“Azərbaycan Respublikasının dövlət dili haqqında” qanununa əsasən…

Qəbul (buraxılış) imtahanını Azərbaycan dilindən fərqli dildə verən abituriyentlər “Azərbaycan Respublikasının dövlət dili haqqında” qanununa əsasən, Azərbaycan dili fənnindən test imtahanı verirlər.Dövlət İmtahan Mərkəzindən Azərtac-a bildiriblər ki, test imtahanı ildə iki dəfə təşkil olunur. Bu il Azərbaycan dili fənni üzrə ilk imtahan aprelin 22-də keçirilib, ikinci imtahan isə iyunun 10-da olacaq.Aprelin 22-də keçirilən imtahanda “qeyri-məqbul” qiymət alan və ya müxtəlif səbəblər üzündən imtahanda iştirak etməyən ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər mayın 18-dən 29-dək qeydiyyatdan keçməklə ikinci Azərbaycan dili imtahanında iştirak edə bilərlər.Martın 1-dən 27-dək ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün elektron ərizə təqdim etməyən cari ilin 9-cu sinif rus bölməsinin abituriyentləri də mayın 18-dən 29-dək kolleclərin müsabiqəsində iştirak etmək üçün qeydiyyatdan keçə biləcəklər. Göstərilən tarixlərdə qeydiyyatdan keçən rus bölməsinin abituriyentləri iyunun 10-da keçiriləcək Azərbaycan dili fənni üzrə ikinci imtahanda iştirak edə biləcəklər, yəni həmin abituriyentlər Azərbaycan dili fənni üzrə imtahanda iştirak etmək üçün əlavə qeydiyyatdan keçməyəcəklər.Kolleclərin müsabiqəsində iştirak etmək üçün martın 1-dən 27-dək qeydiyyatdan keçməyən cari ilin Azərbaycan bölməsi məzunlarına isə ümumi (9 illik) orta təhsil bazasında buraxılış imtahanlarında iştirak edib tələb olunan müsabiqə şərtlərini ödədikləri halda iyulun 25-dən avqustun 6-dək ixtisas seçimi müddətində qeydiyyatdan keçib müsabiqədə iştirak etmək imkanı yaradılacaq.xeber100.com

Aprel 25, 2018 1:43

İqtisad Universitetinin məlumatı əsasında…

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Azərbaycan ilə Qırğızıstan arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinə həsr olunan tədbir keçirilib.Tədbirdə UNEC-in elm və innovasiyalar üzrə prorektoru, professor Sakit Yaqubov iki ölkə arasında güclü iqtisadi-siyasi əlaqələrin olduğunu bildirib. O, Qırğızıstan ilə Azərbaycan arasındakı diplomatik əlaqələrin əhəmiyyətindən bəhs edib.UNEC-dən Azərtac-a bildirilib ki, Qırğızıstanın ölkəmizdəki müvəqqəti işlər vəkili Bakıt Yusupov “Qırğızıstanın xarici siyasəti” mövzusunda təqdimatla çıxış edib. O, UNEC-in tələbələrinə Azərbaycan və qırğız xalqlarının tarix, dil, din və mədəni dəyərlər baxımından bir-birinə sıx tellərlə bağlı olduğunu bildirib. Qırğızıstanda 20 minə yaxın azərbaycanlının yaşadığını qeyd edən B.Yusupov iki ölkə arasında iqtisadi, siyasi və mədəni əlaqələrin inkişafından söz açıb. Diplomat ölkəsinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın ədalətli mövqeyini dəstəklədiyini vurğulayıb.Tədbirdə Qırğızıstanın coğrafiyası, zəngin tarixi, inkişafı, mədəniyyəti, təbiəti, iqtisadiyyatı və təhsili haqqında sənədli film nümayiş olunub. Sonda tələbələrin suallarını cavablandıran müvəqqəti işlər vəkili UNEC-in tələbələrinin intellektual səviyyəsini yüksək qiymətləndirərək onlarla tanışlıqdan məmnun olduğunu bildirib.xeber100.com

Aprel 19, 2018 2:51

Azərbaycan dili fənnindən test imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzi (DİM) aprelin 22-də 2018/2019-cu tədris ili üçün ölkəmizin ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu qaydalarına əsasən qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən abituriyentlər üçün Azərbaycan dili fənnindən test imtahanı keçirəcək.DİM-dən Azərtac-a bildirilib ki, test imtahanı Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Şəki, Bərdə, Göyçay, Lənkəran, Şirvan və Xaçmaz şəhərlərində, ümumilikdə 17 imtahan mərkəzində aparılacaq. İmtahan bütün binalarda eyni vaxtda - saat 13:00-da başlanır.Qeyd edək ki, abituriyentlərə imtahanda 30 test tapşırığı təqdim edilir. Hər düzgün cavab bir balla qiymətləndirilir. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. İmtahanın nəticəsi “məqbul” və ya “qeyri-məqbul”la qiymətləndirilir. Abituriyentin “məqbul” alması üçün onun topladığı bal 15-dən az olmamalıdır.Ali təhsil müəssisələri və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul üzrə keçirilən Azərbaycan dili imtahanı ilə ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul üzrə keçirilən Azərbaycan dili imtahanı məzmun baxımından bir-birindən fərqlənir.Bu imtahanda “Abituriyentin elektron ərizəsi” formasını aprelin 10-u saat 23:59-dək təsdiqləmiş abituriyentlər iştirak edəcəklər. Aprelin 11-dən 30-dək ərizələrini təsdiq edən rus bölməsinin abituriyentləri yalnız ikinci Azərbaycan dili imtahanında iştirak edə biləcəklər. Aprelin 22-də keçirilən imtahanda “qeyri-məqbul” qiymət alan və ya müxtəlif səbəblər üzündən imtahanda iştirak etməyən abituriyentlər (mayın 18-dən 29-dək qeydiyyatdan keçməklə) iyunun 10-da keçiriləcək ikinci Azərbaycan dili imtahanında iştirak edə bilərlər.İmtahanda iştirakı nəzərdə tutulan 6172 abituriyentdən 2846 nəfəri oğlan, 3326 nəfəri qızdır. Onların 5585-i orta ümumtəhsil müəssisələrinin builki məzunu, 587-si isə əvvəlki illərin məzunlarıdır.Ümumilikdə Bakıda 3985, Naxçıvanda 24, Gəncədə 597, Sumqayıtda 411, Şəkidə 273, Bərdədə 138, Göyçayda 107, Şirvanda 136, Lənkəranda 101, Xaçmazda isə 400 abituriyentin imtahan verməsi nəzərdə tutulub.xeber100.com  

Aprel 19, 2018 2:41

Dövlət İmtahan Mərkəzinin məlumatına görə…

Dövlət İmtahan Mərkəzi (DİM) aprelin 22-də dövlət qulluğunda inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçirəcək.DİM-dən Azərtac-a bildirilib ki, Bakıda keçiriləcək imtahanda iştirak etmək üçün BA qrupu üzrə 364 namizəd, BB qrupu üzrə 1308 namizəd, ümumilikdə isə 1672 namizəd qeydiyyatdan keçib.Namizədlər aprelin 17-dən etibarən DİM-in internet saytına daxil olaraq “İmtahana buraxılış vərəqəsi”ni çap edirlər. Buraxılış vərəqəsi ilə yanaşı, onlara “Namizədin yaddaş kitabçası” da təqdim olunur. Burada namizədlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanacaq və 3 saat davam edəcək.Namizədlər imtahana şəxsiyyəti təsdiq edən sənədin əsli və “İmtahana buraxılış vərəqəsi"ni gətirməlidirlər. Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda namizəd imtahana buraxılmayacaq.İmtahan binasına giriş zamanı üzərində mobil telefon, konspekt və digər yardımçı vasitələr aşkarlanan namizədlər barədə akt tərtib olunacaq və onlar imtahan binasına buraxılmayacaqlar.xeber100.com

Aprel 18, 2018 1:27