Naftalan aeroportunun təmiri 2017-ci ildə başlayacaq

Azərbaycanda sayca yeddinci beynəlxalq hava limanı olacaq Naftalan aeroportunun təmiri 2017-ci ildə başlayacaq. Bunu Naftalanın mədəniyyət və turizm şöbəsinin direktoru Zöhrab Adıgözəlov bildirib. Onun sözlərinə görə, aerport fəaliyyətini bərpa etdikdən sonra beynəlxalq hava limanı statusu alacaq. Bundan öncə bu hava limanı vasitəsilə təyyarələr Bakı-Naftalan istiqamətində “Yak-40” təyyarələri uçurdu, indi isə xarici istiqamətlərdə uçuşlarda mümkün olacaq. “Bəzən bir gün ərzində aeroport beş reys qəbul edirdi, tədricən onların sayı gündə iki və bir reys qədər azalıb. Ona görə də uçuşların dayandırılması barədə qərar qəbul olundu”, – Adıgözəlov bildirib. Yeni aeroportun tikintisi dövlət vəsaiti hesabına həyata keçiriləcək. Şöbənin direktoru işlərinin başa çatması müddətini və hava limanının istismara verilməsi tarixi, həmçini xərcləri açıqlamağa çətinlik çəkib: “Hava limanının fəaliyyəti 1994-cü ildə dayandırılıb və o vaxtdan Gəncədə və Bakıda hava limanları üzərindən uçuşlara bilet almaq üçün kassa funksiyasını yerinə yetirir. Lakin aviareyslərin bərpası, o cümlədən turistlərin sayının artmasına səbəb olacaq”. Onun sözlərinə görə, 1988-ci ilədək illik Naftalan şəhərinə turist axınını təxminən 80-84 min nəfər təşkil edirdisə, 2015-ci ildə isə onların sayı 20 minə çatıb, o cümlədən 4800 xarici ölkələrdən. 2016-cu ilin beş ayı ərzində turistlərin ümumi sayı beş min (1200 nəfərlik artım) , o cümlədən 900 xarici turist olub: “Hələ sovet dövründə Naftalandan turizmdən gələn gəlirlər Krımın, Yaltanın inkişafı üçün göndərilirdi, Naftalanda isə hərbçilər, ana və uşaq üçün sanatoriya tikilib. Şəhərin 2030-ci ilə qədər nəzərdə tutulmuş yeni baş planına əsasən, Naftalanda yeni “Kəpəz” sanatoriyası istifadəyə verilib və hazırda burada doqquz sanatoriya fəaliyyət göstərir. Və onların hamısı müalicə sanatoriyalarıdır. Qiymətlər burada münasibdir və üçdəfəlik qida və müalicəvi prosedurlar nəzərə alsaq, bu gündə adambaşına 30 manatdan başlayır və qiymət, xidmətlər paketi üzrə asılı olaraq artır”. Onun sözlərinə görə, Naftalanda xeyli sayda beş manata günlük ev icarəyə götürən var ki, sanatoriyaya müalicəyə gəlir və bu onlara daha ucuz başa gəlir. Onların müalicə xərcləri 12 gün ərzində 120-180 manat arası ola bilər. Naftalan İcra hakimiyyətinin sektorunun rəhbəri Ülfət Əliyev Trend-ə bildirib ki, şəhərin baş planına uyğun olaraq, hələ fin evlərinin tikintisi nəzərdə tutulur ki, burada sanatoriyaya müalicə üçün gələnlər qala bilərlər: “Bu, şəhərin qonaqlarına mədəniyyət və mətbəxi ilə tanış olmağa, eləcə də təbiətlə ləzzət almağa imkan verəcək, hansı ki müalicəvidir, xüsusilə mart-aprel aylarında bronxial astma xəstələri üçün”.xeber100.com

İyul 4, 2016 1:58

“Azərbaycan multikulturalizminin region gəncləri arasında təbliği”…

“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin (TUMİB) təşkilatçılığı ilə Xızıda “Azərbaycan multikulturalizminin region gəncləri arasında təbliği” mövzusunda konfrans keçirilib. TUMİB-dən Azərtac-a bildiriblər ki, Xızı Rayon İcra Hakimiyyətinin dəstəyi ilə təşkil olunan konfransın iştirakçıları əvvəlcə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüşlərdə şəhid olmuş qəhrəman Vətən oğullarının, habelə iyunun 28-də İstanbulda baş vermiş dəhşətli terror aktı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Sonra Azərbaycanın dövlət himni səsləndirilib. Rayon icra hakimiyyətinin əməkdaşı Ceyhun İsgəndərov çıxış edərək ölkəmizdə dövlət qurumları ilə vətəndaş cəmiyyəti institutları arasında səmərəli əməkdaşlığın müsbət nəticələrindən danışıb. O, bu əməkdaşlıq nəticəsində Xızı rayonunda da sağlam mənəvi mühitin formalaşdığını diqqətə çatdırıb. TUMİB-in sədri Çingiz Bayramov isə çıxışında vətəndaş cəmiyyəti institutlarının Azərbaycanda multikulturalizmin və tolerantlığın təbliği istiqamətində görülən işlərə hərtərəfli dəstək verməsinin vacibliyini qeyd edib. Bildirib ki, gəncləri yad və radikal dini cərəyanların mənfi təsirindən qorumaq cəmiyyətin qarşısında duran əsas vəzifədir. Bizim başlıca vəzifəmiz yad dini cərəyanların ölkəmizə ayaq açmasının qarşısını almaqdır. Ç.Bayramov ulu öndər Heydər Əliyevin əsasını qoyduğu multikulturalizm siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. Prezident İlham Əliyevin Sərəncamı ilə 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan edilməsi bu siyasətin dövlətin prioritet istiqamətlərindən biri olmasının göstəricisidir. Azərbaycanda mövcud olan birgəyaşayış modeli təkcə Qafqaz xalqları üçün deyil, bütövlükdə dünya üçün nümunədir. Bu nümunədən bəhrələnməyə hamıdan çox bədnam qonşularımızın ehtiyacı var. Çünki Ermənistan özünün irqçi siyasəti ilə regiondakı sağlam atmosferi zəhərləməklə məşğuldur. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Sumqayıt şöbəsinin əməkdaşı Ülvi Məmmədov, TUMİB-in idarə heyətinin üzvü, jurnalist Seymur Verdizadə və digərləri çıxışlarında Azərbaycanda dövlət-din münasibətlərinin sağlam əsaslar üzərində qurulduğunu bildiriblər.xeber100.com

İyul 4, 2016 8:34

Milli Hidrometeorologiya Departamentinin məlumatına görə…

Azərbaycanda iyul ayına gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Azərtac-a verilən məlumata görə, iyul ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər yüksək olacağı gözlənilir. Aylıq yağıntının miqdarının əsasən iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı ehtimalı var. Bakıda və Abşeron yarımadasında orta aylıq temperaturun 26-28 dərəcə isti (gecələr 21-26, gündüzlər 30-35 dərəcə isti, bəzi günlərdə 37-39 dərəcəyədək yüksələcək) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 2-3 mm) olacağı gözlənilir. Naxçıvan Muxtar Respublikasında orta aylıq temperaturun 25-29 dərəcə isti (gecələr 20-25, gündüzlər 31-36 dərəcə isti, bəzi günlərdə 39-41 dərəcəyədək yüksələcək) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 6-16 mm), bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir. Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən və Gədəbəy rayonlarında orta aylıq temperaturun 18-23 dərəcə isti (gecələr 17-22, gündüzlər 23-28 dərəcə isti, bəzi günlərdə 30-33 dərəcəyədək yüksələcək) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 36-73 mm) olacağı gözlənilir. Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında orta aylıq temperaturun 25-27 dərəcə isti (gecələr 22-27, gündüzlər 31-36 dərəcə isti, bəzi günlərdə 39 dərəcəyədək yüksələcək) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüskəkdir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 10-32 mm) olacağı gözlənilir. Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Xızı, Siyəzən, Şabran, Quba, Qusar və Xaçmaz rayonlarında orta aylıq temperaturun 23-25 dərəcə isti (gecələr 20-25, gündüzlər 27-32 dərəcə isti, bəzi günlərdə 34-38 dərəcəyədək yüksələcək) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bəzi yerlərdə bir qədər yüksəkdir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 9-118 mm), bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir. Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında orta aylıq temperaturun 26-29 dərəcə isti (gecələr 23-28, gündüzlər 30-35 dərəcə isti, bəzi günlərdə 38-41 dərəcəyədək yüksələcək) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 3-22 mm), bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir. Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında orta aylıq temperaturun 23-27 dərəcə isti (gecələr 22-26, gündüzlər 28-33 dərəcə isti, bəzi günlərdə 35-38 dərəcəyədək yüksələcək) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 7-33 mm) olacağı gözlənilir.xeber100.com

İyun 30, 2016 11:11

BMT Uşaq Fondunun yeni hesabatına əsasən…

Mərkəzi və Şərqi Avropa, həmçinin Mərkəzi Asiya ölkələrində ən əlverişsiz vəziyyətdə yaşayan uşaqları yoxsulluq, savadsızlıq və erkən ölüm halları gözləyir. Azərtac xəbər verir ki, bu barədə BMT-nin Uşaq Fondunun (UNİCEF) yeni hesabatında bildirilir. İllik hesabatda dünyada uşaqlarla bağlı ciddi irəliləyişin olduğu vurğulanır. Həmçinin qeyd edilir ki, dünya ən əlverişsiz şərtlər altında yaşayan uşaqların acınacaqlı vəziyyətinə daha çox diqqət yönəltməsə, 2030-cu ilədək beş yaşından kiçik 69 milyon uşaq qarşısının alınması maksimum mümkün olan səbəblərdən dünyasını dəyişəcək, 167 milyon uşaq yoxsulluq şəraitində yaşayacaq, 750 milyon qız isə yetkinlik yaşına çatmadan ailə qurmuş olacaq. Bu regionda tərəqqi bərabər və ədalətli baş verməyib. Bunun cəfasını uşaqlar çəkirlər: onların yoxsulluq şəraitində yaşama ehtimalı yetkinlik yaşına çatmışlardan çoxdur. Bu hal hətta Avropa İttifaqının bir çox ölkələrində də mövcud olsa da, ən böyük risk altında olan region Şərqi Avropadır. Səyyar halda yaşayan və Avropada sığınacaq axtaran qaçqın və miqrant uşaqlar cəmiyyətin ən təcrid olunmuş qrupları arasındadırlar. Xüsusilə Avropa hüdudlarındakı qaraçı uşaqlar səhiyyə sahəsində ciddi qeyri-bərabərliklə üzləşirlər. 2012-ci ildən etibarən Şərqi Avropadakı bir ölkədə qaraçı uşaqların yalnız 4 faizi tam şəkildə immunlaşdırılıb. Digər uşaqlar arasında bu rəqəm 68 faiz təşkil edib. Hesabata əsasən, ümumilikdə regionda 12 milyon məktəbə getməyən uşaq, məktəbi erkən yaşda tərk etmək riski ən yüksək səviyyədə olan uşaq vardır. Təqribən 1,3 milyon uşaq dövlət uşaq müəssisələrinin himayəsindədir. Bu uşaqların yarısı onların sağlamlığına, inkişafına və perspektivlərinə xələl gətirə biləcək uşaq müəssisələrində yaşayırlar. Regiondakı bir çox ölkələr bu probemlərlə mübarizə aparmaqda və uşaqların sosial müdafiəsini gücləndirməkdədir. Bu, bir çox hallarda UNİCEF-in və tərəfdaşlarının dəstəyi ilə baş tutur.xeber100.com

İyun 29, 2016 12:43

Sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi

Əlilliyi olan şəxslərin istirahətinin təşkili istiqamətində tədbirlərin davamı olaraq, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu təbəqədən olan daha 106 nəfər şəxs respublikamızın səfalı guşələrinə istirahətə yola salınıb. Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən Azərtac-a bildiriblər ki, onlardan 76 nəfəri Xaçmaz, 30 nəfəri isə Şəki rayonundakı istirahət və sağlamlıq mərkəzinə göndərilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “2016-cı il üçün əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı”na əsasən, cari il ərzində 1000 nəfərdən çox əlilliyi olan şəxsin istirahətinin təşkili nəzərdə tutulub ki, onlardan artıq 57 faizinin və ya 565 nəfərin istirahət və sağlamlıq mərkəzlərinə göndərilməsi təmin edilib. Həmin insanlar istirahət və sağlamlıq mərkəzlərinə xüsusi nəqliyyat vasitəsi ilə aparılıb gətirilirlər. Əlilliyi olan şəxslərin yola salınması tədbirində bu təbəqədən olan insanların maddi və mənəvi tələbatlarının ödənilməsinin Azərbaycan Prezidenti İlham Əliyevin sosial siyasət kursunun əsas istiqamətlərindən biri olduğu vurğulanıb. Aylıq sosial müavinət və əmək pensiyası ilə təmin olunanların 35 faizə qədərinin əlilliyi olan şəxslərdən və sağlamlıq imkanları məhdud uşaqlardan ibarət olduğu, bu sosial ödənişlərin mütəmadi olaraq artırıldığı qeyd olunub. Həmçinin il ərzində nazirliyin reabilitasiya mərkəzlərində 8 mindən çox əlilliyi olan şəxsə bərpa müalicə xidməti göstərildiyi, onların sosial reabilitasiyası və məşğulluq imkanlarının dəstəklənməsi üçün tədbirlərin ildən-ilə gücləndirildiyi diqqətə çatdırılıb. İstirahətə göndərilən əlilliyi olan şəxslər sosial cəhətdən həssas insanların rifah halının yaxşılaşdırılması yönündə aparılan işlərə, habelə ölkəmizin səfalı guşələrində mənalı istirahətlərinin təşkil olunmasına görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.xeber100.com

İyun 28, 2016 9:38

Əmək və əhalinin məşğulluğu sahəsində əməkdaşlığa dair saziş imzalanıb

Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun başçılıq etdiyi nümayəndə heyəti Tacikistan Respublikasında səfərdədir. Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən Azərtac-a bildiriblər ki, səfər əmək bazarının tənzimlənməsi, aktiv əmək bazarı siyasəti, insan resurslarının planlaşdırılması və inkişafı, əməyin mühafizəsi, əlilliyi olan şəxslərin peşə reabilitasiyası və digər sahələrdə Azərbaycanda əldə olunmuş təcrübənin öyrənilməsi, müsbət təcrübə üzrə qarşılıqlı məlumat mübadilələrinin aparılması, ikitərəfli əlaqələrin inkişafı ilə bağlı Tacikistan Respublikası Əmək, Miqrasiya və Əhalinin Məşğulluğu Nazirliyinin müraciətinə əsasən həyata keçirilir. Azərbaycan nümayəndə heyəti ilə görüşdə Tacikistan Respublikasının əmək, miqrasiya və məşğulluq naziri xanım Sumanqul Taqoyzoda ölkəsinin Azərbaycanla bütün sahələrdə olduğu kimi, əmək və məşğulluq sahəsində də əməkdaşlığa xüsusi önəm verdiyini vurğulayıb. O, bu görüşün iki ölkənin əməkdaşlıq əlaqələrinin genişləndirilməsində əhəmiyyətli olacağını bildirib. S.Müslümov Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində ölkəmizin malik olduğu sosial-iqtisadi inkişaf dinamikası barədə məlumat verib. Nazir bildirib ki, son 12 ildə 3,4 dəfə iqtisadi artıma nail olan, qeyri-neft sektorunun artaraq ÜDM-də payının 70 faizi ötdüyü respublikada 1,5 milyondan çox iş yeri açılıb, işsizlik səviyyəsi 5 faizə enib. Bu müsbət proseslər ölkədə orta aylıq əməkhaqqının 5,6 dəfədən çox, əhalinin gəlirlərinin 7 dəfə artması, yoxsulluğun qlobal yoxsulluq səviyyəsindən 3 dəfə aşağı, yəni 5 faizə qədər azalması ilə müşahidə olunub: “Yeni qlobal çağırışlara uyğun olaraq, ölkədə yeni postenerji dövrü üçün qeyri-neft sektoru üzərində davamlı iqtisadi inkişafın təmin olunmasına yönələn islahatlar eyni zamanda sosial rifah amilinə, əhalinin gəlirlərindəki sabit artım tempinin qorunub saxlanmasına yönəlib. Təsadüfi deyil ki, son vaxtlarda milli iqtisadiyyata artan mənfi xarici iqtisadi təsirlərə rəğmən, cari ilin yanvar-aprel aylarında muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 7,8 faiz artıb. Əhalinin gəlirlərində isə bu ilin yanvar-may aylarında 8,3 faiz artım qeydə alınıb”. Ölkəmizin sosial təminat sistemindən bəhs edən S.Müslümov bu sistemin respublika əhalisinin 23 faizini əhatə etdiyini, habelə son illərdə bir sıra yeni sosial təminat növlərinin də formalaşdığını, ümumən sosial ödənişlərin mütəmadi olaraq artırıldığını konkret göstəricilər əsasında diqqətə çatdırıb. O, aktiv məşğulluq proqramları, gənclərin əmək bazarına çıxışının dəstəklənməsi üçün icra olunan layihələr, inklüziv əmək bazarının yaradılması, sağlamlıq imkanları məhdud gənclərin peşə reabilitasiyası, BƏT-in layiqli əmək konsepsiyasının reallaşdırılması, bu sahədə yeni Ölkə Proqramının hazırlanması, əhalinin özünəməşğulluq imkanlarının artırılması yönündə görülən işlər barədə məlumat verib. Nazir ölkəmizdə demoqrafik artım tempinin davam etdiyini, təkcə bu ilin yanvar-aprel aylarında əhalinin sayının 33,6 min nəfər və ya cari ilin əvvəli ilə müqayisədə 0,3 faiz artaraq may ayının 1-i vəziyyətinə 9739,2 min nəfərə çatdığını qeyd edib. O, sürətlə artan insan resurslarının iqtisadiyyata cəlb olunması və məşğulluğunun təmin edilməsi məqsədilə respublikanın yeni uzunmüddətli Məşğulluq Konsepsiyasının hazırlandığını diqqətə çatdırıb. S.Müslümov son illərdə əmək münasibətlərinin elektron qeydiyyatı, habelə sosial təminat, tibbi-sosial ekspertiza və reabilitasiya sistemlərinin elektron texnologiyalar üzərində qurulması, bu sahələrdə xidmətlərin şəffaflaşdırılması yönündə aparılan islahatlar barədə də məlumat verib: “Bu islahatlar beynəlxalq səviyyədə də yüksək dəyərləndirilir. Artıq BMT tərəfindən Azərbaycanın əmək və sosial müdafiə sahəsində avtomatlaşdırılmış sistemlərinin Cənub-Cənub Əməkdaşlığı müstəvisində digər ölkələrdə də tətbiqinin təşviq olunmasına başlanılıb. Bu məqsədlə həmin avtomatlaşdırılmış sistemlər qabaqcıl təcrübə nümunələri kimi BMT-nin “Ərəb ölkələri, Avropa və MDB regionlarında Cənub-Cənub Əməkdaşlığı çərçivəsində Əməkdaşlıq Mexanizmləri və Həllər” adlı portalında yerləşdirilib”. S.Müslümov dünyada miqrasiya proseslərinin genişləndiyi, habelə Azərbaycana işçi miqrant axınının artdığı şəraitdə ölkədə miqrasiya siyasətinin təkmilləşdirilməsindən bəhs edib. Tacikistanla müvafiq iş sahələrində təcrübə mübadilələrinin aparılması üçün lazımi işlərin görüləcəyini qeyd edən S.Müslümov bununla bağlı ikitərəfli əməkdaşlığın genişləndirilməsinin məqsədəuyğun olduğunu qeyd edib. S.Taqoyzoda Azərbaycanda əmək və əhalinin məşğulluğu, o cümlədən gənclərin, əlilliyi olan şəxslərin əmək bazarına çıxışının dəstəklənməsi yönündə görülən işlərin, eləcə də əmək və sosial müdafiə sisteminin müasir innovativ yanaşmalar əsasında qurulması üçün aparılan islahatların onlarda böyük maraq doğurduğunu bildirib. O, Azərbaycanın bu sahələrdə təcrübənin öyrənilməsinə, habelə ikitərəfli təcrübə və məlumat mübadilələrinin reallaşdırılmasına xüsusi diqqət yetirəcəklərini vurğulayıb. Hər iki nazirliyin nümayəndə heyətləri gələcək əməkdaşlıq istiqamətlərini, bu istiqamətlərdə görüləcək işləri müzakirə ediblər. Görüşün yekunu olaraq S.Müslümov və S.Taqoyzoda tərəfindən “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Tacikistan Respublikası Əmək, Miqrasiya və Əhalinin Məşğulluğu Nazirliyi arasında əmək və əhalinin məşğulluğu sahəsində əməkdaşlıq haqqında Saziş” imzalanıb. Sazişdə tərəflər arasında əmək bazarının tənzimlənməsi və əhalinin məşğulluğu probleminin həlli, əhalinin müxtəlif qruplarının məşğulluğu da daxil olmaqla insan resurslarının planlaşdırılması və inkişafı, əmək bazarının məlumat sistemləri, aktiv əmək bazarı siyasəti, əməyin mühafizəsi sahələrində əməkdaşlığın həyata keçirilməsi əksini tapıb. Sənəddə əlilliyi olan şəxslərin peşə reabilitasiyası və işlə təmin edilməsi, işsiz vətəndaşların peşə hazırlığı və yenidən hazırlığı sisteminin inkişafı, beynəlxalq təşkilatların, maraqlı dövlət orqanlarının iştirakı ilə əmək və əhalinin məşğulluğu sahəsində birgə layihələrin hazırlanması və icrası, digər əməkdaşlıq istiqamətləri də əhatə olunub. Əməkdaşlıq formaları kimi Sazişdə tərəflər arasında müvafiq qanunvericilik, normativ sənədlərin və analitik-informasiya materiallarının mübadiləsi, kadrların texniki-peşə hazırlığı və yenidən hazırlığı sahəsində təcrübə mübadiləsi, ekspertlər arasında məsləhətləşmələrin aparılması, hər iki dövlətin ərazisində keçirilən beynəlxalq tədbirlərdə ekspert və mütəxəssislərin qarşılıqlı iştirakı, tərəflərin mütəxəssislərinin ixtisaslarının artırılması və təcrübə mübadiləsi məqsədilə ixtisasartırma, həmçinin təlim səfərlərinin təşkili və s. əksini tapıb. Sazişdə yer alan müddəaların icrası məqsədilə tərəflərin birgə İşçi Qrupu yaratmaları da nəzərdə tutulub.xeber100.com

İyun 21, 2016 12:25