“Notiziegeopolitiche” analitik-informasiya portalı yazır…

“ABŞ Gürcüstan hökumətinə yardımı nəticəsində Gürcüstanda erməni nüvə qaçaqmalçıların həbsi mümkün olub”. Ermənistanın keçmiş baş naziri və hazırda parlament üzvü Qrant Baqratiyanın Ermənistanın nüvə silahına sahib olması və ondan təhlükəsizliyinin təmini məqsədilə istifadə edə biləcəyi ilə bağlı açıqlamalarından irəli gələrək İtaliyanın “Notiziegeopolitiche” analitik-informasiya portalında tədqiqatçı-jurnalist Culiano Bifolkinin məsələyə dair apardığı araşdırmalarına dair məqaləsi dərc olunub. Azərbaycanın İtaliyadkı səfirliyindən APA-ya verilən məlumata görə, məsələnin araşıdırılması üçün müəllifin Ermənistanın İtaliyadakı səfirliyinə ünvanladığı suala cavab olaraq səfirlik Baqratiyanın fikirlərinə şərh vermək istəməyib, lakin istənilən Ermənistan vətəndaşının ölkənin milli təhlükəsizliyi ilə bağlı fikirlərini söyləməkdə azad olduğunu bildirib. Azərbaycanın İtaliyadakı səfirliyi isə mövzuya münasibətdə Azərbaycanın beynəlxalq ictimaiyyəti dəfələrlə Ermənistandan irəli gələn nüvə təhlükəsi və nüvə terroru barədə xəbərdar etdiyini bildirib. Əsas narahatlıq Ermənistanda fəaliyyət göstərən Metsamor Atom Elektrik Stansiyasının qurğularının köhnəlməsindən irəli gəlir. Buna görə Azərbaycan tərəfi bu nüvə obyektinin region üçün yaratdığı risklər və təhdidlər kontekstində bağlanmasına ehtiyac olduğunu bəyan edir. Müəllif məqaləsində Azərbaycan prezidenti İlham Əliyevin Vaşinqtonda keçirilmiş Nüvə Təhlükəsizliyi Sammitində səsləndirdiyi fikirlərə də yer verib. Azərbaycan prezidenti öz nitqində Ermənistan ərazisindəki Metsamor AES-in 1976-cı ildə Çernobılda istifadə edilmiş texnologiya əsasında və seysmik ərazidə tikildiyini xatırladıb. Müəllif son dövrlərdə dünya mətbuatında Ermənistan vətəndaşlarının adının nüvə materiallarının qaçaqmalıçılığında tez-tez hallanmasına da toxunub. Bununla bağlı müəllif Ermənistanın hüquq müdafiəçisi Armine Sahakyanın fikirlərinə istinad edərək bildirib ki, erməni nüvə qaçaqmalçıları bu məqsədlə Qara dəniz vasitəsilə beynəlxalq bazarlara çıxışı olan Gürcüstandan istifadə edirlər. Məsələnin yalnız regional deyil, həm də beynəlxalq təhlükəsizliyə təhdid olmasını nəzərə alaraq, ABŞ Gürcüstan hökumətinə nüvə və radioaktiv materialların qaçaqmalçılığının qarşısının alınması məqsədilə 50 milyon dollar yardım edib. Məhz bu tədbirlər nəticəsində son dövrdə Gürcüstanda bu istiqamətdə fəaliyyət təkmilləşib və erməni qaçaqmalçıların həbsi mümkün olub. Müəllif qeyd olunan bu faktların “Metsamor” AES-in fəaliyyətindən irəli gələrək Ermənistanda nüvə istehsalının olduğunu göstərdiyini, habelə bu ölkədə nüvə materiallarının qaçaqmalçılığının artmasının yalnız regional yox, habelə beynəlxalq səviyyədə təhlükəsizliyə təhdid olduğunu vurğulayıb. Sonda G.Bifolki qeyd edib ki, Baqratiyanın açıqlamaları parlamentin üzvü olan bir şəxsin azad fikirləri olsa da, keçmişdə baş nazir olmuş bir şəxsin fikirlərinin çəkisinin olduğunu da nəzərə almaq lazımdır. Xüsusilə də Gürcüstanın Daxili İşlər Nazirliyinin müvafiq hesabatlarını nəzərə alaraq, erməni siyasətçinin açıqlamaları beynəlxalq terrorizm problemi kontekstində Avropanı da maraqlandıra bilər. Sonda müəllif nəzərə çatdırıb ki, bu problemin nizamlanması üçün konstruktiv diplomatiya vasitəsilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə nail olmaq lazımdır.xeber100.com

May 8, 2016 4:01

Azərbaycan Ordusuna dəstək aksiyası keçirilib

Danimarkadakı Azərbaycan icmasının üzvləri Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində son vaxtlar baş verən hadisələrlə əlaqədar Kopenhagenin mərkəzində yerləşən “Radhus Plads” meydanında Milli Ordumuza dəstək və həmrəylik aksiyası keçiriblər. Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə iştirakçılar hadisələr zamanı həlak olan əsgərlərimizin və mülki vətəndaşlarımızın xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Cəbhə xəttində yaşanan son gərginliklər barədə danışan aksiya iştirakçıları bu hadisələrə səbəb olan Ermənistan tərəfinin həyata keçirdiyi işğalçılıq və terror siyasəti haqqında yerli ictimaiyyətə Danimarka və ingilis dillərində məlumat veriblər. Qeyd olunub ki, Azərbaycan torpaqlarının 20 faizinin işğal altında saxlaması və bunun nəticəsində 1 milyondan artıq qaçqın və məcburi köçkünün yaranması beynəlxalq hüquq normalarının kobud şəkildə pozulmasıdır. Ermənistan BMT Təhlükəsizlik Şurasının erməni silahlı qüvvələrinin Azərbaycan torpaqlarını qeyd-şərtsiz və dərhal tərk etməsini tələb edən 4 qətnaməsinə məhəl qoymur. Ölkəmizə dəstək şüarları səsləndirən aksiya iştirakçıları Ermənistan ordusunun həyata keçirdiyi, mülki insanların həlak olması ilə nəticələnən hərbi əməliyyatları pisləyiblər. Danimarka ictimaiyyətinə son hadisələr və onun fəsadları, habelə Ermənistan rəhbərliyinin ölkəmizə qarşı yürütdüyü işğalçılıq siyasəti barədə məlumat vərəqələri paylanılıb. Şimali Avropa regionunda fəaliyyət göstərən müxtəlif türkdilli diaspor təşkilatlarının nümayəndələri aksiyada iştirak ediblər.xeber100.com

May 7, 2016 2:42

Dağlıq Qarabağın yekun statusu nizamlanma kontekstində müəyyən ediləcək

ABŞ beynəlxalq ictimaiyyətlə bərabər Dağlıq Qarabağı tanımır. Apa-nın məlumatına görə, bunu ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Mark Toner brifinqdə deyib. “Dağlıq Qarabağın yekun statusu yalnız hərtərəfli nizamlanma kontekstində müəyyən ediləcək”, - deyə Mark Toner vurğulayıb. Dövlət Departamentinin rəsmi nümayəndəsi həmçinin qeyd edib ki, ABŞ münaqişənin həllinə nail olmaq üçün tərəfləri xoşməramlı ab-havada danışıqlar masası arxasına oturmağa çağırır.  Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan  SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb. 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏT-in Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, Polşa, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir. 1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir.Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.xeber100.com  

May 6, 2016 3:43

Heydər Əliyevin müasir Azərbaycan tarixindəki rolu

Bakı Dövlət Universitetində (BDU) Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ilə əlaqədar tədbir keçirilib. BDU-nun mətbuat və informasiya şöbəsindən Apa-ya verilən məlumata görə, tədbir iştirakçıları əvvəlcə universitetin inzibati binasında Heydər Əliyevin büstü önünə əklil və gül dəstələri qoyublar. Heydər Əliyevlə bağlı kitab sərgisinin nümayişindən sonra tədbir universitetin professor-müəllim heyəti, çoxsaylı qonaqlar və tələbələrin iştirakı ilə davam edib. Rektor, akademik Abel Məhərrəmov tədbiri açaraq Heydər Əliyevin müasir Azərbaycan tarixindəki rolu, demokratik, hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirdiyi islahatlar, vətən, xalq qarşısındakı tarixi xidmətlərindən bəhs edib. Baş nazirin müavini, YAP-ın sədr müavini, icra katibi Əli Əhmədov Heydər Əliyevin daxili və xarici siyasət istiqamətindəki fəaliyyəti ilə bağlı məruzə edib. Bildirib ki, Heydər Əliyev müasir Azərbaycan dövlətçiliyinin ideoloji-siyasi əsaslarını yaradıb, xalqı həqiqi müstəqilliyə qovuşduraraq ictimai şüurda əbədiyaşarlıq hüququ qazanıb. Sonra BDU-nun idman kompleksində ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr edilmiş fakültələrarası futbol turnirində və digər idman növləri üzrə yarışlarda qalib olmuş şəxslərə mükafatlar təqdim edilib. Futbol turnirində Tarix fakültəsi birinci, Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsi ikinci, Sosial elmlər və psixologiya, Hüquq fakültələri üçüncü yerləri tutublar.xeber100.com    

May 6, 2016 3:37

Azərbaycanda akkreditə olunan diplomatik korpus nümayəndələri Sarıcalı kənd orta məktəbində olublar

Azərbaycanda akkreditə olunan diplomatik korpus nümayəndələri Tərtər rayonundan cəbhənin Ağdam istiqamətinə gediblər. Apa-nın Qarabağ bürosunun xəbərinə görə, diplomatları Ağdam rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov qarşılayıb. Onlara aprel ayında erməni hərbi birləşmələrinin yaşayış məntəqələrinin atəşə tutması barədə məlumat verilib. Daha sonra nümayəndə heyəti ermənilər tərəfindən atılan mərminin dağıtdığı Sarıcalı kənd orta məktəbində olublar. Diplomatlar, həmçinin erməni silahlı qüvvələrinin ağır artilleriya atəşinə məruz qalan Mahrızlı, Zəngişalı, Çəmənli kəndlərində olacaqlar. Qeyd edək ki, Xarici İşlər Nazirliyi tərəfindən Azərbaycanda akkreditə olunan diplomatik korpusun nümayəndələrinin cəbhənin Ağdam və Tərtər istiqamətinə səfəri təşkil olunub. Səfərin məqsədi 2016-cı ilin aprel ayı ərzində Ermənistan silahlı qüvvələrinin qoşunların təmas xətti boyunca iri çaplı minaatanlar, ağır artilleriya və toplardan istifadə etməklə təmas xəttinə yaxın kəndlərdə sıx şəkildə yaşayan mülki Azərbaycan əhalisi, fərdi və dövlət mülkiyyətində olan obyektlər və Azərbaycan ordusunun mövqelərini intensiv atəşə tutmasının və dəymiş ziyanın humanitar və sosial nəticələri ilə yerindəcə tanış olmaqdır. Diplomatik nümayəndəliklərin rəhbərləri və hərbi attaşelərin daxil olduğu 80-ə yaxın nümayəndənin səfərinin məqsədlərindən biri də qoşunların təmas xətti boyunca mövcud vəziyyətin diplomatların təmsil etdiyi ölkələrə obyektiv çatdırılmasının təmin edilməsidir.xeber100.com  

May 6, 2016 3:26

“Azərbaycanın inkişaf yolu” kitabının təqdimatı keçirilib

Pekində Çin dilində “Azərbaycanın inkişaf yolu” kitabının təqdimatı keçirilib. Azərbaycanın Çindəki səfirliyinin və Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) təşkilatçılığı ilə keçirilən tədbirdə Çinin dövlət qurumlarının, araşdırma mərkəzlərinin, ali təhsil ocaqlarının, müxtəlif təşkilatların, Pekindəki diplomatik korpusun təmsilçiləri, o cümlədən Ukraynanın, Gürcüstanın, Moldovanın səfirləri, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər. Təqdimat mərasimində çıxış edən Azərbaycanın Çindəki səfiri Lətif Qəndilov, Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin müdir müavini Ərəstü Həbibbəyli, SAM-ın direktoru Fərhad Məmmədov, Çin Müasir Beynəlxalq Münasibətlər Akademiyasının vitse-prezidenti Fen Cunpin, İpək Yolu Beynəlxalq Ticarət Palatasının sədri Lu Ciacun, Uxan Universitetinin professoru Lyu Cayçi, Gürcüstanın Pekindəki səfiri David Aptsiauri və başqaları kitabın Çin ictimaiyyəti üçün Azərbaycan haqqında əsaslı məlumat mənbəyi kimi əhəmiyyətini vurğulayıblar. Qeyd olunub ki, qədim tarixə və zəngin mədəniyyətə malik olan Azərbaycan XX əsrin sonunda müstəqilliyini bərpa etdikdən sonra Ermənistanın da hərbi təcavüzü nəticəsində çətin şəraitlə üzləşmişdi. Belə bir dövrdə görkəmli dövlət xadimi Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı və onun uzaqgörən siyasəti, idarəçilik təcrübəsi sayəsində Azərbaycan yox olmaq təhlükəsini aşaraq inkişaf dövrünə qədəm qoydu. Dünyanın iri şirkətləri ilə imzalanmış neft müqavilələri Azərbaycanın hərtərəfli inkişafı üçün yeni imkanlar açdı, Ulu Öndərin təşəbbüsü ilə əsası qoyulan və Prezident İlham Əliyevin liderliyi ilə reallaşan irimiqyaslı enerji və nəqliyyat layihələri Azərbaycanı regionun lider dövlətinə çevirdi. Çıxış edənlər hələ qədim İpək yolu dövründən təməli qoyulmuş Azərbaycan-Çin münasibətlərinin 1994-cü ildə ulu öndər Heydər Əliyevin Çinə səfəri ilə yeni tarixi dövrə qədəm qoyduğunu bildirərək, ötən dövrdə hər iki tərəfin əlaqələrimizin inkişafına böyük diqqət yetirdiklərini diqqətə çatdırıblar. Qeyd olunub ki, ötən ilin dekabrında Azərbaycan Prezidenti İlham Əliyevin Çinə dövlət səfəri ölkələrimizin əməkdaşlığı üçün yeni imkanlar açıb. Azərbaycan və Çinin bir çox beynəlxalq məsələlərə münasibətdə mövqeyinin yaxınlığını qeyd edən natiqlər hər iki ölkənin bir-birinin ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını dəstəklədiklərini vurğulayıblar. Bildirilib ki, Çinin təşəbbüskarı olduğu İpək Yolu İqtisadi Kəməri layihəsini dəstəkləyən Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin mühüm bir hissəsi kimi bu təşəbbüsün reallaşmasına böyük töhfələr verə bilər. SAM-ın aparıcı elmi işçisi Rəşad Kərimovun tərtib etdiyi kitabda Azərbaycanın tarixinə, coğrafiyasına, mədəniyyətinə, ölkənin son 25 ildə keçdiyi yola, milli dövlət quruculuğuna, iqtisadi inkişafına, neft sənayesinə, gələcək inkişaf planlarına, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə, ulu öndər Heydər Əliyevin Azərbaycanın müasir tarixindəki əvəzolunmaz roluna, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkənin son illər dinamik inkişafına, qazandığı uğurlara, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın Azərbaycan mədəniyyətinin dünyada tanıdılması və təbliği istiqamətindəki fəaliyyətinə dair ətraflı məlumatlar əksini tapıb. Bundan başqa, kitabda ölkənin sosial-iqtisadi vəziyyətinə dair statistik məlumatlara, son illər Azərbaycanda keçirilmiş nüfuzlu beynəlxalq tədbirlərə, habelə Azərbaycan-Çin münasibətlərinə dair faktlara da geniş yer verilib.  

May 5, 2016 4:26