Opera və Balet Teatrında “Qaratoxmaq qadın” operasının premyerası olub

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında görkəmli rus bəstəkarı Pyotr Çaykovskinin “Qaratoxmaq qadın” operasının uğurlu premyerası olub. Tamaşanın quruluşunu Həştərxan Dövlət Akademik Opera və Balet Teatrının quruluşçu rejissoru Aleksey Smirnov verib. Operanın rəhbəri və dirijoru Əməkdar artist Əyyub Quliyev, xormeyster Əməkdar incəsənət xadimi Sevil Hacıyevadır. Tamaşada rollarda Xalq artistləri Fidan Hacıyeva (Qrafinya), Əkrəm Poladov (Surin), Əməkdar artistlər Səbinə Əsədova, Fərid Əliyev, Fəridə Məmmədova, Tural Ağasıyev və başqaları çıxış ediblər. Tomski və Zlatoqorun partiyalarını beynəlxalq müsabiqələr laureatı Yefim Zavalnı ifa edib. “Qaratoxmaq qadın” operası dünya realistik incəsənətinin ən böyük əsərlərindən biridir. Bu musiqili faciə düşüncələrin, qəhrəmanların hisslərinin, onların ümidləri, əzabları və ölümünün həqiqi psixoloji məqamları, o dövrün mənzərələrinin parlaqlığı, musiqili-dramatik hadisələrin inkişafının gərginliyi ilə insanı heyrətə salır. Çaykovskinin üslubunun xarakterik cəhətləri bu əsərdə daha dolğun və ifadə mükəmməlliyi ilə öz əksini tapıb. İlk dəfə 1890-cı il dekabrın 7-də Sankt-Peterburqdakı Mariinsk teatrının səhnəsində nümayiş etdirilən bu opera tamaşaçılar tərəfindən sürəkli alqışlarla qarşılanıb. Həmin vaxtdan bəri bu əsər dünyanın opera səhnələrində triumfla nümayiş etdirilir. Operanın librettosunu bəstəkarın qardaşı Modest Çaykovski Aleksandr Sergeyeviç Puşkinin eyniadlı povesti əsasında yazıb. Amma hadisələrin başvermə zamanı I Aleksandrın dövründən II Yekaterinanın hakimiyyəti illərinə köçürülüb. Hətta baş qəhrəmanların taleyi Puşkinin yaratdığı obrazlardan kəskin şəkildə fərqlənir. Operanın librettosu orijinaldan xeyli fərqlidir. Belə ki, Puşkinin əsəri nəsr janrındadır, libretto isə nəzmlə yazılıb, həm də şeirlər təkcə librettoçu və bəstəkara deyil, həmçinin Derjavin, Jukovski, Batyuşkova aiddir.xeber100.com

Oktyabr 3, 2023 1:51

Xalq yazıçısı Anarın “Dantenin yubileyi” əsəri əsasında hazırlanan eyniadlı tamaşanın premyera tarixi açıqlanıb

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Xalq yazıçısı Anarın “Dantenin yubileyi” əsəri əsasında hazırlanan eyniadlı tamaşanın premyera tarixi açıqlanıb. Səhnə əsərinin premyerası oktyabrın 20-də və 21-də gerçəkləşəcək. Yeni yaradıcılıq işinin quruluşçu rejissoru Sankt-Peterburqda yaşayan azərbaycanlı rejissor Ərşad Ələkbərov, musiqi tərtibatçısı Ayat Baxşıyev, rejissor assistentləri Dilbər İsmayılova və Vüqar Məmmədovdur. Səhnə əsərində Xalq artisti Sabir Məmmədov, Əməkdar artistlər Sənubər İsgəndərli, Elşən Rüstəmov, Mətləb Abdullayev, Anar Heybətov, Şəlalə Şahvələdqızı, aktyorlar Şəhla Əliqızı, Rüstəm Rüstəmov, Vüsal Mustafayev, Məhsəti Tahirzadə, Ramin Şıxəliyev, Cümşüd Zeynalov, Elsevər Rəhimov, Tural İbrahimov, Nəzrin Abdullayeva və Lalə Süleymanova çıxış edəcəklər. Tamaşanın dəvət olunmuş iştirakçıları Ayat Baxşıyev, Xəyal Əliyev, Vaqif Hacıyev və Vüsal Əliyevdir. “Dantenin yubileyi” özünə düzgün peşə tapmayan insanın kədərli taleyi haqqındadır. İnsan həyatda öz peşəsini düzgün seçməlidir. Seçim düz olmayanda, insan bütün həyatı boyu əziyyət çəkir. Tamaşanın qəhrəmanı Feyzulla Kəbirlinski həyatda qalibdir, sənətdə məğlub. Çünki seçimi doğru olmayıb.xeber100.com

Oktyabr 3, 2023 1:42

Bakı Bələdiyyə Teatrının təqdimatında -“Məhv olmuş gündəliklər” tamaşasının premyerası keçiriləcək

Oktyabrın 3-də Bakı Bələdiyyə Teatrının Xalq yazıçısı İlyas Əfəndiyevin "Məhv olmuş gündəliklər” pyesi əsasında hazırladığı eyniadlı tamaşanın premyerası keçiriləcək. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 3 mart 2023-cü ildə imzaladığı Sərəncama əsasən, bu il Mədəniyyət Nazirliyi tanınmış pedaqoq, görkəmli teatr rejissoru, Xalq artisti Tofiq Kazımovun 100 illik yubileyi ilə bağlı tədbirlər planı həyata keçirir. Bakı Bələdiyyə Teatrı yubiley tədbirləri planı çərçivəsində "Məhv olmuş gündəliklər” pyesinə müraciət edib. Qeyd edək ki, Xalq yazıçısı İlyas Əfəndiyevin 1969-cu ildə yazdığı “Məhv olmuş gündəliklər” pyesi Azərbaycan teatrlarının səhnəsində bir çox rejissorlar tərəfindən tamaşaya qoyulmuş və zaman-zaman ən baxımlı səhnə əsərlərindən biri kimi müəllifinə şöhrət gətirmişdir. Pyesi səhnələşdirən rejissorlardan biri də Tofiq Kazımov olub və onun hazırladığı tamaşa da öz dövrünün tamaşaçısının böyük marağına səbəb olub. “Məhv olmuş gündəliklər” pyesinə bu dəfə Xalıq yazıçısı İlyas Əfəndiyevin bir çox pyeslərinə səhnə həyatı verən görkəmli teatr rejissoru, Xalq artisti Mərahim Fərzəlibəyov müraciət edib. Rejissor qeyd edib ki, “Məhv olmuş gündəliklər, İlyas Əfəndiyevin sayca 11-ci pyesidir ki, onu səhnələşdirir və yazıçının əsərdəki ruhuna böyük hörmət və ehtiramla yanaşır. Bu baxımdan da tamaşadakı obrazların hər sözünə, sözaltı mənalara diqqətlə yanaşaraq onu müasir tamaşaçıya olduğu kimi aşılamağa çalışıb. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində nümayiş olunacaq tamaşada iştirak edirlər: Zülfiyyə Məmmədova, İlqar Musayev, Nigar Babayeva, Gülsabah Quliyeva,Toğrul Rza, Məmmədağa Əlilicanzadə. Yaradıcı heyət: Quruluşçu rəssam – İlham Əsgərov (Əməkdar mədəniyyət işçisi) Musiqi hissə müdiri – Nazim Əbidov (Əməkdar mədəniyyət işçisi) İşıqçı rəssam – Tərlan Ələsgərli Kostyum sexinin müdiri – Leyla Əkbərova Dizayn işləri üzrə tərtibatçı – Elnur Ehtiramoğlu Xatırladaq ki, görkəmli aktrisa, Dövlət mükafatları laureatı, Xalq artisti Amaliya Pənahova İncəsənət İnstitutunun 1-ci kursunda oxuyarkən rejissor Tofiq Kazımov onu Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında İlyas Əfəndiyevin “Sən həmişə mənimləsən” pyesi əsasında hazırladığı eyniadlı tamaşada baş rola dəvət edib. 18 yaşlı tələbə-aktrisanın tamaşadakı uğurlu çıxışı sonralar iki sənətkar arasındakı uzun illəri əhatə edən yaradıcı əməkdaşlığa çevrilib. Bu baxımdan da Bakı Bələdiyyə Teatrı “Məhv olmuş gündəliklər” tamaşasını üç sənətkara - Xalq artisti Tofiq Kazımovun 100 illiyinə, Xalq yazıçısı İlyas Əfəndiyevin anım gününə və hər iki yaradıcı şəxslə daima əməkdaşlıq etmiş Xalq artisti Amaliya Pənahovanın ruhuna ithaf  edir. Bakı Bələdiyyə Teatrı 1992-ci ildə Azərbaycanın siyasi və dövlət xadimi, Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə görkəmli teatr və kino xadimləri, Xalq artistləri Amaliya Pənahova və Yusif Muxtarov tərəfindən yaradılıb. Bu illər ərzində saysız-hesabsız səhnə əsərləri ilə milli teatr mədəniyyətini Azərbaycanda, eyni zamanda dünya ölkələrində təbliğ edən teatrın repertuarında Cəlil Məmmədquluzadənin, Nəriman Nərimanovun, Mirzə Fətəli Axundovun, Nazim Hikmətin, Əziz Nesinin, Cəfər Cabbarlının, İlyas Əfəndiyevin, Anarın, Elçin Əfəndiyevin, eləcə də dünya klassiklərinin pyesləri uğurla səhnələşdirilmişdir.xeber100.com

Oktyabr 3, 2023 12:33

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən XV Beynəlxalq Musiqi Festivalı başa çatıb

Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 10 gün davam edən Üzeyir Hacıbəyli XV Beynəlxalq Musiqi Festivalı yaddaşlarda silinməz iz qoydu. Festivalın bağlanış mərasimi Azərbaycan Dövlət Akademik Filarmoniyasında keçirilib. Tədbirdə mədəniyyət nazirinin müavini Murad Hüseynov, tanınmış mədəniyyət və incəsənət xadimləri, musiqisevərlər iştirak edirdilər. Bağlanış mərasimində almaniyalı dirijor Valentin Egelin rəhbərliyində Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri ilə solistlər Chloe Kiffer (violin, Fransa), Henri Demarquette (violonçel, Fransa) Aleksandr Mutuzkin (piano, ABŞ) çıxış etdilər. Proqramda L.V.Bethoven, K.Debüssi və F.Qarayevin əsərləri səsləndirildi. Qeyd edək ki, 2009-cu ildən başlayaraq hər il keçirilən festival bu il də müxtəlif ölkələrdən tanınmış ifaçı və kollektivləri, dirijorları bir araya gətirdi. ABŞ, Fransa, Gürcüstan, Xorvatiya, Rusiya, Sinqapur, Almaniya və digər ölkələrdən musiqiçilərin iştirakı ilə maraqlı konsertlər, ustad dərsləri və s. təşkil olundu. 15-ci festivalın ən əlamətdar hadisəsi isə açılış mərasiminin görkəmli bəstəkar Arif Məlikovun “Məhəbbət əfsanəsi” baletinin Heydər Əliyev Sarayında nümayişi oldu. Uzun illərdən sonra bəstəkarın öz vətənində səhnələşdirilən “Məhəbbət əfsanəsi”ndə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının və Azərbaycan Dövlət Rəqs Ansamblının artistləri ilə yanaşı, xarici teatrlardan dəvət olunan solistlər də rol almışdı. Xatırladaq ki, dahi Üzeyir bəyin doğum gününün (18 sentyabr) musiqi bayramı kimi qeyd edilməsi ənənəsi Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Ümummilli Liderin 1995-ci ildə bəstəkarın 110 illik yubileyi münasibətilə imzaladığı Fərmanla hər il sentyabrın 18-i ölkəmizdə Milli Musiqi Günü (“Üzeyir musiqi günü”) kimi qeyd olunur.xeber100.com  

Sentyabr 29, 2023 3:01

“Türkiyə- Azərbaycan qardaşlığı: Anadoludan Əsintilər” adlı sərgi açılacaq

Oktyabrın 5-də Azərbaycan Milli İncəsənət Muzeyində “Türkiyə- Azərbaycan qardaşlığı: Anadoludan Əsintilər” adlı sərgi açılacaq. Sənət və Sənətkarlar Birliyi Dərnəyinin (SAKÜDER) təşkil edəcəyi sərgi Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə və Türkiyə Cümhuriyyətinin qurulmasının 100 illiyinə həsr olunacaq. Müasir Azərbaycan dövlətçiliyinin banisi Heydər Əliyev və Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürk hər zaman istər sənətə, istərsə də sənətkara xüsusi qayğı ilə yanaşıb, onların bu yolda irəliləməsinə təkan verib. SAKÜDER-in başlıca məqsədlərindən biri Atatürkün miras qoyduğu mədəniyyəti gələcək nəsillərə ötürmək, sənətkarları tanıtmaq və onların əsərlərini sənətsevərlərin diqqətinə çatdırmaqdır. SAKÜDER rəssamın fırçası, yazıçının qələmi, musiqinin səsi, qısaca sənətkarın daxili ahənginin var olması üçün öz mövcudluğunu daim davam etdirəcək. Sərgidə Türkiyənin İstanbul, Ankara, İzmir, Antalya şəhərlərindən və paytaxt Bakımızdan 19 rəssamın 40-dək əsərləri nümayiş etdirilməsi planlaşdırılır. Vernisajda təqdim ediləcək dəyərli sənət inciləri arasında Anar Hüseynov, Asım Yücesoy, İnci Tekin, Bənövşə Ağayeva, Günəş Abbas, Mustafa Pişkin kimi önəmli sənətkarların əsərləri yer alacaq. Həmçinin, tədbir çərçivəsində “SAKÜDER-2023” fəxri mükafatların təqdim edilməsi də planlaşdırılır. Sərgi oktyabrın 20-dək davam edəcək.xeber100.com

Sentyabr 29, 2023 2:56