Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə…

Azərbaycanın Çindəki səfirliyinin təşkilatçılığı və Bakı Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə Çinin ən böyük konsert salonu olan Milli İncəsənət Mərkəzində Novruz bayramı münasibətilə “Azərbaycan muğamı gecəsi” təşkil edilib.Azərtac xəbər verir ki, tədbirin açılışında çıxış edən səfir Əkrəm Zeynallı konsertin Çinin siyasi həyatında çox vacib hadisəyə - Si Cinpinin Çin Xalq Respublikasının sədri vəzifəsinə yenidən seçildiyi vaxtda təsadüf etdiyini vurğulayıb və bu münasibətlə Azərbaycan Prezidenti İlham Əliyevin Çinin dövlət başçısına təbrik məktubu ünvanlandığını diqqətə çatdırıb. Məktubun məzmunu ilə tədbir iştirakçılarını tanış edən səfir, Azərbaycan və Çin liderlərinin siyasi iradəsi ilə ikitərəfli əlaqələrimizin sürətlə inkişaf etdiyini qeyd edib.Səfir Ə.Zeynallı Azərbaycanın Çin ilə münasibətlərə xüsusi əhəmiyyət verdiyini və bu əlaqələrin bütün sahələrdə dərinləşdirilməsində maraqlı olduğunu söyləyib. Konsertin təşkilində əsas məqsədin Çin ictimaiyyətini musiqi vasitəsilə qədim və zəngin mədəniyyətimizlə tanış etmək, musiqi körpüsü ilə xalqlarımızı bir-birinə daha da yaxınlaşdırmaq olduğunu vurğulayan səfir, bununla da mədəniyyət sahəsində əlaqələrimizin daha da genişləndirilməsinə töhfə vermək olduğunu bildirib.Diplomat xalqımızın qədim bayramı Novruz haqqında məlumat verərək deyib ki, baharın gəlişini, təbiətin oyanışını, ruzi-bərəkət, paklıq və həmrəyliyi xarakterizə edən bu bayram Azərbaycanda təntənəli şəkildə qeyd olunur. O, Azərbaycanda Novruz şənliklərini muğamsız təsəvvür etməyin çətin olduğunu diqqətə çatdırıb.Sonra səhnə musiqiçilərin ixtiyarına verilib. Gənc xanəndələr Hüseyn Məlikov, Nigar Şabanova, tarzən Kamal Nuriyev, kamança ifaçısı Ceyhun Muradovun təqdimatında “Leyli və Məcnun” operasından parçalar, “Şahnaz”, “Çahargah”, “Qatar”, “Bayatı-Şiraz” və “Segah” təsnifləri, “Qarabağ” şikəstəsi ifa olunub.xeber100.com

Mart 19, 2018 2:56

“Bahar qalası” adlı Novruz şənliyi təşkil olunacaq

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi öz ənənəsinə sadiq qalaraq paytaxt sakinlərini və şəhərimizin qonaqlarını baharın müjdəçisi, Azərbaycan xalqının milli adət-ənənələri ilə zəngin Novruz bayramını İçərişəhərdə qeyd etməyə dəvət edir.Qoruq İdarəsindən Azərtac-a verilən məlumata görə, “Bahar qalası” Novruz şənliyi İçərişəhərdə martın 20-dən 26-dək, Qala qoruğunda isə martın 20 və 21-də təşkil olunacaq. Şənliklərdə bir-birindən maraqlı tədbirlərin keçirilməsi nəzərdə tutulub. Hər gün saat 12:00-dan axşam saatlarınadək davam edəcək şənliklərdə təşkil olunacaq sərgidə ölkəmizin tarix və mədəniyyətini əks etdirən milli-tətbiqi sənət məhsulları, yerli sənətkarlar tərəfindən hazırlanmış əl işləri, suvenirlər, açıqcalar, broşürlər, milli mətbəx nümunələri təqdim olunacaq.Bədii və tarixi personajlar, xalq və əfsanəvi qəhrəmanların canlı obrazları, Novruz bayramının əsas qəhrəmanları olan Kosa və Keçəlin iştirakı isə şənliyə qatılan insanlara əsl bayram əhvali-ruhiyyəsi yaşadacaq.“Qala” Qoruğunda keçiriləcək Novruz tədbirləri ilə əlaqədar martın 20-21-də İçərişəhərdən, Qoşa Qala Qapıları qarşısından yola düşəcək nəqliyyat vasitələri festivalda iştirak etmək istəyən qonaqlara pulsuz xidmət göstərəcək.xeber100.com

Mart 19, 2018 2:50

UNESCO-nun təşkilatçılığı ilə…

Azərbaycan, Əfqanıstan, İran, İraq, Türkiyə, Türkmənistan, Qazaxıstan, Tacikistan, Hindistan və Pakistanın UNESCO yanındakı daimi nümayəndəliklərinin birgə təşkilatçılığı ilə bu qurumun mənzil-qərargahında Novruz bayramı təntənəli şəkildə qeyd edilib.Azərtac xəbər verir ki, təntənəli mərasimdə təşkilat komitəsinin rəhbəri qismində İran İslam Respublikasının UNESCO yanındakı daimi nümayəndəsi Ə.Calali çıxış edərək Novruz bayramı və onun mənəvi əhəmiyyətindən danışıb.Sonra UNESCO-nun baş direktorunun müavini Getaçyu Engida çıxış edərək təşkilatçı ölkələrin səfirlərini salamlayıb, tədbir iştirakçılarını qurumun baş direktoru Odri Azuleyin adından təbrik edib. Novruz bayramının sülh, həmrəylik kimi ümumbəşəri dəyərləri əks etdirdiyini, nəsildən nəsilə ötürülən milli mənsubiyyət nümunəsi olduğunu diqqətə çatdırıb. G.Engida Novruzu bəşəriyyət üçün önəmli bayramlardan biri kimi səciyyələndirib və UNESCO-da on ölkənin bu tədbiri birgə təşkil etməsinin möhkəm əməkdaşlıq nümunəsi olduğunu vurğulayıb.Tədbir çərçivəsində təşkilatçı ölkələrin mədəniyyət nümayəndələri milli musiqi və rəqs nümunələri ifa ediblər.Azərbaycan Respublikasının UNESCO yanındakı daimi nümayəndəliyinin rəhbəri, səfir Anar Kərimov qonaqlara ölkəmizdə Novruz bayramının keçirilməsi ənənələri haqqında məlumat verib.Daha sonra təşkil olunan ziyafətdə milli təamlarımız təqdim olunub.Xatırladaq ki, Novruz bayramı 2009-cu ildə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilib.xeber100.com  

Mart 16, 2018 4:13

“YARAT” Müasir İncəsənət Mərkəzi təqdim edir

“YARAT” Akademiyası incəsənət haqqında cəmiyyəti maarifləndirməyi qarşısına məqsəd qoyaraq, geniş resurs və imkanlara malikdir. Xarici və yerli incəsənət ekspertləri tərəfindən keçirilən mühazirə və ustad dərsləri həm bu sahədə təhsil alan, həm də həvəskarlar üçün incəsənət dünyasını daha da dərindən tanımaq üçün əvəzolunmaz fürsətdir.“YARAT”dan Azərtac-a bildirilib ki, cari ilin yaz sessiyası üçün tədris proqramı “CITTADELLARTE” Fondu ilə əməkdaşlıq çərçivəsində baş tutacaq.Sessiya müddətində “CITTADELLARTE” Fondunun təsviri incəsənət, dəb (fashion), memarlıq və dizayn sahələri üzrə ekspertləri mühazirələr və görüşlər keçirəcəklər.Ödənişsiz müasir kitabxana və Wifi (Kitabxanada dünyanın ən nüfuzlu incəsənət nəşriyyatlarının kitabları Azərbaycan, ingilis və rus dillərində oxucular üçün təqdim olunub. Müxtəlif araşdırmaların həyata keçirilməsi üçün tələbələr WIFI xidmətindən sərbəst şəkildə istifadə edə bilərlər), audio və vizual təqdimat materialları (“YARAT” Akademiyası müddətində keçirilən bütün mühazirələr, ustad dərsləri və görüşlər zamanı istifadə olunan audio və vizual resurslar daimi iştirakçılara təqdim olunur), tərcümə (“YARAT” Akademiyasının bütün xarici mütəxəssis mühazirələri hər zaman Azərbaycan dilinə sinxron və ya ardıcıl tərcümə olunur) buna əyani sübutdur.xeber100.com

Mart 13, 2018 12:44

Bu gün Novruz çərşənbələrindən ikincisi – Od çərşənbəsi qeyd olunur

Bu gün Azərbaycanda Novruz çərşənbələrindən ikincisi - Od çərşənbəsi qeyd olunur. Ona xalq arasında “üskü çərşənbə”, “üskü gecəsi”, “ikinci çərşənbə” və yaxud “addı çərşənbə” də deyilir.Axır çərşənbə tonqalı həm də ata-baba ruhları ilə bağlıdır. Məsələn adətlərdən birinə görə, ilaxır çərşənbədə evin işığını sübhəcən söndürməzlər. Deyirlər, həmin gecə uluların ruhu sübhəcən yurda baş çəkməyə gəlir.Lakin inanclara görə, Novruz tonqalının təkcə əcdad ruhları ilə deyil, həm də bədxah ruhlarla əlaqəsi var. Qazax bölgəsinin inanclarına görə, yeni il axşamı evdə, bayırda ocaq qalayar, şam yandırarlar ki, qara div, şər, pis nəzər onlardan uzaq olsun, qorxub qaçsın.Bəzi bölgələrimizdə axır çərşənbə axşamında yandırılan tonqalın üstündən mal-qaranı, qoyun-quzunu da adladırlar ki, çillədə qalmasınlar. Çillə – köhnə ilin ağrı-acısı, qada-balasıdı, ocaqdan adlayanda hamısı tökülüb odda yanır.Digər inanca görə, axır çərşənbə tonqalı ilə Novruz tonqalı bir-birindən ciddi fərqləndirilir. Yəni, bayram axşamında, ya da bayram günündə qalanan tonqala yaş ağac atılmaz. Yaş ağacı həmin ocağa atsan, ruzi-bərəkət çəkilər.İnanclardan birinə görə isə çərşənbə axşamı lampanın altına bağlı qıfıl qoyur və niyyət edib gözləyirlər. Kim qapını açıb birinci evə girsə, onun ilk sözünü niyyətlərinə görə yozurlar.Xatırladaq ki, Azərbaycanda Novruzun ilk çərşənbəsi - Su çərşənbəsi fevralın 27-də qeyd edilib. Martın 13-ü Hava (Yel), martın 20-i isə axırıncı - Torpaq çərşənbəsidir.Yaz fəsli isə Azərbaycana martın 20-də Bakı vaxtı ilə saat 20:15-də daxil olacaq.xeber100.com  

Mart 6, 2018 2:54