Ölkə başçısı AŞPA-nın fəxri sədrini qəbul edib

Prezident İlham Əliyev Maastrixt Menecment Məktəbinin prezidenti, Niderland Krallığı Senatının sabiq sədri,  AŞPA-nın fəxri sədri Rene van der Lindeni qəbul edib. Apa-məlumatına görə, Azərbaycanla Niderland arasında əlaqələrin fəal şəkildə inkişaf etdiyini vurğulayan dövlət başçısı bu işdə Rene van der Lindenin səylərini yüksək qiymətləndirib. Ölkələrimiz arasında qarşılıqlı maraq doğuran məsələlərin daim artdığını deyən prezident İlham Əliyev iki dövlətin biznes sahəsində əməkdaşlığına toxunaraq getdikcə daha çox Niderland şirkətinin Azərbaycanda fəaliyyət göstərdiyini qeyd etdi. Niderlandın Maastrixt Universiteti ilə Azərbaycanın “ADA” Universiteti arasında qurulan əlaqələrin strateji əhəmiyyət daşıdığını vurğulayan dövlətimizin başçısı bütün bunları əməkdaşlığımızın müsbət göstəriciləri kimi dəyərləndirib. Azərbaycanın ölkəsi ilə əməkdaşlığından məmnunluğunu ifadə edən Rene van der Linden bu əməkdaşlığa, xüsusən Niderlandın Limburq vilayəti ilə qurulan əlaqələrə görə ölkə başçısı minnətdarlığını bildirib. Rene van der Linden hər iki tərəfin bu əlaqələrin inkişafı istiqamətində səylərini əsirgəmədiyini deyib. Görüşdə Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığı, o cümlədən Azərbaycan ilə Niderland arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə genişləndirilməsi, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.xeber100.com  

May 18, 2016 12:49

“Terrorçuluğa qarşı mübarizə haqqında qanunda dəyişiklik edilməsi”…

Mayın 16-da Milli Məclisinin müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclası keçirilib. Azərtac xəbər verir ki, iclasda “Terrorçuluğa qarşı mübarizə haqqında qanunda dəyişiklik edilməsi” barədə qanun layihəsi müzakirə edilib. Milli Məclis sədrinin birinci müavini, komitənin sədri Ziyafət Əsgərov bildirib ki, qanun layihəsinə əsasən, sənədin müvafiq maddələrindəki “terror aksiyası” sözləri “terror aktları” sözləri ilə əvəzlənəcək. Belə ki, “terror aktı” konkret hüquqi yük daşıyan bir anlayışdır. “Aksiya” isə politoloji məna kəsb edir. Komitə sədri qeyd edib ki, sənədə düzəlişlərin əsas məqsədi onu “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 2015-ci il 20 may tarixli qanuna uyğunlaşdırmaqdır. Ziyafət Əsgərov vurğulayıb ki, terrorçuluğa qarşı mübarizə dövlətimizin ən önəmli istiqamətlərindən biridir. Azərbaycan da terrorçuluqdan əziyyət çəkən ölkədir. Biz illər boyu erməni terroruna məruz qalmışıq və bu, hələ də davam edir. Terrorçuluğa qarşı mübarizə ilə bağlı 10-dan çox beynəlxalq konvensiya qəbul olunsa da, təəssüf ki, bu günədək onların heç birinə əməl edilməyib. Sonra qanun layihəsi haqqında müzakirələr aparılıb və deputatlar fikirlərini səsləndiriblər. Qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.xeber100.com  

May 16, 2016 2:07

Azərbaycan-Bolqarıstan əməkdaşlığı…

Mayın 13-də Milli Məclisin sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Bolqarıstanın xarici işlər naziri Daniel Mitovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Azərtac xəbər verir ki, sədr Azərbaycanın Bolqarıstanla əməkdaşlığın inkişafına böyük önəm verdiyini bildirib. Qeyd edib ki, ölkələrimiz arasında strateji tərəfdaşlıq haqqında sənəd imzalandıqdan sonra münasibətlərimiz keyfiyyətcə yeni səviyyəyə yüksəlib. O.Əsədov əlaqələrimizin inkişafında dövlət başçılarının qarşılıqlı səfərlərinin və aparılan danışıqların mühüm rol oynadığını söyləyib. Bildirib ki, bu günədək ölkələrimiz arasında 51 sənəd imzalanıb, 10 sənəd isə baxılmaq üzrədir. Münasibətlərimizin hüquqi bazasını təşkil edən bu sənədlər əməkdaşlığımızın gələcək inkişafı üçün yaxşı zəmin yaradır. Siyasi sahədə əlaqələrimizin yüksək səviyyədə olduğunu söyləyən Milli Məclisin sədri ticari-iqtisadi münasibətlərimizdə yüksək göstəricilər əldə etmək üçün böyük imkanlar olduğunu söyləyib. Qeyd edib ki, bu potensialın reallaşması iki dost xalqın rifah halının daha da yüksəlməsinə xidmət edəcək. Bolqarıstanın işgüzar dairələrinin Azərbaycanın neft, habelə qeyri-neft sektoru və digər sosial-iqtisadi layihələrində iştirakı, qarşılıqlı biznes forumların keçirilməsi iqtisadi əlaqələrimizin inkişafına böyük töhfə verə bilər. Sədr parlamentlər səviyyəsində də əlaqələrimizi yüksək qiymətləndirib. Bildirib ki, deputatların qarşılıqlı səfərləri, nüfuzlu beynəlxalq qurumlarda fəaliyyəti buna parlaq misaldır. Söhbət zamanı belə bir fikir vurğulanıb ki, Bolqarıstan Avropa İttifaqının üzvü kimi bizim üçün ağrılı olan Dağlıq Qarabağ problemi ilə əlaqədar məsələlərin müzakirəsində bu qurumun mövqeyindən çıxış edir. Biz strateji müttəfiq kimi gələcəkdə Bolqarıstanın bu məsələdə həssas mövqe nümayiş etdirəcəyinə ümid edirik. BMT Təhlükəsizlik Şurasının, AŞPA-nın və digər beynəlxalq qurumların problemin həlli ilə əlaqədar qətnamələrinə məhəl qoymayan Ermənistan işğalçılıq siyasəti yeritməkdə davam edir. Təmas xəttində son dövrdə baş vermiş hadisələr bir daha sübut etdi ki, Azərbaycan münaqişəni başqa vasitələrlə də həll etmək iqtidarındadır. Ancaq sülh tərəfdarı kimi biz beynəlxalq birliyin səyi nəticəsində problemin tezliklə beynəlxalq hüququn norma və prinsiplərinə uyğun məntiqi həllinə inanırıq. Bolqarıstanın xarici işlər naziri Daniel Mitov tutduğu vəzifədə Azərbaycana ilk dəfə səfər etdiyini, burada aparılan danışıqlardan və gördüklərindən məmnun qaldığını söyləyib. O qeyd edib ki, təmsil etdiyi ölkə Qafqazın bu bölgəsi ilə həyatın ən müxtəlif sahələrində əməkdaşlığı inkişaf etdirmək niyyətindədir. Qonaq ümidvar olduğunu bildirib ki, yüksək səviyyəli siyasi dialoq iqtisadi münasibətlərin inkişafına da təkan verəcək. Bolqarıstan Azərbaycanla təkcə enerji deyil, turizm, kənd təsərrüfatı, nəqliyyat, yüksək texnologiyalar sahələrində də əməkdaşlıq etmək niyyətindədir. Söhbət zamanı tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Görüşdə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova, Bolqarıstanın ölkəmizdəki səfiri Maya Xristova və digər rəsmi şəxslər iştirak ediblər.xeber100.com

May 14, 2016 12:12

Müdafiə Nazirliyinin məlumatına görə…

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan, 60, 82 və 120 millimetrlik minaatanlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 120 dəfə pozub.Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Ermənistanın İcevan rayonunun Berkaber kəndində, Berd rayonunun Ayqepar kəndində və Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycanın Qazax rayonunun Qızılhacılı, Tovuz rayonunun Əlibəyli kəndlərində və Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.Erməni silahlı bölmələri tərəfindən Tərtər rayonu ərazisində yerləşən yaşayış məntəqələri və mövqelərimiz mayın 13-ü saat 18.20-dən başlayaraq 14-ü saat 01.50-dək 60, 82 və 120 millimetrlik minaatanlardan intensiv olaraq atəşə məruz qalıb. Eləcə də Ağdam rayonunun Şıxlar, Cəvahirli, Sarıcalı, Kəngərli, Novruzlu, Şuraabad, Qaraqaşlı, Mərzili, Yusifcanlı, Nəmirli, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qaraxanbəyli, Horadiz, Qorqan, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqelərinə atəş açılıb. Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitinə uyğun olaraq düşmənin mövqeləri və səngərlərinə 124 dəfə cavab zərbələri endirib.xeber100.com

May 14, 2016 12:02

Azərbaycanın tolerantlıq modeli müzakirə olunub

Amerika Yəhudi Komitəsinin (AYK) dəvətilə Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev Kaliforniyanın San Fransisko şəhərinə səfər edərək, Azərbaycana dair keçirilən üç tədbirdə məruzə ilə çıxış edib. Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan Apa-ya verilən məlumata görə, diplomat öncə AYK-nin San Fransisko üzrə regional nümayəndəliyinin idarə heyətinin üzvləri qarşısında məruzə oxuyub. Baş konsulun növbəti təqdimatları AYK-nin gənc peşəkarlar təşkilatı olan ACCESS-in üzvləri qarşısında və San Fransiskonun ən qədim yəhudi dini ocaqlarından olan “Sherith Israel” sinaqoqunda keçirilib. Tədbirlərdə hüquq, maliyyə, elm, media, informasiya texnologiyaları və beynəlxalq biznes kimi müxtəlif sahələrdən olan nüfuzlu şəxslər iştirak ediblər.N.Ağayev Azərbaycanın tolerantlıq və multikulturalizm ənənələrinin ictimai-tarixi köklərini izah edərək, bu gün ölkəmizdə müxtəlif dinlər və millətlər arasında mövcud olan qardaşlıq münasibətlərindən bəhs edib. Diplomat qeyd edib ki, mürəkkəb coğrafi-siyasi məkanda yerləşməsinə baxmayaraq, Azərbaycanın yarada bildiyi uğurlu multikulturalizm və tolerantlıq nümunəsi bu gün artıq beynəlxalq aləmdə mütərəqqi model kimi qəbul olunur və öyrənilir. Baş konsul vurğulayıb ki, prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda dinlər və millətlərarası qarşılıqlı hörmət və etimad mühiti hər gün daha da güclənməkdə, müxtəlif mədəniyyətlər arasında mübadilə imkanları genişlənməkdədir. 2016-cı ilin ölkəmizdə “Multikulturlizm İli” elan olunduğunu diqqətə çatdıran N.Ağayev bildirib ki, Azərbaycanın bu yöndəki səyləri artıq yalnız ölkə daxilində deyil, regional və beynəlxalq miqyaslarda da öz bəhrəsini verməkdədir. Baş konsul, bu səpkidə, cari ilin 25-27 aprel tarixlərində Bakıda keçirilən, 140 ölkədən 3 minədək nümayəndənin qatıldığı BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun böyük uğurla keçməsini nümunə kimi qeyd edib. N.Ağayev, həmçinin, Ermənistan tərəfindən Azərbaycana qarşı həyata keçirilən işğalçılıq və etnik təmizləmə siyasəti, Azərbaycanın ABŞ və İsrail ilə münasibətləri, eləcə də Azərbaycan xalqı ilə yəhudi xalqı arasında olan sıx tarixi dostluq əlaqələri barədə iştirakçıları məlumatlandırıb, eləcə də mədəniyyətlərarası dialoqa mühüm önəm verən Amerika Yəhudi Komitəsi ilə Azərbaycan arasındakı dostluq münasibətlərinin yüksək təqdirə layiq olduğunu diqqətə çatdırıb. Sonda baş konsul tədbir iştirakçılarının çoxsaylı suallarını cavablandırıb.xeber100.com

May 13, 2016 3:50