2 mindən çox şagird Azərbaycan dili fənni üzrə imtahan verəcək

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən iyunun 24-də Azərbaycan dili (dövlət dili kimi) fənni üzrə test imtahanı keçiriləcək.DİM-dən Azərtac-a bildirilib ki, imtahan Bakı, Naxçıvan, Şəki, Xaçmaz və Gəncə şəhərlərində ümumilikdə 12 binada aparılacaq.İmtahan bütün binalarda eyni vaxtda - saat 11:00-da başlanır. Saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.İştirakçılar imtahana aşağıdakı sənədləri gətirməlidirlər: - İmtahana buraxılış vərəqəsi; - Sağlamlıq haqqında bəyannamə (buraxılış vərəqi ilə birlikdə çap edilir və imzalanır. İmtahana buraxılış vərəqəsi abituriyentin özündə saxlanıldığı, sağlamlıq haqqında bəyannamə isə imtahan nəzarətçisinə təhvil verildiyi üçün hər iki sənəd ayrıca vərəqdə çap olunmalıdır); - Şəxsiyyəti təsdiq edən sənədin əsli: a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini; b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini; - Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir). İmtahanda aşağıda qeyd olunan kateqoriyaya aid abituriyentlər (11-ci sinif şagirdləri) iştirak edəcəklər. 1. Hər hansı səbəbdən buraxılış imtahanı çərçivəsində tam (11 illik) orta təhsil səviyyəsi üzrə 2021-ci il mayın 20-də keçirilmiş Azərbaycan dili (dövlət dili kimi) imtahanında iştirak etməyən cari ilin məzunları. Bu şagirdlər buraxılış vərəqəsini DİM-in saytındakı linkdən çap edirlər. 2. Mayın 20-də imtahanda iştirak edib qeyri-məqbul (50 baldan aşağı toplayan) qiymət alan və ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün sənəd verən, elektron ərizəsində imtahanda iştirak edəcəyi bölmə hissəsində “rus bölməsi”ni qeyd edən cari ilin abituriyentləri; 3. Ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün sənəd verən, elektron ərizəsində imtahanda iştirak edəcəyi bölmə hissəsində “rus bölməsi”ni qeyd edən əvvəlki illərin məzunları. İmtahanda ümumilikdə 2432 (Bakıda 1936, Naxçıvanda 3, Gəncədə 250, Şəkidə 88, Xaçmazda 155) abituriyentin (şagirdin) iştirak nəzərdə tutulur. İmtahanın idarə olunması üçün 12 ümumi imtahan rəhbəri, 31 imtahan rəhbəri, 221 nəzarətçi-müəllim, 24 buraxılış rejimi əməkdaşı (mühafizə), 12 bina nümayəndəsi ayrılıb.xeber100.com

İyun 24, 2021 10:39

İşə qəbul üzrə müsabiqənin müsahibə mərhələsinə start verilir

İyunun 21-dən etibarən direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsinə start verilir. Müsahibələrdə müvafiq keçid balı toplamış 1552 namizəd iştirak hüququ qazanıb.Bu barədə Azərtac-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, ilkin müsahibələrdə balı 36-dan çox olan və şagird sayı 1000 nəfərdən çox olan ümumi təhsil müəssisələrində işləmək istəyən 135 namizəd iştirak edəcək.Mövcud pandemiya şəraiti ilə əlaqədar olaraq direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsi “Microsoft Teams” platforması vasitəsilə S.C.Pişəvəri adına respublika humanitar fənlər gimnaziyasında təşkil ediləcək.Müsahibə keçiriləcək hər günün sonunda Təhsil Nazirliyinin saytında həmin gün müsahibədə iştirak etmiş namizədlərin nəticələri elan olunacaq. Namizədlər hansı kateqoriya üzrə vakansiyaya uyğun olub-olmadıqları barədə məlumatla tanış ola biləcəklər.Tezliklə namizədlərin şəxsi səhifələrinə müvafiq məlumat göndəriləcək. Namizədlər şəxsi səhifədə qeyd olunan vaxtdan 15 dəqiqə əvvəl tələb olunan sənədlərlə (təhsil haqqında sənəd və ona əlavənin əsli, əmək kitabçasının surəti) müsahibənin keçiriləcəyi ünvana gəlməlidir. Müsahibəyə gəlməyən namizədlər müsabiqədə iştirakdan imtina etmiş hesab olunacaq.Onlayn müsahibələrin keçirilməsi ilə bağlı müvafiq təlimat hazırlanıb, müsahibədə iştirak etmək hüququ qazanmış namizədlərin şəxsi səhifələrinə göndərilib.xeber100.com

İyun 16, 2021 9:44

Azərbaycan Texniki Universitetinin Elmi şurasının növbəti iclası keçirilib

Azərbaycan Texniki Universitetinin (AzTU) Elmi şurasının növbəti onlayn iclası keçirilib.AzTU-dan Azərtac-a bildirilib ki, iclasda rektor Vilayət Vəliyev ötən həftə Türkiyənin Qazi Universiteti ilə imzalanmış ikili diplom proqramı haqqında müqavilənin müddəaları barədə şura üzvlərinə məlumat verib. Rektor may ayında Ukraynaya etdiyi işgüzar səfər və bu ölkənin aparıcı ali təhsil müəssisələri ilə imzalanan müqavilələr haqqında məlumatı da iclas iştirakçılarının diqqətinə çatdırıb. Qeyd edib ki, əməkdaşlıq və ikili diplom proqramı haqqında müqavilələrə əsasən, AzTU-da Qazi Universitetinin və Ukrayna ali təhsil müəssisələrinin təcrübələrindən istifadə olunacaq.İclasın gündəliyinə uyğun olaraq 2020-2021-ci il yaz semestrinin imtahan sessiyasına hazırlıqla bağlı məlumat, həmçinin Xüsusi texnika və texnologiya fakültəsinin fəaliyyəti haqqında hesabat dinlənilib. Bundan başqa, Vətən müharibəsində iştirak etmiş tələbələrə yekun dövlət attestasiyasında güzəşt edilməsi ilə bağlı qərar da yekdilliklə qəbul edilib.Elmi şuranın iclasında AzTU-nun da tərəfdaş olduğu “Erasmus+KA2” proqramının “İnnovasiya və dayanıqlılıq prinsipləri ilə klasterlərin işlənməsinə başlamaqda və iştirakda universitetlərin potensialının artırılması” (UniClaD) layihəsi çərçivəsində universitetdə İnnovativ Texnologiyalar Mərkəzinin yaradılması qərara alınıb. Qeyd olunub ki, UniClaD layihəsi 2020-2023-cü illəri əhatə edir. Məqsəd 9 ölkənin partnyor universitetlərinin Avropanın klaster təcrübəsini öyrənməsi, eyni zamanda, universitet-sənaye işbirliyinin gücləndirilməsidir.xeber100.com

İyun 2, 2021 7:31

2020-2021-ci tədris ilinin imtahan sessiyası distant formada keçiriləcək

Ali və orta ixtisas təhsili müəssisələrində 2020-2021-ci tədris ilinin yaz semestrinin imtahan sessiyası distant (məsafədən) formada keçiriləcək.Bu barədə Azərtac-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, bununla bağlı təhsil naziri Emin Əmrullayev əmr imzalayıb. Əmrdə qeyd olunur ki, müəyyən fənlər üzrə imtahanlar əyani formada keçirildiyi təqdirdə “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs tərəfindən hazırlanmış “İmtahanlar zamanı koronavirus infeksiyasının (COVID-19) profilaktikasına dair metodiki göstərişlər”ə və Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”na riayət olunmalıdır.Əmrə əsasən, ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərləri imtahan sessiyasının qüvvədə olan normativ sənədlər əsasında təşkilini təmin etməli, rəhbərlik etdikləri təhsil müəssisələrində imtahan qərargahı yaratmalıdırlar. Həmçinin qərargaha daxil olan hər bir şikayət operativ şəkildə araşdırılmalıdır. İmtahanların təşkilində və gedişatında nöqsanlara yol vermiş şəxslər barədə mövcud qanunvericiliyə uyğun tədbirlər görüləcək.xeber100.com

May 17, 2021 1:32