Sentyabrın 1-də Dənizkənarı Milli Parkda kitab sərgisi keçirilib

Sentyabrın 1-də Dənizkənarı Milli Parkda Gənclər və İdman Nazirliyi, TEAS PRESS Nəşriyyat Evin və LIBRAFF mağazalar şəbəkəsinin birgə təşəbbüsü ilə “Oxuyan gələcək” kitab sərgisi keçirilib. Sərgidə elm adamları, ekspertlər, ictimai xadimlər, mədəniyyət xadimləri, naşirlər, şairlər, yazıçılar və kitabsevərlər iştirak ediblər. Açılış mərasimində toplaşanlara “Oxuyan gələcək” kitab sərgisinin hədəfləri kitabın daha geniş kütləyə çatdırılmasına töhfə verməkdən və ölkədə mütaliəyə olan marağı daha da gücləndirməkdən ibarət olduğu barədə məlumat verilib, kitabı təbliğ edən videoçarx nümayiş olunub. Qeyd edilib ki, Azərbaycan, türk və rus dillərində nəşr olunan 10 mindən çox kitab satışa çıxarılacaq. Mərasimdə çıxış edən gənclər və idman nazirinin müavini Fərhad Hacıyev nazirliyin son illər ölkəmizdə həyata keçirilən maarifləndirici tədbirlərdən biri olan kitab sərgisinin əhəmiyyəti barədə danışıb: “Kitaba sevgi ailədən başlanır. Əgər evdə, ailədə uşaqların yanında kitab oxuyursunuzsa, gələcəkdə onlar da oxuyacaqlar. Böyük və xoşbəxt gələcəyə gedən yol kitablardan keçir, ona görə də ailədən başlayaraq kitabları sevdirmək və mütaliəyə maraq oyatmaq lazımdır”. Milli Məclisin deputatı Kamal Cəfərov, naşirlər və başqaları çıxış edərək kitabın əhəmiyyətindən, onun insanın formalaşmasına göstərdiyi təsir gücündən bəhs edərək sərgi günlərində oxucuları onlara yaradılan fürsətdən layiqincə dəyərləndirməyə çağırıblar. Tədbirin gündəliyinə əsasən sərginin ikinci günü yazıçılardan Elxan Elatlı, Zahid Xəlil, Elçin Əzimli, Sevinc Nuruqızı, Mürşüd İsmayılzadə və Aybəniz İsmayılova, sərginin üçüncü günü isə Aqşin Yenisey, Reyhan Yusifqızı, Şəfəq Mehralıyeva, Yuliya Kərimova və Xülya Cəfərova iştirak edəcək və imza saatları keçirəcəklər. Həmçinin sərgi günlərində müxtəlif mövzularda təşkil olunmuş panellərdə təhsil, marketinq, psixologiya, dilçilik, idman, sağlamlıq və biznes sahələrində tanınmış ekspertlər ilə görüş və müzakirələr aparılacaq. Üç gün davam edən sərgi ərzində kitablara 30-70 faiz aralığında endirimlər tətbiq olunacaq. Oxucular bir sıra kitabları endirimli qiymətlərlə əldə etmək imkanı qazanacaqlar.xeber100.com

Sentyabr 1, 2023 12:43

Azərbaycan Dili və Ədəbiyyatı Forumu işə başlayıb

Sentyabrın 1-də Şamaxıda Azərbaycan Dili və Ədəbiyyatı Forumu işə başlayıb. Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin, Azərbaycan Milli Elmlər Akademiyasının dəstəyi ilə keçirilən Forum Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan tədbirlər çərçivəsində gerçəkləşib. Mədəniyyət naziri Adil Kərimli tədbirin açılış mərasimində çıxış edərək Forumun əhəmiyyətini vurğulayıb. Nazir bildirib ki, Ümummilli Liderin 100 illiyinə həsr olunan Forumun açılış mərasiminin Şamaxıda keçirilməsi rəmzi məna daşıyır. Ulu Öndərin Şamaxının tarixi və ədəbi irsi haqqında dediyi sözlər tədbirin açılışının bu şəhərdə keçirilməsinə təkan verən əsas amildir. Ədiblər şəhəri sayılan Şamaxının UNESCO-nun Ümumdünya İrsi Siyahısına daxil edilməsinin nəzərdə tutulduğunu vurğulayan nazir bildirib ki, belə forumların keçirilməsi cəmiyyətin inkişafı, mədəniyyətimizin zənginləşdirilməsi, gələcəkdə daha geniş üfüqlər açılması baxımından olduqca əhəmiyyətlidir. Azərbaycan Dili və Ədəbiyyatı Forumu mühüm mövzuların mütəxəssislərin iştirakı ilə müzakirəsi və əldə edilən nəticələri həyata keçirmək məqsədi daşıyır. Azərbaycan dili çox vacib sahələrdən biridir. Ümummilli Lider hər zamanı ana dilimizi yüksək qiymətləndirib, onun qorunmasına, saflığının təmin edilməsinə, inkişaf etdirilməsinə önəm verib. Ulu Öndərin azərbaycançılıq və dövlətçilik fəlsəfəsində Azərbaycan dilinə xüsusi yer verilib. Onun siyasi fəaliyyətinə nəzər saldıqda bunu açıq şəkildə görmək mümkündür. Bu səbəbdən Azərbaycan Dili və Ədəbiyyatı Forumunun Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində keçirilməsi önəmlidir. Hazırda isə dövlətimizin başçısı İlham Əliyev tərəfindən Azərbaycan dilinin inkişaf etdirilməsi istiqamətində həyata keçirilən məqsədyönlü davamlı tədbirlər, xüsusilə Azərbaycan dilinin saflığının qorunması, onun kənar təsirlərdən mühafizə olunması, dilin tərkibinin inkişaf etdirilməsi istiqamətində çoxşaxəli siyasət həyata keçirilir. Qeyd edək ki, tanınmış dilçi və ədəbiyyatşünas alimlərin, yazıçı və naşirlərin qatıldıqları Forum işini sentyabrın 2-3-də Bakıda davam edəcək. Ədəbi-elmi ictimaiyyətin nümayəndələrinin qatıldığı Forumda mədəniyyətimizin yaşadılması, inkişafı və təbliğində Azərbaycan dili və ədəbiyyatının rolu, ana dilinin saflığının qorunub saxlanılması, müasir ədəbi proseslər, ölkəmizdə uşaq ədəbiyyatının ideoloji mahiyyəti və müasir problemləri, milli kitab sənayesinin hazırkı vəziyyəti və bu sahəyə dövlət dəstəyi, uşaq və yeniyetmələr arasında mütaliənin təbliği, teatr və kinonun inkişafında ədəbiyyat faktoru və digər istiqamətlərdə müzakirələr aparılır. Mütəxəssislərin Forumda səsləndirdiyi fikir və təkliflər ümumiləşdirilərək “Azərbaycan mədəniyyəti–2040” Dövlət Proqramında əksini tapacaq.xeber100.com

Sentyabr 1, 2023 12:40

“1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü” adlı virtual sərgi hazırlanıb

Avqust ayının 1-i Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd olunur. Bu münasibətilə Milli Kitabxananın əməkdaşları tərəfindən “1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü” adlı virtual sərgi hazırlanıb. Kitabxanadan bildirilib ki, virtual sərgidə mövzu ilə əlaqədar Azərbaycanın görkəmli şəxslərinin fikirləri, sərəncamlar və fərmanlar, kitablar nümayiş olunur. Azərbaycan əlifbası kimi, dilinin də hərtərəfli inkişafı, onun rəsmi dövlət dili statusu alması, beynəlxalq münasibətlər sistemində dünya diplomatiyasına yol açması məhz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Müstəqil Azərbaycan Respublikasının 1995-ci il noyabr ayının 12-də qəbul olunan ilk Konstitusiyasında xalq referendum yolu ilə öz mövqeyini nümayiş etdirərək, ölkədə dövlət dilinin Azərbaycan dili adlandırılmasına yekdilliklə tərəfdar olduğunu bildirib. Latın qrafikalı əlifbanın tətbiqinin Azərbaycan Respublikasının siyasi həyatında, yazı mədəniyyətimizin tarixində mühüm hadisə olduğunu nəzərə alaraq Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev 2001-ci il avqust ayının 9-da Fərman imzalayıb. Bu fərmanla hər il avqustun 1-i Azərbaycan Respublikasında Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü elan edilir.xeber100.com  

Avqust 1, 2023 12:55

Azərbaycan Dili və Ədəbiyyatı Forumu keçiriləcək

Azərbaycanda ilk dəfə olaraq Azərbaycan Dili və Ədəbiyyatı Forumu keçiriləcək. Sentyabrın 2-4-də Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyasının dəstəyi ilə keçiriləcək forum Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan tədbirlər çərçivəsində təşkil olunacaq. Mədəniyyət Nazirliyindən bildirilib ki, tanınmış dilçi və ədəbiyyatşünas alimlərin, yazıçı və naşirlərin iştirak edəcəyi forum sentyabrın 2-də Azərbaycan ədəbiyyatına və mədəniyyətinə görkəmli şəxsiyyətlər bəxş etmiş Şamaxı şəhərində başlayacaq, sentyabrın 3-4-də isə Bakı şəhərində davam edəcək. Ədəbi-elmi ictimaiyyətin iştirakı ilə geniş müzakirələrin aparılacağı forumda mədəniyyətimizin yaşadılması, inkişafı və təbliğində Azərbaycan dili və ədəbiyyatın rolu, Azərbaycan dilinin saflığının qorunub saxlanılması, müasir ədəbi proseslər, ölkəmizdə uşaq ədəbiyyatının ideoloji mahiyyəti və müasir problemləri, milli kitab sənayesinin hazırkı vəziyyəti və bu sahəyə dövlət dəstəyi, uşaq və yeniyetmələr arasında mütaliənin təbliği, teatr və kinonun inkişafında ədəbiyyat faktoru və digər istiqamətlərdə diskussiyalar olacaq. Mütəxəssislərin forum çərçivəsindəki fikir və təklifləri ümumiləşdirilərək “Azərbaycan mədəniyyəti – 2040” Dövlət Proqramında öz əksini tapacaq. Azərbaycan Dili və Ədəbiyyatı Forumunda iştirak etmək istəyən şəxslər avqustun 25-dək Mədəniyyət Nazirliyinin saytında (www.culture.gov.az) qeydiyyatdan keçə bilərlər.

İyul 26, 2023 2:23

Bakı Bələdiyyə Teatrının aktyorları Vaqif Poeziya Günlərində

İyulun 14-də keçirilən Vaqif Poeziya Günlərində Bakı Bələdiyyə Teatrının baş rejissoru, Xalq artisti Mərahim Fərzəlibəyov,  Əməkdar atrist Rafiq İbrahimov, aktrisa Ülviyyə Rza, aktyorlardan Tural Əhməd və Toğrul Rza da iştirak edirlər. Şuşada Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi önündə Vaqif Poeziya Günlərinin açılışı olub. Açılış mərasimində dövlət və hökumət nümayəndələri, tanınmış elm və mədəniyyət xadimləri, Azərbaycan Yazıçılar Birliyinin üzvləri, gənc yazıçılar, şairlər iştirak edirlər. Şuşa işğaldan azad olunandan sonra dövlət başçımızın ilk sərəncamlarından biri Şuşada həm “Xarıbülbül” festivalının, həm Vaqif Poeziya Günlərinin keçirilməsi olub. Vaqif Poeziya Günləri çərçivəsində Şuşanın müxtəlif tarixi və mədəni məkanlarında, o cümlədən Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi, həmçinin Natəvanın evi qarşısında, Azərbaycan Milli Xalça Muzeyinin Şuşa filialı, Xarıbülbül və Qarabağ otellərində tədbirlər keçiriləcək. Xatırladaq ki, bu il 100 illiyi qeyd edilən Ümummilli Lider Heydər Əliyevin iştirakı ilə 1982-ci il yanvarın 14-də Şuşada Molla Pənah Vaqifin məqbərəsinin və Poeziya Evinin təntənəli açılışı olub. Məhz bu səfər çərçivəsində Ümummilli Lider Heydər Əliyev Vaqif Poeziya Günlərinin keçirilməsi ilə bağlı göstəriş verib. Vaqif Poeziya Günləri həmin tarixdən etibarən 1991-ci ilədək hər il şairin vətəni Qazaxdan başlayıb, Şuşanın əsrarəngiz Cıdır düzündə yekunlaşardı. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun zəfəri nəticəsində Şuşa şəhəri erməni işğalından azad edildikdən sonra 41 illik tarixi olan Vaqif Poeziya Günləri yenidən öz yurdunda - mədəniyyət paytaxtımızda keçirilməkdədir.xeber100.com

İyul 15, 2023 7:48

“44 günlük müqəddəs müharibənin xronologiyası” adlı kitabın üçüncü cildi işıq üzü görüb

Qırğızıstanın paytaxtı Bişkek şəhərində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə töhfə olaraq “44 günlük müqəddəs müharibənin xronologiyası” adlı 3 cildlik kitabın üçüncü cildi işıq üzü görüb. Yüksək poliqrafik üslubda işıq üzü görən 520 səhifəlik bu kitab uzun illərdir Bişkekdə fəaliyyət göstərən Türkdilli Dövlətlərın Siyasətinə Dəstək Fondu tərəfindən hazırlanaraq çap edilib. Orta Asiya regionunda Azərbaycan tarixinin, mədəniyyətinin və ədəbiyyatının tədqiqi və təbliği sahəsində səmərəli fəaliyyət göstərən bu Fondun rəhbəri vətənpərvər və xeyriyyəçi Nüsrət Məmmədovdur. Kitabda 44 günlük müharibə ərzində müvafiq dövlət qurumları rəhbərlərinin keçirdikləri brifinqlər, görüşlər, müsahibələr xronoloji ardıcıllıqla verilib. Ulu Öndərimiz Heydər Əliyevin ən böyük arzusu Qarabağı azad görmək idi. Biz, bunu 2020-ci il noyabr ayının 8-də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Fəxri xiyabanda və Şəhidlər xiyabanını ziyarət edərkən dövlətimizin başçısı orada Azərbaycan xalqına müraciətində dediyi sözlərdən də görürük: -“Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim”. Ona görə də “44 günlük müqəddəs müharibənin xronologiyası” üçcildliyini Ulu Öndərimiz Heydər Əliyev ilinə ərməğan olunub. Kitabın rus dilində çap edilməsi ondan təkcə Türkdilli dövlətlərində deyil, bütün postsovet məkanında istifadə imkanlarını genişləndirəcək. Kitabın Bişkekdə nəşr edilməsi Ulu Öndər Heydər Əliyevin təkcə Azərbaycanda deyil, həm də digər ölkələrdə sevilməsindən xəbər verir.xeber100.com  

İyul 9, 2023 5:00

Bakı Bələdiyyə Teatrı II Türk Dünyası Ədəbiyyat və Kitab Festivalında

Xəbər verdiyimiz kimi, İyunun 5-dən 11-dək Bakıda II Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi. Beynəlxalq Türk Müəllifləri Birliyinin təşkilatçılığı, Azərbaycan Yazıçılar Birliyi (AYB), Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Milli Məclisin Mədəniyyət komitəsi, AMEA, Bakı Şəhər İcra Hakimiyyəti, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TÜRKPA, Yunus Əmrə İnstitutu, İLESAM və d.  qurumların dəstəyi ilə keçirilən festival paytaxtın Hüseyn Cavid prospektində, AMEA-nın binasının önündəki parkda təşkil olunmuşdu. Festival çərçivəsində təşkil olunan kitab yarmarkasında müxtəlif nəşriyyatlar iştirak edirdilər. Bundan başqa, parkda qurulan böyük səhnə tədbirlərin keçirilməsi üçün geniş imkan yaradırdı. Hər gün bir ölkənin adı ilə (Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan və Macarıstan) adlandırılan tədbirdə eyni zamanda elmi konfranslar, şeir saatları, imza günləri təşkil edildi, tamaşalar nümayiş olundu. Bakı Bələdiyyə Teatrı festival çərçivəsində Xalq artisti, rejissor Marahim Fərzəlibəyovun Türk dünyasının görkəmli yazıçısı Çingiz Aytmatovun eyniadlı hekayəsi əsasında səhnələşdirdiyi Ana tarla” tamaşasını qonaqlara təqdim edib. Tamaşa qonaqların marağına səbəb olub. Festivalın son günündə olan mükafatlandırmada teatrın bədii rəhbəri və direktoru Aynur Muxtarova, baş rejissoru Mərahim Fərzəlibəyov, eləcə də tamaşa rol oynayan Əməkdar artistlər - Səmayə Sadıqova, Hüsniyyə Mürvətova, aktyorlardan Rəşad Kəsəmənli, İsmayıl Atakişiyev, Tural Əhməd, Namiq Cavadov, Elçin Muradov. Ülviyyə Rza, Zülfiyyə Məmmədova, Günel Həmidova, Aynur Abbasova, Arzu Ağayeva mükafata layiq görülüblər.xeber100.com

İyun 12, 2023 11:08