Mətbuat Şurasının jurnalistlərə müraciəti…

Qədim tarixə malik xalqlarımız arasındakı çoxəsrlik münasibətlərin qorunması və inkişaf etdirilməsi Azərbaycan və Türkiyə dövlətlərinin müasir dövrdə qarşıya qoyduğu ən mühüm vəzifədir. Bu vəzifə əsas götürülərək ölkələrimizin mənafe və prinsiplərinin müəyyənləşdirilməsində, vahid platforma olaraq bəyan edilməsində media başlıca vasitə kimi çıxış edir, qloballaşan dünyada ortaq türk dəyərlərinin təbliğini rəhbər tutmaqla son dərəcə əhəmiyyətli missiya yerinə yetirir. Hər iki ölkə jurnalistlərinin yaradıcılıq dəst-xəttində həmçinin Azərbaycan və Türkiyənin dövlətçilik maraqlarına xələl gətirən halların qarşısının alınmasına yönələn birgə fəaliyyət də başlıca yeri tutur. Təqdirəlayiq haldır ki, Azərbaycan mediası Türkiyədə 15-16 iyul 2016-cı il tarixlərində gerçəkləşdirilməsinə cəhd edilən dövlət çevrilişi aktına Türkiyə xalqının mənafelərini nəzərə almaqla yanaşdı, çoxsaylı insan tələfatına səbəb olan terrorçuluq əməllərini qətiyyətlə pislədi. Bu, həm də qardaş ölkə mediasının hadisəyə münasibətdə tutduğu mövqe ilə həmrəylik nümayişi kimi yadda qaldı. Azərbaycan Mətbuat Şurası mövcud dəst-xəttin hər zaman davamlı olacağına əmindir. Mətbuat Şurası eyni zamanda Azərbaycanın kütləvi informasiya vasitələrinə müraciət edərək onları qardaş Türkiyə üçün taleyüklü vəziyyətə münasibətdə həssaslıq nümayişinə çağırır. Bu həssaslıq ilk növbədə peşəkar yanaşmadan keçir. Peşəkarlıq isə obyektivlik, dəqiqlik və qərəzsizlik meyarlarına riayət etməkdir. İndiki vəziyyətdə peşəkarlıq Türkiyədə ictimai asayişin pozulmasına səbəb olmuş, ölkənin dövlətçilik ənənələrinin sarsıdılmasına yönəlmiş hər hansı hərəkətin, bu hərəkəti doğuran şəxs və şəxslərin heç bir halda Azərbaycan mediasında təbliğ edilməməsidir. Türkiyə dövlətinin maraqları demokratizmə söykənir, meydanlara axışaraq seçdiyi hakimiyyətini müdafiə əzminə köklənmiş böyük türk xalqının baxışları ilə uzlaşır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də hərbi çevriliş cəhdini qətiyyətlə pisləyərkən bildirib ki, Azərbaycan xalqı və dövləti həmişə olduğu kimi Türkiyə xalqı və dövlətinin yanındadır. Azərbaycan cəmiyyəti Türkiyədəki xalq-hakimiyyət birliyini müxtəlif beynəlxalq güclərin yaşadığımız coğrafiyadakı anti-milli siyasətinə qarşı dirəniş və vəhdət modeli olaraq görür. Mediamızın məhz belə yanaşmanı təbliğ etməsi son dərəcə zəruridir. Azərbaycan Mətbuat Şurası bir daha ölkə jurnalistlərinə müraciət edərək onları qardaş Türkiyədə baş verən hadisə və proseslərə münasibətdə həssas olmağa, Türkiyə xalqının iradəsini nəzərə almağa, Türkiyənin dövlət maraqlarını hakimiyyət çevrilişi cəhdi ilə təhdid edən terrorçu təmayülləri, terror əməllərini törədənləri, himayə edənləri hansısa formada müdafiə edəcək, müdafiə təsəvvürü yaradacaq təqdimatlardan uzaq durmağa çağırır.xeber100.com  

İyul 20, 2016 10:45

Tbilisidə 13-cü Cənubi Qafqaz konfransı keçirilir

İyulun 6-da Tbilisidə kütləvi informasiya vasitələrinin 13-cu Cənubi Qafqaz konfransı işə başlayıb. “KİV-də söz və ifadə azadlığında müxtəlif çağırışlar” mövzusuna həsr olunmuş beynəlxalq konfransda Azərbaycanı Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin baş məsləhətçisi Kamran Həsənov, Milli Məclisin deputatı, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, KİV-lərin və QHT-lərin nümayəndələri, müstəqil ekspertlər təmsil edirlər. Konfransda əsasən, Cənubi Qafqazda və Avropa ölkələrində KİV-in vəziyyəti, söz, mətbuat azadlığı, jurnalistlərin təhlükəsizliyi, bu sahədə qanunvericilik, qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi, tətbiqi və s. məsələlər müzakirə olunur. Konfransın açılışında Gürcüstanın xarici işlər naziri Mixail Canalidze çıxış edərək ölkəsində söz, mətbuat azadlığı, jurnalistlərin təhlükəsizliyinin qorunması istiqamətində görülən işlərdən danışıb. Gürcüstanda bu il parlament seçkilərinin keçiriləcəyini vurğulayan nazir deyib ki, seçkiləri izləmək üçün çoxlu sayda beynəlxalq müşahidəçi və jurnalist dəvət olunacaq. Gürcüstan onların təhlükəsizliyini tam təmin edəcək. ATƏT-in media azadlığı üzrə xüsusi nümayəndəsi Dunya Miyatoviç çıxış edərək qloballaşan dünyada informasiya mübadiləsinin, mətbuat azadlığının təmin olunmasının vacibliyindən danışıb. Bildirib ki, son vaxtlar qaynar bölgələrdə, eləcə də digər mühitlərdə vəzifə borcunu yerinə yetirən çoxlu sayda jurnalist qətlə yetirilib, təhqir və təzyiqlərə məruz qalıb. Bizim əsas məqsədimiz jurnalistlərin və sosial şəbəkələrdə çalışan bloggerlərin təhlükəsizliyinə nail olmaqdır. Konfransın əsas məqsədi bu barədə toplantı iştirakçılarının fikirlərini öyrənmək və konsepsiya hazırlamaqdır. Çıxışlarda jurnalistlərin təhlükəsizliyi, söz azadlığı, mətbuat azadlığı istiqamətində görülən işlərdən danışılıb, müxtəlif fikirlər səslənib. Həmçinin jurnalist azadlığı, təhlükəsizliyi, onlara dəyən ziyanın ödənilməsi ilə bağlı məhkəmə qərarlarının icrasının yerinə yetirilməsinin vacibliyi vurğulanıb.xeber100.com

İyul 6, 2016 3:32

Medianın özünütənzimləmə qurumlarının növbəti toplantısı…

Bu gün Gürcüstanın Kaxetiya bölgəsində medianın özünütənzimləmə qurumları şəbəkəsinin növbəti toplantısı işinə başlayıb. Tədbir Avropa Birliyinin və Avropa Şurasının Azərbaycanı, Gürcüstanı, Ermənistanı, Moldovanı, Ukrayna və Belarusu hədəf qrupu kimi seçdiyi birgə layihəsi əsasında baş tutur. İki gün davam edəcək toplantıda Azərbaycan tərəfdən Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov və Şuranın İdarə Heyətinin üzvü, Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli iştirak edir. Tədbirdə şəbəkəyə üzv təşkilatların ötən müddətdə gördükləri işlər barədə hesabatlar dinlənilib. MŞ sədri Ə.Amaşov özünütənzimləmə orqanlarında etik dilemmalar mövzusunda məruzə edib, rəhbərlik edtdiyi qurumun timsalında mövcud sahədə meydana çıxan problemlərdən söz açıb. O bildirib ki, 2007-ci ildən sonra Azərbaycanda internet sürətlə inkişaf etməyə başladı. Müvafiq olaraq internet media orqanlarının sayı əhəmiyyətli dərəcədə artdı. Təbii ki, operatikliv baxımdan yeni tələblər meydana çıxdı. Lakin bu tələblər peşə prinsiplərinə də fərqli yanaşma zərurətini yaratdı. Mətbuat Şurası vəziyyətə adekvat davranmalı idi. Vəziyyətə adekvat davranmaq, cəmiyyətin və medianın mənafeyini uzlaşdırmaq media ictimaiyyətinin özünün də ictimai sifarişi kimi diqqət çəkdi: “Əlbəttə, ilk baxışdan ənənəvi media üçün etik tələblərin onlayn mediaya da asanlıqla tətbiq edilə biləcəyini düşünmək mümkündür. Ancaq bir qədər öncə məsuliyyətdən danışdım. Ənənəvi KİV fəaliyyətini peşə etikasına əsasən qurur. Eyni zamanda burada qanunlara da riayət var. Yəni qanunlar belə demək mümkünsə, peşə etikasının qarantı rolunda çıxış edir. Nəhayət, böyük ölçüdə peşə etikasına riayət edən media orqanı qanunlara da riayət etmiş sayılır. Bu müstəvidə fərqliliklərə çox az təsadüf edilir. Ancaq internet media üçün belə bir məsuliyyət yükü yoxdur. Ona görə də onları etik prinsiplərə əməl etməyə çağırmaq bəzən çətin olur. Nəticədə bir çox hallarda təkcə etik pozuntuların yox, elə qanun pozuntularının da çox hissəsi internet medianın üzərinə düşür”. MŞ İdarə Heyətinin üzvü, Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli media təbliğatındakı spesifik cəhətlər ətrafında məruzə edib. Bu xüsusda Azərbaycanla xarici ölkələr arasındakı oxşar və fərqli xüsusiyyətlərə toxunub. Toplantıda özünütənzimləmə şəbəkəsinə yeni üzvlərin cəlbi, etik standartların qorunması ilə bağlı beynəlxalq monitorinqin nəticələri, habelə onlayn media ilə əlaqədar şikayətlərin araşdırılması xüsusiyyətləri, Rusiyada özünütənzimləmə sistemindəki problemlər və s. müzakirəyə çıxarılıb. Qeyd edək ki, toplantıya Serbiya, Monteneqro, Albaniya, Bosniya ve Hersoqovina, Kosovo və Makedoniyadan da media numayəndələri qatılıblar. Tədbir iyunun 17-də mövzu ətrafındakı müzakirələrlə davam edəcək.xeber100.com    

İyun 16, 2016 4:13

Azərbaycan Mətbuat Şurasının Baş Prokurorluğa müraciəti

Azərbaycan Mətbuat Şurası ATV telekanalının “Yoxlama” layihəsinin əməkdaşlarına fiziki təzyiqlə bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğuna müraciət ünvanlayıb. Müraciətdə bildirilib ki, 2016-cı iyunun 4-də ATV telekanalının “Yoxlama” layihəsinin əməkdaşları - Azər İsmayılov, Elgün Bayramlı, Loğman İsmayılov, Arif Quliyev, İlqar Quliyev və Polad Axundzadə Şamaxı şəhərindəki “Şamaxı” yeməkxanasında çəkiliş apararkən insident baş verib. Bununla bağlı müxtəlif kütləvi informasiya vasitələrində, o cümlədən internet informasiya resurslarında məlumatlar yayılıb: “Sözügedən yeməkxananaın sahibi Hüseyn Allahverdiyev və qohumu Elşad Osmanov telekanalın əməkdaşlarına fiziki təzyiq göstərib, onlara məxsus videokameranı, səs qurğusunu və digər avadanlıqları sındırıb”. Müraciətdə eyni zamanda bildirilib ki, hər bir jurnalist işinə məsuliyyətlə yanaşmalıdır. Mövcud yanaşma cəmiyyətin mənafelərinin, informasiyaya olan tələbatının yerinə yetirilməsi zərurətinə əsaslanmalıdır. Jurnalistlərin sərbəst və maneəsiz şəkildə öz peşə vəzifələrini yerinə yetirmələrinə qanuni şərait yaradılmalıdır. Məhz buna görə də ATV telekanalının əməkdaşlarının üzləşdikləri durum ciddi şəkildə nəzarətdə saxlanılmalıdır. “Azərbaycanda hüquqi, demokratik dövlət quruculuğu prosesində yuxarıda qeyd etdiyimiz cəhətlərə, ümumən media amilinə həssas yanaşılır. Əminik ki, sizin sayənizdə ATV telekanalının “Yoxlama” layihəsinin əməkdaşları ilə bağlı insidentə də eyni həssaslıqla yanaşılacaq. Sizdən bu məsələnin ətraflı araşdırılmasına, müvafiq qanuni ölçü götürülməsinə kömək göstərməyinizi xahiş edirik”, - deyə müraciətdə vurğulanıb.xeber100.com

İyun 7, 2016 1:40

Ukraynanın üç dövlət qurumuna müraciət ünvanlanıb

Azərbaycan Mətbuat Şurası Ukraynanın “Mirotvorets” Tədqiqatlar Mərkəzinin saytında 239 jurnalistin, o cümlədən Azərbaycanın kütləvi informasiya vasitələrini təmsil edən 11 media nümayədəsinin “Donetsk Xalq Respublikası” və “Luqansk Xalq Respublikası” adlanan separatçı quruluşlarla əməkdaşlıqda günahlandırılması, terrorizmə dəstək verməkdə ittiham edilməsi ilə bağlı Ukraynanın Xarici İşlər, İnformasiya Siyasəti Nazirliklərinə, o cümlədən ölkənin Prezident Administrasiyasına müraciət ünvanlayıb. Müraciətdə adları həmin siyahıda əks olunmuş Azərbaycan jurnalistlərinin heç birinin sözügedən ərazilərdə olmadığı və akkreditasiya üçün bu quruluşlara müraciət etmədiyi diqqətə çatdırılıb. Eyni zamanda bildirilib ki, “Mirotvorets” təşkilatı həmin jurnalistləri terrorçuluğa, separatçılığa dəstək verməkdə ittiham edərkən onların Rusiyanın Xarici İşlər Nazirliyində akkreditasiyadan keçmələrini və bu ölkə ərazisində fəaliyyət göstərmələrini əsas götürüb. “Məlumat üçün bildiririk ki, Azərbaycan özü də işğalçı Ermənistanın timsalında separatçılıqdan və ekstremizmdən əziyyət çəkir. Media ictimaiyyətimiz separatçılığın istənilən formasının təbliğinin Azərbaycanın dövlətçilik maraqları ilə zidd olduğunu birmənalı şəkildə qəbul edir. Bu həssas məsələdə dövlətimiz, ictimaiyyətimiz və mediamız vahid prinsipial mövqeyə malikdir. Qətiyyətlə deyə bilərik ki, Azərbaycan vətəndaşlığını daşıyaraq ölkəmizin  kütləvi informasiya vasitəsini xaricdə təmsil edən şəxsin nəinki Ukraynanın, istənilən başqa dövlətin də ərazi bötüvlüyünə xələl gətirəcək qeyri-qanuni aksiya və təşəbbüsdə yer alması mümkün deyildir”. Müraciətdə həmçinin deyilir ki, “Mirotvorets” təşkilatının çoxlu sayda jurnalisti, o cümlədən ölkəmizin media mənsublarını bu sayaq şübhələndirmək istəyi beynəlxalq qanunvericiliyin tələblərinə, etik qaydalara və humanizm prinsiplərinə tamamilə ziddir: “Sizə müraciət edərək belə bir qurumun ümumilikdə Azərbaycan və Ukrayna dövlətləri arasında nifaq yaratmağa hesablandığı aydın görünən fəaliyyətinə diqqətlə yanaşmağı, müvafiq hüquqi tədbir görməyi xahiş edirik”.xeber100.com

İyun 1, 2016 1:43

Anlaşma memorandumu imzalanıb

Azərbaycan Mətbuat Şurası Belçikada fəaliyyət göstərən Beçika Türkcə Media Birliyi ilə anlaşma memorandumu imzalayıb. Sənəd sözügedən qurumun sədri Hüseyn Dönməzin, sədr müavini Cəlil Gündoğdunun, həmçinin Belçika-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Ayxan Dəmircinin, Türk Ocaqları Gent-Belçika Mərkəzinin rəhbəri Rəcəb Tuncer Sarının Şuradakı müzakirələri nəticəsində ərsəyə gəlib. Azərbaycanda səfərdə olan qonaqları salamlayan MŞ sədri, Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Əflatun Amaşov bildirib ki, rəhbərlik etdiyi təşkilat ölkə jurnalistlərinin özünütənzimləmə orqanı kimi 2003-cü ildə yaradılıb. Qurumun missiyası media-ictimaiyyət, media-hakimiyyət münasibətlərinin tənzimlənməsidir. Mövcud xüsusda başlıca diqqət müxtəlif vətəndaş qruplarından daxil olan şikayətlərin araşdırılmasına, qərar və rəylərin çıxarılmasına yetirilir. Ə.Amaşov həmçinin MŞ-nin beynəlxalq əlaqələri barədə də məlumat verib. Xüsusən türk dünyasının ayrı-ayrı bölgələrində fəaliyyət göstərən media qurumları ilə intensiv münasibətlərdən söz açıb. Qeyd edək ki, Beçika Türkcə Media Birliyi Belçikada, eləcə də Avropanın bir sıra ətraf bölgələrində fəaliyyət göstərən TV, radio, qəzet və jurnallarda çalışan türk jurnalistləri özündə birləşdirir. Görüşdə qurumun həyata keçirdiyi tədbirlər barədə məlumat verilib. Azərbaycan Mətbuat Şurası ilə bağlanmış memorandumun əhəmiyyəti izah edilərkən bildirilib ki, sənəd Azərbaycan həqiqətlərinin Avropa ictimaiyyətinə yayılmasına dəstək, habelə təcrübə mübadiləsinin genişləndirilməsi baxımından önəm daşımaqdadır.xeber100.com    

İyun 1, 2016 1:36