Xarici İşlər Nazirliyinin məlumatı əsasında…

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi işğaldan azad olunmuş ərazilərimizdə qalan erməni silahlı birləşmələrinin terror və diversiya əməlləri ilə bağlı məlumat yayıb.Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Azərtac-a daxil olan məlumatda son günlər ərzində Azərbaycanın Xocavənd rayonunun Hadrut qəsəbəsi ətrafındakı meşəlik ərazidə qalan erməni silahlı birləşmələrinin terror və diversiya əməllərinə qarşı Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən antiterror əməliyyatı həyata keçirilir.Sözügedən ərazilər uzun illər davam edən erməni işğalından Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən bu yaxınlarda azad olunub.Məsələ ilə bağlı Azərbaycanın Dövlət Təhlükəsizliyi Xidmətinin və Müdafiə Nazirliyinin cari ilin 13 dekabr tarixli birgə açıqlamasında ətraflı məlumat verilib.Rəsmi Yerevanın Azərbaycanın ünvanına iddiaları əsassızdır və qəbuledilməzdir. Belə ki, təxribat fəaliyyəti erməni silahlı birləşmələrinin qalıqları tərəfindən törədilib. Öz növbəsində, Azərbaycan hökuməti və Rusiya Federasiyasının sülhməramlı heyəti 10 noyabr tarixli üçtərəfli bəyanatın müddəaları əsasında sülhün qorunub saxlanılması üçün bütün lazımi tədbirləri görürlər.Xatırlatmaq istərdik ki, böyük səylər nəticəsində qəbul olunmuş bəyanat tam atəşkəsi və bütün hərbi əməliyyatların dayandırılmasını nəzərdə tutur. Ermənistanı üçtərəfli bəyanatın tələblərinə ciddi riayət etməyə və bundan sonra onun icrasına əngəl törədən destruktiv fəaliyyətdən çəkinməyə çağırırıq.Azərbaycan Rusiya sülhməramlıları ilə birgə əməkdaşlıq çərçivəsində fəaliyyət göstərərək, bölgədə sülh və təhlükəsizliyin təmin olunması üçün müvafiq tədbirləri həyata keçirəcək.xeber100.com

Dekabr 13, 2020 1:28

“South China Morning Post” qəzetində dərc olunan məqalədə

Honkonqda yayımlanan “South China Morning Post” qəzetində dərc olunan məqalədə Azərbaycan Ordusunun 44 gün davam edən Vətən müharibəsində pilotsuz uçuş aparatlarından (PUA) olduqca səmərəli istifadəsindən danışılıb.Azərtac xəbər verir ki, məqalədə Azərbaycan Ordusunun PUA-lar vasitəsilə Ermənistan silahlı qüvvələrinə ciddi zərbələr endirməklə döyüş meydanında böyük uğurlar qazanmasından bir çox ölkənin dərs almalı olduğu bildirilib. Qeyd edilib ki, Ermənistan tərəfinin tankları, zirehli texnikaları, radar sistemləri və səngərləri Azərbaycanın hərbi dronları üçün ov oldular. Azərbaycan PUA-larının lentə aldığı videogörüntülərdə erməni əsgərlərinin yerinin dəqiqləşdirildiyi və hədəfə alındığı görünür, bundan başqa, dronlar kəşfiyyat əməliyyatlarında da istifadə olunub. Ümumilikdə bütün bunlar Azərbaycana cəmi altı həftəyə Ermənistanı təslim olmasını təmin etməyə imkan verdi.Bildirilib ki, Ermənistanın siyasi və hərbi rəhbərliyi dronlara qarşı lazımi texnoloji cavab tədbirlərini görə bilməyib. Qarabağdakı savaşda PUA-ların səmərəli istifadəsi XXI əsrin müharibəsinin əvvəlkilərdən fərqli olduğunu göstərdi. Ona görə də artıq bir çox ölkə ordusunun silahlanmasında və müdafiənin təşkilində bu amili nəzərə almalıdır.xeber100.com

Dekabr 13, 2020 1:16

“Dağlıq Qarabağ münaqişəsində Avropanın yeni siyasəti haqqında” sərlövhəli məqalədə…

Almaniyanın “theeuropean.de” saytında “Dağlıq Qarabağ münaqişəsində Avropanın yeni siyasəti haqqında” sərlövhəli məqalə dərc edilib. Azərtac xəbər verir ki, məqalədə Dağlıq Qarabağ münaqişəsinə münasibətdə Fransanın mövqeyi bu münaqişənin uzunmüddətli nizamlanmasına təhlükə kimi qiymətləndirilərək tənqid edilir. Məqalənin müəllifi German Mhedeli Azərbaycanın ərazi bütövlüyünün və eyni zamanda, Ermənistan iqtisadiyyatının bərpasına yönəlmiş üçün ümumavropa strategiyası hazırlamağa çağırır. Dağlıq Qarabağın “müstəqilliyi” ideyası isə istər tarixi-hüquqi, istərsə də mənəvi-əxlaqi baxımdan əsassız hesab edilir. Müəllifin fikrincə, atəşkəs barədə üçtərəfli bəyanat imzalanandan sonra Ermənistanda daxili siyasi vəziyyətin sabitləşməsi Ermənistanın Avropa ilə yaxınlaşması ehtimalını artırır. Bu, Ermənistan cəmiyyətində geniş yayılmış belə bir fikirlə bağlıdır ki, müharibə dövründə bu ölkə “atılıb”. Üstəlik, məqalədə deyilir ki, 20 il ərzində ölkədə korrupsiyaya və dilənçiliyə yol açmış Qarabağ klanının hakimiyyətə qayıtmasını istəyənlər azdır. Noyabrın 25-də Fransa Senatı ölkə hökumətini qondarma “Dağlıq Qarabağ respublikası”nı tanımağa çağıran və hüquqi qüvvəsi olmayan qətnamə qəbul edib. Bundan bir həftə sonra Fransa Milli Məclisi həmin qətnamənin lehinə səs verib. Fransanın siyasətində beynəlxalq hüquq deyil, yalnız ölkədəki erməni icmasının əhval-ruhiyyəsi nəzərə alınır. Münaqişə avropalıların çoxunun nəzərində yalnız “xristianlıq və islam”, “təcavüz qurbanı və təcavüzkar”, “demokratiya və totalitarizm” qarşıdurmalarının bayağı sxeminə uyğun assosiativ obrazlar yaradıb. Siyasi kontekstdə avropalıların çıxardığı nəticə “düşmənimin düşməni mənim dostumdur” və ya “düşmənimin dostu mənim düşmənimdir” kimi bəsit qaydadır. Lakin vəziyyətə bir qədər diqqətlə baxılsa, daha mürəkkəb mənzərə yaranır. Bu halda Ermənistanın ərazi ambisiyalarına heç cür haqq qazandırmaq mümkün deyil. Birincisi, sözügedən region heç vaxt erməni dövlətinin müasir mənada tərkib hissəsi olmayıb. Ermənistanda Strabon, Plutarx və ya Böyük Plininin qədim salnamələrinə istinad etməyi çox xoşlayırlar. Həmin salnamələrə görə, Dağlıq Qarabağ vaxtilə belə adlandırılan “böyük Ermənistan İmperiyası”nın periferiyası olub. Əslində isə bütün bunlar sağlam düşüncəyə ziddir. İkincisi, bu münaqişə dinlərarası deyil, dövlətlərarası münaqişə xarakteri daşıyır, burada sərhədlər barədə mübahisə gedir. Xatırlatmaq yerinə düşər ki, 1990-cı illərin əvvəlində Gürcüstanın Abxaziya regionunun erməni əhalisi mərkəzi hökumətə qarşı çıxışlar edən yerli separatçıları dəstəkləyirdi. Müəllif xatırladır ki, o vaxt erməni batalyonlarından olan qondarma səlibçilər Şimali Qafqaz mənşəli yaraqlılarla birlikdə pravoslav gürcülərə qarşı kütləvi qətllərdə və etnik təmizləmələrdə fəal iştirak edirdilər. Üçüncüsü, Avropa Dağlıq Qarabağ münaqişəsinin qəti nizamlanmasına çalışmalıdır. Onun Ermənistana maliyyə yardımı Azərbaycanla qəti sülh sazişindən asılı olmalıdır. Azərbaycan tərəfindən erməni əhalinin təhlükəsizliyinə zəmanət verilməsi müqabilində Ermənistan bu region barəsində ərazi iddialarından imtina etməlidir. Bu imtinanın əlaməti Avropa dövlətləri Aİ-yə daxil olana qədər onların arasında bağlanmış sazişlər nümunəsində sərhədlərin demarkasiyası ola bilərdi.xeber100.com  

Dekabr 12, 2020 1:45

Ali Baş komandan: Əgər ermənilər hər hansı hərbi əməllər planlaşdırsalar, bu dəfə onları tamamilə darmadağın edəcəyik

Hazırda Rusiya sülhməramlıları oradadırlar, öz fəaliyyətinə başlayıblar. Vəziyyət müəyyən dərəcədə sabitdir. Baxmayaraq, indi mənə məlumat verilib ki, dünən ya erməni yaraqlıları, yaxud “Ermənistan ordusu” adlandırdıqları qalıqlar tərəfindən bəzi terror aktları törədilib. Bu, əlbəttə ki, narahatlıq doğurur.Azərtac xəbər verir ki, bu barədə Prezident İlham Əliyev ATƏT-in Minsk qrupunun Fransadan və ABŞ-dan olan həmsədrləri ilə görüşündə danışıb.Dövlətimizin başçısı deyib: “Mənə elə gəlir ki, Ermənistan yenidən başlamağa heç bir vəchlə cəhd etməməlidir. İki gün öncə şanlı Qələbəmizə həsr olunmuş hərbi paradda mən söylədim ki, əgər Ermənistan faşizmi yenidən baş qaldırarsa, biz onun başını dəmir yumruqla əzəcəyik. Buna görə onlar çox diqqətli olmalıdır ki, hər hansı hərbi əməlləri planlaşdırmasınlar. Bu dəfə biz onları tamamilə darmadağın edəcəyik. Bu, heç kəs üçün sirr qalmalı deyil. Lakin ümid edirəm ki, bu, baş verməyəcək. Bir sözlə, sülhməramlıların missiyası qüvvədədir”.Prezident qeyd edib ki, sülhyaratma əməliyyatları müzakirə olunmuş razılaşmanın, Madrid prinsiplərinin bir hissəsidir. Lakin biz bunu heç zaman ciddi müzakirə etməmişik. “Biz həmin mövzuya hətta heç vaxt toxunmamışıq. Biz, sadəcə, ümumi şəkildə fikir mübadiləsi etmişik. Sülhməramlıların tərkibi necə olar bilər? Onlar hansı ölkələri təmsil edə bilər? Onlar qonşu, yaxud həmsədr ölkələr olmalıdır? Fikirlər müxtəlif idi. Şəxsən mən bu haqda heç zaman fikir söyləməmişəm, çünki deyirdim, bu, hələ tezdir. Biz əvvəlcə münaqişəni həll etməliyik. Biz heç zaman sülhməramlılara etiraz da etməmişik. Biz dedik, bəli, sülhməramlılar gəlsinlər və müəyyən vaxtda mülki şəxsləri, erməniləri və azərbaycanlıları qorusunlar. Bu, elə baş verir. Hazırda sülhməramlı əməliyyatlar Rusiya tərəfindən aparılır. Ermənistan və Azərbaycan da bunu dəstəkləyib”, - deyə Prezident İlham Əliyev bildirib.xeber100.com

Dekabr 12, 2020 1:38

Prezident İlham Əliyev: Azərbaycan iqtisadi və hərbi baxımdan güclüdür

Biz artıq Azərbaycanın Ağdam rayonunda Monitorinq Mərkəzinin yaradılması mərhələsindəyik. Bu məsələ noyabrın 10-da imzaladığımız Bəyanatda əks olunub. Türkiyə-Rusiya Monitorinq Mərkəzi atəşkəs rejiminə nəzarət edəcək. Fikrimcə, bu, regional əməkdaşlığın çox yaxşı təzahürüdür. Həmçinin Türkiyə ilə Rusiya arasında çox məqbul əməkdaşlığın rəmzidir. Bu, artıq reallıqdır.Azərtac xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev ATƏT-in Minsk qrupunun Fransadan və ABŞ-dan olan həmsədrləri ilə görüşündə söyləyib.Daha sonra həmsədrləri regionun gələcəyinə dair planlar barədə məlumatlandıran dövlətimizin başçısı deyib: “Regionda yeni inkişaf olmalıdır. Azərbaycan buna hazırdır. Azərbaycan iqtisadi və hərbi baxımdan güclüdür. Ölkəmiz çox geniş beynəlxalq dəstəyə malikdir. Ölkəmiz bu gün BMT-dən sonra ikinci ən böyük beynəlxalq təşkilata – Qoşulmama Hərəkatına sədrlik edir. Əlbəttə, biz bunu işimizin bir hissəsi kimi icra edəcəyik ki, uzunmüddətli sabitlik və təhlükəsizlik təmin olunsun”. Prezident əlavə edib ki, bu, həmçinin Paşinyan rejimindən, yaxud da həmin rejimi devirəcək dairələrdən asılı olacaq. Hesab edirəm ki, beynəlxalq ictimaiyyət Ermənistana birbaşa mesaj verməlidir. Birincisi, gələcəkdə heç zaman Azərbaycan xalqının hissləri ilə oynamasın, yoxsa ağır cəzadan yaxa qurtara bilməyəcəksiniz! Paşinyan “Qarabağ Ermənistandır” deyəndə səhv etdi və layiqli cəzasını aldı. O, bu alçaltmaya layiqdir. Xalqımız, ölkəmiz qələbə qazandı, çünki həqiqət və beynəlxalq hüquq bizim tərəfimizdə idi.xeber100.com

Dekabr 12, 2020 1:30

Ukrayna mətbuatı Azərbaycanda keçirilən Zəfər paradından yazır…

Ukrayna mətbuatı Azərbaycanda keçirilən Vətən müharibəsində Qələbəyə həsr olunmuş Zəfər paradını geniş işıqlandırıb.Azərtac xəbər verir ki, “RBK-Ukrayna”, Ukrinform, UNIAN, “İnterfax-Ukrayna” informasiya agentliklərinin, “Gordon”, “Segodnya”, “Dialog”, “Podrobnosti” və digər portalların yaydıqları informasiyalarda, 1+1, “Ukrayna 24”, “TCN”, “Pryamoy” telekanallarında yayımlanan reportajlarda Zəfər paradının möhtəşəmliyi haqqında fikirlər yer alıb.Məlumat və reportajlarda Zəfər paradında Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevlə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın çıxışından sitatlar yer alıb. Prezident İlham Əliyevin çıxışına istinadla vurğulanır ki, Zəngəzur, Göyçə, İrəvan mahalı Azərbaycanın tarixi torpaqlarıdır. “Bizim xalqımız bu torpaqlarda əsrlərboyu yaşayıb, ancaq Ermənistan rəhbərliyi o vaxt 100 minlərlə azərbaycanlını öz doğma torpaqlarından didərgin salmışdır. Ondan sonra Dağlıq Qarabağda eyni mənzərə müşahidə olunurdu”, - deyə məlumatlarda Prezidentə istinadla qeyd olunur.Azadlıq meydanında Ermənistan ordusundan qənimət götürülmüş hərbi texnikaların bir qisminin, eləcə də Azərbaycan Silahlı Qüvvələrinə məxsus döyüş texnikasının nümayiş etdirildiyi qeyd olunur.xeber100.com

Dekabr 11, 2020 10:42