Azərbaycanda Novruz çərşənbələrindən – Od çərşənbəsi qeyd olunur

Bu gün Azərbaycanda Novruz çərşənbələrindən ikincisi - Od çərşənbəsi qeyd olunur. Ona xalq arasında “üskü çərşənbə”, “üskü gecəsi”, “ikinci çərşənbə” və yaxud “addı çərşənbə” də deyilir.AMEA Folklor İnstitutunun böyük elmi işçisi Atəş Əhmədli Azərtac-ın müxbiri ilə söhbətində xalqımızın odla bağlı adət-ənənələrindən, mərasimlərindən danışıb.Atəş Əhmədli qeyd edib ki, çox qədim zamanlarda yeni anadan olmuş uşağı odun başına dolandırmaqla pak edər, ancaq bundan sonra ananın qucağına verərdilər. Bu yolla paklaşmamış uşaq murdar hesab edilər, buna görə də ana onu rahatlıqla qucağına ala bilməzmiş. Bu inancın və xüsusi mərasimin çox aydın izi bu gün də “Çevir ocağa, al qucağa” kimi atalar sözündə görünməkdədir.“Novruz bayramını od-ocaqsız, gur Novruz tonqalı olmadan təsəvvür etmək mümkün deyil. İnsanlar qaranlıq düşən kimi böyük tonqallar yandırır və onların alovu qaranlığı yararaq insanlarda böyük sevinc və coşqu, şən əhval-ruhiyyə yaradır. Bu cəhətdən Novruzla bağlı inanclarda odu müqəddəsləşdirmənin mühüm yer tutduğunu görürük. Ümumiyyətlə, od türklərin inanclarında mühüm mövqeyə malikdir. Axır çərşənbə tonqalı həm də ata-baba ruhları ilə bağlıdır. Məsələn adətlərdən birinə görə, ilaxır çərşənbədə evin işığını sübhəcən söndürməzlər. Deyirlər, həmin gecə uluların ruhu sübhəcən yurda baş çəkməyə gəlir.Lakin inanclara görə, Novruz tonqalının təkcə əcdad ruhları ilə deyil, həm də bədxah ruhlarla əlaqəsi var. Qazax bölgəsinin inanclarına görə, yeni il axşamı evdə, bayırda ocaq qalayar, şam yandırarlar ki, qara div, şər, pis nəzər onlardan uzaq olsun, qorxub qaçsın.Bəzi bölgələrimizdə axır çərşənbə axşamında yandırılan tonqalın üstündən mal-qaranı, qoyun-quzunu da adladırlar ki, çillədə qalmasınlar. Çillə – köhnə ilin ağrı-acısı, qada-balasıdı, ocaqdan adlayanda hamısı tökülüb odda yanır.Digər inanca görə, axır çərşənbə tonqalı ilə Novruz tonqalı bir-birindən ciddi fərqləndirilir. Yəni, bayram axşamında, ya da bayram günündə qalanan tonqala yaş ağac atılmaz. Yaş ağacı həmin ocağa atsan, ruzi-bərəkət çəkilər.İnanclardan birinə görə isə çərşənbə axşamı lampanın altına bağlı qıfıl qoyur və niyyət edib gözləyirlər. Kim qapını açıb birinci evə girsə, onun ilk sözünü niyyətlərinə görə yozurlar.Xatırladaq ki, Azərbaycanda Novruzun ilk çərşənbəsi - Su çərşənbəsi fevralın 26-a qeyd edilib. Martın 12-si Yel, martın 19-u isə ilaxır - Torpaq çərşənbəsidir.Bu il yaz fəsli Azərbaycana martın 21-i saat 01:58-də qədəm qoyacaq.xeber100.com  

Mart 5, 2019 1:20

Martın 5-nə gözlənilən hava proqnozu açıqlanıb

Azərbaycanda martın 5-nə gözlənilən hava proqnozu açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Azərtac-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin martın 4-dən 5-nə keçən gecə bəzi yerlərdə havanın çiskinli olacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şimal-şərq küləyi əsəcək.Havanın temperaturunun Abşeron yarımadasında gecə 2-5°, gündüz 8-11° isti, Bakıda gecə 3-5°, gündüz 9-11° isti olacağı ehtimal edilir. Atmosfer təzyiqi normadan yüksək - 765 millimetr civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 55-65 faiz təşkil edəcək.Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi cənub rayonlarında yağış yağacağı proqnozlaşdırılır. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 0-5°, gündüz 12-17° isti, dağlarda gecə 1-6° şaxta, gündüz 3-8° isti olacağı bildirilir.Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, martın 5-də Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi və meteoroloji amillərin zəif tərəddüdü müşahidə ediləcək. Bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.xeber100.com

Mart 4, 2019 1:20

İqtisadi və sosial məsələlərlə bağlı müşavirədə…

Artıq bir neçə aydır ki, ciddi sosial paket üzərində iş aparılır. Minimum əməkhaqqının, minimum pensiyanın, tələbələrin təqaüdlərinin artırılması, digər ödənişlərin verilməsi bütün böyük sosial paketin tərkib hissəsidir. Eyni zamanda, sosial müavinətlərlə bağlı olan məsələ də öz həllini tapacaq. Sosial müavinətlər çox əhəmiyyətli dərəcədə artırılacaq.Azərtac xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev fevralın 25-də iqtisadi və sosial məsələlərlə bağlı müşavirədə söyləyib.Prezident vurğulayıb ki, bütün bunlar – bu çox böyük proqram 500 mindən çox əhalini əhatə edəcək. Bütün bu təşəbbüsləri əgər biz təhlil etsək, o cümlədən problemli kreditlərdən əziyyət çəkən vətəndaşların da sayını müəyyən etsək, təqribən 2 milyon 200 min əhali dövlətin sosial təşəbbüslərinin icrasından böyük dərəcədə faydalanacaq.“Bu, çox ciddi sosial paketdir. Bir daha demək istəyirəm ki, bu paketin reallaşması, ilk növbədə, bizim güclü siyasi iradəmizə söykənir. Çünki mən dəfələrlə demişəm, bir daha demək istəyirəm ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Eyni zamanda, bizim maliyyə imkanlarımız buna imkan verir. Maliyyə imkanlarımızı biz əldə etmişik, biz yaratmışıq. Məhz aparılan islahatlar nəticəsində bizim gəlirlərimiz, büdcə gəlirlərimiz artır, artacaq və artmalıdır. Ona görə bir daha demək istəyirəm ki, bizim iqtisadi inkişafımız sosial məsələlərin həlli ilə nə qədər bağlıdır. Bu da təbiidir. Bizdə güclü iradə, güclü sosial siyasət var. Eyni zamanda, elan edilmiş və icra edilən ciddi iqtisadi və sosial islahatlar bizə imkan verir ki, əlavə maliyyə resurslarını məhz vətəndaşların rifah halının yaxşılaşmasına yönəldək. Əminəm ki, 2019-cu il bütövlükdə ölkəmiz üçün uğurlu il olacaqdır. Azərbaycan 2019-cu ildə uğurlar və inkişaf yolu ilə gedəcəkdir”, - deyə dövlətimizin başçısı qeyd edib.xeber100.com

Fevral 25, 2019 12:37