“YARAT” Müasir İncəsənət Mərkəzi təqdim edir

İyulun 7-də “YARAT” Müasir İncəsənət Məkanı tanınmış Hindistan rəssamı Şilpa Quptanın fərdi sərgisini təqdim edəcək.“YARAT”dan Azərtac-a bildirilib ki, mərkəzdə açılacaq sərginin ilham mənbəyini və mərkəzi hissəsini əsrlərboyu yaradıcılığına və siyasi baxışlarına görə həbslərə məruz qalmış 100 şairə ithaf edilən, yeni və genişmiqyaslı çoxkanallı səs instalyasiyası təşkil edir. Bu instalyasiya, sərgidə nümayiş etdirilən digər yeni rəsm və heykəltəraşlıq nümunələri ilə yanaşı, bu gün insanların söz və ifadə azadlığının zəifliyi və təsirlərə məruz qalması problemlərini ön plana çəkir.Sərgi məkanının bütövlükdə birinci mərtəbəsini əhatə edən 100 ədəd mikrofon 100 metal mil üzərindən asılıb.Xüsusi olaraq bu sərgi üçün, rəssam öz “Görmürəm, eşitmirəm, danışmıram” ("Don’t See Don’t Hear Don’t Speak", 2006) fotoqrafik silsiləsinə yenidən qayıdaraq – üç oxşar insan bir-birlərini əhatəyə alıb və bir-birlərinin gözlərini, qulaqlarını və ağzını yuman heykəl yaradıb. Mahatma Qandi tərəfindən məşhurlaşdırılan yapon deyimindən ilhamlanan bu əsər, bizim hal-hazırda dəyişən siyasi landşaftımızı və yaxın dövrün separatizm dalğası kontekstindən qaynaqlanmaqla, rəssamın öz doğma vətənində yer alan şər qüvvələrə, insanların adətən öz baxışlarına görə məruz qaldığı basqılara istinad edir. Sərgidəki digər əsərlər ilə aktiv dialoq yaradan bu heykəl, ifadə azadlığının çox güclü inikasını təqdim edir.Şilpa Quptanın səs instalyasiyası “YARAT” Müasir İncəsənət Məkanı və Edinburq İncəsənət Festivalı tərəfindən birgə sifariş edilib. Sərginin kuratoru Björn Geldhofdur.xeber100.com  

İyul 5, 2018 12:59

UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası keçiriləcək

2019-cu ildə Azərbaycan UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasına ev sahibliyi edəcək.Azərtac xəbər verir ki, bu barədə məlumat Azərbaycan Respublikası Xarici İşlər və Mədəniyyət nazirliklərinin birgə məlumatında yer alıb.Hazırda Bəhreyn Krallığının Manama şəhərində UNESCO-nun Ümumdünya İrs Komitəsinin 42-ci sessiyası keçirilir. İclasda Azərbaycan Respublikasının mədəniyyət naziri Əbülfəs Qarayevin rəhbərliyi altında Xarici İşlər və Mədəniyyət nazirliklərinin əməkdaşlarından ibarət nümayəndə heyəti iştirak edir.İclas çərçivəsində UNESCO-nun Ümumdünya mədəni və təbii irsin qorunması haqqında Konvensiyasına aid məsələlər müzakirə olunub, eyni zamanda müxtəlif ölkələrin maddi irs nümunələri Ümumdünya İrs Siyahısına daxil edilib.İclasda növbəti il üçün Komitənin sədri və 43-cü sessiyaya ev sahibliyi edəcək ölkə ilə bağlı müzakirələr aparılıb.Yekun qərara əsasən mədəniyyət naziri Əbülfəs Qarayev Komitəyə sədr seçilib. Beləliklə, 2019-cu ildə UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasına Azərbaycan ev sahibliyi edəcək. Tədbirdə dünyanın 180-dən çox ölkəsindən 2 minədək nümayəndənin iştirakı gözlənilir.Ümumdünya İrs Komitəsinin sessiyası dünya mədəni irsinə töhfə verən ən nüfuzlu tədbirlərdən biridir. Ümumdünya İrs Komitəsi dünya xalqlarının kimliyini və tarixi yaddaşını ifadə edən maddi və təbii irs nümunələrinə, ən dəyərli abidələrə dair qərarlar qəbul edir. Bu tədbirə ev sahibliyi etmək və eyni zamanda Komitəyə sədrlik etməklə Azərbaycan dünya xalqlarının mədəniyyət tarixində öz müsbət izini qoyacaq.Ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edən belə bir qərarın qəbul olunması Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan uğurlu xarici siyasət, Birinci vitse-prezident, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın dəstəyi və qayğısı, Xarici İşlər və Mədəniyyət nazirliklərinin birgə fəaliyyəti nəticəsində ölkəmizin UNESCO ilə tərəfdaşlıq münasibətlərinin yüksək səviyyədə inkişaf etdiyini göstərir.

İyul 4, 2018 11:57

“YARAT” Müasir İncəsənət Mərkəzi təqdim edir

“YARAT” Müasir İncəsənət Mərkəzi Dənizkənarı Bulvar İdarəsi ilə birgə “YARAT Freestyle” proqramı çərçivəsində iyunun 24-də açıq havada genişmiqyaslı yoqa festivalına start verib.Azərtac xəbər verir ki, Bayıl bulvarında reallaşan festivalın əsas məqsədi sağlam həyat tərzini təbliğ etməkdir.Gün ərzində müxtəlif tədbirlərin də təşkil olunacağı nəzərdə tutulur. Belə ki, Xəzər dənizi sahilində yaşıl qazon üzərində peşəkar müəllimlərlə birgə yoqa məşqləri, uşaqlar üçün ustad dərsləri, musiqiçilərin çıxışları, alovlu şou, “FLY yoqa” təşkil olunacaq, iştirakçılara sağlam qida veriləcək. Festival çərçivəsində gün boyu paytaxtın sakinləri və qonaqları üçün yoqanın müxtəlif istiqamətləri üzrə məşğələlər keçiriləcək, həmçinin yoqanın tarixi və sağlam həyat tərzi haqqında mühazirələr oxunacaq. Tədbirin əsas tərəfdaşlarından biri Hindistanın Azərbaycandakı səfirliyidir.Festivalın iştirakçıları “Yoqa Şahi” studiyası, “The Art of Living” meditasiya mərkəzi, Yoqa Akademiyası və Xalsa Mərkəzidir.Festival, eyni zamanda fəal istirahət mədəniyyətini təbliğ etmək, arzu edənlərin yoqanın müxtəlif istiqamətləri ilə tanış olmasına şərait yaratmaq, bu cərəyan haqqında ətraflı informasiya almaq məqsədi daşıyır.Qeyd edək ki, Beynəlxalq Yoqa Günü 2015-ci ildən başlayaraq dünyada geniş qeyd olunur. Yoqa Azərbaycanda da geniş yayılıb.xeber100.com

İyun 25, 2018 12:42

“100 illik tariximiz” devizi altında yaradıcılıq festivalı keçiriləcək

Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə “100 illik tariximiz” devizi altında “Bölgələrdən bölgələrə” adlı yaradıcılıq festivalı keçiriləcək.Nazirlikdən Azərtac-a bildirilib ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan layihənin əsas məqsədi zəngin dövlətçilik ənənələrinə malik Azərbaycan xalqının mədəni irsinin təbliği, regionların mədəni potensialının nümayişi, bölgələrarası mübadilənin gücləndirilməsidir.Festival çərçivəsində respublikanın müxtəlif şəhər və rayonlarını təmsil edən sənətkarların əl işlərinin satış-sərgiləri, folklor kollektivləri və incəsənət ustalarının konsert proqramları təşkil olunacaq.Festivalın yay mövsümündə keçirilməsi ölkəmizə gələn həm xarici qonaqlara, həm də yerli sakinlərə regionların rəngarəng mədəni həyatı ilə əyani şəkildə tanış olmaq imkanı yaradacaq. İlk tədbir iyunun 25-də reallaşacaq. Burada Mədəniyyət Nazirliyinin 15 regional mədəniyyət idarəsinin hər birinin festival çadırları qurulacaq, şəhər və rayonların mədəni irsini əks etdirən xalq sənətkarlıq nümunələri, rəsmlər, suvenirlər və digər əl işləri nümayiş etdiriləcək. Növbəti tədbirin iyunun 26-da – Azərbaycan Silahlı Qüvvələri Günündə Lənkəran şəhərində keçirilməsi planlaşdırılır. Daha sonra festival digər regionlarda (ümumilikdə 15 şəhər və rayonda) davam edəcək.xeber100.com  

İyun 22, 2018 2:29