2019/2020-ci tədris ilinin imtahan sessiyası onlayn formada keçirilib

Bakı Dövlət Universitetində (BDU) 2019/2020-ci tədris ilinin yaz semestrinin imtahan sessiyası onlayn formada keçirilib.BDU-dan Azərtac-a bildirilib ki, universitetdə bakalavriat səviyyəsinin I, II və III kurs tələbələri, I kurs magistrantlar, altqruplarda, həmçinin ləğv olunmuş fənlər üzrə yaradılmış əlavə qruplarda təhsil alan tələbələr və magistrantlar yaz imtahan sessiyasının ilk günündə onlayn qaydada şifahi formada imtahan veriblər.Universitetin rektoru Elçin Babayev onlayn imtahan prosesini izləyərək tələbələrə uğurlar arzulayıb, müəllimlərin obyektiv, şəffaf və ədalətli qiymətləndirmə aparacağına əminliyini ifadə edib. Rektor onlayn imtahanların Azərbaycan təhsili tarixində ilk dəfə keçirildiyini deyib. O, həmçinin imtahanların mövcud qaydalara uyğun həyata keçirilməsi və hər fənn üzrə tərtib olunmuş imtahan suallarının məzmun və əhatəlilik meyarlarının əsas götürülərək müvafiq qaydada azaldıldığını və sadələşdirildiyini vurğulayıb. Rektor mütəmadi olaraq imtahan prosesinə qatılacağını bildirib.Bakalavriat pilləsində təhsil alan 216 qrup üzrə 5072 (259 nəfəri “SABAH” qrupları olmaqla) tələbə imtahanlarda iştirak edib. Magistratura pilləsində isə 44 fənn üzrə 269 magistrant imtahan verib. İmtahanların gedişi dekanlar, kafedra müdirləri və prorektorlar tərəfindən izlənilib. Tələbələr imtahanları müvəffəqiyyətlə veriblər.xeber100.com

İyun 9, 2020 12:03

Dövlət İmtahan Mərkəzi sınaq imtahanları keçirib

Dövlət İmtahan Mərkəzinin (DİM) mütəxəssisləri tərəfindən hazırlanan və onlayn imtahanların keçirilməsi üçün nəzərdə tutulan “ProctorDİM" xüsusi proqram təminatı vasitəsilə ödənişsiz sınaq imtahanları keçirilib.DİM-dən Azərtac-a bildirilib ki, üç seansda təşkil olunan imtahanlarda, ümumilikdə, 147 nəfər iştirak edib. 20 nəfər imtahan iştirakçısına proqramla bağlı nəzarətçilər tərəfindən texniki dəstək göstərilib. İstifadəçilərin imtahana daxil ola bilmələri üçün üztanıma proqramı vasitəsilə şəxsiyyətləri dəqiqləşdirilib. Bütün imtahan prosesi nəzarətçilər tərəfindən onlayn izlənilib. İmtahan başa çatan kimi istifadəçilər topladıqları bal haqqında məlumat alıblar.Qeyd edək ki, proqramda bir çox təhlükəsizlik məsələləri nəzərə alınıb. Proqram işə salındığı andan etibarən istifadəçinin ekranı, eləcə də kamera vasitəsilə istifadəçinin özü videonəzarətə götürülür və bütün imtahan prosesi videoya çəkilərək mərkəzə ötürülür.Gələcəkdə yenidən keçirilməsi nəzərdə tutulan onlayn sınaq imtahanlarında iştirak etmək üçün istifadəçilər kompüterlərinə “ProctorDİM” proqramını yükləməlidirlər. Proqram təminatını imtahana qeydiyyat zamanı yükləmək mümkün olacaq.Xatırladaq ki, imtahanlarda iştirak etmək üçün qeydiyyat iyunun 4-də DİM-in saytı vasitəsilə aparılıb və iki saat ərzində icazə verilən 300 nəfərlik yer dolub. İmtahanda iştirak ödənişsiz olub.xeber100.com

İyun 6, 2020 9:04

Dövlət orqanında çalışmaq istəyənlərin nəzərinə!

İyunun 2-də 7 dövlət orqanında inzibati vəzifələrin 4-7-ci təsnifatına uyğun olan vəzifələrin A və B növü üzrə ümumi müsahibə elan edilib.Dövlət İmtahan Mərkəzindən Azərtac-a bildirilib ki, elana çıxarılan vəzifələrin 5-i dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər) və 22-si isə B növünə (inzibati icraçı) aiddir.Ümumi müsahibəyə çıxarılan ən yüksək vəzifələr inzibati vəzifələrin 4-cü təsnifatına uyğun olan Dövlət Statistika Komitəsinin Dayanıqlı inkişaf statistikası şöbəsinin müdiri və Diasporla İş üzrə Dövlət Komitəsinin Maliyyə və təminat şöbəsi, Maliyyə-mühasibat sektoru, şöbə müdirinin müavini-sektor müdiri, inzibati vəzifələrin 5-ci təsnifatına uyğun olan Dövlət Turizm Agentliyi, Ümumi şöbə, İnformasiya texnologiyaları və texniki dəstək sektorunun müdiri, Dövlət Statistika Komitəsinin Saatlı Rayon Statistika İdarəsinin rəisi və Maliyyə Nazirliyinin Zəngilan rayonu üzrə Maliyyə Şöbəsinin rəisi vəzifələridir. Ümumilikdə isə Ali Attestasiya Komissiyasında 1, Diasporla İş üzrə Dövlət Komitəsində 2, Dövlət Statistika Komitəsində 7, Dövlət Turizm Agentliyində 4, Maliyyə Nazirliyində 4, Şirvan Kommersiya Məhkəməsində 1, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində 8 vəzifə olmaqla 27 vakant vəzifə ümumi müsahibə elanına çıxarılıb.Ümumi müsahibə üzrə sənəd qəbulunun təkmilləşdirilməsi, vətəndaşların rahatlığının təmin edilməsi, vətəndaşların vaxt itkisinin və maliyyə xərclərinin qarşısının alınması məqsədilə Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi müsahibə üzrə sənəd qəbulu yalnız elektron qaydada həyata keçirilir. Ümumi müsahibədə iştirak etmək istəyən namizədlər “Dövlət qulluğu üzrə müraciət Forması” vasitəsilə iyulun 2-si saat 18:00-dək Mərkəzin internet portalına məlumatları daxil edərək qeydiyyatdan keçməlidirlər.xeber100.com

İyun 2, 2020 12:52

Dövlət İmtahan Mərkəzinin məlumatına görə…

Nazirlər Kabineti tərəfindən koronavirus infeksiyasının ölkə ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə həyata keçirilən tədbirlərə uyğun olaraq təhsil müəssisələrində tədris prosesi dayandırılıb, infeksiyanın geniş yayılmasına yol verməmək üçün sosial təcridin gücləndirilməsi ilə bağlı müxtəlif qərarlar qəbul olunub.Dövlət İmtahan Mərkəzindən Azərtac-a bildirilib ki, bu səbəbdən V ixtisas qrupuna aid olan xüsusi qabiliyyət tələb edən bəzi ixtisaslara qəbul üçün qabiliyyət imtahanları keçirilməyəcək, müsabiqə yalnız qəbul imtahanının birinci mərhələsində (cari ilin məzunları üçün buraxılış imtahanında) abituriyentin topladığı yekun bal əsasında aparılacaq. Bununla yanaşı, COVID-19 infeksiyası ilə əlaqədar 2020/2021-ci tədris ili üçün keçirilən qabiliyyət imtahanlarında müvəqqəti şərtlər tətbiq ediləcək.2020/2021-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə aid xüsusi qabiliyyət tələb edən musiqi müəllimliyi, təsviri incəsənət müəllimliyi, fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi və məşqçilik ixtisaslarına qəbul olmaq üçün qabiliyyət imtahanları keçirilməyəcək, müsabiqə yalnız qəbul imtahanının birinci mərhələsində (cari ilin məzunları üçün buraxılış imtahanında) toplanılan yekun bal əsasında aparılacaq.Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və Azərbaycan Memarlıq və İnşaat Universitetinin dizayn ixtisasına qəbul olmaq istəyən abituriyentlər yalnız rəsm fənnindən qabiliyyət imtahanı verəcəklər. Digər ali təhsil müəssisələrinin dizayn ixtisasına qəbul olmaq istəyən abituriyentlər xüsusi qabiliyyət imtahanları verməyəcək. Həmin abituriyentlər dizayn ixtisası üzrə müsabiqəyə yalnız qəbul imtahanının birinci mərhələsində (cari ilin məzunları üçün buraxılış imtahanında) topladıqları yekun bal əsasında qatılacaqlar.xeber100.com  

May 28, 2020 8:34