Bakı Bələdiyyə Teatrından aldığımız məlumata görə, 10 noyabr 2021-ci il tarixində Teatrın yaranmasının 29 illiyi keçiriləcək.
Bakı Bələdiyyə Teatrı 1992-ci ildə Azərbaycanın görkəmli teatr və kino aktrisası, Xalq artisti Amaliya Pənahovanın təşəbbüsü və rəhbərliyi ilə yaradılıb.
A.Pənahova bu teatra orta və yaşlı nəsillə yanaşı, gənc istedadlı aktyorları da cəlb etmiş və onların yaradıcılıq qabiliyyətinin inkişafı üçün hər cür lazımi şərait yaratmışdır.
Bakı Bələdiyyə Teatrı yarandığı gündən Azərbaycan və dünya klassiklərinin pyeslərini uğurla səhnələşdirmiş, bu illər ərzində sənət ocağı Muxtar Avşarov, Sofiya Bəsirzadə, Məhluqə Sadıqova, Firudin Mehdiyev, Mirvari Novruzova kimi canlı klassiklərin doğma evinə çevrilmişdir. Teatrın yaradıcı kollektivi həm ölkəmizdə, eyni zamanda dünyanın bir çox ölkələrində Azərbaycan teatr sənətini layiqincə təmsil etmiş və həmin ölkələrdə də öz tamaşaçı auditoriyasını formalaşdırmışdır. Teatrın kollektivi qardaş Türkiyədə böyük uğurlara imza atıb. O da təsadüfi deyil ki, Amaliya Pənahova Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının türk dünyasının elmi və mədəniyyəti qarşısında xidmətlərinə görə Beynəlxalq Atatürk mükafatı, Bələdiyyə Teatrı isə 2016-cı ildəki uğurlarına görə türk dünyasının “İlin teatrı” mükafatı ilə təltif olunmuşdur.
Teatrın yaradıcısı və rəhbəri Amaliya Pənahovanın vəfatından sonra Bakı Bələdiyyə teatrı onun ənənəsinə sadiq qaldı, sənət ocağı öz işini layiqincə davam etdirməyə başladı. Bu illər ərzində teatrın repertuarında Cəlil Məmmədquluzadənin, Nəriman Nərimanovun, Mirzə Fətəli Axundovun, Nazim Hikmətin, Əziz Nesinin, Cəfər Cabbarlının əsərləri, eləcə də müasirlərimizdən Anarın, Elçinin, Əmir Pəhləvanın və başqalarının əsərləri yer tutub. Teatr yarandığı gündən vətənpərvərlik, qəhrəmanlıq, millətçilik ruhunda olan əsərlərə geniş verib.
Müharibə şəraitində yaşadığımız bu illər ərzində Bakı Bələdiyyə Teatrı tez-tez cəbhə bölgələrinə səfər etmiş, teatrın kollektivi ilə birgə Azərbaycan ordusunun qarşısında qəhrəmanlıq ruhunda olan əsərlərlə çıxışlar etmişdir. Eləcə də xarici ölkələrdə azərbaycançılığı təbliğ etmiş,
işğal olunan Qarabağ torpaqlarının müdafiəsi uğrunda mübarizə xarakterli səhnə əsərləri ilə çıxışlar etmişdir.
Yarandığı gündən eyni ahənglə çalışan Bakı Bələdiyyə Teatrı artıq 29 ilini başa vurur və bu münasibətlə öz tamaşaçılarının görüşünə hazırlaşır.
Teatrın 29 illik gecəsində Azərbaycan teatr, kino, ədəbiyyat dünyasının görkəmli nümayəndələri, teatrsevərlər, Bakı Bələdiyyə Teatrının inkişafında yaxından iştirak etmiş, dəstək vermiş sənət adamlarının iştirakı gözlənilir.
Uzun illərin sınağından çıxmış Bakı Bəldiyyə Teatrı ad günündə öz tamaşaçıları qarşısında “Nargin faciəsi” tamaşası ilə çıxış edəcək.
Yazıçı Rəfail Oğuztürk Dağlının “Nargin faciəsi” əsəri əsasında hazırlanan “Nargin faciəsi” tamaşası 1914-1915-ci illərdə rus-türk cəbhəsində Sarıqamış əməliyyatında əsir düşmüş və Nargin adasında çox ağır şəraitdə saxlanıldıqlarına görə əksəriyyəti həlak olmuş minlərlə türk əsgərinin və azərbaycanlı mülki şəxslərin xatirəsinə ithaf edilib.
Tamaşanın bədii rəhbəri Amaliya Pənahova, rejissoru isə Tural Ağayevdir. Rolları Əməkdar artistlər Rafiq İbrahimov, Tofiq Bayramov, Əfqan Soltanov, Əhməd Salahov, “Humay” mükafatı laureatları Zülfiyyə Qurbanova, Tural Əhmədov, Cövdət Şükürov, Toğrul Rza, Asif Rəhimov, Rəşid Soltanov və Namiq Cavadov ifa ediblər.
Amaliya Pənahova bu tamaşanın Türkiyə-Azərbaycan dostuluğunun tarixi köklərinə işıq saldığını demiş və əlavə etmişdir ki, bu tamaşada məqsədimiz türkün birliyini göstərmək və tarixi şəxsiyyətlərimizi unudulmağa qoymamaqdır.
Xatırladaq ki, “Nargin faciəsi” tamaşası Bakı Bələdiyyə Teatrının 29 illik gecəsində – 10 noyabr 2021-ci il tarixində saat 19.00-da nümayiş olunacaq.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…