olan repertuarı açıqlanıb

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının dekabr ayına olan repertuarı açıqlanıb. Filarmoniya tamaşaçılar üçün zəngin proqram hazırlayıb. Proqramı təqdim edirik: 7 dekabr - Bakı Kamera Orkestrinin konserti 8 dekabr - Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş konsert (Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri) 9 dekabr - “Cartier” firmasının tədbiri (Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri) 12 dekabr - Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş anım gecəsi (Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri) 13 dekabr - “Yaşayan ənənə” Qaraçay-Çərkəz Respublikasının Dövlət Filarmoniyasının artistlərinin iştirakı ilə konsert (“Elbrus” Dövlət Rəqs Ansamblı) 14 dekabr - Xalq artisti, bəstəkar Tofiq Bakıxanovun yaradıcılıq fəaliyyətinin 70 illiyinə həsr olunmuş konsert (Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri) 19 dekabr - Xalq artisti, müğənni Tükəzban İsmayılovanın 100 illiyinə həsr olunmuş konsert (Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri) 20 dekabr - Dahi sənətkar Bülbülün xatirəsinə həsr olunmuş Azərbaycan Vokalçıları III Beynəlxalq Festivalı çərçivəsində “Bülbül Vokal Məktəbi” adlı konsert (Opera və Balet Teatrının Simfonik Orkestri) 21 dekabr - Dahi rus bəstəkarı Sergey Raxmaninovun 150 illiyinə həsr olunmuş konsert (Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri) 22 dekabr - Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş konsert. Şövkət Ələkbərova adına 20 nömrəli Onbirillik Musiqi məktəbi (Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri) 23 dekabr - Əməkdar artist, tar ifaçısı Əliağa Sədiyevin konserti 26 dekabr - Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Yeni adlar” layihəsi çərçivəsində konsert (Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri) 27 dekabr - RED events təqdimatında “Harry Potter” (Mystery Ensemble).xeber100.com

Dekabr 4, 2023 1:41

Mədəniyyət Nazirliyinin dəstəyilə Türk Dünyasının Yumor Festivalı keçirilib

“Yaradıcı həftə” çərçivəsində Mədəniyyət Nazirliyinin dəstəyi ilə Nizami Kino Mərkəzində Türk Dünyasının Yumor Festivalı keçirilib. Nazirlikdən bildirilib ki, festivalın əsas məqsədi qarşılıqlı mədəni inteqrasiya, təcrübə mübadiləsi, yaradıcı və peşəkar qarşılıqlı fəaliyyət, inkişaf yolunda möhkəmlənmə, şou-biznes sahəsində birgə beynəlxalq yaradıcılıq layihələrinin hazırlanmasıdır. TÜRKSOY-un baş katibinin müşaviri Kayrat Mukanov çıxış edərək bildirib ki, Türk Dünyasının Yumor Festivalı ilk dəfədir keçirilir. Festivalın məhz Azərbaycanda keçirilməsi sevindirici haldır. Festivalda Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Tatarıstandan yumor sahəsini təmsil edən yaradıcı sənayenin tanınmış simaları iştirak ediblər. Türk dünyasının yumor ustaları “stand-up” janrında çıxış ediblər. Yumor ustaları Erkin Ergin, Cavid Qurbanov, Rüstəm Əhmədov (Azərbaycan), Oğulcan Bektaş, Doruk Kaparlar (Türkiyə), Ayrat Mavlyutov, Bulat Xanmurzin (Tatarıstan), Medet Kalibekov, Aubakir Emilbay (Qazaxıstan), Taras Kosimbarov, İndira Miftaxova (Özbəkistan), Azimxan Raxatov, Anzor Borzayev (Qırğızıstan) öz istedadlarını nümayiş etdiriblər. Münsiflər heyətinin qərarına əsasən, Tatarıstanı təmsil edən Kazan stand-up klubunun üzvü Bulat Xanmurzin qalib adını qazanıb. Qalibə festivalın kuboku təqdim edilib. Sonda münsiflər heyətinin üzvləri çıxış edərək festivalın təşkilatçılarına təşəkkürlərini bildiriblər.xeber100.com

Dekabr 4, 2023 1:38

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan tədbirlər çərçivəsində

Dekabrın 18-20-də Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə ölkəmizdə ilk dəfə “Mədəni irs” forumu keçiriləcək. Mədəniyyət Nazirliyindən bildirilib ki, Forum Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan tədbirlər çərçivəsində baş tutacaq. Tanınmış tarixçi, arxeoloq, rəssam, memar, heykəltaraş, sənətkar və sahə üzrə digər mütəxəssislərin iştirakı ilə geniş müzakirələrin aparılacağı forumda mədəniyyətimizin və milli irsimizin yaşadılması, inkişafı və təbliği, mövcud vəziyyət, maddi və qeyri-maddi irsimizə, təsviri və tətbiqi sənətə, tarixi abidələrə dövlət dəstəyi və digər istiqamətlərdə diskussiyalar olacaq. Forumda “Azərbaycanın daşınmaz tarixi - mədəni irsinin tədqiqi və mühafizəsi problemləri”, “Postkonflikt dövründə Azərbaycanın tarixi - mədəni və təbii irsinin qorunması məsələləri”, “Azərbaycanda daşınar mədəni irs: muzey işi və müasir çağırışlar”, “Qeyri-maddi mədəni irsin mühafizəsi və müasir çağırışlar”, “Təsviri sənət və müasir çağırışlar”, “Mədəni irs və müasir memarlıq- Şəhərsalma prinsipləri” mövzuları üzrə panellər təşkil olunacaq. Panellerdə müvafiq sahələrin mövcud vəziyyəti və gələcək perspektivlər barədə fikir mübadiləsi aparılacaq.

Noyabr 27, 2023 3:12

“Yaradıcı Həftə” çərçivəsində “Musiqi Sənayesi Platforması” təşkil olunacaq

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Yaradıcı Həftə” çərçivəsində “Musiqi Sənayesi Platforması” (MİP) təşkil olunacaq, Azərbaycanın musiqi sənayesinin imkanları və çağırışları bu sahəyə öz töhfəsini verən şəxslərin iştirakı ilə noyabrın 30-da Heydər Əliyev Mərkəzində platforma çərçivəsində müzakirə ediləcək. Nazirlikdən verilən məlumata görə, əsas məqsəd son illərdə bu sənayedə mövcud olan trendləri, hadisələri müzakirə etmək, musiqi sənayesinin inkişafı üçün potensial addımları müəyyən etmək, həmçinin bu istiqamətdə beynəlxalq təcrübəni araşdıraraq Azərbaycan musiqi sənayesinə tətbiq etməyin yollarını öyrənməkdir. Panel sessiyalarda Azərbaycan musiqi sənayesinin inkişafı və Azərbaycan musiqisinin təbliği mövzularında fikir mübadiləsi aparılacaq. Tədbirə xarici ekspertlər, beynəlxalq layihələrdə təcrübəsi olan mütəxəssislər, ölkədə musiqi sənayesinə töhfə verən və tanınan şəxslər, o cümlədən prodüserlər və musiqiçilər dəvət olunub. Panel sessiyaların davamı olaraq dekabrın 1-də Beynəlxalq Muğam Mərkəzində Avroviziya Mahnı Müsabiqəsi ilə bağlı müzakirələr (“Eurovision Talks") təşkil olunacaq. Tədbirdə bu yarışmada əldə olunan uğurlar, gələcək planlar və ümumiyyətlə bu kimi beynəlxalq musiqi müsabiqələrinin Azərbaycanın musiqi sənayesinə təsirindən danışılacaq.  

Noyabr 24, 2023 2:55