Ədalətin bərqərar olunması və böyük fəlakətin qarşısının alınması naminə…

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Obama administrasiyasına "Ədalətin bərqərar olunması və böyük fəlakətin qarşısının alınması naminə petisiya" layihəsi çərçivəsində Azərbaycan Dövlət İqtisad Universitetinin müəllim və tələbələri ilə görüşüb. Trend-in məlumatına görə, tələbələrlə görüşdə universitetin prorektoru Şaiq Əsgərov, AVCİYA-nın nümayəndələri Məhərrəm Zülfüqarlı və Rüfət Muradov iştirak ediblər. Prorektor Ş.Əsgərov çıxış edərək Ermənistanın Azərbaycana təcavüzü, torpaqlarımızın işğalı, ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırım siyasəti haqqında danışıb və gəncləri petisiyaya qoşulmağa çağırıb. Tədbirdə çıxış edən M.Zülfüqarlı petisiyanın mahiyyəti haqında məlumat verib. O qeyd edib ki, Obama Administrasiyasına "Ədalətin Bərqərar Olunması və Böyük Fəlakətin Qarşısının Alınması naminə" adlı petisiya ilə müraciətdə AŞPA-nın 2085 saylı qətnaməsində vurğulanan Azərbaycanın Dağlıq Qarabağ və digər ərazilərinin Ermənistan dövləti tərəfindən işğal edilməsi faktı, Ermənistan silahlı qüvvələrinin işğal bölgəsindən dərhal geri çəkilməsi tələbi, Ermənistanın Azərbaycana qarşı qəsdən törətdiyi ekoloji böhranın ekoloji təcavüz olduğu, Azərbaycanın işğal edilmiş ərazilərində yerləşən Sərsəng su anbarının hazırki durumunun humanitar fəlakətlə nəticələnə biləcəyi, ATƏT-in Minsk qrupunun torpaqlarımızın işğaldan azad edilməsində heç bir nəticə əldə etmədiyi vurğulanıb: "Bunları nəzərə alaraq Administrasiya AŞPA-nın 2085 saylı qətnaməsini dəstəkləməyə, Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan torpaqlarının azad edilməsinə və bölgədə humanitar fəlakətin qarşısının alınmasına yardım etməyə çağırılıb". Daha sonra R.Muradov gənclərə fotoslayd vasitəsilə petisiyaya qoşulmaq qaydalarını haqqında məlumat verib. Qeyd edək ki, indiyədək petisiyaya 145 mindən çox insan qoşulub. Petisiyaya qoşulmaq may ayının 5-ə qədər davam edəcək.

Aprel 18, 2016 12:59

Soyqırımla bağlı müraciət…

Şamaxıda keçirilmiş “Azərbaycan və Şərqi Anadoluda türk-müsəlman əhaliyə qarşı soyqırımları (1914-1920-ci illər)” adlı III beynəlxalq konfransın iştirakçıları beynəlxalq elmi ictimaiyyətə müraciət edib.  AMEA Tarix İnstitutunun mətbuat xidmətindən apa-ya verilən məlumata görə, müraciətdə bildirilib ki, “Azərbaycan və Şərqi Anadoluda türk-müsəlman əhaliyə qarşı soyqırımları (1914-1920-ci illər)" mövzusuna həsr olunmuş III beynəlxalq elmi konfrans təkcə Azərbaycanın elmi həyatı üçün deyil, eyni taleyi yaşamış bir çox dünya xalqlarının tarixi taleyi üçün də önəmli hadisədir: “Tarixçi-alimlər Azərbaycan, Türkiyə, Rusiya, Gürcüstan, Özbəkistan, Böyük Britaniya, Fransa, Almaniya, İtaliya və digər ölkələrin arxivlərində aşkar edilmiş arxiv sənədləri əsasında 1914-1920-ci illərdə erməni millətçiləri tərəfindən Şimali Azərbaycanın Bakı, Şamaxı, Quba, Qarabağ, Zəngəzur, İrəvan, Naxçıvan, Cənubi Azərbaycanın Urmiya, Salmas, Xoy, Qaradağ, Təbriz bölgələrində, Şərqi Anadoluda, Türküstanda, Şimalı Qafqazda və Volqaboyunda türk-müsəlmanlara qarşı törədilmiş soyqırımı sübut ediblər. On minlərlə dinc türk-müsəlman əhali və digər millətlərin nümayəndələri, o cümlədən günahsız körpələr, qadınlar və yaşlı insanlar məhz etnik mənsubiyyətinə görə qətlə yetiriliblər”. Müraciətdə qeyd olunub ki, Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş Azərbaycan torpaqları – Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayondan bir milyondan çox azərbaycanlı öz doğma torpaqlarından zorla qovularaq qaçqın və məcburi köçkünə çevriliblər: “Biz təəssüf hissi ilə qeyd etməliyik ki, dünya ictimaiyyəti, nüfuzlu siyasi dairələr erməni təcavüzünün qarşısını almaq çağırışlarına biganə qalır, hətta mötəbər beynəlxalq təşkilatların qəbul etdiyi qərar və qətnamələri inkar edirlər. Ümid edirik ki, bizim çağırışlarımız dünya birliyinin və elmi ictimaiyyətin  diqqətindən kənarda qalmayacaq”. xeber100.com

Aprel 16, 2016 2:20

15-ci Yubiley Beynəlxalq “Turizm və Səyahətlər” sərgisi – “AITF 2016”

  “Güney Azərbaycan vilayətləri apreldə Azərbaycan paytaxtı Bakıda keçiriləcək Beynəlxalq Turizm və Səyahətlər Sərgisində iştirak edəcək”. Bu barədə Ərdəbil Vilayəti Mədəni İrs Təşkilatının Turizm üzrə sədr müavini jurnalistlərlə görüşündə məlumat verib. Qadir Tağızadə bildirib ki, aprelin 7-9-da (fərvərdinin 19-21-də) Bakıda keçiriləcək sərgiyə ölkənin şimal vilayətləri qatılacaq. “Planlaşdırmaya görə, sərgidə Şərqi Azərbaycan, Qərbi Azərbaycan və Zəncan vilayətləri ilə yanaşı Araz və Makı azad ticarət məntəqələri də iştirak edə bilər. Adı çəkilən qrupdan bu günə qədər yalnız Şərqi Azərbaycan, Ərdəbil və Makı azad ticarət məntəqəsi sərgiyə qatılacaqlarını elan ediblər”- deyə o qeyd edib. Q.Tağızadə sözlərinin sonunda Bakıda keçiriləcək sərgini, bölgənin turizm potensialını tanıtdırmaq üçün yaxşı bir fürsət kimi qiymətləndirib. Onun sözlərinə görə, bölgənin turizm potensialını əks etdirən braşura, poster, turizm xəritəsi və lövhələr kimi müxtəlif reklam-çap məhsulları Azərbaycan türkcəsində hazırlanacaq. Qeyd edək ki, aprelin 7-9-da Bakıda regionun ən böyük turizm tədbirlərindən biri – 15-ci Yubiley Beynəlxalq “Turizm və Səyahətlər” sərgisi - “AITF 2016” işinə başlayacaq. Hazırda sərginin keçirilməsi üçün hazırlıq işləri aparılır.  

Aprel 6, 2016 12:27

Güney Azərbaycan Qarabağ üçün dəstəyini əsirgəmir

Qarabağda - Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində gedən şiddətli döyüşlər Azərbaycanın Güneyində də böyük narahatlıqla izlənilir. Bir sıra Güney Azərbaycan kəndlərinin sakinləri Qarabağla sərhəd ərazilərə, Arazboyuna çıxaraq əsgərlərimizlə həmrəyliklərini nümayiş etdiriblər. Ordumuzun qələbəsi üçün dualar ediblər. Bu arada Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi bəyanat yayaraq işğal edilmiş topraqlarımızı Güney Azərbaycan xalqının milli məsələsi olaraq gördüklərini açıqlayıblar. Bəyanatda deyilir: - Güney Azərbaycan milli azadlıq hərəkatı xalqımızın bütün milli məsələlərinə göstərdiyi həssasiyəti və üstləndiyi sorumluluğu eyni dərəcədə tarixi və əbədi Azərbaycan toprağı olan Qarabağ üçün göstərməkdədir. Ermənistan və bölgədəki strateji dəstəkçiləri Bütöv Azərbaycan xalqının varlığını hədəf alıbdır. 30 milyon Güney azərbaycanlının vətəndaşı olduğu İran hökumətinin Ermənistanla davam etdiyi dostluq ilişkiləri Güney azərbaycanlılara qarşı apardığı düşmənçilik siyasətinin sənədidir. Güney Azərbaycan xalqının və milli fəallarının davamlı və cəmi etirazlarına baxmayaraq Ermənistanla dostca əlaqələrinə davam edən İran hökumətini insanlıq və millətimiz adına qınayırıq. Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi olaraq əziz şəhidlərimizin ailələri və yaxınlarına bütöv Azərbaycan millətinə başsağlığı diləyirik Azərbaycan dövləti ordusu və millətinin yanındayıq və ordumuzun İşğal edilmiş torpaqlarımızı Ermənistan silahlı qüvvələrindən təmizləyəcəyinə inanırıq. Xatırladaq ki, təbrizli gənclər küçələrə çıxaraq "Qarabağ bizimdir, bizim olacaq", "Ölüm olsun erməniyə" şüarları ilə yürüş keçiriblər.  

Aprel 6, 2016 12:06

Soyqırım-98

  Erməni daşnaklarının bolşeviklərlə birgə azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımından 98 il ötür. Tarixdən də məlumdur ki, 1918-ci il martın 30-u gecə saatlarında Bakıda başlanan kütləvi qırğınlar 20 minə yaxın günahsız insanın, o cümlədən çoxlu sayda qoca, qadın və uşağın qətli ilə nəticələnib. Martın 30-dan aprelin 2-dək davam edən kütləvi qırğınlarda Stepan Şaumyanın rəhbərlik etdiyi erməni bolşevik dəstələri Bakıda minlərlə insanı qətlə yetirib, müsəlman ziyarətgahlarını yandırıb, Bakı əhalisinin 400 milyon manatlıq əmlakını müsadirə edib. Kütləvi qırğınlar zamanı şəhərin ən möhtəşəm məscidi sayılan Təzəpir məscidi aramsız top atəşinə tutulub, ermənilər Bakının ən möhtəşəm memarlıq incilərindən olan “İsmailiyyə” binasını yandırıblar. Azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı siyasəti təkcə Bakı şəhəri ilə məhdudlaşmayıb. Martın 31-də erməni daşnakları Şamaxı qəzasının 53 kəndində 8027 azərbaycanlını, o cümlədən 2560 qadın və 1277 uşağı qətlə yetiriblər. Qubanın 162 kəndində öldürülən günahsız azərbaycanlıların sayı isə 16 mindən artıq olub. Erməni daşnakları Lənkəran, Muğan bölgəsi və Dağlıq Qarabağda minlərlə kəndi yandırıb, on minlərlə insanı vəhşicəsinə qətlə yetiriblər. 1918-ci il iyulun 15-də Azərbaycan Demokratik Respublikasının yaratdığı Fövqəladə Təhqiqat Komissiyası bu qırğınlarla bağlı çoxsaylı sənədləri toplayaraq hökumətə təqdim edib, 1919-cu ildə Azərbaycan parlamenti 31 Mart tarixinin Azərbaycanlıların Soyqırımı günü kimi qeyd olunması barədə qərar qəbul edib. Sovet hakimiyyəti illərində bu tarix yaddaşlardan silinsə də, müstəqillik dövründə tarixi sənədlər əsasında 31 mart 1918-ci ildə Azərbaycan xalqının başına gətirilən faciəvi hadisələrlə bağlı çoxsaylı araşdırmalar aparılıb, kitablar dərc olunub. 1998-ci il martın 26-da prezident Heydər Əliyev “Azərbaycanlıların soyqırımı haqqında” fərman imzalayıb. Həmin gündən 31 Mart tarixi Azərbaycanlıların Soyqırımı günü kimi qeyd olunur. Bu münasibətlə dünyanın müxtəlif ölkələrində tədbirlər, anım mərasimləri, konfranslar keçirilir.  

Mart 31, 2016 11:15

Ağ-saray YUNESKO-nun Ümumdünya İrsi siyahısında

Özbəkistanın Şəhrisabz şəhərində Əmir Teymurun bu günədək qorunub saxlanan yeganə möhtəşəm iqamətgahı Ağ-saray  YUNESKO-nun Ümumdünya İrsi siyahısına daxildir. Senet.az XIV- XV əsrlərdə tikilən bu memarlıq nümunəsi haqqında məlumat verir. Tarixdən məlumdur ki, Teymurun ilk sarayları- Kuksaray və Buston saray imperiyanın paytaxtı Səmərqənddə inşa edilib. Teymur çox nadir hallarda bu saraylarda qalardı, şəhər ətrafında inşa edilən saraylara üstünlük verərdi. O, doğma şəhəri Keşdə (indiki Şəhrisabz) daha böyük saray tikdirməyi arzu edirdi. İqamətgahın tikintisinə 1380-ci ildən başlanılıb və tikinti işləri 24 il davam edib. Saray memar Məhəmməd Yusif Təbrizi tərəfindən inşa edilib. Bunu, tikilinin mərkəzi hissəsində qalan imza da sübut edir. İqamətgahın bir neçə müxtəlif təyinatlı həyət sahəsində yaşayış evləri və ictimai təyinatlı otaqlar var idi. Otaqlar qızılı rənglə rənglənmiş, fasadları rəngli kirəmitlə örtülmüşdü, həyətlərə isə ağ plitələr döşənmişdi. Sarayın əsas möcüzələrindən biri də damında xüsusi fəvvarəli hovuzun olması idi. Hovuza su dağ keçidi Taxtakaraçadan qurğuşun novlar vasitəsilə gəlirdi. Ağ-sarayın çökən əsas giriş portalı Mərkəzi Asiyada dövrünün ən hündür tikilisi hesab olunurdu. Sarayın hündürlüyü 56 metr, qüllələrin hündürlüyü isə 72 metr təşkil edirdi. Tikilinin rəngarəng stili, tünd və parlaq mavi çalarlı mozaikaları, rəngləri abidəyə xüsusi görünüş verir. Burada Qurandan kalliqrafik yazılar olan dəbdəbəli yarpavari ornamentlər də diqqət çəkir. 1570-ci ildə Buxara əmiri II Abdulla xan əvvəlki hökmdarın sarayını dağıtmaq istəyib. Lakin xoşbəxtlikdən möhtəşəm tikilinin bir hissəsi dövrümüzədək gəlib çatıb.xəbər100

Fevral 13, 2016 2:08