ABŞ Dağlıq Qarabağ regionundakı vəziyyəti müşahidə edir

ABŞ Prezidenti Donald Tramp sentyabrın 27-də brifinqdə bəyan edib ki, ABŞ hakimiyyət orqanları Azərbaycanın Dağlıq Qarabağ regionunda vəziyyəti müşahidə edir. Azərtac xəbər verir ki, Trampın sözlərinə görə, ABŞ bu münaqişənin genişlənməsini dayandırmağa çalışacaq.Xatırladaq ki, sentyabrın 27-də Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat əməliyyatları həyata keçirərək Azərbaycan ordusunun bütün cəbhə xətti boyunca yerləşən mövqelərini və Azərbaycanın cəbhəyanı zonadakı yaşayış məntəqələrini iriçaplı silahlardan, minaatanlardan və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutublar. Azərbaycan ordusu düşmənin bu təxribatının qarşısını almaq və mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə əks-hücuma keçib. Nəticədə bəzi kəndlər işğaldan azad edilib, strateji yüksəkliklər tutulub.BMT Təhlükəsizlik Şurası 1993-cü ilin aprel-noyabr aylarında Azərbaycan ərazilərinin işğalını pisləyən, Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən qeyd-şərtsiz və dərhal çıxarılmasını, azərbaycanlı məcburi köçkünlərin doğma yurdlarına qaytarılmasını tələb edən 822, 853, 874 və 884 nömrəli qətnamələr qəbul edib. 2008-ci ilin mart ayında BMT Baş Assambleyası BMT Təhlükəsizlik Şurasının həmin qətnamələri barəsində beynəlxalq birliyin mövqeyini bir daha təsdiq edən 62/243 nömrəli qətnamə qəbul edib. BMT Təhlükəsizlik Şurasının həmin qətnamələri əsasında müxtəlif ölkələrin qanunverici orqanları və beynəlxalq təşkilatlar erməni işğalçı dəstələrinin Azərbaycan ərazisindən çıxarılmasını tələb edən onlarca qətnamə qəbul ediblər.xeber100.com

Sentyabr 28, 2020 2:16

“Hərbi vəziyyət elan edilməsi haqqında” Fərman

Prezident İlham Əliyev sentyabrın 27-də “Hərbi vəziyyət elan edilməsi haqqında” Fərman imzalayıb.Azərtac xəbər verir ki, Fərmana əsasən, Ermənistan Respublikasının silahlı qüvvələrinin Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsini və ətraf rayonlarını işğal etməsi, Azərbaycan Respublikasına qarşı silahlı hücumlar etməsi və mütəmadi hərbi təxribatlar törətməsi ilə əlaqədar, 2020-ci il 28 sentyabr saat 00:00-dan Azərbaycan Respublikasının bütün ərazisində hərbi vəziyyət elan edilib.Fərmanda deyilir: Hərbi vəziyyətin təmin edilməsi məqsədi ilə “Hərbi vəziyyət haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş tədbirlər həyata keçirilsin.Bakı, Gəncə, Sumqayıt, Yevlax, Mingəçevir, Naftalan şəhərlərində, Abşeron, Cəbrayıl, Füzuli, Ağcabədi, Beyləqan, Ağdam, Bərdə, Tərtər, Goranboy, Göygöl, Daşkəsən, Gədəbəy, Tovuz, Şəmkir, Qazax və Ağstafa rayonlarında hərbi vəziyyət dövründə saat 21:00-dan 06:00-dək komendant saatı tətbiq edilsin. Komendant saatının tətbiq edildiyi ərazilərdə: - Şəxslərin xüsusi icazə və şəxsiyyəti təsdiq edən sənədləri olmadan küçələrdə və digər ictimai yerlərdə olmaları qadağan edilsin; - Xüsusi giriş-çıxış rejimi tətbiq edilsin, nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılması üçün tədbirlər görülsün. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi komendant saatının tətbiqindən irəli gələn tədbirlərin həyata keçirilməsini təmin etsin. Hərbi vəziyyət dövründə mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq idarə, müəssisə və təşkilatların hüquqlarının və qanuni mənafelərinin, vətəndaşların hüquq və azadlıqlarının qismən və müvəqqəti məhdudlaşdırılmasını nəzərdə tutan tədbirlər vəziyyətin kəskinliyindən irəli gələn hüdudlar daxilində və Azərbaycan Respublikasının Konstitusiyasına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq tətbiq edilsin.xeber100.com

Sentyabr 27, 2020 9:52

Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatı

Sentyabrın 27-də Ermənistan silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozaraq, təmas xətti boyunca Azərbaycan Respublikasının mövqelərini, Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çiraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı, Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından atəşə tutaraq Azərbaycana qarşı növbəti təcavüzə əl atıb.Azərtac xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi bəyanat yayıb.Bəyanatda deyilir: “Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin məlumatına əsasən, mülki əhali və hərbi qulluqçular arasında həlak olan və yaralananlar var. Çoxsaylı evlərə və mülki obyektlərə ciddi ziyan dəyib.Azərbaycan Respublikasının Silahlı Qüvvələri Ermənistanın növbəti hərbi təcavüzünün qarşısını almaq və təmas xətti boyunca sıx şəkildə yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə özünü müdafiə hüququ çərçivəsində və beynəlxalq humanitar hüquqa tam riayət etməklə əks-hücum və cavab tədbirlərini həyata keçirirlər.Ermənistan tərəfinin Azərbaycana qarşı növbəti təcavüzü beynəlxalq hüququn fundamental norma və prinsiplərinin, Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli 822, 853, 874 və 884 saylı qətnamələrinin, beynəlxalq humanitar hüququn, o cümlədən 1949-cu il Cenevrə Konvensiyaları və onların əlavə protokollarının kobud şəkildə pozulmasıdır.27 sentyabr tarixində Ermənistanın Azərbaycana qarşı yeni təcavüz aktı son aylar ərzində Ermənistan tərəfinin təxribatları, o cümlədən 12-16 iyul Tovuz istiqamətində hücum cəhdi, 23 avqust Goranboy istiqamətində diversiya-kəşfiyyat təxribatı, Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni məskunlaşdırma siyasətinin aparılması, eləcə də Ermənistan rəhbərliyinin təhrikçi bəyanatları və fəaliyyətinin davamıdır.Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ və ətraf bölgələrində qeyri-qanuni mövcudluğunun regionda sülh və sabitliyə ciddi təhlükə olduğuna yaxşı bələd olan və Ermənistanın Azərbaycana qarşı təcavüzü və işğalçı fəaliyyətinə beynəlxalq hüququn norma və prinsiplərindən irəli gələrək prinsipial mövqe nümayiş etdirən beynəlxalq ictimaiyyət, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətini və təxribatçı əməllərini kəskin şəkildə qınamalı və Ermənistanı beynəlxalq hüquq, o cümlədən beynəlxalq humanitar hüquq öhdəliklərinə əməl etməyə məcbur etməlidir.Yaranmış vəziyyətə görə tam məsuliyyət Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşür”.xeber100.com

Sentyabr 27, 2020 1:16