Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatı…

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) “İş yerinə dair arayış” e-xidmətindən istifadə sayı ötən ayla müqayisədə iyul ayında 36 faiz artaraq 21 min 808-ə çatıb. Bu barədə Azərtac-a ƏƏSMN-in ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Məlumatda bildirilir ki, “İş yerinə dair arayış” e-xidməti istifadəçiyə real vaxt rejimində öz iş yeri haqqında onun istəyinə uyğun olaraq ümumi təyinatlı, yaxud konkret bir quruma təqdim etmək üçün əmək haqqı göstərilməklə və ya göstərilmədən e-arayış əldə etmək imkanı verir. Portal tərəfindən avtomatik olaraq formalaşdırılan iş yerinə dair arayışı müvafiq təşkilata elektron şəkildə göndərmək, yaxud çap şəklində təqdim etmək mümkündür. Arayışda işçi və işəgötürənə aid məlumatlar, əmək müqaviləsinin bağlandığı tarix və s. əksini tapır. Bu e-xidmətdən istifadə nəticəsində istifadəçinin həmin arayışın alınması üçün işlədiyi müəssisənin aidiyyəti şəxslərinə müraciət etməsinə, bunun üçün vaxt və zəhmət çəkməsinə artıq ehtiyac qalmır. Eyni zamanda, arayışın təqdim edildiyi qurum arayışdakı ştrix-kod vasitəsilə və portaldakı müvafiq xidmətdən istifadə edərək bu sənəddə əksini tapan məlumatların həqiqiliyini yoxlaya bilir. “İş yerinə dair arayış” elektron xidməti 2014-cü ilin dekabr ayından əhalinin istifadəsindədir. Həmin vaxtdan avqustun 1-dək vətəndaşlar bu e-xidmətdən ümumilikdə 336 min 35 dəfə faydalanıblar.xeber100.com

Avqust 8, 2016 10:55

Metropolitendə təcrübə kursları başlayıb

“Bakı Metropoliteni” QSC-nin təlim-tədris mərkəzində ölkənin ali təhsil müəssisələrinin savadlı, bacarıqlı və hazırlıqlı tələbələrindən ibarət SABAH qrupu iştirakçılarının metropolitendə təcrübə kurslarına başlanılıb. QSC-nin mətbuat xidmətindən Azərtac-a bildirilib ki, məqsəd tələbələrin fərdi və peşəkar inkişafına dəstək olmaq, həmçinin akademik və iş mühitləri arasında əlaqələri möhkəmlətmək üçün “Bakı Metropoliteni” QSC-nin müvafiq struktur bölmələrində onların yiyələnəcəkləri ixtisaslar üzrə təcrübə toplamasıdır. Layihəyə uyğun olaraq, metropolitenin müvafiq struktur bölmələrində Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Texniki Universiteti və Azərbaycan Memarlıq və İnşaat Universitetinin SABAH qrupuna daxil olan tələbələrinə ixtisasları üzrə müvafiq sahələrdə təcrübə toplaması üçün bütün şərait yaradılıb. Təcrübə bir ay müddətində davam edəcək. Kursun sonunda iştirakçılara “Bakı Metropoliteni” QSC-də təcrübə keçmələrinə dair xasiyyətnamə təqdim olunacaq ki, bu da metropolitendə çalışmaq arzusunda olan gənclərə verilən növbəti dəstəkdir. Ümumiyyətlə, “Bakı Metropoliteni” QSC artıq iki ildir ki, ölkənin aparıcı ali təhsil ocaqları ilə qarşılıqlı razılaşma əsasında əhəmiyyətli tədbirlər həyata keçirir. Hazırda “Bakı Metropoliteni” QSC ilə Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti arasında qarşılıqlı əməkdaşlıq müqavilələri mövcuddur.xeber100.com

Avqust 4, 2016 2:04

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə…

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik Bərpa Mərkəzi, onun Gəncə şəhərindəki filialı və Naxçıvan istehsalat sahəsi tərəfindən cari ilin yanvar-iyul aylarında əlilliyi olan 8 min 379 şəxsə protez-ortopedik bərpa xidmətləri göstərilib. Həmin şəxslərdən 987 nəfərini ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər təşkil edib. Bu barədə Azərtac-a nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Məlumata görə, bu dövrdə əlilliyi olan şəxslər ümumilikdə 20 min 501 protez-ortopedik məmulat və reabilitasiya vasitəsilə təmin ediliblər. Onlardan 1034 ədədi əlil arabası, 646 ədədi aşağı və yuxarı ətraf protezi, 781 ədədi aşağı və yuxarı ətraf ortezi, 1750 ədədi dirsəkaltı və qoltuqaltı ağac, 578 ədədi dördayaqlı dayaq vasitəsi, 489 ədədi bel və boyun nahiyəsi üçün korset olub. Həmçinin 386 ədəd eşitmə aparatı, 1675 ədəd əsa, 1967 cüt protez ayaqqabı, 2 min 602 cüt ortopedik ayaqqabı, 5 min 467 ədəd müxtəlif yardımçı reabilitasiya vasitəsi və s. onların istifadəsinə verilib. Bununla yanaşı, əlilliyi olan şəxslərə məxsus 557 ədəd reabilitasiya vasitəsi və protez-ortopedik məmulatın təmiri işləri aparılıb. Mərkəzin və onun Gəncə şəhərindəki filialının stasionar bölmələrində ötən yeddi ayda əlilliyi olan 431 şəxsə müvafiq xidmətlər göstərilib.xeber100.com

Avqust 2, 2016 11:52