Azərbaycan Mətbuat Şurası bəyanat yayıb

Azərbaycan Mətbuat Şurası bəyanat yayıb. Bəyanatda deyilir: “İyulun 21-23-də keçirilmiş “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumu auditoriya genişliyi, mövzu zənginliyi ilə Azərbaycanda, Cənubi Qafqaz regionunda və bütövlükdə dünyada mühüm əhəmiyyət daşıyan hadisəyə çevrildi. İki gün ərzində nüfuzlu media, jurnalist təşkilatları rəhbərləri, ekspertlər media və informasiya-kommunikasiya sahəsinin aktual məsələlərini ətraflı müzakirə etdilər. Təəssüf ki, öz ənənəsinə sadiq qalan Ermənistanın Azərbaycana qarşı apardığı qaralama kampaniyası hələ tədbirin gedişində özünü göstərməyə başladı. Ölkənin 11 jurnalist təşkilatı Forumun iştirakçılarına müraciət ünvanlayaraq və yersiz həmkar sentimentallığı nümayiş etdirərək, əcnəbi media mənsublarını qınadılar, onları Şuşanı tərk etməyə çağırdılar. Müraciətdə, həmçinin Qarabağın erməni əhalisinin, guya “blokadada” olduğuna dair iddianın irəli sürülməsi və xarici jurnalistlərdən mövzunu gündəmə gətirmək istənilməsi bu mühüm hadisəni siyasiləşdirmək və bundan mümkün dividend əldə etmək cəhdindən başqa bir şey deyildi. Daha bir məqam erməni tərəfinin eyni motivli müraciəti beynəlxalq təşkilatlara da ünvanlamasıdır. Həmin müraciətdə Foruma qarşı bəyanatın verilməsi, tədbirə qatılmış xarici jurnalistlərin fəaliyyətinin pislənilməsi kimi qəbuledilməz fikirlər irəli sürüldü. Bu azmış kimi, həmin jurnalistlərin elektron poçt ünvanlarına hədə-qorxu dolu məktublar göndərildi, onlar şantaja və sözün əsl mənasında, terrora məruz qaldılar. Bəzi iştirakçılar hətta öz sosial şəbəkə hesablarını müvəqqəti qapatmaq məcburiyyətində qaldılar. Şuşa forumuna qatılanların adından yalançı açıqlamaların yayılması, guya onların həmin açıqlamalarında Qarabağın “blokadasının” aradan qaldırılmasına yönələn fikirlər səsləndirdikləri iddiası isə heç bir əndazəyə sığmır. Ermənistanda media fəaliyyəti ilə məşğul olduğunu bildirən şəxslərin, faktiki olaraq, Cənubi Qafqaz regionunda sülh gündəliyinə qarşı çıxması, təxribatçı əməlləri jurnalistikadan sui-istifadədir, peşə prinsiplərinə etinasız yanaşmadır. Azərbaycan Mətbuat Şurası bundan narahatdır. Şura hesab edir ki, beynəlxalq ictimai rəyi çaşdırmağa yönəlmiş, xarici media mənsublarını təhdid edən bu kimi hallar tam yolverilməzdir və məsələyə sərt reaksiyanın göstərilməsi mütləqdir. Qurum beynəlxalq ictimaiyyəti, habelə dünyanın aparıcı jurnalist təşkilatlarını mövcud istiqamətdə həmrəylik nümayişinə, müvafiq tədbirlər görməyə çağırır. Mətbuat Şurası, eyni zamanda, Ermənistan mediasının çirkin siyasi texnologiyalardan istifadə etməsindən dərin təəssüf hissi keçirir. Şura hesab edir ki, həm Azərbaycanın, həm də Ermənistanın media orqanları ölkələr arasındakı münasibətlərin pozulmasına deyil, əksinə, normallaşmasına xidmət etməlidirlər. Ermənistanın, ermənipərəst dairələrin bu sayaq spekulyativ addımları heç bir nəticə verməyəcək. Mətbuat Şurası əmindir ki, Şuşa Qlobal Media Forumu davamlı xarakter almaqla, dünyada media sahəsindəki problemlərin dərin müzakirə olunacağı mötəbər platformaya çevrilməkdədir. Yaxşı olardı ki, Ermənistan jurnalistləri avantürist meyillərin əsirinə çevrilməsinlər, gələcəkdə bu platformada təmsil olunsunlar və jurnalistika dəyərlərinin qorunmasına töhfə versinlər”.xeber100.com

İyul 25, 2023 2:20

Milli Mətbuat Günü münasibətilə ustad dərsi keçirilib

İyulun 23-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində Milli Mətbuat Günü münasibətilə “4-cü Sənaye İnqılabı dövründə yeni media” Forumu çərçivəsində yerli fotoqraflar üçün tanınmış rusiyalı fotojurnalist Sergey Kivrin tərəfindən ustad dərsi keçirilib. “Gilavar Foto Klubu” ictimai birliyinin “PeşəkarSƏN” proqramının növbəti belə təlimində 12 gənc fotoqraf iştirak edib. İlk dəfə Şuşada olmağın sevincini yaşayan gənclər təlimdən əvvəl şəhəri gəziblər. Fotoqraflar öz gələcək arxivləri üçün Cıdır düzündə, Molla Pənah Vaqifin türbəsi, Xan qızı Natəvanın dağıdılmış evinin qarşısında, Şuşa qalasında və mədəniyyət paytaxtının digər görməli yerlərində fotolar çəkiblər. Tədbirin əvvəlində, təlimçi gənc iştirakçılara öz peşəkar fəaliyyəti haqqında məlumat verib, uzun illər ərzində çəkilən fotoları nümayiş etdirib. Təlim zamanı gənc fotoqraflar foto sənətinin bir çox sirlərini öyrənmək imkanını əldə ediblər. Sonra Sergey Kivrin iştirakçıları maraqlandıran sualları cavablayıb. Sonda ustad dərslərində iştirak edən fotoqraflara rusiyalı fotoqraf Sergey Kivrinin imzası ilə sertifikatlar verilib. Öz növbəsində Gilavar Foto Klubu tərəfindən qonağa fotoqraflar adından tarixi Şuşa şəhərini xatırladan xatirə hədiyyəsi təqdim olunub. Qeyd edək ki, Qlobal Forumda Sergey Kivrinin və azərbaycanlı fotoqrafların 44 günlük Vətən müharibəsi dönəmində və ondan sonrakı dövrlərdə işğaldan azad olunmuş torpaqlarda çəkdiyi fotolar sərgilənib. Sərgidə Rəşad Mehdiyev, Famil Mahmudbəyli, Kərim Abbasov, Elxan Qəniyev, Murad Orucov, Roman İsmayılov, Orxan Əzim və Vüqar İbadovun şəkilləri yer alıb.

İyul 23, 2023 2:20

Qanunvericiliyin pozulmasına görə cərimələrdə dəyişiklik edildi

Media haqqında qanunvericiliyin pozulmasına görə cərimələrdə dəyişiklik edildi. Bu məsələ Milli Məclisin fevralın 17-də keçirilən plenar iclasının gündəliyinə daxil edilmiş İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində əksini tapıb. Sənədə əsasən, media məhsullarının qanunla müəyyən edilmiş qaydada yayılmasına mane olmağa görə fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə ediləcəklər. Jurnalistlərin peşəkar fəaliyyətinə qanunsuz müdaxilə edilməsinə görə üç yüz manatdan altı yüz manatadək məbləğdə cərimə nəzərdə tutulur. Qanunla müəyyənləşdirilmiş hallardan başqa media subyektləri və jurnalistlərin informasiya almaq hüququnun məhdudlaşdırılmasına və ya onlara informasiya verilməsindən imtina edilməsinə, yaxud qanunla müəyyən edilmiş müddətdə onların sorğusuna cavab verilməməsinə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə tətbiq ediləcək. Media subyektləri tərəfindən təkzib, cavab və düzəliş verilməsinin “Media haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydalarının pozulmasına görə vəzifəli şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, audiovizual media subyektləri tərəfindən yayımlanmış materialların saxlanılmasının “Media haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydalarının pozulmasına görə vəzifəli şəxslər beş yüz manatdan yeddi yüz manatadək məbləğdə, hüquqi şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcəklər. Həmçinin audiovizual media, çap mediası və onlayn media subyektləri tərəfindən reklam və sponsorluqla bağlı “Media haqqında” və “Reklam haqqında” Azərbaycan Respublikası qanunlarının tələblərinə riayət edilməməsinə görə vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək, hüquqi şəxslər səkkiz min manatdan on min manatadək məbləğdə, proqrama müstəsna yayım hüququ əldə etmiş audiovizual yayımçıdan başqa, digər audiovizual yayımçıların həmin proqramı yayımlamasına görə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilməsi nəzərdə tutulur. Eyni zamanda, yayımın müvəqqəti dayandırılması barədə məlumatın yayımın dayandırıldığı müddət ərzində audiovizual yayımçının televiziya və (və ya) radio kanalında yayımlanmamasına, yaxud yayımın dayandırılmasına və ya digər məsuliyyət tədbirinin tətbiqinə səbəb olmuş audiovizual proqramın audiovizual yayımçının veb-saytından və həmin proqramın yayımlandığı videopaylaşım platformalarından çıxarılmamasına görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan dörd min manatadək məbləğdə, audiovizual media subyektlərinin redaksiyasının loqotipinin (embleminin) Azərbaycan Respublikası Audiovizual Şurasının razılığı olmadan dəyişdirilməsinə görə vəzifəli şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə cərimə tətbiq ediləcək. Media subyektinin redaksiyası (məsul redaktoru) və jurnalistlər tərəfindən media sahəsində fəaliyyət azadlığından və jurnalist hüququndan sui-istifadə etməyə, yəni açıqlanması qanunla qadağan edilən informasiyanı yaymağa və informasiya mənbəyini qanunla yol verilməyən hallarda açıqlamağa görə fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər beş yüz manatdan yeddi yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə ediləcəklər. Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda təsdiq edilib.xeber100.com

Fevral 17, 2023 2:31

Mətbuat Şurasının müraciəti…

Bu il fevralın 26-da cəbhə xəttində atəşkəsin pozulması nəticəsində hərbçilərimiz həlak oldu. Məlum olduğu kimi, Ermənistan hakimiyyəti və hərbi dairələri özünün məkrli xislətindən, çirkin mahiyyətindən irəli gələrək əvvəlcə cəsədlərin götürülməsinə maneçilik yaradırdı. Onların dövriyyəyə buraxdıqları və əsgər cəsədlərinin yer aldığı video-görüntü də məhz həmin müddətdə hazırlanmışdı.Məlum video-görüntü Azərbaycan ictimaiyyəti içərisində xof yaratmaq, qorxu aşılamaq məqsədi daşıyır. Təəssüf ki, bəzi internet informasiya resursları, eləcə də ayrı-ayrı sosial şəbəkə istifadəçiləri bunun fərqinə varmırlar, məsələyə sentimentallıq çalarları gətirərək paylaşımlar edirlər. Qabardılan cəhət isə əsgərlərin əl-ələ tutaraq şəhid olmalarıdır. Hər bir halda yerdəki cansız cəsədlər Azərbaycan hərbçilərinindir, yaxud Ermənistan tərəfindən Azərbaycan hərbçilərinə məxsus olduğu iddia edilir.Nəzərə almaq lazımdır ki, övladı, qardaşı, qohumu hazırda cəbhə xəttində xidmət edən vətəndaşlarımız var. Onların həmin görüntüləri izləyərkən hansı ağır hisləri keçirdiklərini təsəvvür etmək çətin deyil. Ermənistan hakimiyyət dairələri də məhz ağır hislərə toxunmaq, inamsızlıq aşılamaq «məqsədi» güdürdülər.Azərbaycan Mətbuat Şurası internet informasiya resurslarına, ayrı-ayrı sosial şəbəkə istifadəçilərinə müraciət edərək Ermənistan tərəfindən dövriyyəyə buraxılmış və Azərbaycan hərbçilərinin cəsədlərinin yer aldığı iddia olunan video-görüntüləri yaymamağa çağırır. Şura kütləvi informasiya vasitələrinə, KİV kimi fəaliyyət göstərdiyini iddia edən hüquqi və fiziki şəxslərə cəmiyyətdə ruh düşkünlüyü yarada bilən, yaratması ehtimal olunan meyllərdən uzaq durmağı, həssas davranmağı tövsiyə edir.Bir daha bildiririk ki, həssas olmaq peşəkarlıq göstəricisidir. Peşəkarlıq isə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin materiallarına istinad, əldə edilmiş məlumatların bu qurumla dəqiqləşdirilməsidir.xeber100.com  

Fevral 28, 2017 12:14