Milli Məclisdə bir sıra qanun layihələri müzakirə edilib

Oktyabrın 11-də Milli Məclisin Ailə, qadın və uşaq məsələləri, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclası keçirilib.Azərtac xəbər verir ki, Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı iclası açaraq gündəlikdəki qanun layihələri barədə məlumat verib. Komitə sədri qeyd edib ki, Ailə Məcəlləsində, Mülki-Prosessual və Mülki məcəllələrdə, “Uşaq hüquqları haqqında” və “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” qanunlarda dəyişiklik edilməsi barədə sənədlər Prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü qaydasında parlamentə daxil olub.Bildirilib ki, Ailə Məcəlləsinə təklif olunan dəyişikliklər Azərbaycan Prezidentinin 2018-ci il 10 dekabr tarixli 393 nömrəli Fərmanına uyğunlaşdırmaq məqsədi daşıyır. Dəyişikliklər övladlığagötürmə sahəsində idarəetmə mexanizmlərini, valideyn himayəsindən məhrum olmuş və övladlığa götürülən uşaqların, habelə onları övladlığa götürməyi arzu edən şəxslərin uçotunun təkmilləşdirilməsini, bu prosesdə şəffaflığın təmin edilməsini, övladlığa götürülmüş uşaqların yeni ailələrdə yaşaması və inkişafı prosesinə nəzarətin gücləndirilməsi məsələlərini əhatə edir.Mövcud qanunvericiliyə əsasən valideyn himayəsindən məhrum olmuş və övladlığa götürülən uşaqların 3 pilləli uçotu aparılırdı. Yeni yanaşma isə təkmil uçotun aparılmasına, uçotu aparılan şəxslər haqqında məlumatların real vaxt rejimində yenilənməsinə, övladlığa uşaq götürmək istəyən şəxslərin həyat şəraitinin, uşaqla ailənin uyğunlaşmasının müəyyən edilməsinə tam imkan verəcək.  

Oktyabr 11, 2019 1:57

Oktyabrın 1-dən növbəti həqiqi hərbi xidmətə çağırış başlayıb

Oktyabrın 1-dən ölkəmizdə növbəti həqiqi hərbi xidmətə çağırış başlayıb.Azərtac xəbər verir ki, bir ay davam edəcək çağırış prosesində minlərlə gənc hərbin sirlərinə dərindən yiyələnmək, Vətənin keşiyində əzmlə dayanmaq kimi şərəfli borcunu yerinə yetirmək üçün əsgəri xidmətə yollanacaq.Sərəncama əsasən, 2001-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1984–2000-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşları 2019-cu il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılacaqlar.Həmçinin “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 38.1.1-ci maddəsində nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları 2019-cu il oktyabrın 1-dən 30-dək ehtiyata buraxılacaqlar.Xatırladaq ki, Prezident İlham Əliyev avqustun 28-də Azərbaycan Respublikası vətəndaşlarının 2019-cu il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Sərəncam imzalayıb.xeber100.com

Oktyabr 1, 2019 11:07