Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Vaqif Poeziya Günləri keçiriləcək

Bu il Vaqif Poeziya Günlərinin keçiriləcəyi tarix məlum olub. Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib. Qeyd olunub ki, builki poeziya günləri nazirlik və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə 16-18 iyulda keçiriləcək. "Sözün hekayəsi" şüarı ilə təşkil olunacaq tədbirlər proqramı Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, şair və dövlət xadimi Molla Pənah Vaqif irsinin yaşadılması, milli ədəbi dəyərlərin qorunması, eləcə də müasir ədəbi proseslərin inkişafına töhfə vermək məqsədi daşıyır. Poeziya bayramı iyulun 16-da M.P.Vaqifin doğulduğu Qazax rayonunda başlanacaq, iyulun 17-də isə mədəniyyət paytaxtımız Şuşa şəhərində keçiriləcək. Molla Pənah Vaqifin Muzey-Məqbərə Kompleksi önündə keçiriləcək açılış mərasimində rəsmilər, yazıçı və şairlər, eləcə də beynəlxalq təşkilatların nümayəndələrinin çıxışları dinləniləcək. Sonra Xalq şairi Səməd Vurğunun 120 illiyinə həsr olunan "Sözün ovçusu – "Könlüm keçir Qarabağdan" adlı səhnə kompozisiyası nümayiş etdiriləcək. Poeziya günləri çərçivəsində M.P.Vaqifin yaradıcılığına və Azərbaycan klassik poeziyasına həsr olunmuş bədii kompozisiyalar, musiqi proqramları təqdim ediləcək və ədəbi tədbirlər keçiriləcək. Builki Poeziya günlərində mühüm yeniliklər də olacaq, "Kitab dayanacağı" köşkü istifadəyə veriləcək. Eyni zamanda TÜRKSOY-un tərəfdaşlığı ilə II Türk Dünyası Gənc Şairlər Festivalı Şuşada təşkil olunacaq. Bundan əlavə, Xalq şairləri Sabir Rüstəmxanlı, Vahid Əziz və Ramiz Rövşən ilə oxucu görüşləri, "Sözün gülüşü – Şuşa hekayələri" adlı teatral kompozisiya da proqramda yer alıb. Vaqif Poeziya Günlərinin son günü Azərbaycan və ümumtürk ədəbi irsinin görkəmli nümayəndələrinə həsr olunmuş silsilə tədbirlərlə yadda qalacaq. Xaqani Şirvaninin 900 illiyinə həsr olunmuş "Sözün Xaqanı – Xəlqaniyəm, Xəlqani" mövzusunda elmi konfrans keçiriləcək, Məhəmmədhüseyn Şəhriyarın 120 illiyinə ithaf olunan "Sözün həsrəti – "Heydərbabaya salam" bədii-musiqili kompozisiyası təqdim ediləcək. Poeziya günləri "Sözün Zəfəri – Zəfərin sədası" adlı möhtəşəm konsert proqramı ilə yekunlaşacaq. Bildirək ki, Vaqif Poeziya Günləri çərçivəsində təşkil olunacaq silsilə tədbirlər "Azərbaycan Mədəniyyəti – 2040" Konsepsiyasında ədəbiyyatın inkişafı ilə bağlı prioritet hədəflər kontekstində xüsusi əhəmiyyət kəsb edir.xeber100.com

İyul 15, 2026 10:21

Milli Qurtuluş Gününə həsr olunmuş elmi konfrans keçirilib

Milli Kitabxanada “Heydər Əliyev: dövlət suverenliyi və konstitusiya quruluşu” mövzusunda elmi konfrans keçirilib. Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə təşkilatçılığı ilə gerçəkləşən tədbir 15 İyun – Milli Qurtuluş Gününə həsr olunub. Dövlət Himni səsləndirildikdən sonra Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ulu Öndərə həsr olunmuş film nümayiş etdirilib. Konfransı açan Milli Kitabxananın direktoru professor Kərim Tahirov kitabxananın 1995-ci ildə yaradılan bu zalına 30 il öncə ilk dəfə Ulu Öndər Heydər Əliyevin gəldiyini bildirib. O, dahi siyasətçinin kitabxananı xalq, millət və cəmiyyət üçün müqəddəs bir yer, bilik, zəka, mənəviyyat mənbəyi kimi səciyyələndirdiyini diqqətə çatdırıb. Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli konfransda “Ulu Öndər Heydər Əliyev: konstitusiya və dövlət suverenliyi” mövzusunda çıxış edib. Milli Məclisin Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu Ulu Öndər Heydər Əliyevin mədəniyyətə xüsusi yanaşması olduğunu söyləyib. Deyib ki, ölkəmizdə siyasi hakimiyyətə qayıdan Ümummilli Lider zəngin dövlətçilik təcrübəsi və qətiyyəti ilə Azərbaycanı qısa müddətdə çətinlikdən qurtarıb, davamlı inkişaf yoluna çıxarıb. Sonra Azərbaycanda Atatürk Mərkəzinin direktoru akademik Nizami Cəfərov, Aydın Mirzəzadə, Vüqar Rəhimzadə, YAP Səbail Rayon Təşkilatının sədri Muxtar Nağıyev, Mətbuat Şurasının sədri Rəşad Məcid və Bakı Dövlət Universiteti Hüquq fakültəsinin dekanı Zaur Əliyevin çıxışları dinlənilib.xeber100.com

İyun 14, 2025 9:22

Rəsul Rzanın 115 illiyinə həsr olunan ədəbi-bədii tədbir keçirilib

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Xaqani Şirvani adına Aran regional filialında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi Rəsul Rzanın 115 illiyinə həsr olunan ədəbi-bədii tədbir keçirilib. Tədbirdə Rəsul Rzanın həyat və ədəbi irsini əks etdirən videoçarxlar nümayiş olunub. Tədbirdə çıxış edən filialın müdiri, filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı Rəsul Rzanın Azərbaycan ədəbiyyatında tutduğu mövqedən, poeziyamıza gətirdiyi yeniliklərdən danışıb, şairin şəxsiyyəti və yaradıcılığı barədə maraqlı məqamlara toxunub. Muzeyin elmi işçisi Ülviyyə Yusifova şairin ədəbi mühiti və sənət dostluqları barədə geniş məruzə ilə çıxış edib. O, şairin ədəbi əlaqələrinin yalnız yaradıcılıqla deyil, həm də mənəvi dostluqlarla zəngin olduğunu vurğulayıb. “Rəsul Rza ilə Abdulla Faruq arasında yaxın münasibət var idi. Rəsul Rzanı Abdulla Faruq ədəbiyyata təşviq edib, onun istedadına inam göstərib. Onların bu dostluğu uzun illər davam edib. Hər iki sənətkarı birləşdirən ortaq dəyərlər olub. Azərbaycan ədəbiyyatında novator şair kimi şöhrət qazanmış, sərbəst şeirin böyük ustadı Rəsul Rza təkcə poeziyada yenilikçi kimi tanınmayıb, Azərbaycan dilinin saflığı uğrunda mübarizə aparıb, şifahi xalq ədəbiyyatı nümunələrinin toplanılıb nəşr edilməsinə çalışıb, onlardan ustalıqla bəhrələnib. Onun poeziyasının nur saçan işığı bu gün də yolumuzu aydınlatmağa davam edir”,- deyə Ü.Yusifova əlavə edib.xeber100.com    

May 28, 2025 12:49