“Arşın mal alan” komediyasının özbək dilində təqdimatı keçirilib

Daşkənddəki “Diydor” teatr-studiyasında Üzeyir Hacıbəylinin “Arşın mal alan” musiqili komediyasının özbək dilində təqdimatı keçirilib.Azərtac xəbər verir ki, təqdimatda səfirliyimizin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbərliyi, Özbəkistanın ədəbiyyat, mədəniyyət və incəsənət xadimləri, jurnalistlər iştirak ediblər.Tamaşanın rejissoru Özbəkistanın Xalq Artisti Bahadur Yuldaşev, rəssamı Dono Ganiyevadır. Əsas rolları Olmas Orayev, Xurşida Arabşoeva, Adiz Rajabov ifa ediblər. Musiqi tərtibatçıları arasında Özbəkistanda tanınan saz ifaçısı, soydaşımız İlham Abdullayev də var.“Arşın mal alan” ilk dəfə Özbəkistanda 1919-cu ildə Daşkənddəki “Kolizey” teatrında tamaşaya qoyulub. Elə həmin il Bakıdan gələn rejissor Mirzə Həbib Axundzadə Səmərqənddə yaşayan azərbaycanlılardan ibarət teatr truppası yaradıb və əsər bu qədim şəhərdə səhnələşdirilib.1921-ci ildə bu əsər Buxarada səhnələşdirilib. 1922-ci ildə isə Daşkəndin “Raxat bağçası” teatrında Sidqi Ruhullanın rəhbərliyi ilə Azərbaycandan gələn aktyorlar musiqili komediyaya səhnə həyatı veriblər. Sonrakı illərdə “Arşın mal alan” dəfələrlə Daşkənd, Fərqanə, Buxara, Kokand, Xarəzm, Səmərqənd şəhərlərində tamaşaçılara təqdim edilib.

Aprel 4, 2018 2:36

Moskvanın Mərkəzi Ədəbiyyatçılar Evində

Moskvanın Mərkəzi Ədəbiyyatçılar Evində tanınmış rus şairi, Azərbaycan paytaxtına həsr olunan bir sıra məşhur mahnıların müəllifi Aleksandr Qorodnitskinin 85 illik yubileyinə həsr olunan yubiley gecəsi keçirilib. Apa-nın Moskva müxbirinin verdiyi məlumata görə, gecədə Rusiyanın tanınmış incəsənət nümayəndələri, ictimai xadimləri, şairin oxucuları və dinləyiciləri iştirak ediblər.Gecənin aparıcısı tanınmış jurnalist, TASS İnformasiya Agentliyinin baş direktorunun müavini Mixail Qusman olub. Qusman yubilyarın onun doğma şəhəri olan Bakıya bir neçə mahnı həsr etdiyini söyləyib: "Hətta bu mahnılardan biri mənə həsr olunub. Ona görə də, Aleksandr Moiseyeviçin bu gecəni aparmağı mənə həvalə etməsi mənim üçün çox dəyərlidir. O, hətta Rusiya üzrə keçiriləcək olan bütün yubiley konsertlərinin rejissorluğunu da bakılı rejissor Cavid İmanverdiyevə həvalə edib. Aleksandr Moiseyeviçə doğma şəhərim Bakıya olan bu sevgisinə görə təşəkkürümü bildirirəm".Yubilyarı təbrik etməyə Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu da gəlib. O bildirib ki, bakılılar Aleksandr Qorodnitskini öz şairi hesab edirlər: "Onun Bakı haqqında möhtəşəm şeirləri və mahnıları var. O, müəllif mahnıları müsabiqəsində iştirak edib. Aleksandr Qorodnitskini Bakıda yaxşı tanıyırlar, sevirlər. Ona görə də, özümə borc bildim ki, Aleksandr Qorodnitskini təbrik edib, ona arzularımı çatdırım. Arzu edirəm ki, Aleksandr Moiseyeviçin 100 illik yubileyinə yığışaq. Həyat elə qurulub ki, insanlar bir vaxt həyatdan köçürlər. Lakin yaradıcı insanların etdikləri həyatda qalır və daim onları xatırladır. İndiki dövrdə elə bu qədər yaşamağın özü belə qəhrəmanlıqdır. Yubilyarı belə eleqant formada səhnədə görmək çox gözəldir. Hesab edirəm ki, Aleksandr Moseyeviç 100 yaşına kimi hələ çox şeirlər və mahnılar yazacaq və biz də onları oxuyacağıq".A. Qorodnitski Polad Bülbüloğlunun təbrikinin onun üçün gözlənilməz hədiyyə olduğunu söyləyib: "Dahi musiqiçi və diplomat istedadının bir insanda birləşməsi dünyada böyük hadisədir".Yubilyar gecədə Bakıya həsr etdiyi mahnını da ifa edib.Qeyd edək ki, Aleksandr Qorodnitski Rusiyanın geologiya və okean geoifizikası sahəsində aparıcı alimlərindən biridir. Rusiya Elmlər Akademiyasının həqiqi üzvü Qorodnitski müəllif mahnısı janrının ustalarından hesab olunur. O, "Atlantı" adlı mahnısı ilə 1966-cı ildə keçirilən Birinci Ümumittifaq müsabiqəsində ən yaxşı turist mahnısının qalibi olub.xeber100.com

Aprel 1, 2018 2:09