Mədəniyyət Nazirliyinin dəstəyilə Türk Dünyasının Yumor Festivalı keçirilib

“Yaradıcı həftə” çərçivəsində Mədəniyyət Nazirliyinin dəstəyi ilə Nizami Kino Mərkəzində Türk Dünyasının Yumor Festivalı keçirilib. Nazirlikdən bildirilib ki, festivalın əsas məqsədi qarşılıqlı mədəni inteqrasiya, təcrübə mübadiləsi, yaradıcı və peşəkar qarşılıqlı fəaliyyət, inkişaf yolunda möhkəmlənmə, şou-biznes sahəsində birgə beynəlxalq yaradıcılıq layihələrinin hazırlanmasıdır. TÜRKSOY-un baş katibinin müşaviri Kayrat Mukanov çıxış edərək bildirib ki, Türk Dünyasının Yumor Festivalı ilk dəfədir keçirilir. Festivalın məhz Azərbaycanda keçirilməsi sevindirici haldır. Festivalda Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Tatarıstandan yumor sahəsini təmsil edən yaradıcı sənayenin tanınmış simaları iştirak ediblər. Türk dünyasının yumor ustaları “stand-up” janrında çıxış ediblər. Yumor ustaları Erkin Ergin, Cavid Qurbanov, Rüstəm Əhmədov (Azərbaycan), Oğulcan Bektaş, Doruk Kaparlar (Türkiyə), Ayrat Mavlyutov, Bulat Xanmurzin (Tatarıstan), Medet Kalibekov, Aubakir Emilbay (Qazaxıstan), Taras Kosimbarov, İndira Miftaxova (Özbəkistan), Azimxan Raxatov, Anzor Borzayev (Qırğızıstan) öz istedadlarını nümayiş etdiriblər. Münsiflər heyətinin qərarına əsasən, Tatarıstanı təmsil edən Kazan stand-up klubunun üzvü Bulat Xanmurzin qalib adını qazanıb. Qalibə festivalın kuboku təqdim edilib. Sonda münsiflər heyətinin üzvləri çıxış edərək festivalın təşkilatçılarına təşəkkürlərini bildiriblər.xeber100.com

Dekabr 4, 2023 1:38

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan tədbirlər çərçivəsində

Dekabrın 18-20-də Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə ölkəmizdə ilk dəfə “Mədəni irs” forumu keçiriləcək. Mədəniyyət Nazirliyindən bildirilib ki, Forum Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan tədbirlər çərçivəsində baş tutacaq. Tanınmış tarixçi, arxeoloq, rəssam, memar, heykəltaraş, sənətkar və sahə üzrə digər mütəxəssislərin iştirakı ilə geniş müzakirələrin aparılacağı forumda mədəniyyətimizin və milli irsimizin yaşadılması, inkişafı və təbliği, mövcud vəziyyət, maddi və qeyri-maddi irsimizə, təsviri və tətbiqi sənətə, tarixi abidələrə dövlət dəstəyi və digər istiqamətlərdə diskussiyalar olacaq. Forumda “Azərbaycanın daşınmaz tarixi - mədəni irsinin tədqiqi və mühafizəsi problemləri”, “Postkonflikt dövründə Azərbaycanın tarixi - mədəni və təbii irsinin qorunması məsələləri”, “Azərbaycanda daşınar mədəni irs: muzey işi və müasir çağırışlar”, “Qeyri-maddi mədəni irsin mühafizəsi və müasir çağırışlar”, “Təsviri sənət və müasir çağırışlar”, “Mədəni irs və müasir memarlıq- Şəhərsalma prinsipləri” mövzuları üzrə panellər təşkil olunacaq. Panellerdə müvafiq sahələrin mövcud vəziyyəti və gələcək perspektivlər barədə fikir mübadiləsi aparılacaq.

Noyabr 27, 2023 3:12

“Yaradıcı Həftə” çərçivəsində “Musiqi Sənayesi Platforması” təşkil olunacaq

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Yaradıcı Həftə” çərçivəsində “Musiqi Sənayesi Platforması” (MİP) təşkil olunacaq, Azərbaycanın musiqi sənayesinin imkanları və çağırışları bu sahəyə öz töhfəsini verən şəxslərin iştirakı ilə noyabrın 30-da Heydər Əliyev Mərkəzində platforma çərçivəsində müzakirə ediləcək. Nazirlikdən verilən məlumata görə, əsas məqsəd son illərdə bu sənayedə mövcud olan trendləri, hadisələri müzakirə etmək, musiqi sənayesinin inkişafı üçün potensial addımları müəyyən etmək, həmçinin bu istiqamətdə beynəlxalq təcrübəni araşdıraraq Azərbaycan musiqi sənayesinə tətbiq etməyin yollarını öyrənməkdir. Panel sessiyalarda Azərbaycan musiqi sənayesinin inkişafı və Azərbaycan musiqisinin təbliği mövzularında fikir mübadiləsi aparılacaq. Tədbirə xarici ekspertlər, beynəlxalq layihələrdə təcrübəsi olan mütəxəssislər, ölkədə musiqi sənayesinə töhfə verən və tanınan şəxslər, o cümlədən prodüserlər və musiqiçilər dəvət olunub. Panel sessiyaların davamı olaraq dekabrın 1-də Beynəlxalq Muğam Mərkəzində Avroviziya Mahnı Müsabiqəsi ilə bağlı müzakirələr (“Eurovision Talks") təşkil olunacaq. Tədbirdə bu yarışmada əldə olunan uğurlar, gələcək planlar və ümumiyyətlə bu kimi beynəlxalq musiqi müsabiqələrinin Azərbaycanın musiqi sənayesinə təsirindən danışılacaq.  

Noyabr 24, 2023 2:55

Strateji tərəfdaşlığa dair üçtərəfli memorandum imzalanıb

Noyabrın 15-də Dövlət Turizm Agentliyinin tabeliyindəki Azərbaycan Turizm Bürosu tərəfindən Çin Xalq Respublikasının Pekin şəhərində təşkil edilmiş tədbirdə Azərbaycan Turizm Bürosu, "Azərbaycan Hava Yolları" QSC və "China Tourism Group" (CTG) arasında strateji tərəfdaşlığa dair üçtərəfli memorandum imzalanıb. Dövlət Turizm Agentliyindən bildirilib ki, memoranduma əsasən, Çin mərkəzi hökumətinin "China Tourism Group" (CTG) holdinqi tərəfindən Azərbaycan turizm məhsullarının təşviqi, yeni turizm məhsullarının inkişaf etdirilməsi, onlayn reklam, sosial media vasitəsilə məzmun marketinqi, onlayn və oflayn tədbirlərin təşkili üzrə fəaliyyətin həyata keçirilməsi nəzərdə tutulur. Həmçinin Azərbaycan Turizm Bürosu ilə Çinin tanınmış onlayn səyahət platforması "Qyer.com" arasında da əməkdaşlığa dair memorandum imzalanıb. Memorandum sənədində müştərək məzmunların yaradılması, brendin təşviq edilməsi, media təbliğatı və data əsaslı təhlil və tədqiqat sahələri üzrə strateji tərəfdaşlığın həyata keçiriləcəyi diqqətə çatdırılır. Tədbirdə çıxış edən Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid Çinin getmə turizmi üzrə geniş potensialının mövcudluğunu qeyd edərək imzalanmış memorandumların Azərbaycana səfər edən Çin vətəndaşlarının sayının artmasına öz töhfəsini verəcəyini diqqətə çatdırıb. Florian Zenqstşmid 2023-cü ilin yanvar-oktyabr dövrü ərzində Çindən Azərbaycana səfər edən ziyarətçilərin sayının 20 min 469 nəfər olduğunu, bunun da ötən ilin eyni dövrü ilə müqayisədə 7 dəfədən çox artım sayıldığını bildirib və bu rəqəmlərin çinli səyahətçilərin Azərbaycana xüsusi marağının göstəricisi olduğunu vurğulayıb. Üçtərəfli memorandumun imzalanma mərasimində "Azərbaycan Hava Yolları" QSC İcraçı direktorunun birinci müavini Nazim Səmədov qeyd edib ki, aviaşirkət dekabr ayından etibarən Çinin paytaxtı Pekinə uçuşlar həyata keçirməyi planlaşdırır. Həmçinin bildirilib ki, AZAL müasir təyyarə parkına malik, dünyanın sürətlə inkişaf edən aviadaşıyıcılarından biri olaraq marşrut şəbəkəsini daim genişləndirməkdədir. Bundan əlavə, Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə "Azərbaycan Hava Yolları" QSC və 9 yerli turizm sənayesi nümayəndəsi Çin Xarici Səyahət və Turizm Bazarı (COTTM) sərgisində ölkə stendi ilə təmsil olunub. Beynəlxalq turizm sərgisi çərçivəsində Çinin media platformaları, getmə turizm seqmentində fəaliyyət göstərən turizm şirkətləri ilə görüşlər keçirilib, Azərbaycanın turizm məhsulları barədə məlumat verilib. Xatırladaq ki, ötən həftə Şanxayda Azərbaycanı çinli səyahətçilərin üstünlük verəcəyi turizm istiqamətinə çevirmək məqsədi daşıyan, turizm sənayesinin çinli turistləri qarşılamağa və onlara xidmət göstərməyə hazırlığını təmin etmək üçün nəzərdə tutulan “China Ready” proqramının təqdimatı baş tutub. Çin turizm sənayesinin Azərbaycan haqqında məlumatlılığını genişləndirmək və ölkənin Çin bazarında iştirakını gücləndirmək məqsədilə Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə 9-13 noyabrda Çinin Şanxay, Quançjou və Çenqdu şəhərlərində silsilə təqdimat tədbirləri keçirilib.xeber100.com

Noyabr 16, 2023 3:45

Sankt-Peterburqda IX Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumu işə başlayıb

Sankt-Peterburqda IX Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumu işə başlayıb. Tədbirdə 73 dövlətdən nümayəndə heyəti, eləcə də 30 ölkənin mədəniyyət nazirləri iştirak edir. Azərbaycan tədbirdə mədəniyyət naziri Adil Kərimlinin rəhbərliyi ilə böyük nümayəndə heyəti ilə təmsil olunur. Forum 3 ildən sonra fəaliyyətini bərpa edib. Belə ki, ötən dövr ərzində COVID-19 pandemiyası və Rusiyanın Ukraynada hərbi əməliyyata başlaması ilə əlaqədar forum təxirə salınmışdı. Noyabrın 18-dək davam edəcək forumun gündəliyi kifayət qədər zəngindir. Builki tədbirin proqramı 9 tematik blokdan, o cümlədən kino, teatr, muzey, süni intellekt və digər mövzulardan ibarətdir. Tədbir çərçivəsində Azərbaycan naziri Adil Kərimlinin rusiyalı həmkarı Olqa Lyubimova ilə görüşü, Dövlət Ermitajında Azərbaycan zalı, dahi bəstəkar Üzeyir Hacıbəylinin Rusiyanın Şimal paytaxtinda ucaldılacaq abidəsinin məkanı ilə tanışlığı gözlənilir. Bundan başqa, səfər çərçivəsində nazirin forumun plenar iclasında iştirakı, həmçinin də “Mədəni suverenlik dövlət kimliyinin əsası kimi” adlı tədbirdə çıxışı nəzərdə tutulub. Forumun bölmələr üzrə iclaslarında Mədəniyyət Nazirliyinin nümayəndələrinin “Süni intellekt – mədəniyyətə təhlükə və ya fayda”, “Ənənəvi mədəniyyət sivil cəmiyyətin qurulmasının təməli kimi” və “Teatr” mövzularında çıxışları nəzərdə tutulur. Forumun sonunda “Ermitaj” mükafatının təntənəli təqdimat mərasimi keçiriləcək.xeber100.com

Noyabr 16, 2023 3:38

“Məhv olmuş gündəliklər” tamaşasının növbəti nümayişi keçirildi

Noyabrın 15-də Bakı Bələdiyyə Teatrının Xalq yazıçısı İlyas Əfəndiyevin "Məhv olmuş gündəliklər” pyesi əsasında hazırladığı eyniadlı tamaşanın növbəti nümayişi keçirildi. DTX Mədəniyyət Mərkəzində baş tutan nümayişdə Azərbaycan Silahlı Qüvvələrinin polkovniki, Əməkdar incəsənət xadimi Abdulla Qurbani, Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, Xalq artisti Həmidə Ömərova, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva və eləcə də əsgər və zabitər iştirak edirdi. Öncə Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi dövlət himnimizin sədaları altında bir dəqiqəlik sükutla yad edildi. Daha sonra söz Əməkdar incəsənət xadimi Abdulla Qurbaniyə verildi. A.Qurbani öz çıxışını vətənpərvərlik üzərində quraraq Azərbaycan ordusunun gücünü-qüdrətindən, 44 günlük müharibə nəticəsində qazanılan qələbədən bəhs etdi, daha sonra döyüşən teatr kimi tanınan Bakı Bələdiyyə Teatrının bu illər ərzində gördüyü işləri, qazandığı uğurları diqqətə çəkdi. Onu da qeyd etdi ki,  Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 3 mart 2023-cü ildə imzaladığı Sərəncama əsasən, bu il Mədəniyyət Nazirliyi görkəmli teatr rejissoru, Xalq artisti Tofiq Kazımovun 100 illik yubileyi ilə bağlı tədbirlər planı həyata keçirməsi nəticəsində Bakı Bələdiyyə Teatrı yubiley tədbirləri planı çərçivəsində "Məhv olmuş gündəliklər” pyesinə müraciət edib. Xatırladaq ki, İlyas Əfəndiyevin 1969-cu ildə yazdığı “Məhv olmuş gündəliklər” pyesi Azərbaycan teatrlarının səhnəsində bir çox rejissorlar tərəfindən tamaşaya qoyulmuş və zaman-zaman ən baxımlı səhnə əsərlərindən biri kimi müəllifinə şöhrət gətirmişdir. Pyesə müraciət edən rejissorlardan biri də Tofiq Kazımov olub və onun hazırladığı tamaşa da öz dövrünün tamaşaçısının böyük marağına səbəb olub. Bakı Bələdiyyə Teatrının "Məhv olmuş gündəliklər” pyesi əsasında hazırladığı eyniadlı tamaşanın quruluşçu rejissoru, Xalq artisti Mərahim Fərzəlibəyovdur. M.Fərzəlibəyov İlyas Əfəndiyevin bir çox pyeslərinə səhnə həyatı verib. “Məhv olmuş gündəliklər” pyesi sayca Xalq yazıçısının 11-ci pyesidir ki, rejissor  onu səhnələşdirir. Tamaşada iştirak edirlər: Zülfiyyə Məmmədova, İlqar Musayev, Nigar Babayeva, Gülsabah Quliyeva,Toğrul Rza, Məmmədağa Əlilicanzadə. Yaradıcı heyət: Quruluşçu rəssam – İlham Əsgərov (Əməkdar mədəniyyət işçisi) Musiqi hissə müdiri – Nazim Əbidov (Əməkdar mədəniyyət işçisi) İşıqçı rəssam – Tərlan Ələsgərli Kostyum sexinin müdiri – Leyla Əkbərova Dizayn işləri üzrə tərtibatçı – Elnur Ehtiramoğlu.xeber100.com

Noyabr 16, 2023 2:49

Azərbaycanın Zəfər və Bayraq günlərinə həsr olunmuş təntənəli bayram tədbiri keçirilib

Kanadanın Toronto şəhərində yerləşən “Markham Konqres Mərkəzi”ndə (“Markham Convention Centre”) Azərbaycanın Zəfər və Bayraq günlərinə həsr olunmuş təntənəli bayram tədbiri keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və “Vətən” Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə baş tutan tədbirdə dövlət qurumlarının rəsmi şəxsləri, parlament üzvləri, diplomatik korpusun təmsilçiləri, Azərbaycan icmasının və müxtəlif icmaların nümayəndələri iştirak ediblər. Azərbaycan və Kanadanın Dövlət himnlərinin səsləndirilməsi ilə başlayan tədbirdə çıxış edən “Vətən” Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzinin rəhbəri Lalin Həsənova soydaşlarımızı bu əlamətdar tarixi günlər münasibətilə təbrik edib. O bildirib ki, Azərbaycan həqiqətlərinin, xalqımızın haqq səsinin Kanadada eşidilməsi üçün soydaşlarımız yerli ictimaiyyət və müxtəlif icmalarla birgə səmərəli fəaliyyət göstərir. Tədbirdə çıxış edən Ontario əyalət parlamentinin üzvü, Ontario əyaləti üzrə Mental sağlamlıq və asılılıqlar naziri Maykl Tibollo Azərbaycanın Dövlət Bayrağı Gününün əhəmiyyətindən bəhs edib və icmamızı bu münasibətilə təbrik edib. Nazir Maykl Tibollonun və Markham şəhərinin meri Frank Skarpitti adından Bayraq Günü ilə bağlı təbrik bəyannamələri “Vətən” Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzinə təqdim olunub. Tədbir musiqi gecəsi ilə davam edib. Kanadada yaşayan sənətçilər – Azərbaycanın Xalq artisti, Prezident təqaüdçüsü Həsən Enaminin (tenor), Əliheydər Mirzəbəyovun rəhbərlik etdiyi “Vətən” Azərbaycan instrumental ansamblının, “Təbriz” Azərbaycan mahnı və rəqs ansamblının solistləri Şervin Şadpur və Polad Kaşefin ifalarında Azərbaycan bəstəkarlarının əsərləri səsləndirilib. Kanada Azərbaycan Evinin nəzdində fəaliyyət göstərən “Mənim Azərbaycanım” həftəsonu məktəbinin şagirdlərinin təqdim etdikləri “Qaval”, “Sarı Gəlin”, “Zəfər” rəqsləri və “Qarabağ” mahnısı xüsusi maraq doğurub. Qeyd edək ki, məktəb şagirdlərinə milli rəqsləri Bakı Xoreoqrafiya Məktəbinin məzunu, Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti Orxan İslamov qısa müddət ərzində öyrədib.Konsert proqramı qonaqların gur alqışları ilə qarşılanıb. Tədbir çərçivəsində Azərbaycanın zəngin mədəni irsini əks etdirən sərgi təşkil edilib.xeber100.com

Noyabr 15, 2023 3:09