Nikahdan öncə tibbi müayinə

"İnsan özünün və gələcək övladının düşməni olmalı deyil. Nikahdan qabaq düzgün tibbi müayinədən keçmək gələcək cütlüyün özü və övladının sağlamlığı üçün lazımdır. Nikaha girmək istəyən gənclərin nikahdan öncə tibbi müayinədən hansısa yollarla yayınması genofondumuza böyük zərbə vura bilər". Bu barədə modern.az-a açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev danışıb. Deputat nikah öncəsi gəncləri tibbi yoxlamaya salmadan yalançı arayış verən həkimlərin və tibb müəssisələrinin məsuliyyət daşıdığını deyib: "Nikah öncəsi tibbi yoxlamanın ayrı cür yola verilməsi mümkün deyil. Yalandan gedib arayış almaqla bu iş olmaz. Əgər gələcəkdə uşaq doğulanda hansısa ciddi fəsadlı xəstəlik olsa, o məsuliyyət birbaşa olaraq vaxtilə ailə qurmağa hazırlaşan gənclərə arayış vermiş həkimin və tibb müəssisəsini üstündə qalır. İnanmıram ki, tibb müəssisləri buna getsin. Vətəndaşlarımız özləri də şüurlu şəkildə öz xəstəliklərini bilə-bilə ailə qurub özlərini və doğulacaq övladlarını bədbəxt etməməlidirlər. Nikahdan qabaq tibbi müayinə üçün dövlət də bütün xərcləri öz üzərinə götürür. Müayinələr də tam pulsuzdur. Bakıda ixtisaslaşmış müayinələr lazımdırsa onlar da hamısı dövlət vəsaiti hesabına həyata keçirilir".

Mart 30, 2016 1:06

Sosial müdafiə sahəsində vahid dövlət siyasəti

Azərbaycan Prezidenti İlham Əliyevin “Əhalinin sosial müdafiəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında” 18 mart 2016-cı il tarixli fərmanına əsasən, Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna daxil edilməsi ölkəmizdə əhalinin sosial müdafiə sahəsində vahid dövlət siyasətinin və səmərəli idarəetmənin həyata keçirilməsinə yönəlib. Trend-in məlumatına görə, bunu nazirliyin Ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev deyib. O vurğulayıb ki, bu islahat, həmçinin əhalinin sosial tələbatlarının ödənilməsində müasir informasiya texnologiyalarının tətbiqi şəraitində kompleks yanaşmanın gerçəkləşdirilməsinə, o cümlədən əmək pensiyaları və digər sosial ödənişlərin təyinatının “bir pəncərə” prinsipi üzrə təşkilinə əsaslı təminat yaradır: “Fərmanın icrası ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə müvafiq əmr əsasında işçi qrupu yaradılıb. İşçi qrupu tərəfindən fərmanın birinci hissəsi, yəni Dövlət Sosial Müdafiə Fondunun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna daxil edilməsi nəzərə alınmaqla, nazirliyin strukturunun və fəaliyyətinin optimallaşdırılması, habelə işçilərinin ümumi say həddi barədə təkliflər hazırlanır. Təkliflər fərmanın imzalandığı tarixdən bir ay müddətində hazırlanaraq dövlət başçısına təqdim olunacaq”. E.Babayev bildirib ki, eyni zamanda DSMF-nin nazirliyin strukturuna daxil edilməsi ilə bağlı bir sıra cari təşkilati və texniki məsələlərin həlli yönündə işlər aparılır: “Azərbaycan Prezidentinin qeyd edilən fərmanının icrası istiqamətində görülən işlər barədə ictimaiyyətə mütəmadi olaraq məlumatların verilməsi təmin olunacaq”.  

Mart 29, 2016 3:11

TƏKLİF…

Azərbaycanda yay vaxtına keçidin ləğv olunmasından sonra iş saatların dəyişdirilməsi ilə bağlı müxtəlif təkliflər irəl sürülür. Ekspertlərin fikrincə, iş vaxtının 08:30-dan 17:30-a qədər təyin olunması məqsədəuyğun hesab oluna bilər. Bu baxımdan iş saatlarının 09:00-dan geriyə çəkilməsi təklif olunur. Millət vəkili Musa Quliyev AzVision.az-a açıqlamasında bu təkliflə razılaşmadığını deyib. Deputat hesab edir ki, indiki vaxtda iş saatlarının bir saat geri çəkilməsi doğrum addım kimi qiymətləndirilə bilməz. M.Quliyevin sözlərinə görə, Bakı şəhərində nəqliyyatın sıxlığının aradan qaldırılması və tıxacların azaldılması üçün müəssisələrdə iş müxtəlif saatlarda başlamalıdır. “Demək olar ki, bütün dövlət qurumlarında iş saat 09:00-da başlayır və 18:00-da bitir. Ona görə də müəssisələrdə işin başlamasını müxtəlif saatlara təyin etmək olar. Təhsil müəssisələrində də həmçinin iş vaxtı müxtəlif saatlarda başlaya bilər. Yəni sürüşdürmə qrafiki ilə müəyyən iş yerlərinin, təhsil müəssisələrinin fəaliyyət vaxtını fərqləndirməklə qrafiklərin vaxtını xeyli azaltmaq olar. Belə olsa, axşam saatlarında işlərin müxtəlif saatlarda bitməsi şəhərdə sıxlığı azaldacaq”-deyə prlament üzvü vurğulayıb. Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun şöbə müdiri Tanrıverdi Paşa hesab edir ki, yay vaxtına keçidin ləğv olunmasından sonra iş vaxtının 08:30-dan 17:30-a qədər təyin olunması məqsədəuyğundur. Onun sözlərinə görə, iş vaxtının təyinində günün işıqlı hissəsi üçün “axşam-səhər” simmetriyasınin gözlənilməsi tövsiyə edilir.

Mart 28, 2016 5:27

Vergidən yayınanların diqqətinə…

Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti tərəfindən “Bakı Elektriktökmə” ASC-də ümumilikdə külli miqdar təşkil edən 370 min manat məbləğində vergilərin dövlət büdcəsinə ödənilməkdən yayındırılması faktı üzrə Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsinə əsasən cinayət işi başlanıb. Nazirlikdən Avropa.info-ya verilən məlumata görə, istintaqla müəyyən edilib ki, “Bakı Elektriktökmə” ASC-nin 29.12.2005-17.09.2012-ci il tarixlərdə sədri vəzifəsində işləmiş Məmmədov Şamil Cəbrayıloviç Vergi Məcəlləsinin 16.1.1-ci, 16.1.3-cü, 16.1.7-ci, 92-ci, 103.1-ci, 104-cü, 105.1-ci, 130.1-ci, 130.2-ci, 153-cü, 154-cü, 159-cu, 161-ci, 166-cı, 173-178-ci, 196-cı, 197-ci, 201-ci və 202-ci maddələrinin tələblərini pozaraq, vergi orqanına təqdim etdiyi bəyannamələrə bilərəkdən təhrif olunmuş məlumatlar daxil etməklə və bəyannamə təqdim etməməklə ümumilikdə külli miqdar təşkil edən 308,3 min manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayındırıb. Departament tərəfindən 31 avqust 2015-ci il tarixdə Ş.Məmmədovun 213.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərar qəbul edilib. Lakin o, istintaqdan gizləndiyinə görə, ittiham elan etmək mümkün olmadığından, həmin tarixdə Ş.Məmmədov barəsində Cinayət-Prosessual Məcəllənin 278-ci maddəsinə əsasən axtarış elan edilib. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 11 fevral 2016-cı il tarixdə Ş.Məmmədov Departamentin əməkdaşları tərəfindən tutularaq istintaqa cəlb olunub və elə həmin gün də təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi ilə ittiham elan olunub. Ş.Məmmədovun az ağır cinayət əməli törətdiyini, daimi yaşayış yerinin olduğunu, törətdiyi cinayət əməlinin xarakterini, azadlıqda qalarsa istintaq və məhkəmə orqanlarından qaçıb gizlənməyəcəyini, eyni zamanda dövlət büdcəsinə ödəməkdən yayındırdığı vergilərdən 50 min manat məbləğində olan hissəsini könüllü olaraq dövlət büdcəsinə ödədiyini nəzərə alaraq, onun barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilib. Departament tərəfindən digər bir cinayət işi “ES Qrup Konstrakşn” MMC-də külli miqdar təşkil edən 70,6 min manat məbləğində vergilərin dövlət büdcəsinə ödənilməkdən yayındırılması faktı üzrə Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsinə əsasən başlanıb. İstintaq zamanı müəyyən edilib ki, müəssisənin direktoru Səfərov Elçin Hüseyn oğlu cəmiyyətin qeydiyyatda olduğu vergi orqanına təqdim etdiyi bəyannamələrə gəlirlər və xərclər barədə qəsdən təhrif olunmuş məlumatları daxil etməklə cinayət əməli törədib. Departament tərəfindən 7 dekabr 2015-ci il tarixdə E.Səfərovun təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərar qəbul edilib, lakin olduğu yer müəyyən edilmədiyi və istintaqa cəlb olunmadığı üçün ona ittiham elan etmək mümkün olmayıb. Elə həmin tarixdə onun barəsində axtarış elan edilib. 11 fevral 2016-cı il tarixdə E.Səfərov Departamentin əməkdaşları tərəfindən tutularaq müvəqqəti saxlanılması üçün Yasamal Rayon Polis İdarəsinə təhvil verilib. Cinayət işi üzrə dayandırılmış icraat təzələnib və ona Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi ilə ittiham elan olunub.xəbər100

Fevral 22, 2016 4:54