Dünya Səhiyyə Təşkilatının məlumatı

Avropa ölkələrinin bir çox sakini mövsümi qripə qarşı peyvənd olunmur. Dünya Səhiyyə Təşkilatına (DST) üzv olan Avropa regionu ölkələrinin yarısında yaşı 65-dən yuxarı olan sakinlərin üçdəbirindən azı vaksinləşdirilib. Bununla yanaşı, mövsümi qrip nəticəsində əmələ gələn respirator xəstəliklərdən ildə təxminən 44 min insan dünyasını dəyişir. Ölüm hallarının təqribən 75 faizi yaşlı nəslin payına düşür.Azərtac DST-yə istinadla xəbər verir ki, son 7 il ərzində yüksək risk qrupuna daxil olan insanların – yaşlıların, uşaqların və xroniki xəstəlikləri olan sakinlərin qripə qarşı vaksinləşdirilməsi xeyli azalıb.Ekspertlər ehtiyat edirlər ki, Avropada mövsümi qripə qarşı vaksinləşdirməyə tələbatın azlığı pandemiya halında ciddi mənfi nəticələrə gətirib çıxara bilər.DST-nin Avropa Regional Bürosunun direktoru bildirib ki, vaksinləşdirmə qrip virusunun əmələ gətirdiyi ağır xəstəliyə qarşı daha effektiv üsuldur. Lakin apardığımız tədqiqatlar göstərir ki, Avropa regionu ölkələrinin bəzilərində vaksinləşdirməyə tələbat azalır. Ekspertlər narahatdırlar ki, ölkələrin bəzilərində həm qripə qarşı peyvənd olunmaq istəyənlərin sayı, həm də vaksin ehtiyatı azalıb. Çünki alınan vaksinlərin həcmi tələbdən asılıdır.Bununla belə, 2017/2018-ci qrip mövsümü özünün pik nöqtəsinə Qərbi Avropada çatıb, bəzi ölkələrdə ağır halların çox sürətli artımı müşahidə olunur. Ölkələrin bəziləri yaşlı insanlar arasında anomal yüksək ölüm hallarının olması barədə xəbər verirlər.xeber100.com

Fevral 9, 2018 3:38

İcbari sığorta sisteminin tətbiqi ilə bağlı müzakirə aparılıb

Avropa İttifaqı “Azərbaycanda icbari tibbi sığorta sisteminin tətbiqinə dəstək" tvinninq layihəsini icra edir. Bu geniş proqramın reallaşdırılması çərçivəsində layihənin təmsilçiləri Azərbaycan Tibb Universitetinin (ATU) qonağı olublar.Universitetdən Azərtac-a bildiriblər ki, görüşdə ATU-nun rektoru, professor Gəray Gəraybəyli qonaqlara rəhbərlik etdiyi universitetdəki tədris-təhsil sistemi və burada fəaliyyət göstərən klinikaların fəaliyyəti haqqında məlumat verib. G.Gəraybəyli Azərbaycanda icbari tibbi sığortanın tətbiqinin mühüm məsələ olduğunu, bu məqsədlə dövlət tərəfindən əhəmiyyətli addımların atıldığını vurğuladı.Rektor bildirdi ki, ATU-nun klinikalarında bəzi qurumlardan göndərilən sığortalı xəstələrə xidmət göstərilir. Lakin bu imkandan bütün əhalinin istifadəsi insanların sağlamlığının müdafiəsində ciddi rol oynayır. G.Gəraybəyli Avropa İttifaqının dəstəklədiyi bu layihənin ölkəmizdə icbari tibbi sığortanın tətbiqində və islahatların aparılmasında böyük rol oynayacağından əminliyini vurğulayıb.Avropa İttifaqının “Azərbaycanda icbari tibbi sığorta sisteminin tətbiqinə dəstək” tvinninq layihəsinin rezident tvinninq müşaviri Qediminas Çerniauskas isə layihənin məqsədləri haqqında ətraflı məlumat verib. O, iki il ərzində Avropa ölkələrinin müvafiq istiqamət üzrə böyük təcrübəyə malik mütəxəssis və ekspertləri Avropanın qabaqcıl təcrübəsinə əsaslanaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə dəstək verəcəyini bildirib.xeber100.com  

Fevral 5, 2018 3:23

Dərman vasitələrinə reseptlərin yazılması qaydası təsdiqlənib

Resept blanklarında hər hansı düzəliş edilməsi qadağan edilib.Azərbaycanda dərman vasitələrinə reseptlərin yazılması qaydası təsdiqlənib.Apa-nın məlumatına görə, bu, Səhiyyə Nazirliyinin Kollegiyasının təsdiq etdiyi və yanvarın 23-dən qüvvəyə minən “Aptek təşkilatlarına dair tələblər və aptek təşkilatlarından dərman vasitələrinin buraxılması qaydaları”nda əksini tapıb.Qaydalara əsasən reseptlər təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq bütün tibb müəssisələrində çalışan, həmçinin özəl tibbi praktika ilə məşğul olan resept yazmaq hüququna malik tibb işçiləri (həkim və tibb məntəqələrinin feldşerləri) tərəfindən tibbi göstərişlər əsasında yazılır. Dərman vasitələrinə reseptlər “Resept blankı forması” və “Ödənişsiz resept blankı forması”nda, optik ləvazimatlara isə “Optik ləvazimatlara resept blankı forması”nda yazılır. Resept dərman vasitələrinin beynəlxalq patentləşdirilməmiş adı, buraxılış forması, dozası və istifadə qaydaları qeyd olunmaqla yazılır. Təyin edilmiş dərman vasitəsinin beynəlxalq patentləşdirilməmiş adının olmadığı hallarda (3 və daha artıq tərkibli, bioloji oxşar dərman vasitələri qrupuna aid olduqda) resept blankında onun ticarət adı yazılır. Resept blanklarında hər hansı düzəlişə yol verilmir.Dərman vasitələrinin tərkib hissələri resept blankında latın və ya ingilis dillərində, dərman forması, hazırlanması və müvafiq buraxılış qaydaları latın dilində, reseptin siqnatura hissəsi (dərmanın istifadə edilmə qaydası) isə Azərbaycan dilində yazılmalıdır. Ambulator şəraitdə müalicə alan xəstələrə resept blankında yazılmış dərman vasitəsi haqqında məlumatlar ambulator xəstənin tibbi kartında və elektron sağlamlıq kartında qeyd edilir. Stasionar şəraitdə müalicə alan xəstələrə dərman vasitələri tibb müəssisəsinə ayrılan dərman vasitələrinin siyahısına uyğun olaraq resept yazmadan təyin edilir.Tibb müəssisəsinə ayrılan dərman vasitələrinin siyahısında olmayan dərman vasitəsinin xəstəyə təyin olunmasına tibbi göstəriş olduqda müalicə həkiminə dərman təyinatını tibb müəssisəsinin rəhbəri və ya onun bu məqsədlə təyin etdiyi məsul şəxslə, təcili-təxirəsalınmaz hallar zamanı isə cavabdeh növbətçi həkim ilə razılaşdırmaqla reseptin yazılmasına icazə verilir.Dərman vasitələrinin ödənişsiz alınması üçün nəzərdə tutulan reseptlər yalnız dövlət müalicə-profilaktika müəssisələrinin həkimləri tərəfindən, Səhiyyə Nazirliyi tərəfindən təsdiq olunmuş siyahıya uyğun yazılır. Ödənişsiz şərtlərlə dərman almaq hüququna malik olan şəxslərə dərman preparatı yazmaq üçün istifadə olunan ödənişsiz resept blanklarının qeydiyyatı aparılır.xeber100.com

Yanvar 28, 2018 9:38

Səhiyyə Nazirliyində brifinq keçirilib

Yanvarın 25-də Səhiyyə Nazirliyinin Kliniki Tibbi Mərkəzində mövsümi xəstəliklər mövzusunda brifinq keçirilib.Azərtac xəbər verir ki, Bakı şəhərinin baş terapevti Rəhilə Əliyeva çıxışında payız-qış dövründə kəskin respiratorlu infeksiyaların və qripin yaranması hallarının sürətlə artmasını bildirib. Bu xəstəliklərin yaranmasına səbəb virus və bakteriyalardır. Onun sözlərinə görə, risk qrupuna əsasən tənəffüs yolları və xroniki xəstəlikləri olan insanlar daxildir.“Kəskin respiratorlu xəstəliklər tənəffüs yollarının “soyuqdəymə” simptomları ilə müşayiət olunan istənilən infeksiyalı xəstəlikləri özündə birləşdirir. Buraya faringit, laringit, traxeit və s. daxildir. Zökəm, öskürək və digər soyuqdəymə hallarının əmələgəlmə səbəbləri aşkarlanmadıqda, o zaman həkim tərəfindən “Kəskin respiratorlu xəstəlik” diaqnozu qoyulur. Bu xəstəliklər qrupu həm viruslu infeksiyaları, həm də burun-udlaq infeksiyalarının xroniki ağırlaşmasını özündə birləşdirir. Əgər sizin hərarətiniz olduqca yüksəkdirsə, deməli bu, qripdir. Soyuqdəymə nadir hallarda yüksək hərarətlə müşayiət olunur. Mövsümi xəstəliklərə yoluxmamaqdan ötrü soyuq havada uzun müddət qalmamaq və tərkibində çoxlu vitamin olan yeməklə qidanlanmaq vacibdir. Həmçinin aktiv həyat tərzi keçirmək, insanların daha sıx olduğu yerlərdən uzaq durmaq məsləhətdir”, - deyə R.Əliyeva vurğulayıb.xeber100.com  

Yanvar 26, 2018 10:22