“Sosial işçi” modelinin tətbiqi işləri aparılır

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Avropa İttifaqının “Sosial xidmətin inkişafı” adlı tvinninq layihəsinin əsas hədəflərindən biri də nazirliyin sosial xidmət işçilərinin peşəkarlıq səviyyələrinin qabaqcıl beynəlxalq təcrübəyə uyğun “sosial işçi” modeli əsasında təkmilləşdirilməsidir. Bu məqsədlə layihə çərçivəsində pilot rayonlar üzrə sosial xidmət işçiləri üçün təşkil olunan silsilə təlimlər artıq yekunlaşıb. Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən Azərtac-a bildiriblər ki, bununla əlaqədar keçirilən tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq əmək və sosial müdafiə sisteminin təkmilləşdirilməsi üçün aparılan işlərin sosial xidmətlər sahəsini də əhatə etdiyini vurğulayıb. Nazir bildirib ki, “Sosial xidmətin inkişafı” tvinninq layihəsi çərçivəsində və Avstriyanın müvafiq dövlət qurumları ilə əməkdaşlıq müstəvisində sosial xidmətlər sisteminin mütərəqqi dünya praktikasına uyğunlaşdırılması üçün müvafiq işlər görülür: “Hazırda Nazirliyin rayon (şəhər) Əhalinin sosial müdafiəsi mərkəzlərinin sosial xidmət işçiləri tərəfindən yalnız tənha ahıl və əlil şəxslərə səyyar formada xidmətlər göstərilir. Lakin qarşıda duran məqsəd əhalinin digər həssas kateqoriyalarının ilkin sosial xidmətlərə əlçatanlığının da təmin edilməsidir. Ona görə də ölkəmizdə beynəlxalq və mütərəqqi standartlara uyğun yeni “sosial işçi” modelinin tətbiqi işləri aparılır”. S.Müslümov bildirib ki, bu modeldə həm sosial işin əhatə etdiyi şəxslərin kateqoriyaları, həm də bu işin funksional miqyası xeyli genişlənir: “Belə ki, sosial işin əhatə dairəsinə sosial müdafiəyə ehtiyacı olan insanlar, o cümlədən əlilliyi olan şəxslər, sağlamlıq imkanları məhdud uşaqlar, sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayan şəxslər, ahıllar, aztəminatlı ailələr, məişət zorakılığına məruz qalmış şəxslər, insan alverinin qurbanı olan şəxslər, penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslər və b. daxildir. “Sosial işçi” modeli həmin insanlara ilkin sosial xidmətlər göstərilməklə problemlərinin həlli istiqamətində dəqiq qərar qəbul edilməsini, sosial xidmətlərə əlçatanlığının təmin olunmasını, onların cəmiyyətə inteqrasiyasını, həmçinin sosial-psixoloji ehtiyaclarının müəyyənləşdirilməsini və s. nəzərdə tutur”. Nazir bu modelin tətbiqi üçün ilkin olaraq 4 pilot ərazinin (Bakı şəhərinin Xəzər rayonu, Gəncə şəhəri, Lənkəran və Xaçmaz rayonları) seçildiyini qeyd edib: “Bununla əlaqədar, həmin ərazilərdə çalışan əməkdaşlara qabaqcıl beynəlxalq təcrübənin öyrədilməsi, onların öz iş sahələrində nəzəri və təcrübi biliklərinin artırılması məqsədlə “Sosial xidmətin inkişafı” adlı tvinninq layihəsi çərçivəsində cari ilin aprel-iyun aylarında silsilə təlimlər təşkil olunub. Bu təlimlərə rayon (şəhər) əhalinin sosial müdafiəsi mərkəzlərinin sosial xidmət işçiləri, Nazirliyin Əmək və Sosial Problemlər üzrə Elmi-Tədqiqat və Tədris Mərkəzinin, Nazirliyin İnsan Alveri Qurbanlarına Yardım Mərkəzinin, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin, ayrı-ayrı ali təhsil müəssisələrinin, müvafiq sahə üzrə QHT-lərin nümayəndələri cəlb olunub. Təlimlər “Təlim metodları və sistemli yanaşma”, “Məişət zorakılığı”, “Ahıllar”, “Cəza çəkməkdən azad edilmiş şəxslər”, “Ailələr və uşaqlar” mövzularında keçirilib. Artıq başa çatan həmin təlimlər hesab edirəm ki, iştirakçıların müvafiq sahədə qabaqcıl beynəlxalq təcrübəni öyrənmələrində əhəmiyyətli rol oynayıb”. S.Müslümov bu istiqamətdə aparılan işlərin respublikanın bütün bölgələri üzrə sosial xidmət işçilərini əhatə edəcəyini də diqqətə çatdırıb. Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard ötən dövrdə müvafiq iş sahələrində əldə olunan əməkdaşlıq təcrübəsinin hazırda sosial xidmətlər sahəsində də uğurla davam etməsindən məmnunluğunu bildirib. O, “Sosial xidmətin inkişafı” adlı tvinninq layihəsinin ölkəmizdə sosial xidmətlər sisteminin mütərəqqi dünya təcrübəsinə əsasən təkmilləşdirilməsinə fəal dəstək verəcəyinə əminliyini bildirib. M.Mard yekunlaşan təlimlərin bu sahədə insan resurslarının inkişafına, sosial xidmət işçilərinin bilik və peşəkarlıq səviyyələrinin yüksəldilməsinə yönəldiyini diqqətə çatdırıb. Daha sonra təlimlərin iştirakçılarına sertifikatlar təqdim edilib.xeber100.com

İyun 14, 2016 12:27

Beynəlxalq strukturlara şikayət ediləcək

Müəllif Hüquqları Agentliyi “Uzundərə” qədim xalq rəqsinin erməni rəqsi kimi təqdim olunması ilə bağlı mövqeyini açıqlayıb. MHA-dən Apa-ya verilən xəbərə görə, son günlər müxtəlif KİV-də bu il iyunun 5-də Rusiyanın Moskva şəhərində keçirilən erməni toy mərasimində Azərbaycan musiqisinin erməni musiqisi kimi səsləndirilməsi barədə informasiyalar yayılıb. Müəllif Hüquqları Agentliyi bu məlumatla bağlı bildirir ki, toydan çəkilmiş və Youtube-də yerləşdirilmiş videoda Azərbaycanın qədim milli rəqslərindən olan “Uzundərə”nin sədaları altında rəqs edildiyi göstərilir. “Uzundərə” rəqsi böyük Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin 1910-cu ildə yazdığı “O olmasın, bu olsun” musiqili komediyasında (komediya 1911-ci ildə tamaşaya qoyulmuşdur) və həmin komediya əsasında 1956-cı ildə çəkilmiş eyniadlı filmdə gəlinin gətirilməsi səhnəsində səsləndirilir. Azərbaycan xalqına məxsus folklor nümunələrini, o cümlədən milli rəqsləri mənimsəmək və özününküləşdirmək erməni mədəni siyasətinin tərkib hissəsinə çevrilib. Vaxtilə ermənilər qədim Azərbaycan nəğmələrini toplayaraq arxivləşdirib, sonradan onları öz dillərinə çevirərək, erməni nümunələri kimi nəşr etdiriblər. Üstəlik çoxlu Azərbaycan musiqi folklor nümunəsi not şəklində dərc edilib. Bu sıraya daxil olan “Uzundərə” və “Ceyranı” Azərbaycan rəqsləri də XIX əsrin axırlarında bu “üsulla” dərc edilərək, bir neçə ildən sonra erməni rəqsləri kimi təqdim olunmağa başlanıb. XVII-XVIII əsrlərin, daha çox da XIX əsrin elə bir erməni əlyazmasına rast gəlmək çətindir ki, onlarda qədim Azərbaycan mahnıları və havaları olmasın. Onların mətnlərinin çoxu Matenadaranda və Ermənistanın digər arxivlərində saxlanılır. Mövcud faktlar göstərir ki, ermənilər tərəfindən xalq mahnıları və havaları kimi təqdim olunan nümunələrin tam əksəriyyəti (90%-ə yaxın) Azərbaycan xalq mahnılarına əsaslanır. Saysız-hesabsız erməni etirafları barədə ətraflı məlumatları Kamran İmanovun Azərbaycan, rus, ingilis, fransız və türk dillərində çapdan buraxılmış “Erməni yadelli nağılları” (“Armyanskiye inarodnıye skzaki”) kitabından əldə etmək olar. Keçmiş ənənələrinə sadiq qalan ermənilər son vaxtlar Azərbaycan musiqisini erməni nümunələri kimi rəqəmli yazı formasında da yaymağa başlayıblar. Onlar bu məqsədlə ayrı-ayrı ölkələrdə xüsusi səsyazma studiyaları yaradırlar. Hələ bir neçə il əvvəl Rusiya ərazisində Azərbaycan musiqilərini erməni nümunələri kimi yazıb yayan “Ani-Rekords” adlı səsyazma studiyası fəaliyyət göstərirdi. Studiyanın “erməni rəqsləri” kimi təqdim etdiyi rəqslər sırasına digər milli rəqslərimizlə yanaşı “Uzundərə” də daxil edilmişdi. Müəllif Hüquqları Agentliyinin səyləri nəticəsində Rusiyanın müvafiq dövlət orqanı “Ani-Rekords”un fəaliyyətini dayandırıb və lisenziyasını ləğv edib. Göstərilən faktlardan göründüyü kimi, erməni plagiatçılığı məqsədyönlü şəkildə ardıcıl olaraq həyata keçirilən bir “siyasət”dir. Bildiririk ki, “Uzundərə” rəqsinin erməni rəqs nümunəsi kimi təqdim etmək cəhdləri yeni deyil. Belə ki, 2011-ci ildə Rusiyanın “Mir” Dövlətlərarası Teleradio Şirkətində Ermənistan haqqında yayımlanan sənədli filmdə və 2013-cü ilin 18 dekabrında Rusiyanın ORT kanalında yayımlanan “Жить здорово” verilişində erməni mətbəxinə həsr edilən 20 dəqiqəlik süjetdə Azərbaycanın “Uzundərə” qədim xalq rəqsi erməni rəqs nümunəsi kimi təqdim edilib. Ümumiyyətlə, hər bir erməni ədəbi oğurluğu, o cümlədən yuxarıda göstərilən oğurluq halları barədə Müəllif Hüquqları Agentliyi tərəfindən Ümumdünya Əqli Mülkiyyət Təşkilatına rəsmi etiraz məktubları göndərilib, həmçinin bu barədə geniş, tarixi əsaslara söykənən arayışlar hazırlanaraq kütləvi informasiya vasitələrində yayılıb, saytlarda yerləşdirilib. Qeyd edilən fakt uzun illərdən bəri davam edən erməni ədəbi və musiqi oğurluğunun növbəti bir nümunəsidir. Bu da “Ədəbi və bədii əsərlərin qorunması haqqında” Bern Konvensiyasının tələblərini pozulması deməkdir. Bununla əlaqədar Müəllif Hüquqları Agentliyi müvafiq beynəlxalq strukturlara növbəti dəfə rəsmi etirazını bildirəcək.xeber100.com

İyun 12, 2016 10:31