Müdafiə Nazirliyi: Silahlı Qüvvələrimizin 2783 nəfər hərbi qulluqçusu həlak olub

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Vətən müharibəsində həlak olan və yaralanan hərbi qulluqçularla bağlı məlumat yayıb.Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azərtac-a daxil olan məlumatda qeyd edilib ki, Ermənistanın 2020-ci il sentyabrın 27-də ölkəmizə qarşı növbəti hərbi təcavüzünə cavab olaraq Azərbaycan Respublikasının Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında torpaqlarımızın işğaldan azad edilməsi məqsədilə Vətən müharibəsinə başlayıb.Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyəti Vətən müharibəsində qəhrəmancasına və şücaətlə döyüşərək Ermənistan silahlı qüvvələrinə sarsıdıcı zərbələr endirib, illər ərzində Ermənistanın işğal altındakı torpaqlarımızda qurduğu mürəkkəb konstruksiyalı mühəndis-istehkam və bunker sistemlərini darmadağın edib, bir neçə eşelondan ibarət və sıx şəkildə minalanmış müdafiə xətlərini yararaq torpaqlarımızı işğaldan azad edib.Rəşadətli və qorxmaz əsgər və zabitlərimiz əksər strateji yüksəkliklərin, əlverişli döyüş mövqelərinin Ermənistan silahlı qüvvələrinin əlində olması, Ermənistanın çoxsaylı artilleriya, yaylım atəşli reaktiv sistemləri və minaatan qurğularından ibarət sıx atəş zərbələri altında və çətin coğrafi relyef və iqlim şəraitində döyüş apararaq Ermənistanı məğlub etməyə müvəffəq olub.Qarabağın tacı olan Şuşa şəhərinin azad edilməsi dünya hərb tarixinə düşəcək unikal hərbi əməliyyatlardan biridir.Otuz ilə yaxın həsrətində olduğumuz torpaqlarımız şəhidlərimizin qanı və canı bahasına işğaldan azad edilib. Döyüş əməliyyatı planlarının yüksək peşəkarlıqla hazırlanması, yüksək texnologiyaların tətbiqi, müxtəlif qoşun növlərinin fəaliyyətinin səmərəli əlaqələndirilməsi, havada mütləq üstünlüyün əldə edilməsi, ordumuzun manevr qabiliyyəti, digər taktiki və strateji üstünlükləri şəxsi heyətin sıralarında itkilərimizi əsaslı dərəcədə azaldıb. Amma müharibə itkisiz olmur.Vətən müharibəsində Silahlı Qüvvələrimizin 2783 nəfər hərbi qulluqçusu həlak olub. Onların sırasında 103 nəfər hərbi qulluqçunun DNT analiz metodu ilə şəxsiyyətinin müəyyən edilməsi üzrə işlər davam etdirilir. 100 nəfərdən artıq hərbi qulluqçumuz isə itkin düşmüş hesab olunur. Onların tapılıb ailələrinə məlumat verilməsi üçün zəruri təbdirlər görülür. Hazırda 1245 nəfər hərbi qulluqçumuzun tibb müəssisələrində müalicəsi davam edir.“Həlak olan hərbi qulluqçuların adları, təvəllüdü, rütbəsi və keçdiyi döyüş yolu barədə təfərrüatlı məlumatlar əlavə olaraq ölkə ictimaiyyətinə təqdim olunacaqdır. Aidiyyəti dövlət qurumlarının əməkdaşlarından ibarət komissiya bu istiqamətdə fəaliyyət göstərir. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Şəhidlərimizin ruhu qarşısında baş əyirik!”, - deyə Müdafiə Nazirliyinin məlumatında qeyd olunub.xeber100.com

Dekabr 3, 2020 2:28

Prezident Administrasiyasının məlumatı əsasında…

Ermənistanın ardıcıl təxribatları və hərbi təcavüzünə cavab olaraq 2020-ci il sentyabrın 27-də Azərbaycan xalqı Ermənistanın otuz ilə yaxın davam edən işğalçılıq siyasətinə son qoymaq və torpaqlarımızı düşmən tapdağından azad etmək uğrunda Vətən müharibəsinə qalxmışdır. 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycan xalqı tarixi qələbə qazanmış, ölkəmizin ərazi bütövlüyü bərpa olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında” 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən Vətən müharibəsində misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 10-nun Azərbaycanda Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsi qərara alınmışdır.Bununla yanaşı, noyabrın 10-u Türkiyə Cümhuriyyətinin qurucusu, adı türk dünyasının tarixinə qızıl hərflərlə həkk olunmuş böyük şəxsiyyət Mustafa Kamal Atatürkün anım günüdür. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev demişdir: “Mustafa Kamal Atatürk sizin üçün nə qədər əziz və hörmətli olubsa, o qədər də azərbaycanlılar üçün əziz və hörmətlidir”. Azərbaycanı ürəkdən sevən, "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” deyən Mustafa Kamal Atatürk hər bir azərbaycanlının qəlbində özünə yer etmişdir, onun xatirəsi ölkəmizdə də böyük ehtiramla yad olunur.Noyabrın 10-nun Türkiyədə Mustafa Kamal Atatürkün anım günü olduğunu nəzərə alaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Zəfər Gününün tarixinin dəyişdirilməsi barədə qərar qəbul etmişdir.Hər bir azərbaycanlı üçün əziz olan Qarabağın incisi Şuşa şəhərinin noyabrın 8-də iyirmi səkkiz illik əsarətdən qurtarılması müharibənin taleyində həlledici rol oynamış, düşmənin siyasi-hərbi rəhbərliyinin məğlubiyyəti etiraf etməsinə və hərbi əməliyyatları dayandırmasına səbəb olmuşdur.Şuşa şəhərinin və onun işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq, xalqımızın döyüş əzminin və qüdrətinin təntənəsinə çevrilən, dövlətimizin gələcək inkişafı və nüfuzu baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbə - Zəfər Günü hər il noyabrın 8-də təntənəli şəkildə qeyd ediləcəkdir.xeber100.com  

Dekabr 3, 2020 12:34

Prezidenti İlham Əliyev Anım Gününün və Zəfər Gününün təsis edilməsi haqqında Sərəncam imzalayıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycanda  Anım Gününün və Zəfər Gününün təsis edilməsi haqqında Sərəncam imzalayıb. Anım Gününün təsis edilməsi haqqında imzalanan Sərəncama əsasən, Ermənistanın Azərbaycana qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan xalqı işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başlanması, Haqq və Şərəf işimiz olan, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirilməsi, Azərbaycan Ordusunun zəfər yürüşünə dözə bilməyən düşmən təxribatlara əl ataraq, günahsız mülki insanları hədəfə almaqla müharibə cinayətləri törətməsinə diqqət çəkilir. Daha sonra həmvətənlərimizin bir çoxunun şəhid olması, itkin düşməsi, yaralanaraq sağlamlığını itirməsi və torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına işğaldan azad edilməsini, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, qərara alıb: -Hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilsin. -Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin  Zəfər Gününün təsis edilməsi haqqında imzaladığı Sərəncamda isə deyilir ki, 44 gün sürən hərbi əməliyyatlar nəticəsində müzəffər Azərbaycan Ordusu Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, Azərbaycan xalqının tarixində, mədəniyyətində və qəlbində xüsusi yeri olan, Qarabağın tacı sayılan Şuşa şəhərini, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələrini, Xocavənd rayonunun Hadrut qəsəbəsini və bir çox kəndlərini, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndləri daxil olmaqla ümumilikdə 300-dən çox yaşayış məntəqəsini, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəklikləri işğaldan azad etdi. Rəşadətli Azərbaycan əsgər və zabitləri addım-addım irəliləyərək, Ermənistanın uzun illər ərzində qurduğu mühəndis-istehkam sistemlərini yarıb keçdilər, torpaqlarımız qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı və canı bahasına azad edildi. Prezident İlham Əliyev Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə qərar qəbul edib. -Hər il noyabrın 10-u Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilsin. -Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin. HAŞİYƏ: Hər il 10 noyabr Türkiyədə Mustafa Kamal Atatürkün anım günü kimi qeyd olunur. Prezident İlham Əliyev bunu nəzərə alaraq Zəfər Gününün tarixinin dəyişdirilməsi barədə qərar qəbul edib. Belə ki, Şuşa şəhərinin və onun işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq, xalqımızın döyüş əzminin və qüdrətinin təntənəsinə çevrilən, dövlətimizin gələcək inkişafı və nüfuzu baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbə – Zəfər Günü hər il noyabrın 8-də təntənəli şəkildə qeyd ediləcək. Onu da qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin Vətən Müharibəsindəki tarixi qələbəsi münasibətilə Bakıda hərbi parad keçirilməsi də gözlənilir. Hərbi mənbələrin verdiyi məlumata görə, paradın dekabrın 10-da Azadlıq Meydanında keçiriləcəyi planlaşdırılıb.xeber100.com    

Dekabr 2, 2020 2:16

“Le Figaro” qəzeti Fransa Senatının erməni lobbisinin təzyiqi altında olmasından yazır

Fransa güclü erməni lobbisinin təzyiqi altındadır. Ancaq o, bunun beynəlxalq səviyyədə doğuracağı nəticələrin fərqinə varmalıdır. Fransa təcrid olunmaq təhlükəsindədir.Azərtac xəbər verir ki, Fransa Senatının üzvü Alən Rişarın bu sözləri “Le Figaro” qəzetində dərc edilmiş məqalədə yer alıb. O, Senatda keçirilən səsvermələrin nəticələrinin ağır fəsadlar yarada biləcəyini qeyd edib.Fransa Strateji və Beynəlxalq Münasibətlər İnstitutunun (İRİS) Türkiyə və Yaxın Şərq üzrə mütəxəssisi Didye Biyonu Senatın bu təşəbbüsünə etiraz edərək deyib ki, Fransa heç bir dövlətin, hətta Ermənistanın özünün belə tanımadığı bir qurumu niyə tanımalıdır? Bu, Bakı və Ankara ilə diplomatik əlaqələrin tam kəsilməsinə gətirib çıxara bilər. Fransanın bu münaqişədə oynayacağı hər hansı bir rol varsa, o da Ankara və Bakı ilə dialoq apararaq vasitəçi kimi çıxış etməkdir. Senatın səsverməsindən sonra Türkiyə parlamenti qəbul edilən qətnaməni gülünc, qərəzli və gerçəkliklə əlaqəsi olmayan qətnamə kimi qiymətləndirdi. Azərbaycan parlamenti də öz növbəsində, Fransanın Minsk qrupundan çıxarılmasına çağırdı.Məqalədə Fransanın bu cür addımlarının beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənməyəcəyi ilə bağlı fikirlər də yer alıb.xeber100.com

Dekabr 2, 2020 10:39

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin vətəndaşlara müraciəti

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi vətəndaşlara müraciət edib.Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azərtac-a daxil olan müraciətdə “Bir qrup hərbi qulluqçunun səfərbərlik üzrə hərbi xidmətdən tərxis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 1 dekabr tarixli Sərəncamının icrasının sürətləndirilməsi məqsədilə vətəndaşlara müvafiq sənədləşməni həyata keçirilməsi qaydaları ilə bağlı tövsiyə edilir ki, səfərbərlikdən təxrisedilmə ilə əlaqədar hərbi qulluqçuların aşağıda göstərilən kateqoriyalara aid olmasını təsdiq edən sənədləri (surətləri notarial qaydada təsdiq olunmuş) Azərbaycan Ordusunun müvafiq hərbi hissələrinə deyil, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinə təqdim olunsun: - üç və ya daha çox uşağı olan; - himayəsində I dərəcə əlilliyi müəyyən edilmiş şəxs olan; - himayəsində yetkinlik yaşına çatmayan bacısı və ya qardaşı olan; - ailənin tək övladı olan; - ataları və ya qardaşları döyüş əməliyyatları, habelə hərbi xidmət üzrə vəzifələrin icrası zamanı həlak olmuş və ya vəfat etmiş; - döyüş əməliyyatları zamanı yaralanmış, habelə hərbi-həkim komissiyaları tərəfindən dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı sayılan; - yaxın qohumları Ermənistan Respublikasının hərbi təxribatları və Azərbaycan Respublikasının ərazilərini atəşə tutması nəticəsində həlak olmuş; - mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq dövlət qeydiyyatına alınmış, fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilmiş və akkreditasiya olunmuş təhsil müəssisələrində, eləcə də onların filiallarında, Azərbaycan Milli Elmlər Akademiyasında və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 14 dekabr tarixli 235 nömrəli Qərarı ilə təsdiq edilmiş “Doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və elmi təşkilatların Siyahısı”nda nəzərdə tutulmuş digər elmi təşkilatlarda əyani təhsilalma formasında bakalavriatda, magistraturada, doktoranturada (adyunkturada), əsas (baza ali) tibb təhsili və rezidenturada təhsil alan”.xeber100.com

Dekabr 2, 2020 10:35

Prezident İlham Əliyev: Azad edilmiş ərazilərimizin bərpası dövrü başlayır

Bizim ölkəmiz üçün yeni dövr başlayır. Yeni quruculuq dövrü, inkişaf dövrü, azad edilmiş ərazilərimizin bərpası dövrü. Mən tam əminəm ki, Azərbaycan xalqı bu dövrdə də birlik, həmrəylik göstərəcək, güclü iradə göstərəcək. Azərbaycan xalqı yenə də birləşərək dağıdılmış bu şəhərləri, kəndləri bərpa etmək üçün əlindən gələni edəcəkdir. Biz bundan sonra böyük və qürurlu xalq kimi yaşayacağıq. Beynəlxalq müstəvidə, bölgədə öz sözümüzü demişik. İstədiyimizə nail olmuşuq və əminəm ki, bundan sonra bizim xalqımızı təhlükəsiz və xoşbəxt həyat gözləyir.Azərtac xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev xalqa müraciətində qarşıdakı yeni dövr barədə danışarkən səsləndirib.“Mən bilirəm ki, bu günlər ərzində mənim hər bir çıxışımı Azərbaycan xalqı səbirsizliklə gözləyirdi. Çünki biz ilk günlərdən qələbə qazanmışdıq və bu 44 gün ərzində bir gün də olmamışdır ki, biz haradasa geriyə çəkilək, bir dəfə də. Halbuki müharibələrdə belə olur, ordular hücum edir, geri çəkilir, taktiki manevrlər edir. Biz bir gün də geri çəkilmədik. Yaralanmış və ağır vəziyyətdə olan əsgərlərimiz hospitallarda, xəstəxanalarda deyirdilər ki, tezliklə sağalaq, qayıdaq döyüş bölgəmizə. Şəhidlərimizin ruhu şad olsun, valideynləri onları dəfn edərkən deyirdilər ki, Vətən sağ olsun. Deyirdilər ki, ancaq irəli, ancaq irəli. Allah bütün şəhidlərimizə rəhmət eləsin!”, - deyə dövlətimizin başçısı bildirib.Prezident qeyd edib ki, biz bütün dünyaya böyük və yenilməz xalq olduğumuzu göstəririk. Biz döyüş meydanında, siyasi müstəvidə Qələbə qazanmışıq və bu Qələbə ölkəmiz üçün yeni dövr açır. Bu dövr inkişaf, təhlükəsizlik, tərəqqi dövrü olacaq.Artıq bu mövzu ilə bağlı müraciətlərini yekunlaşdırdığını bildirən Prezident İlham Əliyev deyib: “Əminəm, bundan sonra, əlbəttə ki, bir çox hallarda doğma xalqıma öz sözlərimi deyəcəyəm. Amma bu dövrlə bağlı müraciətlərimi yenə də hər bir Azərbaycan vətəndaşının arzuladığı sözlərlə yekunlaşdırmaq istəyirəm: Cəbrayıl bizimdir, Füzuli bizimdir, Zəngilan bizimdir, Qubadlı bizimdir, Ağdam bizimdir, Kəlbəcər bizimdir, Laçın bizimdir, Şuşa bizimdir, Qarabağ bizimdir! Qarabağ Azərbaycandır! Eşq olsun Azərbaycan xalqına! Yaşasın Azərbaycan!”.xeber100.com

Dekabr 1, 2020 10:02