Rəsmi Bakı münaqişənin sülh yolu ilə həllinə ümid edir

  Ermənistan və Azərbaycan dörd günlük müharibədən sonra atəşkəs elan etdi. Lakin bu döyüşlər sübut etdi ki, post-sovet məkanındakı dondurulmuş münaqişələr əslində dondurulmuş deyil. Publika.az xəbər verir ki, bu barədə ABŞ-ın nüfuzlu “Blumberq” nəşrinin təhlilində deyilir. Nəşr qeyd edir ki, Dağlıq Qarabağda müharibə istənilən an alovlana bilər: “1988-ci ildə başlanan münaqişə 1994-cü ildə atəşkəslə dayandı. Bu müddət ərzində Ermənistan Rusiya qoşunlarının köməyi ilə qalib gəldi və bir milyona qədər azərbaycanlı öz evlərindən qovuldu. Atəşkəs ara-sıra toqquşmalarla 20 ildən artıq davam etdi və bir şənbə günü münaqişə qəfil alovlandı. Burada Azərbaycanın cəsarəti xüsusilə diqqət çəkir”. “Blumberq” qeyd edir ki, Türkiyə bu gün Azərbaycana bütün dəstəyi verir: “Ərdoğan “sona kimi Azərbaycanın yanındayıq” sözünü verdi və bu təkcə sözlə bitmir. Ermənistan isə Rusiyanın yaxın müttəfiqidir. Amma çox maraqlıdır ki, Putin Ərdoğan kimi danışmadı və Ermənistanı açıq dəstəkləmədi. Əksinə, o, atəşi dayandırmaqla bağlı çağırış etdi. Azərbaycan üstünlüyü ələ alsa da, atəşin dayandırılmasına razı oldu. Bakının Moskva ilə iqtisadi əlaqələri zəifləyib, o daha çox ABŞ və Avropa Birliyinin aparıcı ölkələri ilə ticarət edir. Amma Rusiya Azərbaycan üçün hər zaman acıqlı düşmən ola bilər. Hazırda rəsmi Bakı münaqişənin sülh yolu ilə həllinə ümid edir və inanır ki, Ermənistan geri çəkilməyə məcbur ediləcək. Ümumi proses hazırda Azərbaycanın əlinin daha güclü olduğunu da göstərir”.  

Aprel 7, 2016 2:30

Ölkə başçısı: “Heç kimə imkan verməyəcəyik ki, torpağımızda hökmranlıq etsin”

“Əsgərlərimiz sübut ediblər ki, Azərbaycanın dəyərli vətəndaşlarıdırlar". Apa-nın məlumatına görə, bunu bu gün Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında bu cəbhə bölgəsində ermənilərin hücumunu dəf edərkən yaralanmış və şəhid olmuş hərbçilərin ailə üzvləri ilə görüşündə Azərbaycanın Ali Baş Komandanı, Prezident İlham Əliyev deyib.  Dövlət başçısı bildirib ki, həmin əsgərlər layiqli vətəndaş kimi Azərbaycanda özlərinə layiqli həyat qurmalıdırlar və quracaqlar: “Biz o əsgərlərlə, onları böyüdən valideynlərlə fəxr edirik. Həkimlər yaralı əsgərlərin hamısının sağalacağını bildirdilər. Sağlamlıqları tam bərpa olunmalıdır, bərpa olunacaq. Bunun üçün həkimlər əllərindən gələni edirlər və edəcəklər. Mən bu gün onlara və sizə öz təşəkkürümü bildirmək üçün gəlmişəm ”. Prezident İlham Əliyev bildirib ki, Azərbaycan ərazi bütövlüyü uğrunda mübarizə aparmaq hər bir Azərbaycan vətəndaşının müqəddəs borcudur: “Azərbaycanın ərazi bütövlüyü heç vaxt müzakirə mövzusu olmayıb və olmayacaq. Ermənistan rəhbərliyi səhvini başa düşüb, danışıqlar masasında özünü səmimi apararsa, məsələnin sülh yolu ilə həlli üçün imkanlar var. Hər halda biz bunu istəyirik. Azərbaycan bu gün bir daha bəyan edir ki, birtərəfli qaydada bütün döyüş əməliyyatlarını dayandırır. Amma bir şərtlə ki, qarşı tərəf bundan istifadə etməsin. Onlar da atəşi dayandırsınlar, olduqları yerlərdə qalsınlar, tərpənməsinlər. Biz öz torpağımızdayıq, başqasının torpağında gözümüz yoxdur, heç bir başqa ölkənin torpağını işğal etməmişik. Amma heç kimə imkan verməyəcəyik ki, bizim torpağımızda hökmranlıq etsin. Artıq Azərbaycan dövləti də, ordusu da güclüdür. Bu gün müalicə alan əsgərlərimiz bunun ən gözəl sübutudur”.  

Aprel 5, 2016 2:45

Düşmənə sarsıdıcı zərbə

Aprelin 4-də axşam saatlarında və aprelin 5-nə keçən gecə ərzində bütün cəbhə boyu vəziyyət gərgin olaraq qalıb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, cəbhə xəttinin Xocavənd-Füzuli və Ağdərə-Tərtər istiqamətlərində itirilmiş mövqelərinin geri alınmasının heç bir nəticə vermədiyini anlayan Ermənistan tərəfi qoşunların təmas xəttinə yaxın yaşayış məntəqələrini atəşə tutmaqda davam edir.Bu istiqamətdə düşmənin ən iri hərbi bazalarından biri sayılan, Ağdərə şəhərinə aparan əsas yol üzərində və onun şimalında yerləşən strateji baxımdan əhəmiyyətli Madagiz məntəqəsindəki hərbi bazanın qərargahı dəqiq zərbələrlə dağıdılıb. Aprelin 4-də axşam saatlarında düşmənin müdafiə xəttində, mühəndis baxımdan hazırlanmış və dairəvi atəşətutma üçün səngərlərdə yerləşən 3 döyüş tankı heyətlə birlikdə atəş gücü vasitəsilə məhv edilib.Cəbhənin Xocavənd-Füzuli istiqamətində yerləşən hərbi birliyimiz də qarşı tərəfin atəş vasitəsilə yaşayış məntəqələrimizə ziyan vurmaq təhlükəsini minimallaşdırmaq məqsədilə düşmənin 2 tankını heyətlə birlikdə və hərbi əmlakla dolu 5-dək təkərli texnikasını sıradan çıxarıb.Ümumilikdə aprelin 4-ü gün ərzində və aprelin 5-i səhər saatlarınadək keçirilən əməliyyat tədbirləri və cavab atəş zərbələri nəticəsində ermənilər daha 70 nəfərədək canlı qüvvə sarıdan itkiyə məruz qalıb, 20-dək hərbi texnikası tam sıradan çıxarılıb. Bütün cəbhə boyu son iki gün ərzində düşmənlə döyüşlərdə igidlik və rəşadətlə vuruşan Silahlı Qüvvələrimizin hərbi qulluqçularından 16 nəfəri şəhid olub. Müdafiə Nazirliyinin rəhbərliyi şəhid olan hərbi qulluqçuların yaxınlarına və ailələrinə dərin hüznlə başsağlığı verir və səbir diləyir. Hazırda cəbhədə əldə edilən əməliyyat üstünlüyünü saxlamaq məqsədilə Silahlı Qüvvələrimiz müvafiq tədbirlər həyata keçirirlər.  

Aprel 5, 2016 12:42

ATƏT bu məsələdə mövqeyini ortaya qoymalıdır

“Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) yanvar sessiyası ərəfəsində ATƏT-in Minsk Qrupunun həmsədrlərinin Avropa Şurasına AŞ PA-da Dağlıq Qarabağla bağlı qətnamə qəbul edilməməsi ilə əlaqədar çağırışı Ermənistanın dünənki və srağagünkü təxribatlara yol verməsinə əlverişli şərait yaratmışdı”.  Bunu APA-ya Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib.  O bildirib ki, AŞ PA-da həmin qətnamə qəbul edilsəydi, bəlkə də ermənilər beynəlxalq səviyyədə növbəti qınaq sənədi ortaya çıxdığı üçün təxribatlara heç getməz, ehtiyat edərdilər: “Ancaq gördülər ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri onlara dəstək verir. Həm də Azərbaycanın belə yüksək səviyyədə fəaliyyəti göz qabağında olanda təxribata yol verməliydilər”. Seyidovun fikrincə, Ermənistan köhnə üsullardan istifadə edərək təxribatlara edir ki, Azərbaycanı beynəlxalq səviyyədə mənfi imicdə təqdim etsin: “Təxribat törətmiş Ermənistan layiqli cavab alaraq işğal altında saxladığı ərazilərin bir qismini itirib. Həmin əraziləri itirməsi də ona dəlalət edir ki, artıq Ermənistanın normal hərbi potensiala malik deyil. Beynəlxalq təşkilatlar, qurumlar da erməni yalanından beziblər. Serj Sərkisyan dünən isterika vəziyyətində beynəlxalq təşkilatlara müraciət edirdi. Onlar nə qədər nəsə etməyə çalışsalar da, dünya ictimaiyyəti reallığı çox gözəl bilir. Prezident İlham Əliyev Vaşinqtonda dünya liderlərinin iştirak etdiyi nüvə təhlükəsizliyi sammitində bir daha bəyan etdi ki, Dağlıq Qarabağ Azərbaycanın əzəli torpağıdır, işğal altındadır, azad edilməlidir. Əminəm ki, işğalçının ifşa olunması prosesi beynəlxalq təşkilatlar səviyyəsində daha yüksək səviyyədə təşkil olunacaq. Biz isə həm Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyəti olaraq, Avropa Şurasına, həm də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi olaraq müxtəlif beynəlxalq təşkilatlara, ATƏT-ə, Avropa Parlamentinə sənədləri rəsmi qaydada sübutlarla göndərəcəyik”. Milli Məclis sədrinin müavini, Azərbaycanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Bahar Muradova isə APA-ya bildirib ki, aprelin 15-16-da ATƏT-in fəaliyyətdə olan sədri Almaniyanın rəsmi təşkilatçılığı ilə “dondurulmuş” münaqişələrə dair seminar keçiriləcək: “ATƏT Parlament Assambleyasının yaz sessiyası nəzərdə tutulmayıb. Amma seminar ATƏT Parlament Assambleyasını xətti ilə keçiriləcək. Almaniyanın təcrübəsinin öyrənilməsi baxımından seminar “dondurulmuş” münaqişələrə həsr olunacaq. ATƏT-in fəaliyyətdə olan sədri “dondurulmuş” münaqişələrə diqqəti yönəltmək üçün belə bir seminar keçirir.  Biz həmin seminarda Ermənistanın təmas xəttindəki təxribatları ilə bağlı məsələni qaldıracağıq. Dağlıq Qarabağ münaqişəsinin nə vaxtsa alovlanacağı və bölgə, ATƏT regionu üçün təhlükəli həddə gəlib çatacağı barədə proqnozlarla əlaqədar əlamətlər artıq ortadır. Ona görə də düşünürəm ki, ATƏT vasitəçi təşkilat kimi bu məsələdə mövqeyini ortaya qoymalıdır”.   .

Aprel 3, 2016 5:13