195 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün müsabiqə elan edilib

Azərbaycan Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən 27 dövlət orqanında inzibati vəzifələrin beşinci-yeddinci təsnifatlarına uyğun olan 195 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün müsabiqə elan edilib. Komissiyadan Apa-ya verilən məlumata görə, müsabiqəyə çıxarılan vakant dövlət qulluğu vəzifələrindən 139-u mərkəzi icra hakimiyyəti orqanlarının mərkəzi aparatları və yerli təşkilatlarında, 56-sı isə məhkəmə hakimiyyəti orqanlarının aparatlarındadır. Müsabiqəyə çıxarılmış vakant dövlət qulluğu vəzifələrinin tutulma prosesi iki mərhələdən – test imtahanı və müsahibə mərhələlərindən ibarətdir. Müvafiq vəzifənin tələblərinə uyğun gələn, ali təhsilli hər bir Azərbaycan vətəndaşı müsabiqədə iştirak edə bilər. İmtahanda namizədlərə 100 test tapşırığı təqdim olunur. Test tapşırıqlarının hazırlanması üçün tərtib edilən ümumiləşdirilmiş proqramlar və metodiki vəsait ilə vətəndaşlar Komissiyanın rəsmi internet saytında yerləşdirilmiş test imtahanı proqramları bölməsindən tanış ola bilərlər. Test imtahanı zamanı test tapşırıqları bu proqramlar çərçivəsində olacaq. Müsabiqədə iştirak etmək arzusunda olan vətəndaşlar "Azərbaycan Respublikası vətəndaşının dövlət qulluğuna qəbul edilmək üçün müraciətinin Forması"nı 12 iyul 2016-cı il tarixdən 10 avqust 2016-cı il tarixdə saat 18:00-dək Komissiyanın "Dövlət qulluğuna qəbul üzrə qeydiyyat üçün müraciətin və sənədlərin qəbulu" elektron xidməti vasitəsilə doldurmalı və qeydiyyatdan keçməlidirlər. Müraciət Forması şəxsən və yaxud poçt vasitəsilə kağız daşıyıcılarla da təqdim edilə bilər.xeber100.com

İyul 12, 2016 10:15

“İş yerinə dair arayış” elektron xidmətinə müraciətlərin sayı artmaqda davam edir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “İş yerinə dair arayış” elektron xidmətinə müraciətlərin sayı artmaqda davam edir. Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən aZərtac-a bildiriblər ki, e-xidmətdən istifadə sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 19,4 faiz artaraq 16 min 40-a, son 6 ayda isə 27,8 faiz artaraq 89 min 41-ə çatıb. 2014-cü ilin iyulundan əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sisteminin tətbiqi nəticəsində bütün işçi və işəgötürənlər barədə dolğun informasiya bazasının formalaşması sistemin funksional imkanlarının artırılmasına, həmin ilin dekabrında “İş yerinə dair arayış” e-xidmətinin yaradılmasına imkan verib. Respublikada kağız arayışların e-arayışlarla əvəzlənməsinin sürətlənməsinə səbəb olan bu e-xidmət vətəndaşların günün istənilən vaxtında aidiyyəti təşkilata onlayn formada, rahat şəkildə arayış təqdim edə bilmələrinə şərait yaradıb. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun 24.4 bəndinə əsasən, bu e-arayışlar eyni məzmunlu kağız üzərində olan arayışlarla bərabər hüquqi qüvvəyə malikdir. Vətəndaşlar bu arayışları çap edərək kağız formasında da təqdim edə bilərlər. “İş yerinə dair arayış” e-xidməti vasitəsilə həmin arayışların alınması və verilməsi üçün vaxt itkisinin, bu prosesdə baş verə biləcək bürokratik proseslərin, neqativ halların aradan qaldırılması təmin edilib. E-arayışların təqdim edildiyi təşkilatlar isə həmin sənədlərdəki QR-koddan istifadə edərək məlumatların düzgünlüyünü yoxlamaq, habelə əlavə olaraq vətəndaşın iş stajı, iş yeri, vəzifəsi ilə bağlı informasiyalar əldə edə bilərlər. Artıq bir il yarımdan çoxdur ki, əhalinin istifadəsində olan “İş yerinə dair arayış” e-xidmətindən vətəndaşlar bu il iyulun 1-dək 314 min 227 dəfə faydalanıblar.xeber100.com

İyul 11, 2016 11:46

Hidrometeorologiya Departamentinin məlumatına görə…

Azərbaycanda iyulun 12-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Azərtac-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Güclü şimal-qərb küləyi axşam mülayimləşəcək. Gecə 19-22° isti, gündüz 24-27° isti olacaq. Dəniz suyunun temperaturu Abşeron çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zağulbada 19-20°, Buzovna, Mərdəkan, Şüvəlanda 20-21°, Türkan, Hövsan, Sahil və Şıxda 22-23° isti təşkil edəcək. Naxçıvan Muxtar Respublikasında bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyi şimşək çaxanda arabir güclənəcək. Gecə 14-19° isti, gündüz 25-30° isti olacaq. Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 8-13° isti, gündüz 14-19° isti olacaq. Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 15-20° isti, gündüz 24-29° isti olacaq. Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 13-18° isti, gündüz 23-28° isti, dağlarda gecə 7-12° isti, gündüz 12-17° isti olacağı gözlənilir. Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 16-21° isti, gündüz 25-30° isti olacaq. Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı ehtimalı var. Şimal-şərq küləyi arabir güclənəcək. Gecə 19-22° isti, gündüz 24-29° isti, dağlarda gecə 11-16° isti, gündüz 17-22° isti olacaq.xeber100.com

İyul 11, 2016 11:41

Bu gün Ümumdünya Əhali Günüdür

İyulun 11-i Ümumdünya Əhali Günüdür. Bu gün 1989-cu ildə BMT-nin Əhali Fondu tərəfindən təsis olunub. Məqsəd dünya əhalisinin problemlərinə ictimaiyyətin diqqətini yönəltmək və ümumi inkişafa nail olmaqdır. Azərtac xəbər verir ki, ölkəmizdə əhalinin problemləri daim diqqət mərkəzindədir. Bu sahədə dövlət siyasətinin əsas məqsədi demoqrafik proseslərdə yaranmış neqativ meyilləri aradan qaldırmaqla ölkənin inkişaf strategiyasına uyğun olaraq əhalinin kəmiyyət-keyfiyyət artımını təmin etməkdir. Prezident İlham Əliyevin 2006-cı il 25 iyul tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasının Dövlət Miqrasiya Proqramı” təsdiq edilib. Həmin proqram çərçivəsində dövlət başçısının 2007-ci il 19 mart tarixli Fərmanına əsasən Dövlət Miqrasiya Xidməti yaradılıb. Eyni zamanda, 2006-cı il dekabrın 28-də “İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planı” təsdiq edilib. İlin əvvəlindən Azərbaycan əhalisinin sayı 33,6 min nəfər və ya 0,3 faiz artaraq 9 milyon 739,2 min nəfərə çatıb. Əhalinin sıxlığı bir kvadratkilometrə 112 nəfər olub. Ölkə əhalisinin 53,1 faizi şəhərlərdə, 46,9 faizi kəndlərdə yaşayır. Hazırda hər 1000 kişiyə 1007 qadın düşür. Qeyd edək ki, 2016-cı ilin axırında Yer kürəsi əhalisinin sayı təxminən 7,3 milyard nəfər təşkil edəcək. Bir il ərzində dünya əhalisinin sayı 78 milyon, yaxud 1,08 faiz artıb. Dünyanın ən çox əhalisi olan ölkəsi Çindir. Çində 1,367 milyard insan yaşayır. İkinci yerdə isə 1,252 milyard nəfərlə Hindistan qərarlaşıb. ABŞ, İndoneziya, Braziliya, Pakistan, Nigeriya, Banqladeş əhalisinin sayına görə növbəti pillələrdə yer alıblar. Rusiya 142,423 milyon nəfərlə 9-cu yeri tutur. Yaponiya isə sırada 10-cu yerdədir.xeber100.com

İyul 11, 2016 11:36

Beynəlxalq “Yay hüquq məktəbi”nin açılış mərasimi keçirilib

İyulun 7-da Bakıda Avropa Hüquqşünas Tələbələr Assosiasiyasının (ELSA) Azərbaycan nümayəndəliyinin təşkilatçılığı ilə beynəlxalq “Yay hüquq məktəbi”nin açılış mərasimi keçirilib. Azərtac xəbər verir ki, iyulun 12-dək davam edəcək “Yay hüquq məktəbi” Azərbaycan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyasının və beynəlxalq hüquq mərkəzinin dəstəyi ilə təşkil olunur. Mərasimdə ELSA beynəlxalq təşkilatının Azərbaycan nümayəndəliyinin prezidenti Faiq Ömərov, Prezident yanında Gənclər Fondunun sədri Fərhad Hacıyev, Komissiyanın nümayəndəsi Kamal Cəfərov çıxış edərək tədbirin əhəmiyyətindən danışıb, iştirakçılara uğurlar arzulayıblar. F.Hacıyev iştirakçılara rəhbərlik etdiyi qurum və ölkəmizdə həyata keçirilən uğurlu dövlət gənclər siyasəti haqqında məlumat verib. Fondun dəstəklədiyi təşkil olunan layihələrdən danışan F.Hacıyev qeyd edib ki, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi nəticəsində hazırda Azərbaycanda istedadlı, vətənpərvər və intellektual gənclər yetişir, onlar ölkəmizin inkişafında və təbliğində fəal rol oynayırlar. “ASAN xidmət”in əməkdaşı Elnur Hümbətov Azərbaycanın brendi olaraq tanınan “ASAN xidmət” mərkəzlərinin yaradılması və onların əhaliyə keyfiyyətli xidmətlər göstərilməsinə yönəlmiş fəaliyyətinin əsas istiqamətləri barədə məlumat verib. Tədbirdə, həmçinin qeyd olunub ki, “Yay hüquq məktəbi” Azərbaycan ilə yanaşı, Avropanın 30 ölkəsindən 75 gənc hüquqşünas tələbənin iştirakı ilə keçirilir. Yay məktəbində azərbaycanlı mütəxəssislər tərəfindən beynəlxalq hüquq normaları ilə bağlı müxtəlif seminarlar tədris ediləcək, son zamanlar ölkəmizdə biznes mühitinin təkmilləşdirilməsi, eləcə də məhkəmə-hüquq islahatları ilə bağlı həyata keçirilən tədbirlər müzakirə olunacaq. Həmçinin iştirakçıların Milli Məclisə, Ali Məhkəməyə və “ASAN xidmət” mərkəzinə tanışlıq səfərləri nəzərdə tutulur. Eyni zamanda, Azərbaycanın tarixi və mədəniyyəti ilə tanışlıq məqsədilə iştirakçıların Heydər Əliyev Mərkəzinə, YARAT Müasir İncəsənət Məkanına, Xalça Muzeyinə, Qız qalasına ziyarətləri təşkil ediləcək. Qeyd olunub ki, beynəlxalq “Yay hüquq məktəbi”nin təşkili azərbaycanlı və xarici hüquqşünas tələbələr arasında fikir mübadiləsinə və yeni əməkdaşlıq imkanlarının yaradılmasına şərait yaradacaq. Həmçinin azərbaycanlı tələbələrin Avropa ölkələrində oxşar tədbirlərdə iştirakını təmin edəcək. Həmçinin diqqətə çatdırılıb ki, ELSA beynəlxalq təşkilatının Azərbaycan nümayəndəliyinin fəaliyyəti nəticəsində ölkəmizdə bir neçə uğurlu beynəlxalq və yerli layihələr həyata keçirilib. Təşkilatın dəstəyi ilə azərbaycanlı hüquqşünas tələbələr xaricdə təcrübə keçiblər. Avropanın 42 ölkəsində fəaliyyət göstərən ELSA beynəlxalq təşkilatı 230 universitetdə təhsil alan 40 mindən çox hüquqşünas tələbəni və gənc hüquqşünası sıralarında birləşdirir. Təşkilatın məqsədi Avropada gənc hüquqşünas tələbələr arasında təhsil-mübadilə imkanlarının genişləndirilməsinə, cəmiyyətin inkişafında onların fəal iştirakının təşviq edilməsinə, nəzəri biliklərinin praktiki tətbiqinə nail olmaqdır. Azərbaycan 2010-cu ildə ELSA beynəlxalq təşkilatına üzv olub. Ölkəmiz hazırda bu qurumun ən fəal üzvlərindən biridir.xeber100.com

İyul 8, 2016 8:47

“Gənclər siyasətində fəal iştirakçılıq”…

İyulun 5-də Gəncədə “Gənclər siyasətində fəal iştirakçılıq” mövzusunda beynəlxalq gənclər forumu işə başlayıb. Azərtac xəbər verir ki, forum Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatının (ADTGT) təşəbbüsü, Prezident yanında Gənclər Fondunun maliyyə yardımı, Gənclər və İdman Nazirliyinin, Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə “Gəncə-2016 Avropa Gənclər Paytaxtı” layihəsi çərçivəsində təşkil olunub. Beş gün davam edəcək forumda dövlət və hökumət rəsmiləri, Rumıniyanın və Gürcüstanın Azərbaycandakı səfirləri, Avropanın 13 ölkəsindən fəal gənclər, “Gəncə-2016 Avropa Gənclər Paytaxtı”nın könüllüləri və QHT rəhbərləri iştirak edirlər. ADTGT-nin sədri Asif Əsgərli tədbirin açılışında çıxış edərək forumun təşkilinə dəstək verdiyinə görə aidiyyəti qurumlara minnətdarlığını bildirib. Vurğulayıb ki, forumun işində 26 əcnəbi gənc lider iştirak edir. Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Elnur Rzayev forum iştirakçılarını Nizami yurdunda görməkdən məmnunluğunu bildirib. Qeyd edib ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasəti hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Gəncənin “Avropa Gənclər Paytaxtı” seçilməsi haqqında iştirakçılara ətraflı məlumat verən E.Rzayev vurğulayıb ki, layihə çərçivəsində çoxsaylı yerli və beynəlxalq tədbirlər həyata keçirilir. Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev Azərbaycanın gənclər sahəsində qazandığı uğurların, müxtəlif ölkələr və beynəlxalq təşkilatlarla qurulan əlaqələrin, irimiqyaslı tədbirlərin təşkili sahəsində topladığı zəngin təcrübənin son illər respublikamızın region, qitə və dünya səviyyəli forumlara, konfranslara, zirvə toplantılarına və idman yarışlarına yüksək səviyyədə ev sahibliyi etməsinə imkan verdiyini bildirib. V.Quliyev “Gənclər siyasətində fəal iştirakçılıq” mövzusunda beynəlxalq gənclər forumunun iştirakçılar arasında geniş təcrübə mübadiləsinin aparılması baxımından əhəmiyyətli və yaddaqalan olacağına əminliyini ifadə edib. Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev iştirakçılara rəhbərlik etdiyi qurum haqqında məlumat verib. Fondun dəstəklədiyi layihələrdən danışan F.Hacıyev diqqətə çatdırıb ki, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət gənclər siyasətinin dövlətimizin başçısı İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi nəticəsində hazırda istedadlı gənclərimiz yetişir, ölkəmizin inkişafında və təbliğində fəal rol oynayırlar. Rumıniyanın Azərbaycandakı səfiri Daniel Kristian Çiobanu ölkələrimiz arasındakı dostluq münasibətlərindən danışıb. Rumıniyanın Azərbaycanın müstəqilliyini Türkiyədən sonra tanıyan ikinci dövlət olduğunu deyən diplomat Gəncədə baş verən dəyişikliklərin göz oxşadığını bildirib. Qonaq deyib ki, bütün bunlar ölkədə baş verən sürətli inkişafın nəticəsində əldə olunub. Sonra əcnəbi iştirakçılar çıxış edərək forum haqqında fikirlərini bölüşüblər. Açılış mərasimindən sonra qonaqlar şəhərin tarixi-mədəni abidələri, görməli yerləri ilə tanış olublar. Forum işini iyulun 9-dək davam etdirəcək.xeber100.com

İyul 6, 2016 3:19

“Ağ ölümdən gənclərimizi qoruyaq” adlı layihənin icrasına başlanılıb

“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi (TUMİB) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi “Gənclərin narkomaniyaya qarşı mübarizədə “Ağ ölümdən gənclərimizi qoruyaq” şüarı altında birləşməsi” layihəsinin icrasına başlayıb. TUMİB-dən Azərtac-a bildiriblər ki, layihə çərçivəsində ilk tədbir Suraxanı rayonundakı Gənclər evində keçirilib. “Ağ ölümdən gənclərimizi qoruyaq!” adlı videoçarxın nümayişindən sonra İctimai Birliyin sədri Çingiz Bayramov layihə barədə məlumat verib. Qeyd edib ki, layihənin məqsədi yeniyetmə və gənclər arasında narkomaniyanın yayılmasının qarşısını maarifləndirmə işi aparmaqla almaqdır. Layihə Bakı ilə yanaşı, həm də Tovuz, Qazax, Ağcabədi, Şirvan və Biləsuvar rayonlarını əhatə edir. Narkomaniyanı “əsrin bəlası” adlandıran TUMİB sədri yeniyetmə və gənclərimizi zərərli vərdişlərdən çəkinməyə çağırıb. Suraxanı Rayon İcra Hakimiyyətinin əməkdaşı Nazim Fətullayev, rayon gənclər və idman idarəsinin rəisi Amil Bağırov, TUMİB idarə heyətinin üzvü Cabir Dövlətzadə, mətbuat xidmətinin rəhbəri Səbinə Novruzzadə, layihələr departamentinin rəhbəri Rada Hüseynova narkomaniyaya qarşı mübarizədə vətəndaş cəmiyyəti institutlarının səylərini müsbət qiymətləndirərək qarşılıqlı əməkdaşlığın önəmini qeyd ediblər.xeber100.com

İyul 6, 2016 3:09