Mayın 27-də Bakı Bələdiyyə Teatrının Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, ictimai xadim, şair, dramaturq Rəsul Rzanın “Vəfa” pyesi əsasında səhnələşdirdiyi eyniadlı tamaşasının premyerası keçirildi.
Rəsul Rzanın Böyük Vətən Müharibəsi mövzusunda qələmə almış olduğu “Vəfa” pyesi pyesi inam, dostluq, sədaqət, dönüklük, ara qarışdırmaq kimi müsbət və mənfi keyfiyyətləri özündə əks etdirir. Pyesdə Böyük Vətən müharibəsində göstərilmiş şücaət ümumxalq hünəri kimi təqdim edilir. Vətəni sevmək, xalqına bağlı olmaq pyes boyu müəllif tərəfindən vurğulanır.
Tamaşanın quruluşçu rejissoru, Xalq artisti Mərahim Fərzəlibəyovdur. Rejissor səhnə əsərində müəllifin şerlərindən, Krım cəbhəsində yazdığı məktublardan istifadə edib.
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində baş tutan premyerada dövlət və hökumət rəsmiləri, tanınmış elm və mədəniyyət xadimləri, ictimaiyyət nümayəndələri – Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini, filologiya elmləri doktoru, akademik Rafael Hüseynov, Azərbaycan Respublikası Milli Məclisi və Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının parlamentlərarası əməkdaşlıq komissiyasının sədri Ziyafət Əsgərov, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayev, Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Hacı İsmayılov, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə, Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli, ictimai-siyasi xadim, Xalq şairi Sabir Rüstəmxanlı, General Akif Rəfiyev, AKİ-nin I katibi, Xalq artisti Şəfiqə Məmmədova, kinorejissor, Xalq artisti Oqtay Mirqasımov, rejissor, Xalq artisti Ramiz Həsənoğlu, Əməkdar incəsənət xadimi, professor İlham Rəhimli və b. iştirak edirdilər.
Tamaşadan öncə ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi, Azərbaycanın Dövlət himni səsləndirildi. Sonra söz Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini Rafael Hüseynova verildi.
R.Hüseynov tədbir iştirakçılarını salamlayaraq görkəmli şairin zəngin yaradıcılığı, ibrətamiz həyat yolu barədə fikirlərini bölüşdü. Qeyd etdi ki, böyük şairimiz, unudulmaz Rəsul Rzanın 115 yaşı münasibətilə illər sonra yenidən təqdim olunan, Bakı Bələdiyyə Teatrının səhnələşdirdiyi “Vəfa” tamaşasının nümayişinin bu günə təsadüf etməsi heç də təsadüfi deyil. 28 may müstəqillik günü ərəfəsində hazırlanan tamaşa əslində Rəsul Rza yaradıcılığının bütövlükdə Azərbaycanımızı azad görməsi və daima yaradıcılığında bunu xüsusilə qeyd etməsi şairin böyük arzusu, istəyi idi. Və bu gün bu premyera bayram əhval-ruhiyyəsi yaradır.
R.Hüseynov onu da qeyd etdi ki, unudulmaz şairin Böyük Müharibəsi dövründə yazdığı pyesin onun yubileyində müstəqillik günü ərəfəsində tamaşaçılara təqdim olunması Rəsul Rzanın ruhunu şad edir və bayram ovqatını daha da artırır.
Fürsətdən istifadə edib diqqəti Bakı Bələdiyyə Teatrının fəaliyyətinə yönəldən R.Hüseynov qeyd etdi ki, 1992-ci ildə çətin bir dövrdə belə bir teatrın Xalq artisti Amaliya Pənahova tərəfindən yaradılması böyük cəsarət, əmək tələb edirdi və teatr kraliçamız bunun öhdəsindən böyük əzmkarlıqla gəlməyi bacardı.
Rafael Hüseynov daha sonra səhnəyə Bakı Bələdiyyə Teatrının baş rejissoru, “Vəfa” tamaşasını səhnələşdirən Xalq artisti Mərahim Fərzəlibəyovu dəvət edərək tamaşaçılara rejissorun 50 ili əhatə edən yaradıcılığı haqqında qısa məlumat verdi və onu da qeyd etdi ki, o, xoşbəxt rejissordur ki, uzun illər səhnədən uzaq qalan pyesə yenidən can verərək onu səhnələşdirib. Və hər il görkəmli şairin doğum günü ərəfəsində təqdim edilən Rəsul Rza Mükafatını tamaşaçıların alqış sədaları altında ona təqdim etdi.
M.Fərzəlibəyov mükafatı teatr adına alaraq bu mükafatla BBT-nin yaradıcıları, Xalq artistləri Amaliya Pənahova və Yusif Muxtarovun ruhunun şad olduğunu qeyd etdi.
Çıxışdan sonra tamaşa başladı. Tamaşaçı səhnədə Böyük Vətən Müharibəsi dövrüylə üz-üz qaldı, dövrün haqsızlıqları, müharibə, göz yaşı, həsrət hamısı gözlərimiz önündə canlandı. Sanki illər keçməsinə baxmayaraq tarix yenidən təkrar olunur, müharibələr, əsgərlərin ölümlə üzbəüz qalması, yarımçıq qalan xoşbəxtliklər tamaşanın ana xəttini təşkil edirdi.
Qeyd edək ki, tamaşa üçün seçilən musiqi, mahnı parçaları hadisələrlə həmahəng seçilmişdi, tamaşaçıları bilavasitə baş verən hadisənin iştirakçısına çevirirdi. Aktyorların dövrə uyğun geyimləri, qrimləri, obrazların daxili aləminə siyarət etməsi geniş tamaşaçı auditoriyası tərəfindən böyük alqışlarla qarşılanırdı. Tamaşa anşlaqla keçdi, rejissor, aktyor heyəti tamaşaçılar tərəfindən gül çələnginə büründü…
Ənənəyə sadiq qalaraq daima tarixi pyeslərə müraciət edən Bakı Bələdiyyə Teatrı bu dəfə də yaddaqalan bir premyeraya imza atdı. Tamaşaçı alqışı bunun bariz nümunəsidir.
Tamaşanın yaradıcı heyəti: Quruluşçu rejissor, Mərahim Fərzəlibəyov, quruluşçu rəssam İlham Əsgərov(Əməkdar mədəniyyət işçisi), musiqi hissə müdiri Nazim Əbidov( Əməkdar mədəniyyət işçisi), işıqçı rəssam Tərlan Ələsgərli, kostyum sexinin müdiri Leyla Əkbərova, dizayn işləri üzrə tərtibatçı Elnur Ehtiramoğlu. Səhnə əsərinin bədii rəhbəri Aynur Muxtarovadır.
Tamaşada iştirak edirlər: Ülviyyə Rza(Vəfa), Elməddin Zakirli(Bahadır), Günel Həmidova(İntizar), Toğrul Rza(Bəxtiyar), Səmayə Sadıqova(Ülkər ana)-Əməkdar artist, Məmmədağa Əlilicanzadə(İlyas), Rəşad Kəsəmənli(Muğan), İsmayıl Atakişiyev(Minnətov), Zülfiyyə Qurbanova(Vəsviyyə), Namiq Cavadov(Əli), Elçin Muradov(Cəfərqulu), Asif Rəhimov(Mirzəpomoşnik), Aydın Əliyev(Alman mayoru-Əməkdar artist, Rəşid Soltanov(Alman zabiti), Arzu Ağayeva(Firuzə), Əhməd Salahov(Vəzir-Əməkdar artist, Gülsabah Quliyeva(Qumru-Əməkdar artist, Şaxzadə Babayeva(I qadın-Əməkdar artist, Təzəgül Məmmədova(II qadın), Əzizə Həşimova(III qadın).
Qeyd edək ki, Bakı Bələdiyyə Teatrı 1992-ci ildə Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə görkəmli teatr və kino xadimləri, Xalq artistləri Amaliya Pənahova və Yusif Muxtarov tərəfindən yaradılıb. Teatr bu illər ərzində saysız-hesabsız səhnə əsərləri ilə milli teatr mədəniyyətini Azərbaycanda, eyni zamanda dünya ölkələrində təbliğ edib. Teatrın repertuarında Cəlil Məmmədquluzadənin, Nəriman Nərimanovun, Mirzə Fətəli Axundovun, Nazim Hikmətin, Əziz Nesinin, Cəfər Cabbarlının, İlyas Əfəndiyevin, Anarın, Elçin Əfəndiyevin, eləcə də dünya klassiklərinin pyesləri uğurla səhnələşdirilmişdir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Messi influenzato…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
“Вниз по течению”…