Hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub

İyunun 3-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan-Türkiyə 13-cü yüksək səviyyəli hərbi dialoq iclasında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Türkiyə Baş Qərargahının ikinci rəisi korpus generalı Selçuk Bayraktaroğlunun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, Türkiyə nümayəndə heyəti əvvəlcə Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edərək üzərinə gül dəstələri düzüb. Qonaqlar, həmçinin Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını və Türk şəhidliyini ziyarət edərək əklillər və gül dəstələri qoyublar.Ölkələrimiz arasında münasibətlərin dostluq və qardaşlıq üzərində qurulduğunu xatırladan müdafiə naziri bildirib ki, Azərbaycan müdafiə qüdrətinin artırılması məqsədilə hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində Türkiyə ilə əməkdaşlığı genişləndirir və bu bölgədəki sabitliyi təmin edən əsas amillərdəndir.General-polkovnik Zakir Həsənov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin komandanlığı ilə əks-həmlə əməliyyatı ilə başlayan Vətən müharibəsi Azərbaycan Ordusunun şanlı Qələbəsi ilə başa çatdı və torpaqlarımız işğaldan azad edildi. Azərbaycan Ordusu tərəfindən keçirilmiş uğurlu hərbi əməliyyatlar haqqında qonaqlara məlumat verən nazir 44 gün davam edən müharibə dövründə Türkiyənin göstərdiyi dəstəyə görə minnətdarlığını bildirib.Bakıda Azərbaycan-Türkiyə 13-cü yüksək səviyyəli hərbi dialoq iclasının fəaliyyətə başlaması münasibətilə iştirakçıları təbrik edən müdafiə naziri onlara işlərində uğurlar arzulayıb.Korpus generalı S.Bayraktaroğlu Vətən müharibəsində əldə olunan Qələbə münasibətilə Azərbaycan xalqını təbrik edib, şəhidlərin yaxınlarına başsağlığı verib və yaralılara şəfa diləyib.S.Bayraktaroğlu ölkələrimiz arasında dostluq və qardaşlıq əlaqələrindən, o cümlədən səmərəli əməkdaşlığın səviyyəsindən məmnunluğunu ifadə edib. Qonaq Azərbaycan və Türkiyə hərbi nümayəndə heyətlərinin Bakıda növbəti görüşünün təşkilinə görə minnətdarlığını bildirib.Görüşdə Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının inkişaf perspektivləri və əsas istiqamətləri müzakirə edilib, iki ölkə ordularının müxtəlif qoşun növlərinin cəlb edilməsi ilə birgə hərbi təlimlərin keçirilməsi, həmçinin maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.xeber100.com

İyun 3, 2021 1:47

Milli Məclisin yaz sessiyasında sonuncu plenar iclas keçirilib

Mayın 31-də Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin yaz sessiyasında sonuncu plenar iclas keçirilib. İclasda əvvəlcə 6 məsələdən ibarət gündəlik təsdiqlənib. Plenar iclasda əvvəlcə “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” qanun layihəsi (üçüncü oxunuş) müzakirəyə çıxarılıb. Sonra deputatlara yaz sessiyasının yekunları barədə məlumat verən parlamentin sədri qeyd edib ki, 2021-ci ilin yaz sessiyasında Milli Məclisin 14 iclası keçirilib, 88 qanun və qərar, o cümlədən 1 Konstitusiya qanunu qəbul edilib. Milli Məclis Konstitusiya ilə nəzərdə tutulan qanunvericilik səlahiyyətlərini tam həcmdə yerinə yetirib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uzaqgörən daxili və xarici siyasətini parlament səviyyəsində dəstəkləmək üçün bütün tədbirlər həyata keçirilib. Yaz sessiyasının iclaslarında Milli Məclisdə Nazirlər Kabinetinin və Hesablama Palatasının illik fəaliyyətləri barədə hesabatların, İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun məlumatının, İnsan hüquqları üzrə müvəkkilin və Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzələrinin dinlənildiyini qeyd edən Azərbaycan parlamentinin sədri Sahibə Qafarova vurğulayıb ki, bütün dünyanın COVID-19-a qarşı mübarizə şəraitində yaşadığı hazırkı dövrdə pandemiyanın törətdiyi problemlərə baxmayaraq, Milli Məclisin normal iş ahəngi qorunub saxlanılıb, komitə və komissiyaların əksər iclasları videokonfrans formatında keçirilib, beynəlxalq əlaqələrin inkişafı sahəsində də işlər uğurla davam etdirilib.xeber100.com  

May 31, 2021 3:32

Müstəqil Dövlət Birliyi Hökumət Başçıları Şurasının iclası keçirilib

Mayın 28-də Minskdə Müstəqil Dövlət Birliyi (MDB) Hökumət Başçıları Şurasının iclası keçirilib.Azərtac xəbər verir ki, Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iclasda iştirak edib.Əli Əsədov iclasın gündəliyinə aid məruzə ilə çıxış edib. O qeyd edib ki, sosial-iqtisadi və humanitar sahələrdə qarşılıqlı əlaqələrin möhkəmlənməsi bundan sonra da MDB məkanında əməkdaşlığın hərtərəfli inkişafına şərait yaradacaq. Baş nazir Azərbaycanda koronavirus infeksiyasının yayılmasının qarşısını almaq və pandemiyanın iqtisadiyyata mənfi təsirini aradan qaldırmaq üçün görülən təxirəsalınmaz tədbirlər barədə məlumat verib.Ə.Əsədov Şura üzvlərinin diqqətini Azərbaycan torpaqlarının erməni işğalından azad edilməsi ilə əlaqədar Cənubi Qafqazda yaranmış yeni geoiqtisadi reallığa cəlb edib. Qeyd olunub ki, nəqliyyat yollarının açılması və kommunikasiya arteriyaları şəbəkəsinin yaradılması Cənubi Qafqazın nəqliyyat və iqtisadi potensialını əhəmiyyətli dərəcədə artıracaq, həm regionda, həm də bütün Birlik məkanında inkişaf üçün böyük perspektivlər yaradacaq.Azərbaycanın Baş nazirindən sonra Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Mqer Qriqoryan çıxış edib. O, Azərbaycan Respublikasına əsassız hücumlar edib, ölkəmizi guya Ermənistanın ərazi bütövlüyünü və suverenliyini pozmaqda, hərbi əsirləri saxlamaqda və mayın 27-də altı nəfər erməni hərbi qulluqçusunu əsir götürməkdə ittiham edib.Baş nazir Əli Əsədov MDB Hökumət Başçıları Şurasının sədrinə müraciət edərək erməni tərəfin yalan və böhtanla dolu ittihamlarına cavab verib. Əli Əsədov hələ 2020-ci il noyabrın 6-da MDB Hökumət Başçıları Şurasının videokonfrans formatında keçirilmiş iclasındakı çıxışında Azərbaycanın heç vaxt başqasının bircə qarış belə torpağına iddia etmədiyini bildirməsini xatırladıb. Azərbaycanın Baş naziri deyib: “Bu gün həmin tezisi bir daha təsdiq edə bilərəm. Biz Ermənistan Respublikasının bircə qarış belə torpağına iddia etmirik, lakin özümüzün də bircə qarış belə torpağımızı heç kəsə verməyəcəyik. Bu, bizim prinsipial mövqeyimizdir”.Qeyd edilib ki, Azərbaycan 2020-ci il noyabrın 20-də, yəni Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 9/10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatına əsasən hərbi əməliyyatlar dayandırılandan sonra əllərində silah olduğu halda Azərbaycan ərazisinə keçmiş və dörd nəfəri, o cümlədən üç dinc sakini qətlə yetirmiş erməni hərbçilərini hərbi əsir hesab etmir.xeber100.com  

May 29, 2021 11:03

Parlamentlərarası İttifaqın 142-ci onlayn Assambleya iclası keçirilib

Mayın 26-27-də Parlamentlərarası İttifaqın 142-ci onlayn Assambleya iclası keçirilib. İclasda “Bu gün pandemiyanın aradan qaldırılması və daha yaxşı gələcəyin qurulması: parlamentlərin rolu” mövzusunda müzakirələr aparılıb.Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Azərtac-a bildiriblər ki, Assambleyanın açılışında Milli Məclisin sədrinin müavini, Milli Məclisin Parlamentlərarası İttifaqdakı nümayəndə heyətinin rəhbəri Adil Əliyevin videomüraciəti təqdim olunub. Videomüraciətdə vitse-spiker Azərbaycanda pandemiyanın aradan qaldırılması istiqamətində görülən işlərdən danışıb.Bildirib ki, pandemiyanın ilk günlərindən ölkəmiz Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə sıx əlaqədə işləyir. ÜST-ün məlumatına görə, Azərbaycan pandemiyaya qarşı mübarizədə nümunəvi ölkələrdən biridir. Qurumun baş direktorunun Azərbaycan Prezidenti İlham Əliyevə ünvanlandığı məktubda COVID-19-a qarşı mübarizədə qabaqlayıcı tədbirlər həyata keçirdiyi üçün Azərbaycan Hökumətinin gördüyü işlər yüksək qiymətləndirilib.COVID-19 ilə mübarizədə parlamentin fəaliyyətindən danışan Adil Əliyev qeyd edib ki, Milli Məclis pandemiya dövründə xəstəliyin nəticələrini yumşaltmaq üçün bir sıra qərarlar qəbul edib.Cari il fevralın 4-də Milli Məclisin Sədri Sahibə Qafarovanın təşəbbüsü ilə parlamentin Səhiyyə və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında “Koronavirus infeksiyası (COVID-19) ilə bağlı ölkədəki mövcud vəziyyət, vaksinasiya və digər görülən tədbirlər” mövzusunda videokonfrans formatında dinləmə keçirilib.Adil Əliyev videomüraciətinin sonunda diqqətə çatdırıb ki, yalnız qarşılıqlı dəstək, özünümüdafiə və birgə səylərlə “COVID-19”a qalib gələ bilərik.Assambleya iclasının ikinci günündə çıxış edən Milli Məclisin Parlamentlərarası İttifaqda nümayəndə heyətinin üzvü Kamran Bayramov bildirib ki, beynəlxalq məsuliyyətini yerinə yetirən Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatına könüllü töhfələr verib və əksəriyyəti ən az inkişaf etmiş ölkələr olan 30-dan çox ölkəyə koronavirusla mübarizədə birbaşa humanitar və maliyyə yardımı göstərib.xeber100.com  

May 27, 2021 10:57