Heydər Əliyevin 93 yaşı tamam olur…

Bu gün Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 93 yaşı qeyd olunur. Apa-nın məlumatına görə, bu tarixlə bağlı ölkənin bütün bölgələrində və dünyanın bir çox ölkələrində tədbirlər keçirilib. Qeyd edək ki, Heydər Əlirza oğlu Əliyev 10 may 1923-cü ildə Naxçıvan şəhərində anadan olub. O, Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra 1939-41-ci illərdə Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) memarlıq fakültəsində təhsil alıb. 1941-ci ildən Naxçıvan Xalq Daxili İşlər Komissarlığında və Naxçıvan Xalq Komissarları Sovetində şöbə müdiri işləyib. Heydər Əliyev 1944-cü ilin mayında dövlət təhlükəsizliyi orqanlarına işə göndərilib, Leninqradda xüsusi ali təhsil alıb, general rütbəsinədək yüksəlib. 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib. 1964-cü ildə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini təyin olunub, 1967-ci ildə isə sədri təyin olunub. 1969-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1-ci katibi, Mərkəzi Komitənin büro üzvü seçilib. H.Əliyev 1976-cı ilin martında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosu üzvlüyünə namizəd, 1982-ci ilin noyabrında isə Siyasi Büro üzvü seçilib, eyni zamanda SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin edilib. O, SSRİ Ali Sovetinin (8, 9 və 10-cu çağırışlar) deputatı, 9-cu çağırış SSRİ Ali Soveti İttifaq Sovetinin sədr müavini, Azərbaycan SSR Ali Sovetinin (7, 8, 9 və 10-cu çağırış) deputatı və respublika Ali Soveti Rəyasət Heyətinin üzvü olub, Lenin ordeni (4 dəfə), Qırmızı Ulduz ordeni və çoxlu medallarla təltif edilib, iki dəfə Sosialist Əməyi Qəhrəmanı adına (1979, 1983) layiq görülüb. H.Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun və şəxsən baş katib Mixail Qorbaçovun yeritdiyi yanlış siyasətə etiraz olaraq tutduğu vəzifələrdən istefa verib və müxalif mövqe tutub. O, 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı silah işlədilməsini kəskin pisləyib. H.Əliyev Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı mərkəzin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk edib. 1990-cı ilin iyulunda Azərbaycana qayıdan H.Əliyev Naxçıvanda yaşayıb, həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilib. 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında partiyanın sədri seçilib. O, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublika Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Sovetinin sədr müavini olub. Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçilib, iyunun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlayıb. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan prezidenti seçilib. H.Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində dönüş yaranıb, müstəqil dövlət quruculuğu prosesi başlanıb, 1994-cü il oktyabr və 1995-ci il mart dövlət çevrilişi cəhdlərinin qarşısı alınıb, ölkədə ictimai-siyasi sabitlik bərqərar edilib. Dövlətin xarici siyasəti, eləcə də dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları ilə əlaqələri milli maraqlara və uzaqgörən siyasi perspektivlərə əsaslanan xətlə inkişaf etməyə başlayıb. 1994-cü ilin mayında o, cəbhədə atəşkəs elan edilməsinə nail olub. 1994-cü ilin sentyabrında Bakıda "Əsrin müqaviləsi" adını almış neft müqaviləsi imzalanıb, Azərbaycan neftinin dünya bazarlarına nəqli sahəsində uğurlu addımlar atılıb, Bakı-Supsa boru kəməri tikilib istifadəyə verilib. Heydər Əliyevin iradəsi sayəsində Bakı-Tiflis-Ceyhan əsas ixrac boru kəməri haqqında müqavilə imzalanıb, onun həyata keçirilməsinə başlanılıb. Heydər Əliyevin təşəbbüsü ilə Böyük İpək Yolunun bərpasında - ümumdünya kommunikasiya proqramının həyata keçirilməsində Azərbaycan aparıcı rol oynayıb. Gürcüstan, Ukrayna, Azərbaycan və Moldovanı əhatə edən GUAM birliyinin yaranmasında və beləliklə, böyük bir coğrafi məkanda region qüvvələrinin birləşməsində də H. Əliyevin önəmli xidməti olub. O, demokratik, hüquqi dövlət quruculuğu yönümündə ardıcıl siyasət yeridərək, ölkədə insan hüquq və azadlıqlarının başlıca prinsiplərinin bərqərar olması üçün əsaslı zəmin yaradıb. 1995-ci ilin noyabrında referendum yolu ilə Azərbaycanın Konstitusiyası qəbul edilib, 1995-ci və 2000-ci illərdə çoxpartiyalılıq əsasında parlament seçkiləri keçirilib, Konstitusiya Məhkəməsi fəaliyyətə başlayıb, Azərbaycanda ölüm cəzası, mətbuat üzərində senzura ləğv olunub. 1995-ci ilin mayında əfvetmə institutu bərpa edilib, 1995-2002-ci illərdə əfv fərmanlarına və amnistiya aktlarına əsasən minlərlə məhbus müxtəlif cəzalardan tam və ya qismən azad edilib, Azərbaycan 1996-cı ilin iyunundan Avropa Şurasında "xüsusi qonaq" statusu alıb, 2001-ci il yanvarın 25-də isə qurumun tamhüquqlu üzvü olub. H.Əliyev 1998-ci il oktyabrın 11-də yenidən Azərbaycan prezidenti seçilib. 2001-ci ildə Azərbaycanda latın əlifbasına keçilməsi, dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi, Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsdiq edilməsi haqqında fərmanlar imzalayıb. H.Əliyev 2003-cü il dekabrın 12-də vəfat edib.xeber100.com  

May 10, 2016 11:39

Azərbaycanın Çindəki səfirliyində Heydər Əliyevin anadan olmasının ildönümü münasibətilə tədbir keçirilib

Ümummilli lider Heydər Əliyevin anadan olmasının ildönümü münasibətilə Azərbaycanın Çindəki səfirliyində tədbir keçirilib. Pekində yaşayan və təhsil alan azərbaycanlıların iştirak etdikləri tədbirdə Ulu Öndərin müasir Azərbaycanın inkişafındakı misilsiz xidmətlərindən danışılıb. Azərbaycanın Çindəki səfiri Lətif Qəndilov Ümummilli Liderin həyatına nəzər salaraq bildirib ki, Heydər Əliyev bir rəhbər kimi bütün müsbət keyfiyyətləri özündə cəmləşdirən nadir bir şəxsiyyət olub. Ulu Öndər xalqına və Vətəninə xidmət edib, həm sovet dövründə, həm də müstəqillik illərində Azərbaycanın inkişafı, tərəqqisi üçün əlindən gələni edib. Ölkənin çətin dövründə xalqın tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev məhz xalqın dəstəyinə arxalanaraq qəbul etdiyi qərarla Azərbaycanı məhv olmaq təhlükəsindən xilas etdi. O, Azərbaycana sabitlik, iqtisadi yüksəliş, sosial inkişaf, demokratiya gətirdi, dövlətin hərtərəfli tərəqqisi üçün addımlar atdı.Vurğulanıb ki, Heydər Əliyevin təkcə Azərbaycan xalqı qarşısında deyil, eləcə də bütün bəşəriyyət qarşısında böyük xidmətləri olub. Onun təşəbbüsü ilə Böyük İpək Yolunun bərpası istiqamətində işlərə başlanılıb, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərləri inşa edilib, Asiya ilə Avropanı birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu xətti üzərində işlər sona çatmaq üzrədir. Bütün bunlar dünya iqtisadiyyatının inteqrasiyasının dərinləşməsinə, təkcə regionda deyil, eləcə də Avrasiyada, dünyada sülhün və sabitliyin möhkəmlənməsinə xidmət edən layihələrdir.xeber100.com

May 10, 2016 10:42

Prezident Qələbə Günü münasibətilə keçirilən mərasimdə iştirak edib

İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin 71-ci ildönümü münasibətilə mayın 9-da Bakıda təntənəli mərasim keçirilib. APA-nın məlumatına görə, Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak ediblər. Respublika Veteranlar Təşkilatının sədri, ehtiyatda olan general-mayor Dadaş Rzayev dövlətimizin başçısı İlham Əliyevi qarşılayıb. Müharibə veteranları ilə görüşən Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva onları Qələbə Günü münasibətilə təbrik ediblər. Dövlət başçısına xatirə hədiyyələri təqdim olunub. Azərbaycan prezidenti iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun ailə üzvləri ilə görüşüb, onları Qələbə bayramı münasibətilə təbrik edib. Prezident, Ali Baş Komandan İlham Əliyev iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun abidəsi önünə əklil qoyub. Dövlət başçısı İkinci Dünya müharibəsi veteranları ilə xatirə şəkli çəkdirib. Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Ali Baş Komandanın qarşısından keçib. Mərasimdə Baş nazir Artur Rasizadə, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və digər rəsmi şəxslər iştirak ediblər.

May 9, 2016 12:44

“Notiziegeopolitiche” analitik-informasiya portalı yazır…

“ABŞ Gürcüstan hökumətinə yardımı nəticəsində Gürcüstanda erməni nüvə qaçaqmalçıların həbsi mümkün olub”. Ermənistanın keçmiş baş naziri və hazırda parlament üzvü Qrant Baqratiyanın Ermənistanın nüvə silahına sahib olması və ondan təhlükəsizliyinin təmini məqsədilə istifadə edə biləcəyi ilə bağlı açıqlamalarından irəli gələrək İtaliyanın “Notiziegeopolitiche” analitik-informasiya portalında tədqiqatçı-jurnalist Culiano Bifolkinin məsələyə dair apardığı araşdırmalarına dair məqaləsi dərc olunub. Azərbaycanın İtaliyadkı səfirliyindən APA-ya verilən məlumata görə, məsələnin araşıdırılması üçün müəllifin Ermənistanın İtaliyadakı səfirliyinə ünvanladığı suala cavab olaraq səfirlik Baqratiyanın fikirlərinə şərh vermək istəməyib, lakin istənilən Ermənistan vətəndaşının ölkənin milli təhlükəsizliyi ilə bağlı fikirlərini söyləməkdə azad olduğunu bildirib. Azərbaycanın İtaliyadakı səfirliyi isə mövzuya münasibətdə Azərbaycanın beynəlxalq ictimaiyyəti dəfələrlə Ermənistandan irəli gələn nüvə təhlükəsi və nüvə terroru barədə xəbərdar etdiyini bildirib. Əsas narahatlıq Ermənistanda fəaliyyət göstərən Metsamor Atom Elektrik Stansiyasının qurğularının köhnəlməsindən irəli gəlir. Buna görə Azərbaycan tərəfi bu nüvə obyektinin region üçün yaratdığı risklər və təhdidlər kontekstində bağlanmasına ehtiyac olduğunu bəyan edir. Müəllif məqaləsində Azərbaycan prezidenti İlham Əliyevin Vaşinqtonda keçirilmiş Nüvə Təhlükəsizliyi Sammitində səsləndirdiyi fikirlərə də yer verib. Azərbaycan prezidenti öz nitqində Ermənistan ərazisindəki Metsamor AES-in 1976-cı ildə Çernobılda istifadə edilmiş texnologiya əsasında və seysmik ərazidə tikildiyini xatırladıb. Müəllif son dövrlərdə dünya mətbuatında Ermənistan vətəndaşlarının adının nüvə materiallarının qaçaqmalıçılığında tez-tez hallanmasına da toxunub. Bununla bağlı müəllif Ermənistanın hüquq müdafiəçisi Armine Sahakyanın fikirlərinə istinad edərək bildirib ki, erməni nüvə qaçaqmalçıları bu məqsədlə Qara dəniz vasitəsilə beynəlxalq bazarlara çıxışı olan Gürcüstandan istifadə edirlər. Məsələnin yalnız regional deyil, həm də beynəlxalq təhlükəsizliyə təhdid olmasını nəzərə alaraq, ABŞ Gürcüstan hökumətinə nüvə və radioaktiv materialların qaçaqmalçılığının qarşısının alınması məqsədilə 50 milyon dollar yardım edib. Məhz bu tədbirlər nəticəsində son dövrdə Gürcüstanda bu istiqamətdə fəaliyyət təkmilləşib və erməni qaçaqmalçıların həbsi mümkün olub. Müəllif qeyd olunan bu faktların “Metsamor” AES-in fəaliyyətindən irəli gələrək Ermənistanda nüvə istehsalının olduğunu göstərdiyini, habelə bu ölkədə nüvə materiallarının qaçaqmalçılığının artmasının yalnız regional yox, habelə beynəlxalq səviyyədə təhlükəsizliyə təhdid olduğunu vurğulayıb. Sonda G.Bifolki qeyd edib ki, Baqratiyanın açıqlamaları parlamentin üzvü olan bir şəxsin azad fikirləri olsa da, keçmişdə baş nazir olmuş bir şəxsin fikirlərinin çəkisinin olduğunu da nəzərə almaq lazımdır. Xüsusilə də Gürcüstanın Daxili İşlər Nazirliyinin müvafiq hesabatlarını nəzərə alaraq, erməni siyasətçinin açıqlamaları beynəlxalq terrorizm problemi kontekstində Avropanı da maraqlandıra bilər. Sonda müəllif nəzərə çatdırıb ki, bu problemin nizamlanması üçün konstruktiv diplomatiya vasitəsilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə nail olmaq lazımdır.xeber100.com

May 8, 2016 4:01