Dünyanın bir çox nüfuzlu kütləvi informasiya vasitələri Azərbaycana qarşı olan terrordan yazır…

Dünyanın bir çox nüfuzlu kütləvi informasiya vasitələri Azərbaycan ərazilərində ermənilərin mina terrorunun davam etməsi nəticəsində son günlər azərbaycanlı polislər və mülki şəxslərin həlak olması barədə materiallar dərc edib. Rusiyanın TASS agentliyi, “Arqumentı i faktı”, “Moskovski komsomolets” qəzetləri və digər mətbuat orqanları azərbaycanlı polis əməkdaşlarının Əhmədbəyli-Füzuli-Şuşa yolunun Xocavənd rayonu ərazisindən keçən hissəsində qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən basdırılmış tank əleyhinə minaya düşərək həlak olması haqqında Azərbaycan DİN, Baş Prokurorluq və DTX-nin birgə məlumatını yayıblar. Rusiya mediası vurğulayıb ki, Azərbaycanın hüquq-mühafizə orqanları baş vermiş insidenti terror aktı adlandırıb və Cinayət Məcəlləsinin bir neçə maddəsi, o cümlədən terrorizm maddəsi üzrə cinayət işi başlanılıb. Ərəb mediası da ermənilərin mina terroru haqqında materiallar dərc edib. “Əl Ərəbiyə”, “Əl Əhram”, “Şuruk”, “Əl Qüds” və ərəb ölkələrinin digər qəzet və portallarında dərc edilən xəbərlərdə oxucuların diqqətinə çatdırılıb ki, rəsmi Bakı erməni sabotaj qruplarının Azərbaycan ərazilərində basdırdığı minaların altı azərbaycanlının, o cümlədən dörd polis əməkdaşının həlak olmasına səbəb olduğunu bəyan edib. Materiallarda qeyd olunub ki, Azərbaycan Prezidenti İlham Əliyev ermənilərin mina terrorunun azərbaycanlı məcburi köçkünlərin öz doğma yurdlarına qayıtmasında başlıca əngəl olduğunu dəfələrlə bildirib. Xəbərlərdə vurğulanıb ki, Azərbaycanın hüquq-mühafizə orqanları bu hadisələri terror aktı kimi qiymətləndirib və müvafiq maddələrlə cinayət işi açılıb. Ermənilərin mina terroru nəticəsində azərbaycanlı polislərin və mülki şəxslərin həlak olması barədə xəbərlər Avropa ölkələrinin KİV-lərində də dərc olunub. Fransanın “Radio France Internationale”, İtaliyanın “Quotidiano dei contribuenti”, Slovakiyanın “hn.24”, “Teraz”, “TvNoviny”, “Dennikn” qəzet və portallarında dərc olunmuş materiallarda bildirilir ki, içərisində Azərbaycan Daxili İşlər Nazirliyinin əməkdaşlarının olduğu nəqliyyat vasitəsi Xocavəndin Tağaverd kəndi ərazisində yeni inşa olunan tunel yolunda qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən yerləşdirilmiş minaya düşərək partlayıb. Baş vermiş partlayışlar nəticəsində iki mülki şəxs və nazirliyin dörd əməkdaşı həlak olub. Xəbərlərdə diqqətə çatdırılır ki, Azərbaycan tərəfi ermənilərin bu terror aktlarının Ermənistanla sülh prosesinə ciddi zərbə vurduğunu bəyan edir, həmçinin İrəvandan qanunsuz hərbi birləşmələrini Qarabağdan dərhal çıxarmağı tələb edir. ABŞ-ın “Barrons” internet nəşri də Ermənistanın Azərbaycan ərazilərində mina terrorundan bəhs edib, o cümlədən son terror aktı nəticəsində azərbaycanlı polislərin və mülki şəxslərin həlak olduğunu bildirib. Yazıda qeyd olunub ki, sülh prosesinin davam etdiyi bir şəraitdə Azərbaycanla Ermənistan arasında gərginlik artır, eyni zamanda, Azərbaycanın Qarabağ bölgəsində qanunsuz erməni silahlı birləşmələri və separatçıların fəallaşdığı müşahidə olunur. “İki müharibənin baş verdiyi Qarabağ ərazisinin böyük hissəsi ermənilər tərəfindən minalanıb və Prezident İlham Əliyev bildirib ki, mina problemi səbəbindən məcburi köçkünlərin 2020-ci ildə işğaldan azad olunmuş bu ərazilərə köçürülməsi prosesi gecikir”, -deyə materialda qeyd olunub.

Sentyabr 19, 2023 2:12

Azərbaycanın Xarici İşlər Nazirliyinin bəyanatı

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Qarabağ bölgəsində qeyri-qanuni yerləşmiş erməni silahlı qüvvələrinin təxribatlarına qarşı cavab tədbirləri barədə bəyanat yayıb. XİN-in Mətbuat xidməti idarəsinin məlumatına görə, sentyabrın 19-da Azərbaycanın Qarabağ bölgəsindəki erməni silahlı qüvvələri bir sıra genişmiqyaslı hərbi təxribatlara və terror hücumlarına əl atıblar. Belə ki, erməni kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış minaların partlaması nəticəsində mülki şəxslər və Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçuları həlak olub və yaralanıb. Bununla yanaşı, Ordumuzun bölmələri minaatanlardan və müxtəlif çaplı atıcı silahlardan atəşə tutulub. Nəticədə, Azərbaycan Ordusunun iki hərbi qulluqçusu yaralanıb. Erməni silahlı qüvvələrinin bu kimi təxribatları davam etdirmək məqsədilə döyüş mövqelərini gücləndirməsi və bölmələrini yüksək döyüş hazırlığı səviyyəsinə gətirməsi Azərbaycan Ordusunun bölmələri tərəfindən təsbit edilib. Qarabağ iqtisadi rayonunda erməni silahlı qüvvələri tərəfindən gözlənilən genişmiqyaslı təxribatların qarşısının alınması, habelə üçtərəfli Bəyanatın müddəalarının icrasının təmin olunması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, dinc əhali, o cümlədən ərazidə aparılan bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanılıb. Görülən tədbirlər çərçivəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarılır. Görülən tədbirlərin hədəfi müstəsna olaraq qanunsuz hərbi birləşmələr və hərbi infrastrukturdur. Heç bir halda Azərbaycan tərəfi mülki əhalini hədəf almır. Bu xüsusda, erməni mülki əhalinin hərbi hədəflərdən uzaq durması zəruridir. Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın müddəalarına zidd olaraq Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələrinin mövcudluğunu davam etdirməsi regional sülh və sabitlik üçün ciddi təhlükə mənbəyidir. Bölgədə sülh və sabitliyə nail olmağın yeganə yolu erməni silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindən qeyd-şərtsiz və tamamilə çıxarılması, qondarma rejimin buraxılmasıdır.xeber100.com

Sentyabr 19, 2023 2:06

Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş konfrans təşkil edilib

Ankarada Türk Ağsaqqalları Birliyi - TAİB və Türkiyədəki Azərbaycan İş Adamları Birliyinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş, “Türkiyə-Türk dünyası yüz ili: siyasi, iqtisadi əlaqələrdə yeni yanaşma modeli” adlı konfrans keçirilib. Əvvəlcə Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Ulu Öndər Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş videoçarx nümayiş olunub. Qərbi Azərbaycan İcmasının sədr müavini, Türk Dövlətləri Təşkilatının sabiq baş katibi, deputat Ramil Həsənin moderatorluğu ilə keçirilən konfransda çıxış edən Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş Azərbaycan-Türkiyə münasibətlərinin davamlılığı, münasibətlərin yeni mərhələyə qədəm qoymasında Ulu Öndər Heydər Əliyevin atdığı tarixi addımlardan bəhs edib. Qeyd edib ki, Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanmış Şuşa Bəyannaməsi ilə iki qardaş ölkə arasındakı proseslər taclandırılıb. Hakim Ədalət və İnkişaf Partiyası (AK Parti) sədrinin birinci müavini Efkan Ala çıxışında iki ölkənin hakim partiyaları arasındakı münasibətlərin inkişafından, birgə layihələrin uğurla davam etməsindən söz açaraq, mövcud əməkdaşlıq əlaqələrinin ölkələr arasındakı münasibətlərə böyük töhfə verdiyini vurğulayıb. Milliyyətçi Hərəkat Partiyasının sədr müavini Kamil Aydın Azərbaycan-Türkiyə münasibətlərinin bugünkü səviyyəsindən, iki ölkə prezidentinin milli maraqları ehtiva edən birgə xarici siyasətindən geniş bəhs edərək, əlaqələrin inkişafına bundan sonra da dəstək verəcəklərini bildirib. Daha sonra çıxış edən Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun üzvü, professor Rəşad Mahmudov, SETA akademi direktoru, professor Fərhad Pirinççi, Erciyez Anadolu Holdinqin rəhbəri Baki Ertekin, “SOCAR-Türkiye”nin baş direktoru Elçin İbadov Türkiyə-Azərbaycan qardaşlıq əlaqələrinin bütün Türk dünyasına nümunə olduğunu qeyd edərək, prezidentlər arasındakı sarsılmaz dostluq münasibətlərinin ümumi inkişafa töhfə verdiyini vurğulayıb, əlaqələrin təkcə siyasi müstəvidə deyil, bütün sahələr üzrə dinamik inkişafda olduğunu qeyd ediblər. Konfransda Türkiyə parlamentinin sədri Numan Kurtulmuşa, Ədalət və İnkişaf Partiyası sədrinin birinci müavini Efkan Alaya, AK Parti sədrinin xarici əlaqələr üzrə müavini Zafer Sırakayaya və Milliyyətçi Hərəkat Partiyasının sədr müavini Kamil Aydına Türk Ağsaqqalları Birliyi – TAİB və Türkiyədə Azərbaycan İş Adamları Birliyinin xüsusi plaketləri təqdim olunub.xeber100.com

Sentyabr 8, 2023 3:07