“The Daily Tribune-News of Bahrain” qəzeti yazır…

“The Daily Tribune-News of Bahrain” qəzetində Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfiri Şahin Abdullayevin “Ermənistanın tarixi əsassız saxtalaşdırmaq cəhdləri” sərlövhəli məqaləsi dərc olunub.Azərtac xəbər verir ki, bir çoxlarının Dağlıq Qarabağ münaqişəsi haqqında yanlış təsəvvürləri olduğunu, bəzilərinin bu problemə qərəzli yanaşması, digərlərinin isə məlumatsız olması səbəbindən yanlış fikirlər yürüdüldüyünü qeyd edən müəllif bir neçə ölkədə öz vətəndaşları arasında ermənipərəst dairələrin Azərbaycan əleyhinə mövqe formalaşdırdığını yazır. Bu cür halların beynəlxalq mediada da mövcudluğunu diqqətə çatdıran səfir əlavə edir ki, sözügedən sindromun əsas səbəbi tarixi faktların saxtalaşdırılmasıdır.Ermənilərin XIX əsrin əvvəllərində İran və Osmanlı imperiyasından Dağlıq Qarabağa köçürüldüyünü diqqətə çatdıran səfir əlavə edir ki, bu faktı onlar özləri də etiraf edirlər. Belə ki, ermənilər Dağlıq Qarabağa köçürülmələrinin 150 illiyi ilə əlaqədar Azərbaycanın Ağdərə rayonunun Marağa kəndində “Marağa-150” abidəsi də ucaldıblar. 1836-cı ildə isə Rus çarının fərmanı ilə qədim alban kilsələri ermənilərin ixtiyarına verilib.Məqalədə azərbaycanlıların hazırda Ermənistan adlanan ərazidən zorla köçürülməsi, ermənilərin 1905-1920, 1948-1953 və 1988-1992-ci illərdə xalqımıza qarşı etnik təmizləmə siyasəti aparması da qeyd olunur. Diqqətə çatdırılır ki, Çar Rusiyasının siyasətini davam etdirən bolşeviklər Qarabağı iki yerə bölərək onun dağlıq hissəsində erməni muxtar vilayəti yaradıblar. Bundan başqa, Azərbaycanla Türkiyə arasında əlaqəni kəsmək məqsədilə 1920-ci ildə Zəngəzur, 1929-cu ildə isə Mehri əraziləri Ermənistanın tərkibinə verilib.Müəllif Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizama salınması məqsədilə 1992-ci ildə yaradılmış ATƏT-in Minsk qrupunun səmərəsiz fəaliyyətindən, hazırda Azərbaycanın öz torpaqlarını işğaldan azad etmək üçün apardığı hərbi əməliyyatlardan, döyüş meydanında ağır məğlubiyyətə düçar olan Ermənistanın dinc əhaliyə qarşı törətdiyi müharibə cinayətlərindən də bəhs edir. Vurğulayır ki, atəşkəsə nail olmağın yeganə yolu Ermənistanın BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əməl etməsi, öz qoşunlarını işğal altında qalan ərazilərdən çıxarmasıdır.xeber100.com

Noyabr 7, 2020 8:02

Azərbaycan Respublikası Milli Məclisinin növbəti plenar iclası keçirilir

Noyabrın 6-da Azərbaycan Respublikası Milli Məclisinin növbəti plenar iclası keçirilir.Azərtac xəbər verir ki, Milli Məclisin sədri Sahibə Qafarova iclası açaraq gündəliyi təqdim edib. Gündəliyə 7 məsələ daxildir.Deputatlar “Təhsil haqqında” Qanunda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş), “Peşə təhsili haqqında” Qanunda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş), Azərbaycan Respublikasının Meşə, Torpaq və Mülki məcəllələrində, “Torpaq islahatı haqqında”, “Torpaq bazarı haqqında”, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında”, “Dövlət rüsumu haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş), Azərbaycan Respublikasının Əmək Məcəlləsində və Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş), “Hərbi qulluqçuların statusu haqqında”, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Yol hərəkəti haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Avtomobil yolları haqqında”, “Özəl tibb fəaliyyəti haqqında”, “Dövlət qulluğu haqqında”, “Psixiatriya yardımı haqqında”, “Onkoloji yardım haqqında” və “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş), “Tibbi sığorta haqqında” Qanunda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş), “Dövlət qulluğu haqqında” Qanunda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş) qanun layihələrini müzakirə edəcəklər.xeber100.com

Noyabr 6, 2020 12:52

Prezident ilham Əliyev: Biz Türkiyədən yalnız müasir hərbi avadanlıq alırıq

Türkiyədən heç bir hərbi dəstək yoxdur. Bu növbəti təxribat, növbəti feyk xəbərdir. Biz Türkiyədən yalnız müasir hərbi avadanlıq alırıq. Bu, həqiqətdir. Bu, dünyada istənilən ordunun paxıllıq edə biləcəyi yeni müasir avadanlıqdır.Azərtac xəbər verir ki, Prezident İlham Əliyev bunu İspaniyanın EFE agentliyinə müsahibəsində Türkiyənin Azərbaycana hərbi dəstək göstərdiyi barədə ittihamları təkzib edərkən deyib.Dövlətimizin başçısı bildirib ki, Türkiyənin müasir hərbi avadanlığı Azərbaycana döyüş meydanında çox kömək edir. “Lakin biz onu alırıq, biz müqavilələr imzalayırıq, hər şey şəffafdır, hər şey qanunidir. Biz başqa ölkələrdən də silah alırıq. Nəyə görə heç kim bizim Rusiyadan nə qədər silah aldığımızdan danışmır? Yalnız Türkiyə. Çünki Türkiyə əfsuslar olsun ki, indi müxtəlif avropalı siyasətçilərin hücumuna məruz qalır. Türkiyəni qaralamaq cəhdləri var. Türkiyəni şantaj etmək, ona təzyiq göstərmək cəhdləri var. Bu, tamamilə qəbuledilməzdir”, - deyə dövlətimizin başçısı vurğulayıb.Prezident mövzu ətrafında söhbəti davam etdirərək deyib: “Bizim əsas silahlarımız Rusiyadan gəlir. Biz başqa ölkələrdən də silah alırıq. Yalnız Türkiyənin adı hallanır. Bu, birincisi. İkincisi, Türkiyənin bizə hərbi dəstək göstərdiyini həmişə deməyə davam edənlər nəyə görə vasitəçi, Minsk qrupunun həmsədri olan Rusiyanın Ermənistana hərbi dəstək göstərdiyini demirlər? Bizim əlimizdə sübutlar var, bu 40 gün ərzində Ermənistanın hansı məbləğdə silahla təchiz edildiyi ilə bağlı məlumatı Rusiya rəsmilərinə təqdim etmişik. Niyə heç kim bu barədə danışmır? Gəlin, bunun haqqında danışaq, gəlin, ədalətli olaq. Buna görə birincisi, bu, səhv məlumatdır. İkincisi, biz Türkiyə hərbi avadanlığını alırıq və almağa davam edəcəyik. Üçüncüsü, bu məsələ ilə bağlı heç bir ikili standart olmamalıdır. Yeri gəlmişkən, Azərbaycana Türkiyə tərəfindən hərbi dəstək göstərildiyini deyənlər, hesab edirəm, bu absurd ittihamlardan çəkinməlidirlər”.xeber100.com

Noyabr 5, 2020 2:36

Prezident İlham Əliyev: 200 il əvvəl Dağlıq Qarabağda erməni yox idi

Sovet dövrünün statistikasına görə, 1970-ci illərin sonunda Dağlıq Qarabağ muxtar vilayətində əhalinin demək olar ki, 25 faizi, 40 min nəfəri azərbaycanlılar idi. Şuşada 98 faiz azərbaycanlılar məskunlaşmışdılar. Bu gün orada bir nəfər azərbaycanlı belə yoxdur. Xankəndidə çox sayda azərbaycanlı var idi. Hadrut rayonunda, digər rayonlarda, soyqırımı törətdikləri Xocalıda 100 faiz azərbaycanlılar idi. Beləliklə, onların hamısı etnik təmizləməyə məruz qalıb, qətlə yetirilib, işgəncəyə məruz qalıb və didərgin salınıblar.Azərtac xəbər verir ki, Prezident İlham Əliyev bu faktları İtaliyanın “La Repubblica” qəzetinə müsahibəsində Ermənistanın Dağlıq Qarabağda həyata keçirdiyi etnik təmizləmədən danışarkən söyləyib.“Təəssüflər olsun ki, heç kim Ermənistanı bunda günahlandırmayıb. Biz Ermənistana qarşı hər hansı sanksiyaları görmədik, bizə hər hansı ciddi informasiya dəstəyi görmədik. Beləliklə, bu, edildi və onlar yerində reallıq yaratdılar. Bu, birincisi. İkincisi, 200 il bundan əvvəl orada, ümumiyyətlə, erməni yox idi. Çünki mən Qarabağ xanının Rus imperiyası ilə imzaladığı müqavilələrə dəfələrlə istinad etmişəm. Həmin müqavilədə - 1805-ci il Kürəkçay müqaviləsində etnik ermənilər barədə heç nə deyilmir. Etnik ermənilər bu regiona onun dini və etnik tərkibini dəyişdirmək məqsədilə Şərqi Anadoludan və İrandan çar Rusiyası tərəfindən gətirilmişdilər”, - deyə Azərbaycan Prezidenti bildirib.Dövlətimizin başçısı deyib ki, Dağlıq Qarabağda yaşayan ermənilər bizim vətəndaşlarımızdır və hamısı orada sülh və ləyaqət içində yaşamağa davam edəcəklər: “Dağlıq Qarabağda yaşayan ermənilər əmin ola bilərlər ki, onların təhlükəsizliyi təmin ediləcək, onların maddi vəziyyəti daha yaxşı olacaq və onlar bu gün Dağlıq Qarabağdakı xunta rejiminin basqısı altında olduğundan daha yaxşı həyat sürəcəklər”.xeber100.com

Noyabr 4, 2020 1:29