“Türkiyə Cümhuriyyəti 100” adlı virtual sərgi hazırlanıb

27 Oktyabr 2023 14:55

Xəbər 200 dəfə oxunub

Milli Kitabxananın əməkdaşları tərəfindən“Türkiyə Cümhuriyyəti 100” adlı virtual sərgi hazırlanıb.

Kitabxanadan bildirilib ki, virtual sərgidə Türkiyə Cümhuriyyəti ilə bağlı fotolar, dövri mətbuat səhifələrində dərc olunan məqalələr, Türkiyənin dövlət siyasətini, ölkələrimizin mədəni əməkdaşlığını, diplomatik əlaqələrini, qardaş ölkənin mədəniyyətini və incəsənətini əks etdirən kitablar nümayiş olunur.

Qeyd edək ki, 1923-cü il oktyabrın 29-da Türkiyə Cümhuriyyətinin quruluşunun 100 ili tamam olur.xeber100.com

“Azərbaycan mədəniyyəti və ədəbiyyatı həftəliyi” keçiriləcək

Türkiyədəki səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov qardaş ölkənin Konya bölgəsi üzrə Mədəniyyət və Turizm müdiri Mehmet Yündenlə görüşüb. Mərkəzdən verilən məlumata əsasən, görüşdə dövlətlərimiz arasında bütün sahələrdə yüksək səviyyəli əlaqələr qeyd olunub, mədəniyyət üzrə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Toplantıda müzakirə edilən məsələlər arasında eyni tarixə malik mədəniyyətimizin beşiyi olan Konya şəhəri ilə Azərbaycanın bölgələri arasında əməkdaşlıq, “Qardaşlaşmış şəhərlər”ə dair müqavilənin imzalanması, Konyada Azərbaycan mədəniyyətinə dair tanıtım layihələrinin reallaşdırılması, cari ilin payız aylarında “Azərbaycan mədəniyyəti və ədəbiyyatı həftəliyi” tədbirlərinin təşkili, Konya Selcuq Universitetində dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyi münasibətilə beynəlxalq konfransın təşkili, miniatür müsabiqəsi və sərgisinin keçirilməsi, eləcə də digər birgə layihələr, o cümlədən bu istiqamətdə görüləcək fəaliyyətlər yer alıb. Mərkəzinin direktoru Samir Abbasov Konyada Mövlana Muzeyinin müdiri Naci Bakırcı ilə də görüşüb. Görüşdə Konyada Mövlana Muzeyinin Azərbaycan muzeyləri ilə əməkdaşlığı, muzeyin əlyazmalara dair kitabxanasında saxlanılan Azərbaycana dair qiymətli əsərlər müzakirə olunub, gələcəkdə bu unikal əlyazmalara dair araşdırmaların aparılması, onların kataloqunun hazırlanması razılaşdırılıb. Tərəflər cari ilin payız aylarında Konyada keçiriləcək “Azərbaycan mədəniyyəti və ədəbiyyatı həftəliyi” tədbirləri çərçivəsində sözügedən qədim və nadir əlyazmaların muzeydə sərgisinin açılmasına dair razılıq əldə ediblər. Sonra Mövlana Muzey Kompleksinə baxış keçirilib. Naci Bakırcı Samir Abbasova muzey kompleksində aparılmış yenidənqurma işi haqqında məlumat verib, Türkiyənin qabaqcıl restavrasiya sahəsində təcrübəsinin Azərbaycanla bölüşülməsi və bu sahədə əməkdaşlıq müzakirə olunub. Naci Bakırcı ildə 4 milyondan artıq turistin Mövlana Muzey Kompleksini ziyarət etdiyini vurğulayaraq, burada görülən işlər və guşələri təqdim edib. Ziyarət zamanı Mövlana Muzeyinin qədim və nadir nüsxəsi sayılan, daimi sərgidə nümayiş etdirilən dahi Azərbaycan şairi Məhəmməd Füzulinin Osmanlı dövrünə aid xüsusi işləmələrlə hazırlanmış “Hədiqətüs-süəda” əsərinə baxış keçirilib. Görüşdə eləcə də gələcək birgə əməkdaşlıq məsələləri müzakirə olunub.xeber100.com

İyul 10, 2024 10:37

İlyas Əfəndiyevin 110 illiyi münasibətilə “Xan qızı” tamaşasının nümayişi oldu

İyunun 3-də Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Teatr Xadimləri İttifaqının təşkilatçılığı iləBakı Bələdiyyə Teatrının səhnələşdirdiyi “Xan qızı” tamaşasının nümayişi oldu. “Aktyorlar Evi”ndə nümayiş olunan tamaşa Xalq yazıçısı, dramaturq İlyas Əfəndiyevin 110 illiyinə, eyni zamanda teatr və kino aktrisa, Xalq artisti Amaliya Pənahovanın əziz xatirəsinə həsr edilmişdir. Təqdimatda ölkənin tanınmış mədəniyyət və incəsənət xadimləri, eləcə də İlyas Əfəndiyevin ailəsi iştirak edirdilər. Tamaşadan öncə  Azərbaycan Dövlət Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Hacı İsmayılov səhnəyə çıxaraq tədbirin məqsədini açıqladı və İlyas Əfəndiyevin geniş şaxəli yaradıcılığından bəhs etdi. Sonra söz teatrşünas, professor Məryəm Əlizadəyə verildi. M.Əlizadə Xalq yazıçısının yaradıcılığı ilə Xalq artisti Amaliya Pənahovanın birgə ərsəyə gətirdiyi tamaşaları əhatə edən geniş çıxış etməklə yanaşı, sonda çıxışını Bakı Bələdiyyə Teatrının fəaliyyətini əks etdirən fikirlərlə yekunlaşdırdı. Daha sonra söz BBT-nin baş rejissoru, Xalq artisti Mərahim Fərzəlibəyova verildi. M.Fərzəlibəyov İlyas Əfəndiyevin əsərlərilə Azərbaycan nəsrinin inkişafını yeni mərhələyə yüksəltməsindən, XX əsr ədəbiyyatımızın klassiki, ədəbi-tənqidi-ictimai fikrimizin inkişafında əvəzsiz xidmətlərinin və Azərbaycan dramaturgiyasının inkişafında böyük xidmətlər göstərmiş görkəmli sənətkarlar sırasında özünəməxsus yerə sahib olmasından bəhs etdi. Qeyd edək ki, İlyas Əfəndiyevin dram əsərlərinin əksəriyyətinin böyük uğurla tamaşaya qoyulması Azərbaycan teatr sənətinin inkişafında mühüm rol oynamışdır ki, bu da onun adını Azərbaycan tarixinə görkəmli yazıçı, lirik – psixoloji üsluba üstünlük verən dramaturq kimi yazmışdır. İ.Əfəndiyev Sovet dövrü Azərbaycan ədəbiyyatının ən böyük milli ruha sahib yazıçısı hesab olunan, öz əsərlərində vətənpərvər duyğunu, tapdanan haqlarımızı, Azadlıq yolunda olan mübarizə ruhunu qələmə alan, mövcud rejimdən qorxmayan, cəsarətli yazıçılarımızdan biri olub. Onun əsərləri ədəbi aləmə, teatr mühitinə  yeniliklər gətirib. Yazıçının “Xurşidbanu Natəvan” pyesi tarixi mövzuda yazılan, müasir həyatımızla səsləşən ən qiymətlı əsərlərdən biri hesab olunur. Əsərdə olduğu kimi, tamaşada da dramatik konflikt ən çox Natəvanın taleyi üzərində qurulub. M.Fərzəlibəyovun 1981-ci ildə Azərbaycan Dövlət Akademik Milli Dram teatrının səhnəsində hazırladığı eyniadlı tamaşada Azərbaycan teatr tarixində Xurşidbanu Natəvan obrazını ilk dəfə olaraq Amaliya Pənahovanın bənzərsiz və özünəməxsus şəkildə yaratması onu sadəcə bir şairə kimi deyil, eyni zamanda böyük bir şəxsiyyət, özünün siyasi görüşləri olan, dövrünün çatışmazlıqları ilə mübarizə apara bilən bir azərbaycanlı qadını kimi canlandırması geniş tamaşaçı auditoriyasının yaddaşında silinməz izlər buraxmaqla yanaşı, eyni zamanda teatr tarixinə qızıl hərflərlə yazılmışdır. Həmin illərdə aktrisa Şuşa şəhərində keçirilən Natəvan poeziya günlərində iştirak etmiş və xalqın yaddaşında bu günə qədər də Xurşidbanu Natəvan obrazında canlanır. Tamaşanın yeni quruluşunun müəllifi və rejissoru görkəmli teatr rejissoru, Xalq artisti Mərahim Fərzəlibəyovdur. Yeni quruluşda Natəvanın həyatından dramatik səhnələr yer alıb. Onun 1872-ci ildən rəhbərliyilə sarayında davam etdirilən, otuzdan çox üzvü olan “Məclisi-üns, şəxsi həyatı yer alıb. Eyni zamanda tamaşada şairənin şerlərinə də geniş yer verilib. Tamaşanın sonunda ekranda görkəmli aktrisa Amaliya Pənahovanın 1981-ci ildə yaratdığı tamaşadan monoloqu təqdim olundu. Aktrisanın həyəcan dolu səsiylə vətənpərvər ruhu əks etdirən monoloqu tamaşaçı salonunu alqış sədalarına bürüdü. “Xan qızı” tamaşaçılar tərəfindən böyük maraqla qarşılandı. Tamaşadan sonra səhnə əsərinin rejissoru Mərahim Fərzəlibəyov və Xürşidbanu Natəvan obrazını özünə xas şəkildə oynayaraq tamaşaçı alqışını qazanan Ülviyyə Rza Teatr Xadimləri İttifaqının Fəxri fərmanına layiq görüldülər. Eləcə də tamaşanın bütün heyətinə gül buketləri təqdim olundu. Sonda xatirə şəkilləri çəkildi. xeber100.com

İyun 4, 2024 14:04

Görkəmli diktor Yusif Muxtarovun anım günüdür

Bakı Bələdiyyə Teatrının yaradıcılarından biri, Azərbaycan Radiosunun diktoru, Xalq artisti Yusif Muxtarovun anım günüdür. Bakı Bələdiyyə Teatrının inkişafında və bu sənət ocağının xarici ölkələrdə Azərbaycanın teatr mədəniyyətini layiqincə təmsil etməsində əvəzsiz xidmətləri olmuş Yusif Muxtarov 1964-1994-cü illərdə Azərbaycan Dövlət Radio və Televiziya şirkətində - diktor, ictimat-siyasi verilişlər redaksiyasının baş redaktoru, diktor şöbəsinin bədii rəhbəri vəzifələrində çalışıb. 30 il ərzində onun səsində lentə alınan 350-dən artıq ədəbi-bədii veriliş radionun Qızıl fonduna daхil olub. Klassik şeirimizin təbliğatçılarından biri kimi Nizami Gəncəvinin, Məhəmməd Füzulinin, İmadəddin Nəsiminin şeirlərini natiqlik məharətilə söyləməyi sevirdi. “Radionun öz dili, öz ahəngi var. Hər şeydən əvvəl, radioda orfoqrafiya qanunlarına ciddi riayət olunmalıdır. Səsin çalarları, ahəngi, tembiri müəyyən qaydada olmalıdır. Məzmun aydınlığı, forma gözəlliyi, tələffüz qaydaları təqdimatda əsas götürülməlidir” deyən Y.Muxtarov Azərbaycan dilində mindən artıq film səsləndirilib. YUNESKO-nun iki qızıl diskində onun səsi yazılaraq qorunur. Bəşəriyyət dillərinin gələcək nəslə çatdırılması və mühafizəsi məqsədilə hazırlanan bu disklərdə Azərbaycan dili onun səsində təqdim olunur. Rejissor Fikrət Əliyevin 1974-cü ildə quruluş verdiyi “Baladadaşın ilk məhəbbəti” filmində Murad, 1980-ci ildə yazıçı Bayram Bayramovun ssenarisi əsasanda Ziyafət Abbasovun çəkdiyi “Onun bəlalı sevgisi”ndə iclas iştirakçısı, 1990-cı ildə yazıçı Natiq Rəsulzadənin “İntihar edənin qeydləri” povestinin motivləri əsasında rejissor Əbdül Mahmudbəyovun quruluş verdiyi “Gecə qatarında qətl” filmində Paxan obrazlarını oynayan sənətkar, hər üç filmdə bir-birindən fərqli xarakter yaradıb. Kinodakı əsas fəaliyyəti onlarla filmlərin Azərbaycan dilində səslənməsində misilsiz хidmətləri ilə bağlı olan Y.Muxtarov, həmin filmlərə öz səs ahəngiylə yanaşmış, peşə sevgisinə daima sədaqətli olmuşdur. O, həm də pedaqoji fəaliyyətlə məşğul olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti olub, tələbələrə səhnə danışığı fənnindən də dərs deyib, incəsənət sahəsində gələcək kadrların hazırlanmasında da böyük zəhmət çəkib. Y.Muxtarov geniş səs diapozonuna malik bir sənətkar olması ilə yanaşı, eyni zamanda sevib-seçdiyi sənətlə bağlı maraqlı, orijinal düşüncələrə də malik idi. Harada çalışmasından asılı olmayaraq efir onun üçün öz müqəddəsliyini qoruyub saxlayırdı. Mikrofon önündə öz səsi ilə sanki portret yaradırdı. Dinləyiciləri onun oxuduğu mətnlərin təkcə məzmun və mahiyyətini deyil, həm də təqdimat estetikasını yüksək qiymətlədirirdi. Sadəcə diktorluq və aktyorluq qabiliyyəti ilə deyil, həm də zəngin mənəvi xarakteri ilə seçilirdi. 1992-ci ildə Azərbaycanın siyasi və dövlət xadimi, Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə görkəmli aktrisa, Xalq artisti Amaliya Pənahova ilə birgə Bakı Bələdiyyə teatrını yaratmış və ömrünün sonuna kimi Bakı Bələdiyyə Teatrının sərəncamçı direktoru olub, bu sənət ocağının yaranmasında, fəaliyyətində və inkişafında böyük rol oynamışdır. Teatrın Azərbaycan Ordusu qarşısında müntəzəm və davamlı çıxışlarının təşkilinə görə 2005-ci ildə Teatr Xadimləri İttifaqının təsis etdiyi “Qızıl Dərviş” mükafatına layiq görülüb. 1999-cu ildə Türkiyənin İstanbul Hərbi-Hava Akademiyasının qızıl medalı, 2003-cü ildə isə Tehranda keçirilən Beynəlxalq teatr festivalının qızıl medalı ilə təltif edilib.xeber100.com

Aprel 25, 2024 21:46

“Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edilib

Mədəniyyət Nazirliyi tabeliyindəki kitabxanaların kitabxana fondlarını yeni nəşrlərlə zənginləşdirmək məqsədilə “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir. Müsabiqənin təşkilində şəffaflığı, səmərəliliyi və obyektivliyi təmin etmək məqsədilə müsabiqəni Nazirlik tərəfindən yaradılan Nəşr Planının Tərtibi və Nəşriyyat Məhsullarının Satın Alınması üzrə Komissiya həyata keçirəcəkdir. Nazirlikdən bildirilib ki, iştirakçılar tərəfindən nəşrlər iyunun 8-dək Komissiyaya təqdim olunmalıdır. Müsabiqə üçün müəyyən olunmuş müddət başa çatdıqdan sonra təqdim olunan nəşrlər qəbul edilmir. Buraxılış məlumatında qiyməti göstərilməyən nəşrlərin dəyəri onun texniki göstəricilərinə, poliqrafik keyfiyyətinə görə mövcud bazar şərtləri əsasında müəyyənləşdiriləcəkdir. Məzmun və poliqrafik baxımdan qüsurlu, ümumi tirajı 300-dən aşağı (iki və daha çox cildli olduqda hər cildin tirajı 300-dən aşağı) olan nəşrlərin satın alınmasına yol verilmir. Müsabiqəyə xarici dillərdə (əsasən ingilis, rus, türk, alman, ərəb) olan nəşrlər də təqdim oluna bilər. Müsabiqədə Azərbaycan Respublikasının ərazisində olan və ya fəaliyyət göstərən nəşriyyatlar, nəşriyyat işi ilə məşğul olan poliqrafiya müəssisələri, digər hüquqi şəxslər və müəlliflər (müəlliflik hüququ sahibləri) iştirak edə bilərlər. Müsabiqədə iştirak etmək istəyən müəlliflər (müəlliflik hüququ sahibləri) vergi ödəyicisinin eyniləşdirmə nömrəsinə sahib olmalı və ya müəllifi (müəlliflik hüququ sahibi) olduqları nəşrləri çap olunduğu nəşriyyatlar vasitəsilə təqdim etməlidirlər. İştirakçılar tərəfindən Komissiyaya ünvanlanmış müraciət və müraciətdə satın alınması göstərilən nəşrlərdən 1 nüsxə Azərbaycan Milli Kitabxanasına təqdim edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 sentyabr 2019-cu il tarixli 418 nömrəli qərarı ilə təsdiq edilmiş “Kitabxanaların çap məhsullarının pulsuz məcburi nüsxələri ilə təchizatı Qaydası”na müvafiq olaraq məcburi nüsxələri Milli Kitabxanaya təqdim olunmayan nəşrlərin müsabiqədə iştirakına yol verilmir.xeber100.com  

Aprel 18, 2024 15:03

Xətai Sənət Mərkəzində uşaq rəsm yaradıcılıq turnirinin yekun sərgisi açılacaq

Aprelin 13-də Xətai Sənət Mərkəzində “Baharın rəngləri” Respublika uşaq rəsm yaradıcılıq turnirinin yekun sərgisi açılacaq. Müsabiqə Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC, Xətai Rayon İcra Hakimiyyəti və Azərbaycan Rəssamlar İttifaqının dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində elan olunub. Turnirin məqsədi uşaq, yeniyetmə və gənclərin yaradıcılığını stimullaşdırmaq, həmçinin bədii zövqün inkişafına xidmət etməkdir. Müsabiqə çərçivəsində 700-dən çox 10-21 yaşarası uşaq, yeniyetmə və gənc 15 nəfərlik qruplarla Xətai Sənət Mərkəzində plenerlərdə iştirak ediblər. İştirakçılar akvarel boyaları ilə baharı tərənnüm edən əsərləri ərsəyə gətiriblər. Bu əsərlər arasından ən yaxşıları sərgilənmək üçün seçilib. Seçim zamanı müəlliflərin yaşı nəzərə alınmaqla düzgün kompozisiya, rəng seçimi və fərdi düşüncəyə üstünlük verilib. Sərgilənəcək əsərlər Xətai Sənət Mərkəzinin kolleksiyasında saxlanılacaq. səri sərgidə nümayiş olunan müəlliflərə sertifikat və Hollandiyanın boya markası “Artcreation”dan hədiyyə təqdim ediləcək.xeber100.com  

Aprel 3, 2024 15:27

Bakı Bələdiyyə Teatrının təqdimatında “Şekspir”ə növbəti müraciət

Bakı Bələdiyyə Teatrının Xalq yazıçısı Elçinin "Şekspir" pyesi əsasında səhnələşdirdiyi eyniadlı tamaşanın premyerası keçirildi. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində baş tutan tədbirdə görkəmli ictimai xadimlər, ədəbiyyatın, mədəniyyətin tanınmış nümayəndələri, teatr sənətinin çoxsaylı pərəstişkarları iştirak ediblər. Rejissor işi Xalq artisti Mərahim Fərzəlibəyova aid olan səhnə əsərində hadisə ruhi-əsəb klinikasında baş verir. Xəstənada pasiyentlərin hər biri özünün xəyalən qurduğu dünyada yaşayır, bir personaj hətta başqa planetdən gəldiyini deyir və buna inanır. Onlar təfəkküründə yaratdığı gözəl bir məskəndə yaşayırlar. Biri özünü Sovet dövlətinin lideri İ.V.Stalin (Rəşad Kəsəmənli) hesab edir, bütün günü törətdiyi əməllərin peşmançılığını çəkərək, xatirələr aləmində yaşayır. Digəri özünü məhşur fransız aktrisası Sara Bernar (Hüsniyyə Mürvətova) bilir və hər dəqiqə özünü səhnədə təsəvvür edərək, həyatını obrazlar aləmində yaşayır. Veneralı (Toğrul Rza) saatlarla göyləri seyr edərək, onun arxasınca nə vaxt gələcəklərini gözləyir. Ər-arvad (Zülfiyyə Qurbanova) daim öz ikili təbiətinin problemləri ilə yaşayır. Əsərdə baş həkim (İlqar Musayev) xəstələrin xəyali dünyasını dərk etməyə çalışsa da, nəhayət başa düşür ki, xəstə kimi müalicə olunan insanlar əslində özlərinin rahat dünyalarında yaşayırlar və bu dunya real dünyadan artıqdır. Müəllif “Şekspir” əsəri ilə cəmiyyətə ictimai-fəlsəfi bir ucalıqdan baxır və tamaşaçılarla fantasmoqorif ünsiyyət yaradır. Mərahim Fərzəlibəyov “Şekspir” əsərinə tam fərqli prizmadan yanaşıb. Rejissor tamaşaçıları “Şekspir” vasitəsilə Elçinin böyük bir yazıçı kimi, yeni fikirləri ilə tanış edir. Tamaşanın quruluşçu rəssamı, Əməkdar mədəniyyət işçisi İlham Əsgərov, musiqi hissə müdiri, Əməkdar mədəniyyət işçisi Nazim Əbidov, işıqçı rəssam Tərlan Ələsgərli, kostyum sexinin müdiri Leyla Əkbərova, dizayn işləri üzrə tərtibatçı Elnur Ehtiramoğludur. Rollarda iştirak edirlər: İlqar Musayev (baş həkim) Ülviyyə Rza (həkim) Hüsniyyə Mürvətova (Əməkdar artist)-Sara Bernar Rəşad Kəsəmənli (İosif Stalin) Zülfiyyə Qurbanova (Ər-arvad) Tural Əhməd (Drob 13) Toğrul Rza (veneralı) Elçin Muradov (sanitar) Rəşid Soltanov (I sanitar) Namiq Cavadov (II sanitar) Qeyd edək ki, tamaşaçıların böyük marağına səbəb olan tamaşa Mədəniyyət TV-nin canlı efirində nümayiş olunub.xeber100.com

Aprel 3, 2024 14:31

Türk dünyasının “Turk Discovery” yutub platforması yaradılıb

Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən Türk dünyasının maddi-mədəni irsi, qədim adət-ənənələri və milli dəyərlərinə dair proqramların, verilişlərin, sənədli filmlərin yayımlanacağı “Turk Discovery” yutub platforması yaradılıb. Fonddan bildirilib ki, genişmiqyaslı layihə türk xalqlarının milli-mədəni sərvətlərinin qlobal auditoriyaya çatdırılmasına töhfə vermək məqsədilə həyata keçirilir. Layihənin rəhbəri tanınmış qazaxıstanlı jurnalist Maya Bekbayevadır. Maya Bekbayevanın komandası uzun illərdir tarixə dair sənədli filmlər hazırlayır. Filmin elmi rəhbəri və ssenarisinin həmmüəllifi Azərbaycanın dövlət və siyasi xadimi, diplomat, alim, Türk Dövlətləri Təşkilatı Ağsaqqallar Şurasının nümayəndəsi Həsən Həsənovdur. Çəkiliş qrupu Özbəkistan, Qırğızıstan və Azərbaycanda olub. Çəkilişlərin əksəriyyəti Bakı şəhərində və Azərbaycanın əhəmiyyətli tarixi yerlərində aparılıb. Filmdə hər bir Türk dövlətlərinin Novruz bayramının özünəməxsus, fərqli xüsusiyyətləri göstərilir. Layihənin məqsədi türk xalqları arasında həmrəyliyi daha da gücləndirməkdir. Layihəni reallaşdıran komanda hazırda Mahmud Kaşqarinin türk ləhcələrinin toplusu olan "Divani lüğət it-türk" adlı əsərindən bəhs edən sənədli film hazırlanır.xeber100.com

Mart 29, 2024 16:16

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək

Mayın 1-dən 3-dək Bakıda “Sülh və qlobal təhlükəsizlik naminə dialoq: əməkdaşlıq və qarşılıqlı əlaqə” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək. “Bakı Prosesi”nin tərkib hissəsi olan bu Forum İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) tərəfindən BMT-nin Sivilizasiyalar Alyansı (UNAOC), UNESCO və BMT-nin Ümumdünya Turizm Təşkilatı ilə birgə təşkil olunacaq. ICESCO-nun saytı xəbər verir ki, Forumda yüksək səviyyəli rəsmilər, beynəlxalq nümayəndə heyətləri, beynəlxalq təşkilatların nümayəndələri, ictimai xadimlərin və dünya miqyasında tanınmış ziyalıların iştirakı gözlənilir. Forumun plenar sessiyalarında və panel müzakirələrində sivilizasiyalararası dialoq və əməkdaşlıqla bağlı bir sıra aktual qlobal çağırışlar müzakirə ediləcək. Forum çərçivəsində mədəniyyətlərin müxtəlifliyini vurğulamaq, əməkdaşlıq və anlaşma ruhunu təşviq etmək üçün konsertlər, festivallar və yaradıcı tamaşalar da daxil olmaqla bir sıra mədəni tədbirlərin keçirilməsi gözlənilir. VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əsas məqsədi mədəniyyətlərarası əməkdaşlıq və dialoqun təşviqi üçün mühüm beynəlxalq platforma kimi “Bakı Prosesi”nin rolunu möhkəmləndirməkdir.xeber100.com

Mart 29, 2024 16:10

Müasir İncəsənət Muzeyində “ETİRAZ” adlı fərdi sərginin açılışı olub

Müasir İncəsənət Muzeyində rəssam Günel Ravilovanın “ETİRAZ” adlı fərdi sərgisinin açılışı olub. Qadın mövzusuna həsr olunan sərginin ekspozisiyasında 40-a yaxın rəngkarlıq və müxtəlif ölçüdə olan qrafik əsərlər tamaşaçılara təqdim olunub. Açılışda çıxış edən Xalq rəssamı, professor Arif Hüseynov bildirib ki, Günel Ravilova əsərlərində daha çox qadın obrazı və qadın problemlərinə toxunur. "Günel xanım həmişə axtarışda olan bir rəssamdır. Onun özünə aid qrafikaları, rəngkarlıq işləri var. Hər işdə də özünün fəlsəfəsi var. Bu fəlsəfə də odur ki, bütün qadınların problemlərini həll etmək istəyir. Məhz əsərlərində də bunu çox aydın əks etdirir", - deyə A.Hüseynov qeyd edib. Milli Məclisin deputatı Ülviyyə Həmzəyeva qadın obrazına həsr olunan bu sərginin çox maraqlı olduğunu deyib. "Azərbaycanda rəssamlara yaxşı şərait yaradılıb. Onlar ictimaiyyətə öz əsərlərini belə sərgilər vasitəsilə göstərə bilirlər. Bu çox önəmlidir. Günel xanımın özünəməxsus yanaşması və üslubu var", - deyə deputat diqqətə çatdırıb. Sonra çıxış edən Günel Ravilova hər dəfə əsərlərində qadın mövzusuna toxunduğunu vurğulayaraq deyib: "Mən əsərlərimdə qadın həyatını, yaşadığı dövrü, sevgisini göstərməyə çalışıram. İşlərimə baxdığınızda görəcəksiniz ki, əsərlər həyat tərzidir, danışan əsərlərdir, hamısında nələrisə deməyə çalışmışam". Rəssamı narahat edən problemlərdən ən başlıcası cəmiyyətdə qadınlara qarşı doğulduğu andan münasibətlə bağlıdır. Cəmiyyətdə daimi təzyiq və qadınlara qoyulan sərhədlər səbəbindən mübarizə aparmaq çox çətinləşir və bununla qorxular yaranır. Ailə qurmamaq, müəyyən yaşa qədər layiqli ailə qurmağa vaxt tapmamaq, sosial statusuna uyğun olmayan bəy seçmək, hətta ömrünü tək keçirmək qorxusu - bütün bu inanclar nəsildən-nəslə keçir, çünki bütün bu çətinliklərdən keçmiş, qızlarını qorumağa çalışan analar özləri də istəmədən qorxularını onların üzərinə qoymağa başlayırlar.xeber100.com

Mart 1, 2024 14:30

Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Young Lions” müsabiqəsi keçiriləcək

Dünyanın ən nüfuzlu festivallarından olan Kann Beynəlxalq Yaradıcılıq Festivalının gənc yaradıcılar üçün nəzərdə tutulmuş “Young Lions” müsabiqəsi Mədəniyyət Nazirliyinin dəstəyi ilə Azərbaycanda keçiriləcək. Nazirlikdən bildirilib ki, “Young Lions” müsabiqəsi film, rəqəmsal, dizayn, print, media olmaqla bir çox kateqoriyalar üzrə həyata keçirilir. Azərbaycanda keçiriləcək növbəti “Young Lions” müsabiqəsində isə komandalar “Film”, “Dizayn” və “Print” olmaqla, üç kateqoriya üzrə mübarizə aparacaqlar. 1995-ci ildən bəri dünyanın müxtəlif ölkələrində təşkil olunan bu müsabiqə 30 yaşadək yaradıcı şəxslərin komanda şəklində qatılması üçün nəzərdə tutulub. Müsabiqəyə müraciət etdikdən dərhal sonra veriləcək xülasəyə əsasən təyin olunmuş müddət ərzində dolğun şəkildə izah ediləcək çalışmalar göndərilməlidir. Təqdim olunan işlər beynəlxalq münsiflər tərəfindən dəyərləndiriləcək. “Print” kateqoriyası üzrə xülasə “SOCAR Polymer”, “Film” kateqoriyası üzrə xülasə Mədəniyyət Nazirliyi və “Dizayn” kateqoriyası üzrə xülasə isə “Code Academy” tərəfindən komandalara təqdim olunacaq. Qeydiyyat 2024-cü il martın 27-dək qüvvədədir və müsabiqədə iştirak etmək üçün artıq 40-dan çox komanda qeydiyyatını tamamlayıb. “Young Lions” Azərbaycan müsabiqəsinin qalib komandaları (3 komanda) cari ilin iyun ayında Kann şəhərində keçirilən qlobal müsabiqədə iştirak etmək şansı qazanacaq. Bu vasitə ilə Azərbaycanın yaradıcı gəncləri də öz istedadlarını bütün dünyaya nümayiş etdirmək şansı qazana bilərlər. Həmin müsabiqə çərçivəsində ölkəmizi təmsil edəcək komandalar digər ölkələrin “Young Lions” qalibləri ilə yarışacaqlar. Müsabiqənin mükafatlandırılma mərasimi aprelin 13-də Nizami Kino Mərkəzində baş tutacaq. Qeydiyyatdan keçən komandalar ödənişsiz olaraq spikerlərin çıxışlarını dinləmək və tədbirə qoşulmaq imkanlarını əldə edəcəklər.  

Mart 1, 2024 14:21

Bakı Bələdiyyə Teatrı “Qarabağ Mədəniyyəti” adlı ədəbi-bədii tədbirdə iştirak edib

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin təşkilatçılığı və Azərbaycan Televiziyasının tərəfdaşlığı ilə 28 fevral tarixində “Qarabağ Mədəniyyəti” adlı ədəbi-bədii tədbir baş tutub. Dövlət Təhlükəsizliyi Xidmətinin(DTX) Mədəniyyət Mərkəzində keçirilən layihə Azərbaycan Milli Konservatoriyasının xor ansamblının Azərbaycan Respublikasının Dövlət Himnini səsləndirməsi ilə başlayıb. İlk olaraq Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktor vəzifəsini icra edən Qədir Xəlilov və “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin sədri Aynurə Salmanlı çıxış edib. Kulturoloq Fuad Məmmədov və Minəxanımın Əsədova Qarabağ mədəniyyəti mövzusunda çıxış edərək gənclərə Qarabağ barəsində maraqlı faktları çatdırıblar. Tədbirin bədii hissəsi Bakı Bələdiyyə Teatrının Xurşidbanu Natəvana həsr olunmuş kompozisiyası ilə başlayıb. Qeyd edək ki, İlyas Əfəndiyevin “Xurşidbanu Natəvan” pyesi tarixi mövzuda yazılan, müasir həyatımızla səsləşən ən qiymətlı əsərlərdən biri hesab olunur. Sonuncu Qarabağ xanının qızı, təmiz və incə duyğulara malik bir şairənin əsərlərindəki kədər sosial səciyyə daşıyır ki, bu da yazıçını daha çox cəlb etmişdir. Bu baxımdan da, Natəvanı həm ictimai xadim kimi, həm də elinə-obasına bağlı şairə kimi təqdim etmişdir. Pyes əsasında rejissor Mərahim Fərzəlibəyovun 1981-ci ildə Azərbaycan Dövlət Akademik Milli Dram teatrının səhnəsində hazırladığı eyni adlı tamaşada Natəvan obrazını görkəmli teatr bə kino aktrisası Amaliya Pənahova yaratmışdır. Azərbaycan teatr tarixində Xurşidbanu Natəvan obrazını ilk dəfə olaraq Amaliya Pənahovanın bənzərsiz və özünəməxsus şəkildə yaratması onu sadəcə bir şairə kimi deyil, eyni zamanda böyük bir şəxsiyyət, özünün siyasi görüşləri olan, dövrünün çatışmazlıqları ilə mübarizə apara bilən bir azərbaycanlı qadını kimi canlandırması geniş tamaşaçı auditoriyasının yaddaşında silinməz izlər buraxmaqla yanaşı, eyni zamanda teatr tarixinə qızıl hərflərlə yazılmışdır. Həmin illərdə aktrisa Şuşa şəhərində keçirilən Natəvan poeziya günlərində iştirak etmiş və xalqın yaddaşında bu günə qədər də Xurşidbanu Natəvan obrazında canlanır. Tamaşanın yeni quruluşunun müəllifi və rejissoru görkəmli teatr rejissoru, Xalq artisti Mərahim Fərzəlibəyovdur. Yeni quruluşda Natəvanın həyatından dramatik səhnələr yer alıb. Onun 1872-ci ildən rəhbərliyilə sarayında davam etdirilən, otuzdan çox üzvü olan “Məclisi-üns, şəxsi həyatı yer alıb. Eyni zamanda tamaşada şairənin şerlərinə də geniş yer verilib. Tədbirin bədii hissəsindən sonra “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin sədri Aynurə Salmanlı jurnalistlərə layihə barəsində ətraflı məlumat verərək bildirib ki, Qarabağ mədəniyyəti sadəcə olaraq adət-ənənə toplusu deyil, bizi birləşdirən, bizi biz edən hər daşında, hər mahnısında, hər rəqsində tarixinin yaşadığı diyardır. Həmçinin, bu tədbiri keçirməklə Qarabağın zəngin və unikal mədəniyyəti ilə gəncləri  tanış etməkdən qürur duyduğunu qeyd edib. Xalq artisti Könül Xasıyeva, Əməkdar artistlər- Xəyyam Nisanov, İlkin Əhmədov, Elton Hüseynəliyev, xanəndə Rəvan Qocayev, aşıq Qoca Ərəbov, gənc xanəndə Nuray Hacızadə və b. öz ifaları ilə tədbirə rəng qatıblar.xeber100.com  

Fevral 29, 2024 14:44