Dünya Səhiyyə Təşkilatının bəyanatına əsasən…

Dünya Səhiyyə Təşkilatının (DST) baş direktoru Çin Xalq Respublikasında meydana çıxan və digər ölkələrə yayılan yeni koronavirus epidemiyası ilə bağlı yanvarın 30-da ikinci dəfə Beynəlxalq Tibbi Sanitariya Qaydaları (2005) üzrə Fövqəladə Hallar Komitəsinin iclasını keçirib.BMT-nin Azərbaycandakı nümayəndəliyindən Azərtac-a bildirilib ki, iclasda Çin Xalq Respublikasının Səhiyyə Nazirliyinin nümayəndəsi mövcud vəziyyətlə və həyata keçirilən qabaqlayıcı tədbirlərlə bağlı məlumat verib. Artıq ölkə daxilində 7711 təsdiq edilmiş və 12167 şübhəli hal qeydə alınıb. Təsdiq olunmuş hallardan 1370-i ağır dərəcəli olduğu, 170-nin ölüm halları ilə nəticələndiyi bildirilib . 124 nəfər xəstəlikdən müalicə olunaraq, evə buraxılıb. DST-nin Katibliyi digər ölkələrdəki vəziyyətə dair ümumi məlumat verib. Artıq 18 ölkədə 82 yoluxma halı baş verib. Digər ölkələrdə xəstəliyə yoluxanlardan 7-si Çinə səfər etməyib. Çinin xaricində üç ölkədə virusun insandan insana ötürülməsi halı qeydə alınıb. Bu üç haldan biri ağır dərəcəlidir, ölüm halları olmayıb.Komitə Çin hökumət orqanlarının bu məsələdə liderliyini və siyasi öhdəlik götürməsini, şəffaflığını, mövcud epidemiyanın araşdırılması və nəzarətdə saxlanması üçün göstərdiyi səylərini alqışlayıb. Digər ölkələrin sürətli şəkildə diaqnoz qoyması və özlərini qoruya bilməsi üçün Çin, virusu tez bir zamanda müəyyənləşdirib və genetik ardıcıllığını paylaşıb. Bu, diaqnostik alətlər dəstinin tez bir zamanda hazırlanmasına şərait yaradıb.Komitə hesab edir ki, ölkələr xəstəliyin erkən diaqnostikası, təcridi və müalicəsini təmin etməklə, eləcə də təmas yollarının izlənməsi və risklərə uyğun sosial uzaqlaşdırma tədbirlərinin təşviqi ilə virusun yayılmasına müdaxilə etmək mümkündür. İnfeksiyanın yayılması davam etdikcə, onun qarşısını almaq və azaltmaq üçün strateji hədəflər və tədbirlər görüləcəyini qeyd etmək vacibdir. Komitə epidemiyanın hazırda İctimai Səhiyyə sahəsində Beynəlxalq Fövqəladə Vəziyyət meyarlarına cavab verdiyini qəbul edir və Müvəqqəti Tövsiyələr hazırlanmasını məsləhət görür.xeber100.com  

Yanvar 31, 2020 2:12

Səhiyyə Nazirliyinin məlumatı əsasında…

Ümumilikdə 2019-cu il ərzində Səhiyyə Nazirliyinin tabeliyində olan tibb müəssisələrinə 47 milyondan çox müraciət olub, 712 min xəstə stasionar müalicəyə cəlb edilib. Cari ildə 8 minə yaxın insan reabilitasiya və sanator xidmətlərindən istifadə edib. 2019-cu ildə uşaqların 91 faizdən çoxu müayinələrə cəlb olunub. Tibbi müayinədən keçirilən uşaqların 4 faizi sağlamlıq vəziyyətinə görə dispanser qeydiyyata götürülüb, 0,9 faizi isə ixtisaslaşdırılmış tibb müəssisələrinə hospitalizasiya olunub. Maddi texniki bazanın inkişaf etdirilməsi, kadrların ixtisas səviyyəsinin yüksəlməsi hesabına bu gün ölkəmizdə bir sıra ağır xəstəliklər müalicə olunur. 2019-cu ildə dövlət hesabına 915 xəstə üzərində kardiocərrahiyyə əməliyyatı icra olunub ki, onlardan 263-ü uşaqlardır.Azərtac xəbər verir ki, bunu Səhiyyə Nazirliyində ilin yekunlarına həsr olunmuş kollegiya iclasında qurumun tibbi yardımın təşkili şöbəsinin müdiri Gülmirzə Poladov deyib.Şöbə müdiri bildirib ki, 2019-cu il ərzində 2 075 xəstəyə angioqrafiya müayinəsi aparılıb və onlardan 680 nəfərə angioplastika əməliyyatı icra edilib: "Səhiyyə Nazirliyinin maliyyə dəstəyi ilə son illərdə 110 uşaq üzərində uğurlu koxlear implantasiya əməliyyatı aparılıb. 10 il öncə cəmi 7 nəfərin üzərində endoprotezləşmə əməliyyatı aparıldığı halda, cari ildə bu əməliyyatların sayı 119-a çatıb".xeber100.com

Yanvar 2, 2020 6:49

Azərbaycanda icbari tibbi sığorta sisteminin tətbiqinə başlanılır

2020-ci il yanvarın 1-dən Azərbaycanda mərhələli şəkildə icbari tibbi sığorta sisteminin tətbiqinə başlanılır.Azərtac xəbər verir ki, icbari tibbi sığorta yanvarın 1-dən Naxçıvan Muxtar Respublikasının ərazisində və 20 rayonda (Şəki, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Şamaxı, İsmayıllı, Ağsu, Qobustan, Balakən, Zaqatala, Qax, Oğuz, Qəbələ, Göyçay, Ucar, Zərdab, Kürdəmir) tətbiq olunacaq. Hazırda pilot layihənin həyata keçirildiyi inzibati ərazilərdə (Mingəçevir şəhəri, Yevlax və Ağdaş rayonları) də icbari tibbi sığorta sisteminin tətbiqi 2020-ci il yanvarın 1-dən başlanılır. İlkin mərhələdə ölkə əhalisinin 23.82 faizinə tibbi xidmət göstəriləcək.2017-ci ildən etibarən ölkəmizdə icbari tibbi sığortanın pilot layihə şəklində tətbiqinə başlanılıb. Mingəçevir şəhəri, Yevlax və Ağdaş rayonlarında həyata keçirilən icbari tibbi sığorta çərçivəsində 370 min nəfərə yaxın sığortaolunan baza zərfi əsasında ödənişsiz tibbi xidmətlərlə təmin edilib.Yanvarın 1-də qüvvəyə minən qanuna əsasən əhalinin sığortalanmasına dövlət tərəfindən adambaşına 90 manat olmaqla 900 milyon manat vəsait ayrılacaq.İcbari tibbi sığorta 10 milyon vətəndaşı əhatə edəcək. İcbari tibbi sığortanın tətbiqi mərhələli şəkildə baş tutacaq.İkinci mərhələdə - aprel-iyun aylarında 17 region – Gəncə və Naftalan şəhərləri, Göygöl, Goranboy, Daşkəsən, Samux, Şəmkir, Qazax, Ağstafa, Gədəbəy, Tovuz, Bərdə, Tərtər, Ağdam, Ağcabədi, Füzuli və Beyləqan rayonları sözügedən sistemə qoşulacaq. Belə ki, bu rayonlarda yaşayan ölkə əhalisinin 24.60 faizi icbari tibbi sığortadan yararlanacaq.İyul-sentyabr aylarında, yəni üçüncü mərhələdə 14 regionda - Şirvan şəhəri, Lənkəran, Masallı, Lerik, Yardımlı, Astara, Cəlilabad, Salyan, Neftçala, Biləsuvar, İmişli, Saatlı, Hacıqabul və Sabirabad rayonlarında icbari tibbi sığorta tətbiq olunacaq. Sözügedən regionlarda ölkə əhalisinin 19.53 faizinə sistem çərçivəsində tibbi xidmət göstəriləcək.Dördüncü mərhələdə - oktyabr-dekabr aylarında - Bakı və Sumqayıt şəhərlərinin, habelə Abşeron rayonunun əhalisi icbari tibbi sığorta sistemindən istifadə edəcək. Bu isə ölkə əhalisinin 32.05 faizini təşkil edir.xeber100.com

Yanvar 1, 2020 7:33

Azərbaycan Milli Nevroloqlar Assosiasiyasının təşkilatçılığı ilə…

Bakıda Azərbaycan Milli Nevroloqlar Assosiasiyasının təşkilatçılığı ilə Azərbaycan Nevrologiya Həftəsi keçirilir.Azərtac xəbər verir ki, həftə çərçivəsində I Azərbaycan Uşaq Nevroloqları Konfransı, VII Azərbaycan Nevroloqları Konfransı, Türkdilli ölkələrin IV Beynəlxalq Nevrologiya Konqresi və "EPNS" tədris kurslarıın keçirilməsi nəzərdə tutulub.Gənc mütəxəssislər üçün Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda, akademik Z.Əliyeva adına Milli Oftalmologiya Mərkəzində, Uşaq Nevroloji Xəstəxanasında və akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında keçirilən təlim kurslarında ölkəmizin aparıcı mütəxəssisləri “İnsult baş verdikdə nə etməliyəm?”, “Neyrooftalmologiya”,“Genetik xəstəliklərin müasir molekulyar-genetik diaqnostika üsulları”, “Klinik elektroensefaloqrafiyanın təməl aspektləri”, “Müasir elektromioqrafiyanın sinir xəstəliklərinin diaqnostikasında əhəmiyyəti” mövzularını dinləyicilərə izah edərək qarşıya çıxan problemlərin həlli yollarını göstəriblər.Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun nevrologiya və klinik neyrofiziologiya kafedrasının müdiri, Azərbaycan Milli Nevroloqlar Assosiasiyasının sədri, professor Rəna Şirəliyevanın rəhbərliyi ilə kafedra əməkdaşları kursların aparılmasında fəal iştirak edirlər. Kurslara 100-ə yaxın gənc mütəxəssis cəlb olunub.Nevrologiya Həftəsi dekabrın 20-dək davam edəcək.xeber100.com

Dekabr 17, 2019 1:45