15-ci Yubiley Beynəlxalq “Turizm və Səyahətlər” sərgisi – “AITF 2016”

  “Güney Azərbaycan vilayətləri apreldə Azərbaycan paytaxtı Bakıda keçiriləcək Beynəlxalq Turizm və Səyahətlər Sərgisində iştirak edəcək”. Bu barədə Ərdəbil Vilayəti Mədəni İrs Təşkilatının Turizm üzrə sədr müavini jurnalistlərlə görüşündə məlumat verib. Qadir Tağızadə bildirib ki, aprelin 7-9-da (fərvərdinin 19-21-də) Bakıda keçiriləcək sərgiyə ölkənin şimal vilayətləri qatılacaq. “Planlaşdırmaya görə, sərgidə Şərqi Azərbaycan, Qərbi Azərbaycan və Zəncan vilayətləri ilə yanaşı Araz və Makı azad ticarət məntəqələri də iştirak edə bilər. Adı çəkilən qrupdan bu günə qədər yalnız Şərqi Azərbaycan, Ərdəbil və Makı azad ticarət məntəqəsi sərgiyə qatılacaqlarını elan ediblər”- deyə o qeyd edib. Q.Tağızadə sözlərinin sonunda Bakıda keçiriləcək sərgini, bölgənin turizm potensialını tanıtdırmaq üçün yaxşı bir fürsət kimi qiymətləndirib. Onun sözlərinə görə, bölgənin turizm potensialını əks etdirən braşura, poster, turizm xəritəsi və lövhələr kimi müxtəlif reklam-çap məhsulları Azərbaycan türkcəsində hazırlanacaq. Qeyd edək ki, aprelin 7-9-da Bakıda regionun ən böyük turizm tədbirlərindən biri – 15-ci Yubiley Beynəlxalq “Turizm və Səyahətlər” sərgisi - “AITF 2016” işinə başlayacaq. Hazırda sərginin keçirilməsi üçün hazırlıq işləri aparılır.  

Aprel 6, 2016 12:27

Güney Azərbaycan Qarabağ üçün dəstəyini əsirgəmir

Qarabağda - Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində gedən şiddətli döyüşlər Azərbaycanın Güneyində də böyük narahatlıqla izlənilir. Bir sıra Güney Azərbaycan kəndlərinin sakinləri Qarabağla sərhəd ərazilərə, Arazboyuna çıxaraq əsgərlərimizlə həmrəyliklərini nümayiş etdiriblər. Ordumuzun qələbəsi üçün dualar ediblər. Bu arada Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi bəyanat yayaraq işğal edilmiş topraqlarımızı Güney Azərbaycan xalqının milli məsələsi olaraq gördüklərini açıqlayıblar. Bəyanatda deyilir: - Güney Azərbaycan milli azadlıq hərəkatı xalqımızın bütün milli məsələlərinə göstərdiyi həssasiyəti və üstləndiyi sorumluluğu eyni dərəcədə tarixi və əbədi Azərbaycan toprağı olan Qarabağ üçün göstərməkdədir. Ermənistan və bölgədəki strateji dəstəkçiləri Bütöv Azərbaycan xalqının varlığını hədəf alıbdır. 30 milyon Güney azərbaycanlının vətəndaşı olduğu İran hökumətinin Ermənistanla davam etdiyi dostluq ilişkiləri Güney azərbaycanlılara qarşı apardığı düşmənçilik siyasətinin sənədidir. Güney Azərbaycan xalqının və milli fəallarının davamlı və cəmi etirazlarına baxmayaraq Ermənistanla dostca əlaqələrinə davam edən İran hökumətini insanlıq və millətimiz adına qınayırıq. Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi olaraq əziz şəhidlərimizin ailələri və yaxınlarına bütöv Azərbaycan millətinə başsağlığı diləyirik Azərbaycan dövləti ordusu və millətinin yanındayıq və ordumuzun İşğal edilmiş torpaqlarımızı Ermənistan silahlı qüvvələrindən təmizləyəcəyinə inanırıq. Xatırladaq ki, təbrizli gənclər küçələrə çıxaraq "Qarabağ bizimdir, bizim olacaq", "Ölüm olsun erməniyə" şüarları ilə yürüş keçiriblər.  

Aprel 6, 2016 12:06

Soyqırım-98

  Erməni daşnaklarının bolşeviklərlə birgə azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımından 98 il ötür. Tarixdən də məlumdur ki, 1918-ci il martın 30-u gecə saatlarında Bakıda başlanan kütləvi qırğınlar 20 minə yaxın günahsız insanın, o cümlədən çoxlu sayda qoca, qadın və uşağın qətli ilə nəticələnib. Martın 30-dan aprelin 2-dək davam edən kütləvi qırğınlarda Stepan Şaumyanın rəhbərlik etdiyi erməni bolşevik dəstələri Bakıda minlərlə insanı qətlə yetirib, müsəlman ziyarətgahlarını yandırıb, Bakı əhalisinin 400 milyon manatlıq əmlakını müsadirə edib. Kütləvi qırğınlar zamanı şəhərin ən möhtəşəm məscidi sayılan Təzəpir məscidi aramsız top atəşinə tutulub, ermənilər Bakının ən möhtəşəm memarlıq incilərindən olan “İsmailiyyə” binasını yandırıblar. Azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı siyasəti təkcə Bakı şəhəri ilə məhdudlaşmayıb. Martın 31-də erməni daşnakları Şamaxı qəzasının 53 kəndində 8027 azərbaycanlını, o cümlədən 2560 qadın və 1277 uşağı qətlə yetiriblər. Qubanın 162 kəndində öldürülən günahsız azərbaycanlıların sayı isə 16 mindən artıq olub. Erməni daşnakları Lənkəran, Muğan bölgəsi və Dağlıq Qarabağda minlərlə kəndi yandırıb, on minlərlə insanı vəhşicəsinə qətlə yetiriblər. 1918-ci il iyulun 15-də Azərbaycan Demokratik Respublikasının yaratdığı Fövqəladə Təhqiqat Komissiyası bu qırğınlarla bağlı çoxsaylı sənədləri toplayaraq hökumətə təqdim edib, 1919-cu ildə Azərbaycan parlamenti 31 Mart tarixinin Azərbaycanlıların Soyqırımı günü kimi qeyd olunması barədə qərar qəbul edib. Sovet hakimiyyəti illərində bu tarix yaddaşlardan silinsə də, müstəqillik dövründə tarixi sənədlər əsasında 31 mart 1918-ci ildə Azərbaycan xalqının başına gətirilən faciəvi hadisələrlə bağlı çoxsaylı araşdırmalar aparılıb, kitablar dərc olunub. 1998-ci il martın 26-da prezident Heydər Əliyev “Azərbaycanlıların soyqırımı haqqında” fərman imzalayıb. Həmin gündən 31 Mart tarixi Azərbaycanlıların Soyqırımı günü kimi qeyd olunur. Bu münasibətlə dünyanın müxtəlif ölkələrində tədbirlər, anım mərasimləri, konfranslar keçirilir.  

Mart 31, 2016 11:15

Ağ-saray YUNESKO-nun Ümumdünya İrsi siyahısında

Özbəkistanın Şəhrisabz şəhərində Əmir Teymurun bu günədək qorunub saxlanan yeganə möhtəşəm iqamətgahı Ağ-saray  YUNESKO-nun Ümumdünya İrsi siyahısına daxildir. Senet.az XIV- XV əsrlərdə tikilən bu memarlıq nümunəsi haqqında məlumat verir. Tarixdən məlumdur ki, Teymurun ilk sarayları- Kuksaray və Buston saray imperiyanın paytaxtı Səmərqənddə inşa edilib. Teymur çox nadir hallarda bu saraylarda qalardı, şəhər ətrafında inşa edilən saraylara üstünlük verərdi. O, doğma şəhəri Keşdə (indiki Şəhrisabz) daha böyük saray tikdirməyi arzu edirdi. İqamətgahın tikintisinə 1380-ci ildən başlanılıb və tikinti işləri 24 il davam edib. Saray memar Məhəmməd Yusif Təbrizi tərəfindən inşa edilib. Bunu, tikilinin mərkəzi hissəsində qalan imza da sübut edir. İqamətgahın bir neçə müxtəlif təyinatlı həyət sahəsində yaşayış evləri və ictimai təyinatlı otaqlar var idi. Otaqlar qızılı rənglə rənglənmiş, fasadları rəngli kirəmitlə örtülmüşdü, həyətlərə isə ağ plitələr döşənmişdi. Sarayın əsas möcüzələrindən biri də damında xüsusi fəvvarəli hovuzun olması idi. Hovuza su dağ keçidi Taxtakaraçadan qurğuşun novlar vasitəsilə gəlirdi. Ağ-sarayın çökən əsas giriş portalı Mərkəzi Asiyada dövrünün ən hündür tikilisi hesab olunurdu. Sarayın hündürlüyü 56 metr, qüllələrin hündürlüyü isə 72 metr təşkil edirdi. Tikilinin rəngarəng stili, tünd və parlaq mavi çalarlı mozaikaları, rəngləri abidəyə xüsusi görünüş verir. Burada Qurandan kalliqrafik yazılar olan dəbdəbəli yarpavari ornamentlər də diqqət çəkir. 1570-ci ildə Buxara əmiri II Abdulla xan əvvəlki hökmdarın sarayını dağıtmaq istəyib. Lakin xoşbəxtlikdən möhtəşəm tikilinin bir hissəsi dövrümüzədək gəlib çatıb.xəbər100

Fevral 13, 2016 2:08

DÜNYA ƏHƏMİYYƏTLİ ABİDƏLƏR DAĞIDILIB

“Ermənistanın işğal etdiyi ərazilərdə 13 dünya əhəmiyyətli, 292 milli əhəmiyyətli, 330 yerli əhəmiyyətli abidə dağıdılıb və ya istifadəyə yararsız hala salınıb. 804 qəbiristanlıq və 10 məscid talan və təhqir edilib, 40 min eksponatın saxlandığı 22 muzey və dörd rəsm qalereyası vəhşicəsinə yerlə-yeksan olunub. Dağıdılmış və yandırılmış 927 kitabxanada 4,6 milyon nüsxə kitab və qiymətli əlyazmalar məhv edilib”. Bu barədə Müəllif Hüquqları Agentliyinin (MHA) illik hesabatında qeyd olunub. Hesabatda bildirilib ki, ötən il Ermənistan kütləvi informasiya vasitələrində Azərbaycana məxsus Qarabağ atları ilə bağlı uydurmalar və təndirin ermənilər tərəfindən özününküləşdirilməsi, Azərbaycanın qədim milli rəqslərindən olan “Köçəri”nin erməni milli dəyəri kimi UNESCO-nun Dünya Mədəni İrs siyahısına daxil edilməsi üçün məsələ qaldırılması ilə əlaqədar Agentliyin tarixi faktlara, elmi və etimoloji əsaslara və mənbələrə istinadla hazırladığı arayış və şərhlərdə erməni iddialarının əsassızlığı göstərilib. Hesabatda o da qeyd olunub ki, Agentlikdə erməni saxtakarlıqlarını ifşa edən “Erməni yadelli nağılları” kitabı və “Gəldim, gördüm..., mənimsədim” kitabçası Azərbaycan, rus, ingilis və fransız dillərində təkrar nəşr edilib, “Erməni tarixi uydurmalarının tarixinə giriş”, “Öz-özünü təkzib edən “erməniçilik müəlliflik hüququ” və “Əqli mülkiyyət: folklorun və ənənəvi biliklərin qorunması və erməni plagiatçılığı” kitabçaları çap olunub.    

Fevral 4, 2016 5:37

65 İLLİK FASİLƏDƏN SONRA…

Türkiyə mətbuatının verdiyi xəbərə görə, Ankara Qatarda özünün hərbi hava qüvvələri və hərbi donanması üçün çoxfunksiyalı hərbi bazanın tikintisinə hazırlaşır. Beləliklə, Fars körfəzi sahilində yerləşmiş bu kiçik ərəb ölkəsində Amerika Birləşmiş Ştatları ilə yanaşı, Türkiyənin də öz hərbi bazası olacaq. Bu barədə İranın Yaxın Şərq Strateji Araşdırmalar İnstitutunun analitik materialında bildirilir. Hazırda Böyük Britaniyanın və ABŞ-ın Bəhreyndə, Fransanın isə Birləşmiş Ərəb Əmirliklərində anoloji obyektləri var. Bu forpost gələcəkdə Türkiyə silahlı qüvvələrinin Qırmızı dənizdə, Şimali Afrikada və həmçinin Fars körfəzinin özündə mümkün hərbi əməliyyatlar həyata keçirməsinə imkan yaradacaq. Beləliklə, 1950-ci ildən sonra ilk dəfə olaraq, Türkiyə Hərbi Dəniz Donanması okean sularına çıxış əldə edəcək. Əlbəttə ki, Türkiyənin Fars körfəzinin təhlükəsizlik problemlərinin həll edilməsinə qoşulması, yalnız ABŞ və NATO ilə razılaşma nəticəsində mümkün olub. ABŞ və NATO özünün Fars körfəzindəki “Ərəb Dövlətləri Əməkdaşlıq Təşkilatı” ilə münasibətlərini, kollektiv təhlükəsizlik müqaviləsi səviyyəsinə kimi qaldırmağa hazır deyil. Ancaq buna baxmayaraq, həm ABŞ, həm də onun müttəfiqləri həmin təşkilata daxil olan ayrı-ayrı ərəb dövlətləri ilə ikitərəfli müqavilələr bağlayırlar. Əgər tarixə diqqət yetirsək, onda qatarlıların osmanlılara minnətdar olmaları barəsində nəticə çıxara bilərik. Çünki hələ 19-cu əsrdə məhz Osmanlı hakimiyyəti Qatara Səudiyyə Ərəbistanından ayrıca, özəl mənsubiyyət verilməsinə yardım göstərib. Digər tərəfdən isə Qatar və Türkiyə “Müsəlman qardaşları” kimi birliklər məsələsində və terror qruplaşmalarına yanaşma tərzində eyni cür düşünürlər. Başqa yandan Qatar həmişə Səudiyyə Ərəbistanının Fars körfəzinin digər ərəb ölkələrinə qarşı özünəməxsus “böyük qardaş” rolu oynamasından narazı olub. Elə bu səbəbdən də, Doha yorulmadan təhlükəsizlik sisteminin tənzimlənməsində aktiv rol almaq fikrindədir. Qatar ilə Türkiyə arasında hərbi baza tikilməsi barəsində müqavilənin bağlanmasının əsas səbəblərindən biri, təhlükəsizliyin qorunması metodunun diversifikasiya edilməsidir. Bu cür müqavilələr müştərək müdafiə prinsiplərinə əsaslanır və əgər dövlətlərdən biri hücuma məruz qalarsa, onda digər müttəfiq dövlət, təcavüzkar qarşısında onun müdafiəsinə qalxır. Türkiyə artıq bu cür müqavilələri Azərbaycan və Şimali Kipr respublikası ilə imzalayıb. Bu müqavilə regionun müvafiq təhlükəsizliyi üçün Amerikanın öz müttəfiqlərinin rolunu aktivləşdirməyə cəhd göstərdiyini nümayiş etdirir. Asiya tərəfə yönəlmək strategiyası, Vaşinqtonun öz güclərini Fars körfəzindən çəkmək niyyətində olması anlamına gəlmir. İş ondadır ki, ABŞ dünyanın bu hissəsindəki təhlükəsizliyin təmin olunması xərclərini öz müttəfiqləri ilə bölmək istəyir. Birləşmiş Ştatların regiondakı müasir strategiyası soyuq müharibə dövrünün Nikson-Kissincer doktrinasını xatırladır. O zaman Vyetnam müharibəsinin yenicə qurtarması səbəbindən, Amerikanın öz qoşunlarını hər hansı digər regiona göndərmək üçün kifayət qədər vəsaiti yox idi. Buna əsasən də həmin illərdə ABŞ-ın şah İranı və Səudiyyə Ərəbistanı da daxil olmaqla, regional tərəfdaşları təhlükəsizlik məsələləri ilə əlaqədar olaraq, həmin regionda amerikanların maraqlarının təminatçılarıydılar. Bizim dövrümüzdə, hətta ABŞ-ın qeyri-regional müttəfiqləri də, amerikanların maraqlarının və müvafiq olaraq, Fars körfəzindəki təhlükəsizliyin təmin edilməsi ilə məşğuldurlar. Həm də mütləq qeyd etmək lazımdır ki, bəlkə də Tehran bunu ərəb ölkələri koalisiyasına müdafiə kimi dəyərləndirər və ona görə də, Türkiyənin bu addımı İran təfəfindən düşməncəsinə qarşılana da bilər. Ancaq digər tərəfdən isə bəzi analitiklər hesab edirlər ki, bunu düşmən fəaliyyət kimi yozmaq yox, İran ilə Qərb və Fars körfəzinin ərəb dövlətləri arasındakı münasibət kontekstindən dəyərləndirmək olar. Müəyyən qədər bəllidir ki, indiki zamanda Fars körfəzindəki təhlükəsizlik rejimi, bu regiondakı bütün ölkələrin möhkəm şəkildə müdafiə olunduğuna təminat vermir. Türkiyənin Qatarda hərbi baza yaratması kimi fəaliyyətlər isə Fars körfəzində universal sabitlik sistemi yarada bilməz. Bütün bunlarla yanaşı, Türkiyənin həyata keçirmək istədiyi tədbir, bəzi şərtlərdən asılı olaraq, İranın maraqlarına zidd addım kimi yozulmamalıdır.  

Fevral 4, 2016 2:02

Qurtuluş millətçilikdədir

Iraqın Türkmən Cəbhəsinin lideri Ərşad Salihi Türkməneli dövlətinin yaradılmasından danışıb. Salihi bildirib ki, Şimali Iraqda müstəqil Kürdüstan dövlətinin qurulacağı təqdirdə Bağdadla birgə qalmağa üstünlük verəcəklər. Bu da baş tutmasa, Türkməneli Cümhuriyyətinin yaradıldığını elan edəcəklər. Azadliq.info xəbər verir ki, Salihi Suriya türkmənlərinə də səslənərək qurtuluşun millətçilikdə olduğunu bildirib: “Iraq və Suriya türkmənləri birgə addım atmalıdır. Suriya türkmənləri Cenevrə danışıqlarından kənarda saxlanıldı. Amma türkmənlər narahat olmasın. Danışıqlara qatılan tərəflərin o toplantıda anlaşa biləcəklərinə inanmıram. Suriya türkmənləri bölgəni müdafiə edib birliyi qoruya bilsələr, Əsəd iqtidardan gedəndən sonra qazancları böyük olacaq. Cenevrəyə dəvət edilməyən türkmənlər BMT-nin Suriya üzrə xüsusi təmsilçisi Staffan de Misturaya məktub göndərməlidi. Məktubda türkmənlərin danışıqlardan kənarda saxlanılmasının doğru addım olmadığı bildirilməli və bu vəziyyətin təcili düzəldilməsi tələb olunmalıdır”. Salihi deyir ki, Suriyada vəziyyət hansı istiqamətə dəyişirsə-dəyişsin orada yaşayan türkmənlər milli mücadilədən əsla vaz keçməməlidilər: “Qurtuluş millətçilikdədir. Qloballaşma dövründə türkmənlər bir olmalıdır. Suriya və Iraqda yaşayan türkmənlər əlaqəli şəkildə hərəkət etməlidilər. Bir-birimizə sahib çıxmalıyıq. Türkmənlərin birliyini təşviq edən kofrans və seminarlar təşkil etməliyik. Bu təşəbbüslərə Türkiyə Cümhuriyyətindən də dəstək gəlməlidir. Türkmənlərin birliyi bölgədəki bir çox qüvvələrin oyunlarını pozacaq. KDP və KYB terrorun qarşısını almaq bəhanəsiylə Suriya sərhədindən Iran sərhədinə qədər uzanan və faktiki olaraq Iraqı bölən xəndəklər qazır. Türkmənlərin birləşməsi bu oyunun da qarşısını alacaq. Kürdüstan Iraqdan ayrılmaq istəsə, biz Bağdadla birgə qalmağı seçəcəyik. Kərkük xüsusi statuslu bölgə olacaq. Türkmənlərin rahat həyat tərzi üçün Türk dünyasının yardımına ehtiyacımız var. Bizimlə birgə olmalarını istəyirik. Türk milləti əzəldən var olub və Inşallah bu, əbədiyyətə qədər belə olacaq. 17 dövlət quran bizlər 18-ci dövləti də qura bilərik. Tarixdən güc alıb gələcəyə doğru gedərik”.  

Fevral 4, 2016 1:52